Ermənistan 1918-ci ildə Azərbaycana dərd-bəla vermiş, çörək istəmişdi...

post-img

1918-ci ildə Ermənistanın İrəvan xanlığı ərazisində elan olunmasından sonra bu ölkədə aclıq, səfalət, xəstəliklər hökm sürürdü. Elan olunan hökumət bu ərazidə yaşayan xalqın ehtiyacını ödəmək qabiliyyətində deyildi. Hətta bu durumdan çıxış yolu kimi bəzən Ermənistanın Azərbaycanın tərkibinə verilməsini irəli sürən rəh­bərlər, eləcə də Ermənistanın ayrıca dövlət kimi yaşaya bilməyəcəyini düşünənlər vardı. Azərbaycanla konfederativ əsaslarda birləşmə təklifləri də səsləndirilirdi. Bəziləri isə ağır vəziyyətdən çıxmaq üçün Osmanlı dövlətinə müraciət edilməsini çıxış yolu kimi düşünürdülər və erməni hökuməti bu məqsədlə 1918-ci ilin iyun ayında bir heyətin İstanbula göndərilməsi qərarına gəldi. Avetis Aharonyanın rəh­bərlik etdiyi bu heyətdə Aleksandr Xatisyan, Mikael Papacanyan və başqa hökumət nümayəndələri də yer almışdı. 

Erməni tədqiqatçı-yazar, İstanbuldakı həmin görüşlərin iştirakçısı Astvatsatur Xaçaturyanın gündəliyi bu faktları təsdiq edir. Onun “Şərqi Ermənistan–Türkiyə diplomatik münasibətləri” adlı Ermənistan Milli Arxivi və Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitu­tunda saxlanılan xatirələrində 1918-ci ildə Trabzon, Batum və Konstantinopolda (İs­tanbul) erməni xalqı üçün taleyüklü olan bir çox təmaslardan bəhs edilir. Azərbay­candan taxıl, un almaq üçün erməni heyə­tinin cəhdləri barədə təəssüratları belədir: “Hatisyan Nəsim bəydən (Osmanlı döv­lətinin XİN rəhbəri) xahiş etdi ki, Osmanlı hökuməti Nuru paşa vasitəsilə Azərbayca­na təzyiq göstərsin və erməni aclar üçün Azərbaycandan un verilsin”. 

Nəsim bəyin buna hansı reaksiya ver­diyi xatirələrdə yer almır. İstanbulda dörd ay müddətində qalan erməni heyətinin bu məsələni tez-tez dilə gətirməsi bəllidir. Osmanlı dövlətinin başçıları ilə bütün gö­rüşlərdə buğda və un məsələsi əsas xa­hişlərdən biri idi. 

A, Xaçaturyan yazır: ”16 sentyabrda Hatisyan Ermənistandakı vəziyyət haqqın­da məlumat vermək və həllini gözlədiyimiz bir sıra məsələləri qaldırmaq üçün Os­manlı imperiyasının xarici işlər naziri Nə­sim bəyin yanına təkrar getdi. Dr. Artaşes Babalyanın hesabatından öyrəndik ki, o (Hatisyan) mövcud vəziyyəti, xüsusən də hərbi hissələrin təhlükəsiz köçürülməsini, Andranikin qrupunun ləğvini ətraflı şəkil­də hazırlamışdır... Şübhəsiz un məsələsi də unudulmamışdı. Hatisyan bu görüşdə Ermənistandakı ərzaqla bağlı çətinliklərə diqqət çəkdi və Osmanlı hökumətindən Azərbaycan hökumətinə təsir göstərməyi və Nuru paşa vasitəsilə hökumətimizə un verməsini istədi. Sonuncu məsələ ilə bağ­lı Nəsim bəy bütün problemləri bildiyini, Ənvər paşa ilə danışacağını və bunların nəzərə alınacağını bildirdi. Nazir Nəsim bəy daha sonra ona bildirmişdi ki, Ermə­nistanın müstəqilliyi ideyası artıq təkcə hökumət dairələrində deyil, Türkiyə ictima­iyyətində də maraq doğurub. Nəsim bəy Tələt paşanın da 7-8 günə qayıdacağını, ancaq qayıtdıqdan sonra bu məsələlərlə bağlı danışıqları davam etdirməyin müm­kün olacağını demişdi. 

Azərbaycandan un almaq məsələsi həmin dövrün erməni dilində çıxan qə­zetlərində də yer almışdı. İrəvanda çıxan “Joğovurd” (Xalq ) qəzetinin 18 oktyabr 1918-ci il nömrəsində “Erməni mühacirləri üçün Azərbaycandan 90 min pud buğda” adlı yazı dərc edilmişdi. Digər erməni qə­zetlərində də eyni xəbər başqa şəkildə yer almışdı. “Araç” (İrəli) qəzetinin ”Mühacir­lər üçün 90 min pud buğda” məqaləsində Osmanlı imperatorluğunun müdafiə naziri Ənvər paşanın əmri ilə Azərbaycan Res­publikasına mühacirlər üçün Ermənistan hökumətinə 90 min pud buğda göndəril­məsi tapşırıldı” cümləsi yer almışdı. 

Bu onu göstərir ki, 1918-ci ildə Er­mənistanla faktiki münaqişə halında olan Azərbaycan bu ölkəyə buğda yardımı belə etmişdir. O sıralarda Osmanlı Ordusunun Baş Komandanı Xəlil Paşanın İrəvana səfəri və Ermənistan hökuməti ilə məs­ləhətləşmələri bu günə qədər ciddi şəkildə məxfi saxlanıldığından ehtimal etmək olar ki, həmin səfər zamanı da ermənilərə buğ­da verilməsi məsələsi gündəmdə olmuş­dur. Məlum olan bilgilərə əsasən, bu gö­rüş zamanı mühacirlərin geri qaytarılması, Lori və Qarakilsənin türk qoşunlarından təxliyəsi və Ermənistan Respublikasına unun çatdırılması və digər məsələlərlə bağlı razılıq əldə olunmuşdu.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Siyasət