V MƏQALƏ
Bu mövzuya aid I-IV məqalələrin əsas tezisi ondan ibarətdir ki, indiki mərhələdə Cənubi Qafqazda əsrlərdir kök salmış geosiyasi qarşıdurma yaradan geosiyasi və siyai avantürizm ciddi, geniş və tutarlı əsasları olan geosiyasi konstruktivizmlə əvəz olunur. Geosiyasi konstruktivizmin Cənubi Qafqazda yaradıcısı Azərbaycan–Türkiyə birliyidir. Bu birlik həm konseptual-nəzəri, həm də praktiki-siyasi aspektlərdə konstruktivizm modelini reallaşdırır. Bu tezisi təsdiq edən və ümumiyyətlə, geosiyasi konstruktivizmə aid olan üç faktora nəzər salacağıq. Onlar dövləti identiklik, dövləti maraqlar və geosiyasi gücdür. Bu terminlərin konseptual aspektdə müəyyən dərəcədə izahlarını IV məqalədə verməyə çalışmışıq. İndi konkret olaraq Cənubi Qafqaz regionunda Azərbaycan–Türkiyə birliyinin bu anlayışlara verdikləri məzmun özəlliyi prizmasında geosiyasi konstruktivizmin bir sıra cəhətləri üzərində dayanaq.
Azərbaycan–Türkiyə birliyi dövlət identikliyi prizmasında
İlk olaraq Azərbaycan və Türkiyənin dövləti identiklik kontekstində siyasi kursun seçilməsi və bu əsasda bir-birinə münasibətləri müəyyən etməsi önəm daşıyır. Hər iki dövlətin üstünlük verdiyi maraqlar və prioritetlər yığcam ifadə olunur. Həmin bazada da həm ayrılıqda Azərbaycan və Türkiyə bir-birinə münasibətdə, həm də ikisi vahid qüvvə kimi digər dövlətlərə münasibətdə “biz-onlar” seçimini edir.
Azərbaycan–Türkiyə birliyinə vahid orqanizm kimi və ya vahid özünütəşkiledən açıq sistem kimi baxsaq, onun dövləti identikliyinin təməl tezisi “Bir millət, iki dövlət” formuludur. Ulu öndər bu tezisə özəl siyasi məzmun vermişdir. Məhz bu məqam bir çox hallarda düzgün dərk olunmur. Amma hər şey aydın və son dərəcə lakonik ifadə edilmişdir.
Ulu öndər Azərbaycan və Türkiyənin münasibətlərini geosiyasi kontekstdə iki mühüm faktora bağlayır – “mədəniyyət” və “müstəqil dövlətçilik”. Müstəqil dövlətçilik mədəniyyət vahidliyinin fonunda reallaşdırılır. Deməli, Azərbaycan–Türkiyə birliyinin dövlətçilik identikliyinin bazasında mədəniyyət amili dayanır!
Formulun digər tərəfinin fəlsəfi-sinergetik anlamı vahid mədəniyyətə söykənmək fikrini qəbul etməkdən başlayır. Konkret olaraq, burada baza formulun digər mühüm aspekti – Azərbaycan və Türkiyənin müstəqil demokratik dövlət olaraq strateji əməkdaşlıq şərti qoyulur.
Bütün hallarda hər iki dövlətin vahid mədəniyyətə malik, lakin iki müstəqil dövlət kimi bir olmasıdır. Bu tezisin hüquqi təsbiti Şuşa Bəyannaməsində dövlətlərarası münasibətləri tənzimləyən sənəd kimi predmetləşmişdir. Şuşa Bəyannaməsinin maddələri isə BMT-nin Nizamnaməsinə və beynəlxalq münasibətləri müəyyən edən digər sənədlərə əsaslanmışdır. Burada “biz-onlar” münasibətləri miqyasda vəhdət halında müəyyən olunmuşdur. Azərbaycan və Türkiyənin iki müstəqil dövlət kimi “biz-onlar” münasibəti eyni dərəcədə müstəqil iki dövlətin, pozitiv əməkdaşlıq çərçivəsində “öz”ündə “digəri”ni, “digəri”ni isə “öz”ündə eyni dərəcədə görməsinə əsaslanır. Bu mənada dövləti identiklikdə Azərbaycan, həm də Türkiyədir və Türkiyə, həm də Azərbaycandır. Həmin vəhdətin başlıca əlaməti hər iki dövlətin müstəqillik aspektində identikliyi digərinin müstəqilliyini qeyd-şərtsiz və tam olaraq qəbul etməsinə əsaslanır.
Bununla yanaşı, Azərbaycan və Türkiyə vahid geosiyasi faktor kimi başqa dövlətlərə münasibətdə “biz-onlar” seçiminə yeni məzmun verirlər. Burada başlıca xüsusiyyət regionda yerləşən dövlətlər də daxil olmaqla, hər bir başqa dövlətə Azərbaycan–Türkiyə birliyi “biz”i, həmin dövlətlərlə sülh, barış, əməkdaşlıq və təhlükəsizliyə söykənən münasibətlər qurmaq xətti isə “onlar”ı müəyyən edir.
Deməli, “onlar”ın real olması üçün iki qardaş dövlət müstəqillik əsasında vahid real güc kimi çıxış edir. Bu, Cənubi Qafqazda geosiyasi konstruktivizmin təməl əlamətidir. Bu mövqe də hüquqi təsbitini beynəlxalq hüquq normaları kontekstində Şuşa Bəyannaməsində dəqiq tapmışdır. Orada başlıca şərtlər kimi, ilk olaraq, Azərbacan və Türkiyənin bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə və suverenliyə hörmət etmələri, daxili işlərinə qarışmamaları, hər hansı təhdidə qarşı birgə fəaliyyət göstərmələri, əməkdaşlıq və təhlükəsizlikdə birgə fəaliyyətə daim hazır olmaları və bu əsasda digər dövlətlərlə münasibətləri qurmaları konkret vurğulanmışdır.
Onu xüsusi qeyd edək ki, Şuşa Bəyannaməsində Azərbaycanla Türkiyənin əməkdaşlıq istiqamətləri hazırda mövcud olan bütün sferaları eyni dərəcədə əhatə edir. “Onlar”la əməkdaşlıq fəlsəfəsi də həmin tezis üzərində qurulur. Yəni vurğuladığımız hər iki səviyyə bir-birini məntiqi və siyasi olaraq tamamlayır.
Yəni “Bir millət, iki dövlət” formuluna (və ya kəlamına) əsaslanan Azərbaycan–Türkiyə geosiyasi birliyi müasir beynəlxalq hüquq normaları əsasında dəqiq hüquqi kriteriyalara söykənən münasibətlər sistemidir ki, bu mənada tam hüquqi əsaslıdır! Onun təməlində Azərbaycan və Türkiyənin bir çoxları üçün əlçatmaz olan dürüstlük və səmimiyyətlə dövlət identikliyində qarşılıqlı olaraq hüquqlarını tam qəbul etmək dayanır. Konkret desək, Azərbaycan–Türkiyə geosiyasi birliyi ona görə Cənubi Qafqazda perspektivli müttəfiqlik formuludur ki, kökdə bir-biri llə münasibətləri “emosional qardaşlıq” müstəvisindən beynəlxalq hüququn normaları çərçivəsinə transfer edə bilmişlər. Bunun fəlsəfi və siyasi bazası isə “Bir millət, iki dövlət” kəlamının siyasi məzmun çalarlarında ifadə olunmuşdur. Bu anlamda “Bir millət, iki dövlət” eyni mədəniyyətə malik olan cəmiyyətlərin beynəlxalq hüquq normaları çərçivəsində necə müstəqil dövlətlər ola bilmək və real faydalı müttəfiqlər kimi bir-birinə münasibət göstərmək nümunəsidir.
Beynəlxalq hüquq normalarına əsaslanan münasibətlər isə BMT Nizamnaməsinə görə, tam və inklüziv hüquqi legitimliyə malikdir! Buna görə də, belə nəticə çıxara bilərik: Azərbaycan–Türkiyə birliyi Cənubi Qafqaz üçün tam olaraq əsaslı beynəlxalq hüquqi prinsiplər üzərində bərqərar olan yeni əməkdaşlıq modelidir. Məntiqi olaraq, bu birliyin Cənubi Qafqazda geosiyasi konstruktivizm konktestində praktiki fəaliyyətini sübut edən özəlliklər mövcuddur. Onların üzərində dayanaq.
Beləliklə, Azərbaycan və Türkiyə birliyinin “biz-onlar” seçimini dövləti identiklik kontekstində tam olaraq beynəlxalq hüquq normaları əsasında müəyyən etmiş vahid açıq və özünütəşkiledən sistem kimi qəbul etdiyini demək olar. Onun hüquqi legitimliyi Şuşa Bəyannaməsindən qaynaqlanır. Bu tezislərin fonunda A.Vendtin dövlət identikliyinin dörd növünün Azərbaycan–Türkiyə birliyində məzmun proyeksiyasına baxmaq olar. Azərbaycan və Türkyə korporativ identikliyi oxşar üsullarla cəmiyyəti idarəetməyə əsaslanır. Hazırda bu istiqamətdə sosial, humanitar, elm, təhsil və hərbi sferalarda sıx əməkdaşlıq intensiv surətdə aparılır. Hər iki dövlət daxilə yönəlmiş bu fəaliyyəti nəticəverici formada qarşılıqlı münasibətlərinə transfer edirlər. Müsbət nəticələr alınmaqdadır.
Daxilə yönəlmiş ikinci identiklik – “növ identikliyi” də uğurla reallaşır. Hər iki dövlətdə keçirilən Prezident seçkiləri göstərdi ki, siyasi rejim və iqtisadi sistem sferalarında uğurlar oxşardır – birmənalı olaraq beynəlxalq siyasi kriteriyalara əsaslanan və yeni vətəndaş cəmiyyəti formalaşdıran kurs seçilmişdir. Hər iki dövlətdə seçici fəallığı yüksək olmuşdur və hər ikisində fəaliyyətdə olan dövlət başçıları lider kimi də qəbul edilmişdir. Azərbaycanda bu kursun konkret siyasi məzmunu “Bir millət, iki dövlət” formulu ilə müyyən olunur. Türkiyə də bunu qəbul etmişdir! Deməli, A.Vendt təsnifinin daxilə istiqamətlənmiş identiklik növünə görə, Azərbaycan və Türkiyədə cəmiyyətin idarəedilməsi üsulu tam inklüziv legitimdir! Mühüm nəticədir.
Üçüncü olan “rol identikliyi” də Cənubi Qafqazda Azərbaycan–Türkiyə geosiyasi birliyi kontekstində konkret məzmun kəsb etməkdədir. Bu identiklik Azərbaycan–Türkiyə birliyinin digər dövlətlərə münasibətlərinin xarakter və məzmununu ifadə edir. Həmin münasibətlər də beynəlxalq hüququn Şuşa Bəyannaməsinin müddəalarında konkret ifadəsinə əsaslanır. Burada Azərbaycan–Türkiyə birliyi nə region dövlətlərini bir-birindən ayırır, nə də böyük güclərdən hansısa birinə referans etmək niyyətindədir. Onlar vahid “orqanizm” kimi hər bir dövlətlə münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində qururlar. Bu qətiyyət, sadiqlik, hüquqa söykənmək Azərbaycan–Türkiyə birliyinin regionda məhz konstuktiv xarakterdə olması həqiqətini getdikcə daha çox dövlətə qəbul elətdirir.
“Rol identikliyi”ndə Azərbaycan və Türkiyənin regionun sabitliyi, inkişafı, təhlükəsizliyi və barışı naminə hər bir geosiyasi oyunçuya açıq olması, münasibətləri bu əsasda inkişaf etdirməyə istiqamətlənməsi diqqəti çəkir. Həmin rakursda Azərbaycan–Türkiyə birliyinin regional və beynəlxalq təşkilatlarda sıx koordinasiyalı fəaliyyətləri çox əhəmiyyətlidir. Onların sırasında Türk Dövlətləri Təşkilatının regional qurumlar miqyasında hər iki dövlət üçün ortaq “rol identiklik” nümunəsi olaraq qəbul edilməsi dünya geosiyasətində yeni hadisədir. Onun təhlili ayrıca aparılmalıdır.
Eyni zamanda, “rol identikliyi”nin vurğulanan son özəlliyindən dördüncü dövləti identikliyə – “kollektiv identikliyə” birbaşa məntiqi və məzmun çıxışı mövcuddur. Bu identiklikdə də Ulu öndərin “Bir millət, iki dövlət” kəlamı istiqamətverici və müəyyənedici funksiya yerinə yetirir. Konkret olaraq, Cənubi Qafqazda bir millətin iki dövləti reallığı daha geniş geosiyasi məkanda bir millətin 6 dövləti reallığına transformasiya edir. Deməli, bu nümunədə kollektiv identiklik faktiki olaraq ierarxik təbiətə malikdir. Birinci səviyyədə Azərbaycan–Türkiyə birliyinin “vahid eqosu” mövcuddur, ikinci səviyyədə isə bu “eqo”dan “Bir millət, altı dövlət” eqosu törəyir! Beynəlxalq münasibətlər baxımından ən maraqlısı və əhəmiyyətlisi odur ki, bu cür ciddi transformasiyada baza məna – bir millətin müstəqil dövlətləri olmaq şərti, zərrə qədər də dəyişmir! Bu da müasir beynəlxalq hüquqda yeni fenomendir və araşdırılmalıdır.
Aparılan təhlil göstərir ki, Azərbaycan–Türkiyə geosiyasi birliyi müasir konstruktivizmin dövlət identikliyi şərtinə tam uyğundur. Bu uyğunluq beynəlxalq hüquq normaları çərçivəsində praktiki məzmun kəsb edir ki, bu da avtomatik olaraq həmin geosiyasi birliyi tam inklüziv legitim edir. Bu mühüm geosiyasi qənaətin işığında Azərbaycan–Türkiyə birliyinin dövləti maraqlar və geosiyasi güc kontekstində aldığı məzmuna baxmaq mümkündür.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru