Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yeni istifadəyə verilmiş Lənkəran Penitensiar Kompleksinə mediatur təşkil edib.
Jurnalistlərin iştirakı ilə keçirilən ictimai təqdimatda Milli Məclisin deputatları, Ədliyyə Nazirliyinin məsul işçiləri və İctimai Şura üzvləri, Vəkillər Kollegiyasının nümayəndələri, hüquq müdafiəçiləri eləcə də vətəndaş cəmiyyəti qurumları təmsilçiləri yeni komplekslə ətraflı tanış olublar.
Bildirilib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin ədliyyə sistemində aparılan islahatlar çərçivəsində penitensiar xidmətin fəaliyyəti də təkmilləşdirilir, cəza siyasəti humanistləşdirilir, islah prosesi zamanı məhkumların hüquqlarının qorunması üzrə ardıcıl tədbirlər görülür. Bu baxımdan Lənkəran penitensiar müəssisəsində saxlanılanlar üçün də normal cəzaçəkmə şəraiti yaradılıb. Kompleks müasir tibbi avadanlıqla təchiz olunub, kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyyə, manipulyasiya otaqları, laboratoriya, intensiv terapiya çarpayıları olan palatalar mövcuddur.
İştirakçılar psixoloji yardım xidmətində, görüş otaqlarında, idman, təhsil və peşə ixtisasları infrastrukturunda, yeməkxanada və camaşırxanada yaradılan şəraiti yüksək qiymətləndiriblər. Tanışlıqdan sonra media nümayəndələri və ictimaiyyət üçün keçirilmiş brifinqdə yeni penitensiar kompleksin məhkumların hüquqlarının təminatına, onların islah olunaraq sosial adaptasiyasına xidmət etdiyi vurğulanıb. Çıxış edən ictimaiyyət nümayəndələri penitensiar xidmətdə aparılan islahatların məhkumların hüquqlarının etibarlı təminatına yönəldiyini bildiriblər.
Rizvan FİKRƏTOĞLU
XQ