Heydər Əliyev Mərkəzində Özbəkistan tikmələri sərgisi

post-img

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva sərginin açılışında iştirak ediblər

Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb.

Sərginin açılışında Azərbaycan Respub­likasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Respublikası Prezi­dentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direk­toru Anar Ələkbərov sərginin açılış mərasi­mində çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirzi­yoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Öz­bəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günləri­nin uğurla təşkil olunduğunu xatırladıb.

Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstə­ricisi olduğunu qeyd edən Anar Ələkbərov deyib: “Heydər Əliyev Mərkəzi hazırda bey­nəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Bu tədbirin keçiril­məsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fon­dunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildirmək istərdik. Bu gün biz Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və Özbəkis­tan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondunun sayəsində Heydər Əliyev Mərkə­zində Özbəkistana həsr olunan birinci tədbiri keçiririk. Dünən “Lazgi. Qəlb və sevginin rəq­si” adlı balet tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahı­sına daxil olan rəqsdir. Bildiyiniz kimi, gələn həftə Novruz bayramıdır. Bu bayram günlə­rində ziyarətçilərimiz həm bu gün açılan sərgi, həm də bu sərgi ərəfəsində Mərkəzdə Daniel Vürtzelin nümayiş etdirilən “Hava fontanı” instalyasiyası ilə tanış ola biləcəklər”.

Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva tədbirdə çıxış edərək Azərbay­canda olmaqdan və bu sərginin təşkilindən məmnunluğunu ifadə edib: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “İlmələrdə ya­şayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı böyük sərgi açılır. Bu sərgi təkcə deko­rativ-tətbiqi sənət kolleksiyasını nümayiş et­dirmir, həm də Özbəkistanın mədəni irsinin zəngin müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni təkamülünün təcəssü­müdür”.

Özbəkistan ilə Azərbaycan arasında bən­zərsiz tarixi əlaqələrin mövcudluğunu qeyd edən Saida Mirziyoyeva vurğulayıb: “Hər iki dövlət çoxəsrlik tarixə və zəngin mədəni ənənələrə malikdir. Özbəkistanı və Azərbay­canı tarixdə, mədəniyyətdə və ənənələrdə çoxsaylı ortaq məqamlar birləşdirir. Hər iki xalq qonaqpərvərliyi, zəngin milli mətbəxi və tikmə, ağac üzərində oyma, keramika kimi na­dir xalq sənəti irsinə sahibdir. Qoy bu böyük tədbir xalqlarımız arasında daha bir körpüyə, gözəllik və harmoniya ilə bağlı ortaq səyləri­mizin sübutuna çevrilsin”. 

Çıxışlardan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbə­kistan Prezidentinin köməkçisi Saida Mirzi­yoyeva Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəq­si” və “Kukla incəsənətdə” sərgiləri ilə tanış olublar.

Qeyd edək ki, xalça kolleksiyası səkkiz il ərzində ərsəyə gəlib. Qədim sənətə yeni nəfəs verən sərginin kolleksiyasındakı “Yara­nış”, “Şikargah”, “Xan ovu”, “Cəng və barış”, “Bəndi-rumi”, “Şəbəkəli”, “Adəm və Həvva”, “Ağaclı”, “Narlı“, “Göllü”, “Ləçək-turunc”, “Dörd fəsil”, “Tağlı”, “Cəmadət” xalçaları, “Cənnət quşları” və “Cənnət bağı” dəstxalı - gəbələri bənzərsiz sənət nümunələri böyük maraqla qarşılanıb. Kolleksiyadakı xalçaların hər biri naxışları, ornamentləri vasitəsilə zi­yarətçilərə öz mesajlarını çatdırır.

“Kukla incəsənətdə” sərgisində isə 200-dən çox kukla nümayiş etdirilir. Ekspozi­siyada nümayiş etdirilən sənət nümunələrinin əksəriyyəti tək nüsxədə hazırlanıb və yüksək bədii dəyərə malikdir. Həmin əsərlərin çoxu beynəlxalq kukla festivalları və biennalelərin­də qalib olub.

Daha sonra Mehriban xanım Əliyeva və Saida Mirziyoyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” sərgisinin rəmzi açılışını bildirən lenti kəsdilər və ekspo­zisiya ilə tanış oldular.

Məlumat verildi ki, Özbəkistan Mədə­niyyətinin və İncəsənətinin İnkişafı Fondu ilə birgə keçirilən sərgidə bu ölkənin muzey top­lusundan olan 140-dan çox dekorativ-tətbiqi sənət nümunəsi nümayiş etdirilir. Dost ölkənin mədəni-tarixi irsinə və milli geyimlərinə həsr olunan ekspozisiya XIX-XX əsrlərdə Özbə­kistana xas sənətkarlığın dirçəlişini əks etdirir. Buxaranın qızıl tikmələri hər zaman Özbəkis­tanda digər sənət növləri arasında xüsusi yer tutub.

“İlmələrdə yaşayan irs: Özbəkistan tik­mələrinə səyahət” sərgisi bir neçə bölmədən ibarətdir: kişilərin milli geyiminin əsas ele­menti olan qızıl naxışlı çapanlar (uzun üst ge­yimi) bölməsi, Daşkənd, Cizax, Səmərqənd, Şəhrisəbz, Nurata və Buxara kimi şəhərlərdə əl ilə işlənmiş, əsasən gül və ulduz motivlə­rinin üstünlük təşkil etdiyi dekorativ tekstil –suzani nümunələrinin nümayiş olunduğu tik­mə bölməsi, Səmərqənd, Buxara və Qaraqal­paqstandan olan qədim ustaların gümüşdən, firuzə və digər qiymətli daşlardan hazırladıq­ları zərgərlik nümunələri bölməsi.

Tədbirdə Özbəkistanın milli musiqisi səs­ləndirilib.

Bakı sakinləri və paytaxtımızın qonaqla­rı Heydər Əliyev Mərkəzində sərgi ilə iyulun 1-dək tanış ola bilərlər.

AZƏRTAC









Rəsmi xronika