Əvəz RÜSTƏMOV
[email protected]
Yaxud Qərb siyasi sisteminin iflası
Rusiyada prezident seçkiləri keçirildi. Hazırkı dövlət başçısı Vladimir Putin mütləq səs çoxluğu ilə qələbə qazandı. Əslində, gözlənilməz heç nə baş vermədi. Seçkidən əvvəlki duruma nəzər salsaq, Putinin qalib gələcəyi birmənalı görünürdü. Söhbətimiz onun zəfərini doğuran amillər barədədir. Əlbəttə, bununla bağlı müxtəlif məqamlara da nəzər salacağıq.
Əvvəlcə ABŞ-ın 41-ci prezidenti Corc Buşun (ata Corc Buş) “Dünya başqa cür oldu” kitabındakı bir fikri yada salmaq istərdik. Əsasən ötən əsrin 80-90-cı illərində Birləşmiş Ştatlarla keçmiş SSRİ-nin münasibətlərindən, o cümlədən, “Soyuq müharibə” dövründə yaşananlardan bəhs edən nəşrdə Buş ABŞ-ın SSRİ-ni çökdürmək üçün qurduğu çeşidli planlardan söz açır. Nəhayət, o, öyünərək ölkənin özündən əvvəlki hakim komandalarının gerçəkləşdirə bilmədiyi işi həyata keçirdiyini vurğulayır. Söhbət, əlbəttə ki, nəhəng imperiyanın süquta uğradılmasından gedir. Nəzərə alaq ki, İkinci Dünya müharibəsindən sonra Qərb – SSRİ, o cümlədən, ABŞ – SSRİ rəqabətinin əsasının qoyulduğu vaxtdan, yəni Böyük Britaniyanın baş naziri Uinston Çerçilin Fulton Universitetindəki 1945-ci ilə təsadüf etmiş çıxışından, daha dəqiq desək, “Soyuq müharibə” anonsunun verildiyi gündən başlayaraq, Vaşinqton Sovetlər Birliyini sıradan çıxarmaq üçün çeşidli siyasi texnologiyalara əl atmışdı. Uğuru gözləmək üçün 45 il vaxt lazım gəlmişdir.
SSRİ-nin parçalanmasından sonra Qərb dünyası onun yerini Rusiyanın tutduğuna şahidlik etmişdi. Doğrudur, bununla bağlı əminlik V.Putinin hakimiyyətə gəlişi ilə yaranmışdı. Ona qədərki Boris Yeltsin hakimiyyətinin ABŞ-ın oyuncağı kimi çıxış etdiyini söyləmək üçün isə əsaslar yetərincədir.
Doğrudur, Putin də ilk vaxtlar beynəlxalq siyasət sahəsində o qədər irəli getməyi bacarmamışdı. Rusiya, necə deyərlər, öz qınına çəkilmişdi. Ölkə dünyadakı bir sıra mövqelərinin əldən çıxması ilə barışmışdı. Lakin bu güzəşt möhkəmlənmək üçün edilmişdi. Rusiya Putinin dövründə möhkəmləndimi?.. Suala birmənalı cavab vermək mümkünsüzdür. O anlamda ki, ölkənin iqtisadi durumunun ürəkaçan olmadığına dair fikirlər dolaşmaqda, tutarlı arqumentlər səslənməkdədir. Amma Putin Rusiyasının dövründə bu kimi fikirlər nə zaman dolaşmayıb ki?! Yəni, həmişə belə bir ritorikaya hansısa formada yer verilib. Rusiya isə yerindədir və hazırda dünyaya qarşı vuruşur...
Əlbəttə, heç də onu demək istəmirik ki, Qərbin SSRİ-ni çökdürməsi üçün lazım olan 45 illik müddətdən birincinin Rusiyanı da diz çökdürməsi üçün gərəkdir. Rusiya Sovetlər Birliyi kimi tamamilə tarix səhnəsindən silinəcəkmi? Bu barədə danışmaq, düzgün fikir yürütmək çətindir. Çünki Putin ölkəni, faktiki olaraq, proqnozlaşdırılmayan vəziyyətə gətirib. İlk baxışdan hər şeyin puç olduğuna dair görüntü var, ancaq xaos içində nizam mövcuddur. Əslində, Putinin ən yaxşı bacardığı da elə budur. Xaos və anarxiya şəraitində intizam formalaşdırmaq.
Bəs, rus düşüncə tərzi üçün intizam nədir? Əlbəttə ki, mübarizə. Doğrudur, keçmiş SSRİ dövründə də cəmiyyət anti-Amerika ruhunda köklənmişdi. Bu köklənmə Mixail Qorbaçovun “yenidənqurma xətti”nin stereotipləri ilə uyğunluq təşkil etmədiyindən, ölkə dağıldı. Ata Corc Buşun özü ilə öyünməsini doğuran amil də məhz həmin uyğunsuzluqdan qaynaqlanmışdı. Uyğunsuzluq isə saxtakarlıqdan irəli gəlirdi. O saxtakarlıqdan ki, SSRİ cəmiyyətinin, idarəçilik sisteminin mahiyyətinə hakim kəsilmişdi və məlum idi ki, bunun iflas sonluğunun geci-tezi var. Məsələyə mövcud prizmadan yanaşsaq, Qorbaçov onsuz da labüd olan prosesi bir qədər sürətləndirdi. Məşhur lətifədə deyildiyi kimi, xalq sosializmdən kommunizmə keçə bilmədi, obrazlı desək, ayağının aralı qalmasına taqəti və dözümü çatmadı, dizləri titrədi. Qərb dünyası məhz bu anı səbirlə gözlədi. Əlbəttə, yalnız gözləmədi. Ən başlıcası isə Qərb dünyası SSRİ-ni özünə münasibətdə düşmənçilik saydığı mübarizə ruhunu ölkənin içindən sarsıtdı.
Putini güclü edən nədir? Suala cavab verərkən, heç də xüsusi dəyərləndirmələr aparmağa ehtiyac yoxdur. Elə Rusiyanın hazırkı dövlət başçısının öz xarakterini canlandırmaq kifayətdir. O, rasionaldır, hadisə və prosesləri incəliklərinədək duya bilir, güclü manevr qabiliyyəti ilə seçilir. Putin ölkəni mübariz ruhda saxlayır. Nə qədər paradoksal səslənsə də, prosesə dəstək verən Qərb dünyasının özüdür.
Bəli, Putin mübarizə ruhunu ABŞ-ın və Avropanın Rusiyaya münasibətdəki ədalətsizliklərini xalqa düzgün formada çatdırmaqla qoruyur. Məsələn, o, dəfələrlə izah edib ki, NATO-nun Şərqə doğru genişlənməsi ölkəsinin maraqlarına ziddir. Qərb dairələri məsələyə əhəmiyyətsiz yanaşıblar. Elə Ukrayna müstəvisində də onlar eyni addımı atdılar. Nəticədə müharibə Rusiya baxımından ədalət savaşına çevrildi. Putinin seçkilərdə mütləq səs çoxluğu ilə qələbəsinin ən böyük səbəbi budur.
Qərb dünyasının anti-Rusiya köklənişindəki mənfi stereotiplər Kremlin beynəlxalq hüquq baxımından zorbalığını haqq davasına çevirdi. Rus xalqı gördü ki, həmin vaxtadək Putin hakimiyyətinin apardığı anti-Qərb, anti-Amerika təbliğatı, xarici aləmi imperialist kimi göstərmək motivləri, ətrafda düşmən axtarmaq məntiqi düzgündür. Məsələn, müharibə başlananda xaricdəki rus tələbələr universitetlərdən xaric edildilər. Dahi Dostoyevskinin, Tolstoyun və digər rus ədiblərinin irsi bəşəriyyətin xəzinəsi olduğu halda, Qərb aləmi bu adı dərsliklərindən uzaqlaşdırdı. Qərbdə ruslara məxsus əmlaklara açıq qəsb reallaşdırıldı. Bolşeviksayağı metodlar dövriyyəyə girdi. Heç “soyuq müharibə” dövründə də belə davranış tərzinə üstünlük verilməmişdi. Halbuki, eyni metoda yenidən qayıdılmamalı idi. Çünki dünya hazırda tamam başqadır və bu dünyanın Rusiya ilə mübarizədəki ideoloji baxışlar sistemi pərakəndədir.
Beləliklə, Rusiya ictimai rəyi əmin oldu ki, Putinin illərdir “Vəhşi Qərb” haqqında danışdıqları qorxunc nağıl deyilmiş, həqiqətin özü imiş. Nəticədə bu gün o, seçkidə mütləq qalibiyyət əldə edir. Bu qalibiyyət Qərbin Rusiyaya qarşı yönəlmiş mənəvi, siyasi, iqtisadi və hərbi təzyiqinin iflasının nəticəsidir. Bu qalibiyyət, həmçinin Qərbin özünün haqdan və ədalətdən kənar düşməsinin bariz göstəricisidir.
Putinin zəfəri Rusiyanı “demonizasiya” xəttinin puça çıxmasıdır. Amma demək olmaz ki, onun postunda qalması birmənalı şəkildə mütərəqqi hadisədir. Çünki dünya düzənində, daha hansı olayların, hansı qlobal kata-klizmlərin yaşanacağını proqnozlaşdırmaq çətindir. Dünya, belə demək mümkünsə, yeni Putinin dövründə necə olacaq? – sualına da birmənalı cavab yoxdur.
Bəli, ortada reallıq var. O reallıq ki, Qərb siyasi sistemindəki tənəzzülü göstərməkdədir. Yəni, “soyuq müharibə” ilə SSRİ-ni çökdürən və ata Buşun da fəxrlə haqqında söz açdığı strategiyanın yerinə hazırkı anti-Rusiya baxışlarındakı xaosu görürük. Bu şərait Rusiyanın idarəçilik baxımından əyninə biçdiyi anarxik sistemdəki nizamın qarşısında acizdir. Putinin qələbəsi elə həmin acizliyin uğradığı ən qorxunc aqibətdir.