XI Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyətə xilas mesajları göndərdi
Azərbaycan Respublikası Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı nüfuzlu beynəlxalq tədbir çağdaş dünyamızı narahat edən qlobal problemlərin açıq və şəffaf müzakirəsi ilə yadda qalacaq. Üç gün davam edən XI Qlobal Bakı Forumuna rekord sayda iştirakçı – 68 ölkədən 400-dən çox qonaq təşrif buyurmuşdu. Forumun qonaqları sırasında 40-dan çox hazırkı, həmçinin sabiq dövlət və hökumət başçıları vardı. Bu statistikanın özü tədbirin çox böyük intellektual potensialından xəbər verir.
Martın 14-də açılış mərasimindəki çıxışında Bakı Forumunu Davos İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı ilə müqayisə edən Prezident İlham Əliyev COP29 mövzusuna toxunaraq xüsusi olaraq vurğulayıb ki, bu qlobal tədbirə evsahibliyi etmək şərəfinə Azərbaycanı layiq görənlər bilməlidirlər ki, əsas məqsəd iqlim məsələlərinə töhfə verməkdir.
Əslində, budəfəki forumun xüsusi özəlliyi həm də onda idi ki, bu ilin noyabrında Azərbaycanın evsahibliyi edəcəyi ən nüfuzlu beynəlxalq tədbirlərdən biri – COP29-a hazırlıqla bağlı qlobal müzakirələr aparıldı. Forum çərçivəsində keçirilən panel müzakirələrdəki çıxışlarda səslənən aparıcı tezis, forum iştirakçılarının gəldiyi əsas qənaət ondan ibarət idi ki, COP29, həm də, müstəqil siyasət yürüdən Azərbaycanın uğurlu inkişafının təsdiqi olacaq.
Bakı Forumu bir həqiqəti də ortaya qoydu ki, dünyada qeyri-sabitliyin davam etdiyi, sivilizasiyalararası və lokal qarşıdurmaların, çoxsaylı münaqişə ocaqlarının meydana gəldiyi bir vaxtda bu cür müzakirələrə, intellektual platformalara ciddi ehtiyac var. Bu nöqteyi-nəzərdən yanaşanda XI Qlobal Bakı Forumunun məhz “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunması zamanın tələbi idi, – desək, yanılmarıq.
Avropa İttifaqı bizə lazımdırmı?
Bakı Forumunda müzakirəyə çıxarılan və geniş fikir mübadiləsinin aparıldığı mövzulardan biri də Avropa İttifaqının (Aİ) bugünkü vəziyyəti, onun üzv ölkələr üçün faydalılıq əmsalı və gələcək perspektivi ilə bağlı idi. Yuxarıdakı sualı forumun panel müzakirələrindəki çıxışlarda səslənən ən aktual məsələ kimi qəbul etmək olar. Azərbaycan üçün də xüsusi əhəmiyyət daşıyan mövzu ətrafında gedən müzakirələrdən bir epizodu oxucuların diqqətinə çatdırmaq istərdik.
“Biz dünyanın son 20 ildə hansı dəyişikliklərə uğradığının şahidiyik”. Bu fikirləri Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov bildirib. O, çıxışında qeyd edib ki, Aİ Qərbi Avropa ölkələrinin inkişafına xidmət etmək üçün yaradılıb, amma bu qurum böyük səhvlərə yol verməklə, qitədə dağıdıcı müharibələrə səbəb olub. Sabiq prezident Brüsselin bürokratik səhvlərini indi ölkələrin hiss etdiyini vurğulayıb.
Azərbaycan və Ermənistan arasında sülhə nailolma prosesində vasitəçilik edən Aİ-nin özünün strateji və təhlükəsizlik problemlərin girdabında çapaladığı göz qabağındadır. Qurumun vahid xarici təhlükəsizlik konsepsiyasına, eləcə də bir çox ölkələrlə bağlı aydın mövqeyə malik olmadığını qeyd edən P.Stoyanov Aİ-yə üzv olmaq istəyən ölkələrin heç də hamısının bütün meyarlara cavab verə bilməyəcəyini diqqətə çatdırıb: “Biz artıq islahatlar aparmalıyıq. Türkiyəni Aİ-yə qəbul etmirlər. Mən buna təəssüflənirəm. Türkiyənin Aİ-də olmasından daha çox fayda götürə bilərik”.
“Hamımız üzvlüklə bağlı Türkiyəyə qarşı edilən ədalətsizliyi yaxşı bilirik”. Bu fikirlər isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Lazar Komanesku tərəfindən səsləndirilib. Baş katibin qənaətincə, Aİ üzvlüklə bağlı müəyyən konsepsiya hazırlamalıdır və bu konsepsiya hər iki tərəfin marağına uyğun olmalıdır: “Gəlin düşünək ki, Aİ bizə lazımdırmı? Məsələn, mənim ölkəmin Aİ-yə üzvlüyünün ona nə verəcəyi bizi düşündürür. Şəxsən mənim bununla bağlı tərəddüdlərim var”.
“Hamının yaşamaq hüququ var”
Üç gün davam edən Bakı Forumunda yaddaqalan epizodlardan biri də Nobel Sülh mükafatı laureatı Kailaş Satyartinin çıxışı idi. “Dünyada müharibələrin nəticəsi olaraq ciddi xaoslar baş verir”. Bu sözləri forumun “Qlobal çağırışlara dayanıqlılığın yaradılması: resursların qıtlığı və miqrasiya” panelindəki çıxışında dilə gətirən yüksək statuslu qonağın sözlərinə görə, xaosun yaratdığı fəsadlardan biri uşaqların insan alverinin qurbanına çevrilməsidir: “Dünyada müharibələr dayandırılmalıdır. Eyni zamanda, insanlar, o cümlədən, uşaqlar təbii fəlakətlərin, iqlim dəyişikliyinin qurbanı olurlar. Onlar buna layiq deyillər. Hər kəsin yaşamaq hüququ var”. Nobel Sülh mükafatı laureatının Azərbaycan paytaxtından dünyaya etdiyi, bu, ən qlobal çağırış forumun yekun nöqtəsi sayıla bilər.
Beləliklə, XI Qlobal Bakı Forumu öz işini uğurla başa çatdırdı. Hesab edirik ki, Bakı Forumu qarşıya qoyduğu məqsədə tam nail oldu. Azərbaycan dünyada söz sahibinə çevrilmiş nüfuzlu ölkə, etibarlı tərəfdaş olmaqla yanaşı, mürəkkəb dünyamıza qlobal çağırışların səsləndiyi, planetin geosiyasi nəbzinin vurduğu ən nüfuzlu tribunalardan biri missiyasını şərəflə yerinə yetirdi. Məhz bununla da XI Qlobal Bakı Forumu beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.
Məzahir ƏFƏNDİYEV,
Milli Məclisin deputatı
Bu gün dünyada baş verən hadisələr, sülhə və sabitliyə qarşı təhdidlər beynəlxalq institutları, o cümlədən, ixtisaslaşmış nüfuzlu beyin mərkəzlərini, dövlət və hökumət başçılarını, tanınmış siyasətçilərin bir araya toplanaraq parçalanmaqda olan dünyamızda qlobal sülh sisteminin dayanıqlılığının təmin olunması üçün müzakirələri labüd edir. Həmin siyasətçilər gözəl başa düşürlər ki, doğrudan da, bu gün bütün münaqişələrin həlli və dünyanın yeni arxitekturasının daha səmərəli təşkili, eyni zamanda, iqtisadi və hərbi güc sahibi olan dövlətlərin maraqlarının təmin edilməsi üçün yeganə mexanizm məhz Bakı Forumu kimi yüksək intellektual platformalarda qlobal müzakirələrin, sağlam dialoqun təşviq edilməsidir.
30 illik müasir siyasi tarixə malik olan Azərbaycan Respublikası bu gün dünyada qlobal çağırışlara həssaslıq nümayiş etdirir, müstəqilliyinin, suverenliyinin qorunması, habelə tarixi torpaqlarında yaşayan xalqların maraqlarını nəzərə almaqla dünyada dayanıqlı sülhün əldə olunmasına öz töhfəsini verir. Təsadüfi deyil ki, 2013-cü ildən bu yana Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən, dünyamızı narahat edən qlobal problemləri daha yaxşı analiz etməyə şərait yaradan və artıq ənənə halını almış Qlobal Bakı Forumuna məhz ölkəmiz evsahibliyi edir. Hər il olduğu kimi, bu dəfə də forumun coğrafiyasının genişləndiyinin, iştirakçılarının sayının artdığının, eyni zamanda, intellektual potensialının genişləndiyinin şahidi olduq.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri
Prezident İlham Əliyevin Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumundakı çıxışı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Dünyanın aparıcı media qurumlarında dövlət başçımızın çıxışının bəzi məqamları xüsusi olaraq diqqətə çatdırılıb.
Bakı Qlobal Forumu, bütövlükdə, planetimiz üçün böyük əhəmiyyət kəsb edən məsələlərin həlli üçün, həqiqətən, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının təcrübəsinə, birgə fəaliyyətinə, onların dövlət, hökumət başçıları və xarici işlər nazirləri kimi təcrübəsinə ehtiyacı var. Məlumdur ki, bu gün sürətlə dəyişən dünyada qeyri-sabit zonalar, qarşıdurma ocaqları hələ də qalmaqdadır. Narahatlıq doğuran bu problemlərin müzakirəsi, vəziyyətdən çıxış yollarının axtarılması baxımından forumun əhəmiyyəti böyük idi.
Bakı Forumunda regionumuzdakı dəyişikliklərin müzakirəsi zamanı qeyd edilib ki, son bir il ərzində baş verən hadisələrin fonunda ortaya çıxan əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Dövlətimizin başçısı bir daha diqqətə çatdırıb ki, uzun illər ərzində münaqişənin sülh yolu ilə həllini tapmaq üçün fəaliyyət göstərdik. İkinci Qarabağ müharibəsindən əvvəl hər il ədalətsizlik, işğal, beynəlxalq hüququn pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl olunmaması barədə danışmağa davam edirdik. Azərbaycan bu məsələnin beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmasını istəyirdi və buna nail oldu.
İ.HƏSƏNQALA
XQ