Hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çin Xalq Respublikasında səfərdədir.
Çinin xarici işlər nazirinin müavini Sun Veudon ilə görüşdə Azərbaycan və Çin prezidentləri arasında keçirilən görüşlərin, aparılan məktub mübadilələrinin ölkələrimiz arasında tərəfdaşlığın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm amil olduğu vurğulanıb.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrə, COP29-la əlaqədar qarşıda duran məsələlərə, Orta Dəhliz üzrə əməldaşlığa, Cənubi Qafqaz regionunda sülh quruculuğuna dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan ilə Çin arasında hərtərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
***
Həmin gün Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Çen Cou ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin siyasi iradələrinə uyğun olaraq iki hakim partiya arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının fəal dialoqu xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə, bütövlükdə Azərbaycan–Çin münasibətlərinin inkişafına böyük töhfələr verir.
***
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pekində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) baş katibinin müavini Nurlan Yermekbayev ilə də görüşüb.
Görüşdə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı kimi fəal rolu vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verir və əlaqələri daha da genişləndirməkdə maraqlıdır.
Görüşdə Azərbaycan ilə ŞƏT arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.