Hərbi alyans rəhbərinin Bakıya səfəri əməkdaşlığın yeni hüdudlarını müəyyənləşdirdi
May ayında Azərbaycan–NATO əlaqələrinin 30 ili tamam olur. Ötən müddət ərzində bu əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edib və genişlənib. 1994-cü ildə alyansın “Sülh Naminə Tərəfdaşlıq” (SNT) proqramına qəbul edilməsi Azərbaycan üçün tarixi hadisə sayılırdı. Bəli, Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycan–NATO tərəfdaşlığının birinci tərəf üçün faydalı olduğunun sübutunu biz İkinci Qarabağ müharibəsində gördük. Hərbi alyansın SNT layihəsi çərçivəsində Azərbaycan Ordusunda aparılan islahatlar bizim müdafiə imkanlarımızı genişləndirdi, silahlı qüvvələrimizi müasirləşdirdi, onun peşəkarlıq səviyyəsini artırdı. Bu faktı qeyd etməmək mümkün deyil. Ötən 30 ildə Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının fəal tərəfdaşı kimi qurumun strateji layihələrində yaxından iştirak edib.
Bu barədə martın 17-də NATO-nun Baş katibi Yens Stoltenberqlə təkbətək görüşdən sonra mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev hərb-çilərimizn Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etdiyini xüsusi vurğulayıb: “Bu, bizim üçün böyük təcrübə olub. 2021-ciilin sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olublar. Bu isə bir daha əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.
Daha sonra bəyanatında baş katiblə enerji təhlükəsizliyi məsələsini müzakirə etdiklərini bildirən cənab Prezident bu gün Azərbaycanın Avropanın 8 ölkəsinə qaz nəql etdiyini və onların 6-sının NATO üzvü, digər ikisinin isə hərbi blokun tərəfdaş ölkəsi olduğunu nəzərə çatdırıb. Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırdığını ayrıca qeyd edən İlham Əliyev bunun həm böyük üstünlük, həm də ciddi məsuliyyət olduğunu bildirib.
Prezident İlham Əliyev NATO-nun baş katibini Azərbaycanın “yaşıl keçid” gündəliyi barədə də məlumatlandırıb. COP29-a evsahibliyi edəcək ölkəmizin zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik olduğunu, tərəfdaşlarımızla birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırdığımızı diqqətə çatdıran dözlətimizin başçısı cənab Stoltenberqi bu ilin noyabrında COP29-un qonağı qismində ölkəmizə səfərə dəvət edib.
* * *
NATO-nun baş katibi Yens Stoltenberqin Qafqaz turnesinə məhz Bakıdan başlaması təsadüf sayıla bilməz. Baş katib kimi Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Y.Stoltenberq mətbuat üçün verdiyi bəyanatında Norveçin energetika naziri kimi 1990-cı illərdə buraya dəfələrlə gəlmək şərəfinə nail olduğunu bildirib. Həmin səfərləri yaxşı xatırladığını qeyd edən baş katib o vaxt ölkəmizdə enerji sektorunun necə inkişaf etdiyini, gücləndiyini gördüyünü də vurğulayıb. Mətbuata açıqlamasında “Beləliklə, bu, onu göstərir ki, tərəfdaşlığımız təkcə siyasi dialoqa yox, o cümlədən, əyani əməkdaşlığa söykənir və biz bunu alqışlayırıq. Bundan əlavə, təbii ki, bu regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir. Sülh, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir”, – deyən hərbi alyansın şefi Azərbaycanın NATO müttəfiqləri ilə sıx əlaqələri inkişaf etdirməsini alqışladığını, ölkəmizin “Qoca qitə”yə qazın çatdırılmasında, eləcə də elektrik enerjisinin Avropada NATO-nun əsas müttəfiqlərinə ötürülməsində çox mühüm rol oynadığını görməkdən məmnun olduğunu bildirib.
Mətbuata açıqlamasında hərbi alyansın rəhbəri uzun illərin münaqişəsindən sonra Azərbaycanın hazırda davamlı sülhə nail olmaq imkanı qazandığını deyib: “Sizin Ermənistanla sülh sazişinə heç vaxt olmadığı qədər yaxın olmağınızla bağlı sözlərinizi yüksək qiymətləndirirəm. Mən Ermənistanla dayanıqlı sülh sazişinə nail olmaq üçün həmin fürsətdən istifadə etməyinizdə Sizi dəstəkləyirəm”.
Y.Stoltenberq daha sonra, bütövlükdə, regiona geniş nəzər salmanın vacibliyini önə çəkib: “Ukrayna da Qara dəniz ölkəsidir. Bu ölkə NATO-nun tərəfdaşıdır və Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir. NATO müttəfiqləri hazırda gedən müharibənin fəsadlarından çox narahatdırlar. Onlar Ukraynaya dəstək verirlər. Mən Azərbaycanın Ukraynaya göstərdiyi çox zəruri dəstəyi alqışlayıram. Söhbət çox vacib olan humanitar yardımdan gedir, amma daha çox dəstəyə ehtiyac var”.
Azərbaycanda keçiriləcək növbəti COP29 görüşünü səbirsizliklə gözlədiyini deyən Baş katib iqlim dəyişmələrinin təhlükəsizlikdə vacib amil olduğunu, bunun NATO üçün də əhəmiyyət daşıdığını qeyd edib: “İqlim dəyişmələri böhranı dərinləşdirir və biz onun fəsadlarını dünyanın hər yerində, o cümlədən, burada – Azərbaycanda görürük. Beləliklə, dünya enerjiyə ehtiyac duyur, lakin, eyni zamanda, biz qlobal istiləşməyə qarşı mübarizə aparmalıyıq. Biz enerjiyə olan tələbatı ətraf mühit məsələsi ilə uyğunlaşdırmalıyıq. Azərbaycan təkcə təbii qazını ixrac etmir, hazırda Siz, həmçinin alternativ enerjiyə sərmayə yatırırsınız”.
COP29-un çox mühüm tədbir olacağını deyən Baş katib bu gün dünyada hamının iqlim dəyişmələrinə qarşı mübarizə aparmasının vacibliyini önə çəkib. Hörmətli baş katibin və cənab Prezidentin mətbuat üçün verdikləri bəyanatlarından bu qənaətə gəlmək olar ki, Azərbaycan–NATO tərəfdaşlığı möhkəm təməllər üzərində qurulub və dialoq səmimi münasibətlərə köklənib.
P.S. 2007-ci ildə Amerika Birləşmiş Ştatlarının Prezidenti Corc Buşun sülhramlılarımızın uğurlu xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təşəkkür məktubunda deyilir: “2003-cü ildən etibarən İraqda çoxmillətli qüvvələrə öz hərbçiləri ilə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə və xalqına ABŞ-nın dərin minnətdarlığını bildirirəm. Əl-Ənbər vilayətində Hadita su bəndinin həmin qüvvələr tərəfindən mühafizəsini xüsusilə yüksək qiymətləndirirəm”.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Yens Stoltenberq Bakıda verdiyi açıqlamasında Azərbaycan sülhməramlılarının Kosovoda, ələlxüsus, Əfqanıstanda fəaliyətini yada salması təsadüfi deyildi. O, Türkiyə və Azərbaycan hərbçilərinin hərbi aeroportda NATO kontingentinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığını vurğuladı. Bəli, bu əməkdaşlıq uzun müddətdir ki, davam edir. İkitərəfli hərbi əməkdaşlıqla bağlı müqavilələrimiz var və hər il bu layihələr həyata keçirilir.
NATO Baş katibinin bölgəyə səfərə Azərbaycandan başlaması burada hərbi güc, həm də siyasi cəhətdən söz sahibinin kim olduğunun göstəricisidir. Onu da nəzərə alaq ki, bu regionun NATO-ya ən yaxın dövləti Türkiyədir. Azərbaycanın, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə də, təbii olaraq, NATO-nun ölkəmizə diqqətini artırır.
Doğrudur, bizim hərbi alyansın qapısını döymək kimi bir planımız yoxdur. Çünki Azərbaycan Qoşulmama Hərəkatındakı fəaliyyəti ilə hər hansı bloka qoşulmayacağını nümayiş etdirir. Yəni, nə KTMT-yə, nə də NATO-ya üzvlük müzakirə mövzusu deyil. Amma rəsmi Bakı heç də özünü dünya siyasətindən, mövcud təhlükələrlə mübarizədən təcrid etmir. Belə təhlükələr var və onları neytrallaşdırmaqdan ötrü NATO-nun da imkan və davranışları nəzərdən keçirilməlidir. Yens Stoltenberqin Bakı səfərini və Prezident İlham Əliyevlə görüşünü həm də bu baxımdan yalnız faydalı hesab etmək olar.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri
Azərbaycanın NATO ilə 1990-cı illərdən başlayan uzunmüddətli əməkdaşlığı mövcuddur. 1994-cü ildə “Sülh naminə tərəfdaşlıq” proqramına daxil olmuşuq. Xüsusilə 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində hərbi alyansla çoxşaxəli əməkdaşlıq münasibətlərimiz olub. Müəyyən səbəblərə görə bu əməkdaşlıq konkret sahələr üzrə ixtisaslaşıb. Buna baxmayaraq, ikitərəfli münasibətlər fasiləsiz davam etdirilib.
Azərbaycan Əfqanıstanda NATO ilə çox yaxından əməkdaşlıq edib və bizim hərbi kontingentin oradakı səmərəli fəaliyyəti Yens Stoltenberq tərəfindən xüsusi qeyd olundu. O, Ukrayna müstəvisində də bizim rolumuzu ayrıca vurğuladı.
Görünən odur ki, Azərbaycan NATO ilə əməkdaşlığını bundan sonra da davam etdirəcək. Doğrudur, bizim bu hərbi alyansa üzv olmaq iddiamız yoxdur. NATO ilə münasibətlərimizdə Türkiyə amili böyük rol oynayır. Məhz qardaş Türkiyə vasitəsilə bu hərbi blokun standartları Azərbaycan Ordusunda tətbiq olunur. Elə bu çərçivədə də əməkdaşlığı davam etdirmək niyyətindəyik.
NATO baş katibinin Bakıya verdiyi mesajlar onu göstərir ki, Azərbaycan bu hərbi alyans üçün böyük əhəmiyyət daşıyır.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, siyasi şərhçi
NATO baş katibi Yens Stoltenberqin Bakıya səfərində Prezident İlham Əliyelə görüşündən sonra səsləndirdiyi bir sıra mesajlar onu göstərir ki, Azərbaycanın bu hərbi blokla əməkdaşlığı, ilk növbədə, qarşı tərəfin maraqlarına cavab verir. Bu əməkdaşlıq uzun illərdir davam edir və Azərbaycan NATO-nun bir çox proqramlarında yaxından iştirak edib. Bizim hərbçilərimizin sülhməramlı missiyaların tərkibində iştirakı baş katib tərəfindən çox yüksək qiymətləndirildi.
Düşünürəm ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı məhz bu formatda bundan sonra da davam etdiriləcək. Eyni zamanda, biz bu hərbi blokun vacib üzvü sayılan qardaş Türkiyə ilə strateji əməkdaşıq. Azərbaycan Silahlı Qüvvələrində NATO modeli yüksək səviyyədə tətbiq olunur. Bunun özü də real faktdır. Yəni, biz bu əməkdaşlığı yüksək qiymtləndiririk, eyni zamanda, NATO-nun Baş katibi buna böyük dəyər verərək ümid etdiyini bildirdi ki, belə qarşılıqlı faydalı əməkdaşlıq yenə davam etdiriləcək.
Azərbaycan bu hərbi blokun bütün tədbirlərində, missiyalarında, müxtəlif proqramlar çərçivəsində keçirdiyi təlimlərdə mütləq iştirak edəcək. Bakıda aparılan danışıqlarda bu niyyət kifayət qədər aydın şəkildə öz təsdiqini tapdı.
İmran BƏDİRXANLI
XQ