İndi bütün yollar Qarabağa aparır...

post-img

Azərbaycanda yol infrastrukturunun inkişafı dövlətin mühüm prioritetləri sırasındadır. Respublikada yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər böyük sürətlə davam etdirilir.

“Azərbaycan Respublikasının işğaldan azad edilən ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proq­ramı”nın icrasına dair Tədbirlər Planına əsasən, 2026-cı ilədək ümumi uzunluğu 2264,5 kilometr təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonun­da Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentli­yinin məlumatına görə, bu layihələrdən uzunluğu 28,5 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 ki­lometr təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 ki­lometr, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birin­ci xanım Mehriban Əliyevanın 2021-ci il oktyab­rın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası hazırda sürətlə davam etdirilir. Sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğalçıdan təmizlənən rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı ol­maqla sürətlə tikilir. 

Yolun 0-32,4 kilometrlik hissəsində layihə çərçivəsində 36 ehtiyat keçidinin, 31 dairəvi su ötürücü borunun və 3 körpünün inşası 90 faiz tamamlanıb. Bundan başqa, bitki qatının çıxarıl­ması və qazma işləri 100 faiz, torpaq yatağının tikintisi 92 faiz yerinə yetirilib. 

Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağ­cabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçi­nin əks istiqamətdə rahat gediş-gəlişi təmin edə­cək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək. 

Qeyd edək ki, cari il Ağdam-Əsgəran-Xoca­lı-Xankəndi-Şuşa (34 kilometr), Tərtər-Ağdərə (24,2 kilometr) və Füzuli- Xocavənd-Ağdam (55,7 kilometr) avtomobil yolları da beynəlxalq standartlara uyğun yenilənəcək.

Ötən il yenidən qurulmasına başlanılan Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 kilometr), Ağdərə–Ağ­dam (35,5 kilometr) və Şuşa-Laçın (41 kilometr) avtomobil yollarında isə tikinti işləri davam etdi­rilir. 

İşğaldan azad olunmuş ərazilərdə inşaat işlə­ri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen medi­aya müsahibəsində Əhmədbəyli-Horadiz-Min­civan-Ağbənd avtomobil yolunun Zəngilan bey­nəlxalq hava limanına qədər olan hissəsinin tamamlanmaq üzrə olduğunu bildirib. “Böyük ehtimalla yol bu ilin sonuna qədər hazır olacaq. Hazırda yol üzərindəki 3 tuneldə betonlaşdırma işləri aparılır”, – deyə o qeyd edib.

Xatırladaq ki, strateji əhəmiyyətə malik Əh­mədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəy­li kəndindən götürməklə layihələndirilib. Yolun uzunluğu 124 kilometrdir. 

Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Magistralın ilk 76 kilometrlik hissəsinin 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsinin isə 2 gediş – 2 gəliş olmaq­la 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

Azərbaycanın işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləş­dirən 81,6 kilometrlik Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun böyük hissəsinin inşası da başa çatıb. Cari ilin sonuna qədər həmin yolun inşasının tamamlanacağının nəzərdə tutulduğu bildirilib. 

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 kilometri 6, 48-81.6 kilometr arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edir. Yol­boyu 137 müxtəlif diametrli suötürücü boru, 30 yeraltı keçid, 7 körpü və 7 tunel tikilir.

Uzunluğu 75,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və onun üzərindəki tunellərin in­şası isə 2025-ci ilin sonunda və yaxud 2026-cı ilin əvvəlində tamamlanacaq.

Kəlbəcər və Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 və 4 hərəkət zolaqlı olmaq­la, birinci və ikinci texniki dərəcələrə uyğun inşa edilir. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 8 min 910 metr olan 66 dairəvi və 139 düzbucaqlı borunun, zəruri yerlərdə ümumi uzunluğu 4 min 179 metr olan 23 avtomobil körpüsünün və 1076 metr uzunluğa malik 3 qovşağın, həmçinin 4 min 248 metr istinad və 30 min 521metr daş divarın inşa­sı işləri aparılır.

Kəlbəcər–Laçın avtomobil yolu başlanğıcını Kəlbəcərin Qamışlı kəndindən götürməklə La­çın rayonunun ərazisindən keçir. Yeni yol bu ra­yonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və inşası aparılan Laçın Bey­nəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək.

Ümumiyyətlə, Qarabağda icra olunan yol inf­rastrukturu layihələri tədbirlər planına uyğun ola­raq 15 layihədən 11-nin icrası 2024-cü ildə, üç layihənin 2025-ci ildə, bir layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub. 

Cari ildə Xudafərin-Qubadlı-Laçın, Şükür­bəyli-Cəbrayıl-Hadrud, Kəlbəcər və Laçın ra­yonları ərazisində yol infrastrukturunun tikintisi planlaşdırılıb. Bundan başqa, 2024-cü ildə Qu­badlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazıdüzü-Er­mənistan sərhədi, Horadiz-Tuğ-Azıx mağarası, Ağdam-Füzuli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağ­bənd, İranla dövlət sərhədi avtomobil yolunun və Araz çayı üzərində avtomobil yolu körpülərinin tikilməsi də qərara alınıb. 

Yeri gəlmişkən, 2024-cü ildə bölgədə Ağ­dam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 kilo­metr), Tərtər-Ağdərə (24,2 kilometr) və Füzu­li-Xocavənd-Ağdam avtomobil yolunun (55,7 kilometr) avtomobil yollarının da yenidən qurul­masına start veriləcək.

Sonda onu da qeyd edək ki, 2025-ci ildə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Toğana­lı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın avtomobil yol­larının, 2026-cı ildə isə Ağdam şəhərinin daxili yollarının layihələndirilməsi və tikintisi işlərinin başa çatdırılması planlaşdırılır.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat