Avropa Parlamentinin ötən həftə qəbul etdiyi “Ermənistanla Avropa İttifaqı arasında daha sıx əlaqələrin yaradılmasının, Azərbaycanla Ermənistanın sülh sazişinin vacibliyi və digər məsələlər haqqında” qətnamə bir çox qərəzli fikirlərlə yadda qalıb. Adından da göründüyü kimi, sənəd Ermənistanın müdafiəsini nəzərdə tutur. İkinci məqam onun tam şəkildə anti-Azərbaycan mahiyyət daşımasıdır. Nəzər alaq ki, orada ölkəmizə qarşı sanksiyaların tətbiqinə çağırış tələbi irəli sürülür. Üçüncüsü isə sözügedən qətnamə həm də anti-Rusiya yönümlüdür. Haqqında söz açdığımız üç məqamla bağlı ayrı-ayrı detalları ötən saylarımızda vurğuladıq. Hazırda sırf anti-Rusiya təmayülü ilə əlaqədar daha bir vacib məqama diqqət yetirək.
Qeyd edək ki, AP-nin qətnaməsində baş nazir Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini dondurmasına dair fikirləri təqdir olunub. Sənəd ölkənin təhlükəsizlik təminatlarının gücləndirilməsi məntiqini əsas tutub. Bu sahədəki diskussiyalar, istər-istəməz, sual yaradır: İrəvan Rusiyanın hakim rol oynadığı KTMT-dən uzaqlaşmaq xətti götürürsə, onun Kremlin başlıca rol oynadığı Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri necə olacaq?
Paşinyanın Ermənistan – KTMT əlaqələrinin korlanması məntiqinə necə aydınlıq gətirməsindən asılı olmayaraq, məlumdur ki, onun dedikləri bəhanədən başqa bir şey deyil. Yəni, onsuz da İrəvan üzünü Qərbə çevirib. Elə isə sualı başqa tərzdə təqdim edək: Tamamilə Qərbmeyilli siyasət yürüdən Ermənistan Aİİ-də qalacaqmı?
Sual ona görə aktualdır ki, erməni rəsmiləri ölkənin diversifikasiyası məntiqini irəli sürürlər. Məsələn, onlar Rusiya silahlarından imtina edib Qərb silahlarından istifadəni əsas tuturlar. İqtisadiyyatda da eyni xətti yürüdürlər. Bunu Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikirlər də təsdiqləyir. Ancaq o da məlumdur ki, Ermənistanın iqtisadi baxımdan Kremlin egidasından çıxması asan başa gələn proses deyil. Tam aydındır ki, ölkə Qərbin davamlı qrant yardımları ilə ayaqda qala bilməyəcək və Ermənistanın hazırkı iqtisadi inkişafı bilavasitə Rusiyanın hesabınadır.
Yeri gəlmişkən, İrəvan bu il rotasiya qaydasında Aİİ-yə sədrliyi gerçəkləşdirməlidir. Məsələ keçən ilin dekabrında qurumun Sankt-Peterburqdakı zirvə toplantısında rəsmiləşib. KTMT ilə bağlı bütün tədbirlərdə iştirakdan boyun qaçırmış, eyni zamanda, MDB çərçivəsindəki toplantılarda zəif iştirakı ilə yadda qalmış Ermənistanın Aİİ-yə sədrliyi qəbul etməsi təəccüblü idi. Lakin Paşinyan bununla bağlı arqument tapdı. O, ölkəsinin sədr-liklə əlaqədar prioritetini açıqlayarkən dedi ki, Aİİ heç bir halda siyasi kurs götürməməli, siyasi mənafelər naminə iqtisadi rıçaqları önə çəkməməli, yalnız özünün nizamnamə tələblərinə uyğun fəaliyyət göstərməlidir.
Şübhəsiz ki, erməni hökumət rəhbəri bu fikri elə-belədən dilə gətirməmişdi. Paşinyan təxminən bunu deyirdi: Ermənistan siyasi baxımdan Rusiyaya qarşı çıxsa da, Kreml iqtisadi amilləri təsir vasitəsi kimi dövriyyəyə buraxmamalıdır. Nikolun söylədikləri, eyni zamanda, o demək idi ki, əgər Aİİ-də siyasi məsələlər ön plana çıxarılacaqsa, Ermənistan onun da fəaliyyətinə kölgə salacaq. Axı eyni addımı KTMT müstəvisində atmış və bu istiqamətdəki hadisələrin kulminasiya anı Paşinyanın “Franse 24”ün efirindən qurumla münasibətləri dondurduğunu bildirməsi idi.
AP-nin qətnaməsini və ümumiyyətlə, hazırda Ermənistan ətrafında baş verənləri şərh edərkən, çox maraqlı tendensiya yaranır. Proseslərin həddindən artıq intensivləşdiyini görürük. Görürük ki, bir tərəfdən Ukrayna qoşunları Rusiya ilə sərhəd bölgəsində öz hərəkətlərini gücləndiriblər. Digər yandan, Kremlə qarşı hücumlar təkcə döyüş meydanında həyata keçirilmir. Rəsmi İrəvan isə siyasi alətə çevrilir.
Bu yaxınlarda Ermənistanın nüfuzlu media orqanlarından biri Rusiyada prezident seçkiləri zamanı Bakı ilə İrəvan arasında sərhəd toqquşmalarının ola biləcəyi fikrini səsləndirib və iddia edib ki, bu, ikincinin KTMT-dən çıxmasını rəsmən elan etməsinə səbəb olacaq. KTMT-dən sonra isə Aİİ-dən üz döndərmək məsələsi qaldırılacaq. Nəticədə Ermənistan hakimiyyəti üçün Aİ üzvlüyünə namizəd statusu ilə Aİİ-yə hazırkı üzvlük arasında seçim zərurəti yaranacaq.
Bu yerdə qeyd edək ki, N.Paşinyan son mətbuat konfransında Avrasiya İttifaqına üzvlüklə Avropa İttifaqına üzvlüyün konstitusiya məsələsi ilə eyni əhəmiyyət daşıdığını vurğulamışdı. Bildirmişdi ki, son qərarı xalq verməlidir. Deməli, rəsmi İrəvan böyük ehtimalla ümumxalq səsverməsinə sözügedən dilemmanı da çıxaracaq. Yəni, Ermənistanın Avropa İttifaqına potensial üzvlüyü və Avrasiya İqtisadi İttifaqından uzaqlaşması referendumla tənzimlənəcək.
Bir məqama da diqqət yetirək. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya Diplomatik Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında Ermənistanla münasibətlər baxımından bəzi nüansları açıqlamışdı. Onun sözlərindən belə çıxmışdı ki, rəsmi İrəvan gələcəyini müəyyənləşdirməlidir – ya bizimlədir, ya da bizsiz. Bu, həm də, o demək idi ki, KTMT-dən uzaqlaşmaq xətti götürmüş Paşinyan administrasiyası Aİİ-nin faydalarından bəhrələnmək məntiqindən uzaq dayanmalıdır. Belə bir durumda erməni siyasilər sual verirlər: Qərb həm təhlükəsizlik, həm də iqtisadi sahədə Rusiyanı əvəzləməyə, ən əsası isə “Bakı və Ankaranın aqressiv planlarını cilovlamağa hazırdırmı?”
Sualın birmənalı cavabı yoxdur. Yalnız o bildirilir ki, Qərbin siyasi təhlükəsizlik təminatları Azərbaycanın və Türkiyənin təcavüzünü cilovlamaq üçün yetərlidir və əgər Ermənistan ABŞ-ın müttəfiqi olsa, heç kəs ona qarşı hücuma keçməyəcək. Ancaq təminatlar konkret olmalıdır. Məhz bunun yetərsizliyi xüsusunda vurğulayaq ki, İrəvana geniş həcmdə silah və sursat veriləcəyinə dar fikirlər reallığı əks etdirmir, yalnız çəkindirici bəyanat təəssüratı yaradır. Məsələn, NATO Ermənistanı hərbi logistika ilə necə təmin edəcək? Ümumən, belə bir logistika üçün investisiya yatırımı mümkündürmü? Nəhayət, nəyə görə buna gedilsin? Axı Ermənistanın strateji əhəmiyyəti Türkiyə və Azərbaycandan yüksək deyil.
Başqa bir sual da var: Ermənistana silah və ümumən ayaqda qalmaq üçün lazım olan hər şey hansı ərazi vasitəsilə çatdırılacaq? Bunu Türkiyə və Azərbaycan üzərindən reallaşdırmaq mümkünsüzdür. Məsələnin İran vasitəsilə həyata keçirilmə ehtimalı da bir o qədər yüksək sayılmır. Çünki rəsmi Tehran dəfələrlə Cənubi Qafqaz regionunda üçüncü qeyri-regional ölkələrin olmasını qəbul etməyəcəyini açıqlayıb. Gürcüstana gəlincə, ölkə siyasi və iqtisadi maraqlarını, Türkiyə, Azərbaycan və hətta Rusiya ilə əlaqələrini qurban verməyə hazırdırmı? Əlbəttə ki, yox!
Deməli, indiki məqamda Ermənistanın Aİİ-də qala-qala KTMT-dən ayrılması Rusiya ilə mövcud olan münasibətlər paketinin, faktiki olaraq, pozulması anlamına gələcək. Rusiya Ermənistanı həm də buna görə tam şəkildə sıradan çıxaracaq. Kreml yaxşı bilir ki, İrəvanın KTMT-dən üz döndərməsi onun Aİİ ilə də yollarını ayırması baxımından baza olacaq. Bazadan söz düşmüşkən, Paşinyanın Aİİ-ni iqtisadi platforma kimi səciyyələndirən açıqlaması da bu mənada diqqət çəkməkdədir. Məsələ ondadır ki, baş nazirin fikri İrəvanın KTMT ilə yollarını ayırmaq üçün ortaya atdığı bəhanəni xatırladır. Bəhanə qurumun Ermənistanın təhlükəsizliyinə cavab verməməsi məsələsində idi. Bildirilirdi ki, təşkilat Azərbaycanın təcavüzünə adekvat yanaşmır.
İndi eyni qaydada deyilə bilər ki, Aİİ Ermənistanın iqtisadi təhlükəsizliyini təmin etmək iqtidarında deyil. Yenə də sual öz aktuallığını qoruyur: Rusiya ilə münasibətləri pozulacağı təqdirdə Qərb Ermənistanın üzləşəcəyi bütün maliyyə problemlərini aradan qaldırmağa hazırdırmı? Məsələn, 44 günlük müharibədən sonra Ermənistana 2,6 milyard avroluq yardımın tezliklə gələcəyi bildirilirdi. Həmin vəsaitdən əsər-əlamət yoxdur.
Digər tərəfdən, Rusiya Ermənistanın geopolitik tərs dönüşünü sakitcə seyr edəcək deyil. Elə təəssürat yaranmasın ki, Moskva regionda passiv siyasət kursu yeridir. Kreml, müəyyən mənada, arxayın davranır. Moskvada yaxşı bilirlər ki, Cənubi Qafqazın oyunçuları olan Türkiyə, Azərbaycan və İran regionda kənar qüvvələrin peyda olmasına qarşıdır. Habelə, ola bilər, Rusiya Ukrayna müharibəsinə görə dünyada özünə qarşı total antipatiyanın yarandığını gördüyündən Cənubi Qafqaz müstəvisində hansısa koordinal mövqe nümayişi ortaya qoymur. Yəni, heç bir halda, Kremlin Cənubi Qafqazı unutduğu ilə bağlı düşüncə ola bilməz. Sadəcə, o, Ermənistanın kurs dəyişimini hadisələrin labüd axarının öhdəsinə buraxır.
Axar isə Ermənistan üçün heç də müsbət sonluq vəd etmir. İrəvan Qərbə arxalanaraq Bakı ilə sülhdən yayınır. İkincinin geosiyasi plasdarmında çıxış edərək, avantürizmə, anti-Azərbaycan ritorikasına güc verir. Mövcud xüsusda təhlükəsizlik adı altında kütləvi silahlanma yolu tutur. Çalışır ki, Qarabağ cəb-həsində itirdiklərini yenidən əldə etsin. Bunlar mümkünsüzdür və nəticədə bütün əlamətlər göstərir ki, proses, sadəcə olaraq, erməni dövlətçiliyinin süqutuna doğru gedir. Qərb tərəfdaşlarının Ermənistandakı Rusiya faktorunu tamamilə əvəzləyəcəklərinə dair siyasi və iqtisadi təminatları olmadığı halda, hətta Amerika kəşfiyyatının Bakı ilə İrəvan arasında potensial toqquşmadan danışdığı bir şəraitdə ikincinin onsuz da yarıtmaz durumda olan hərbi-siyasi çətirinin dağılacağı birmənalıdır.
Ə.CAHANGİROĞLU
XQ