Fransız avantürizmindən sonra alman dəqiqliyi olacaqmı?

post-img

Bakı danışıqların yeni raundundan məhz bunu gözləyir

Məlum səbəblərdən ikitərəfli danışıqlarda müəyyən fasilə ya­ransa da, sülh sazişinin mətni üzə­rində iş davam etdirilir. Münxen Təhlükəsizlik Konfransı çərçi­vəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasındakı görüşdən sonra prosesə yenidən start verilməsi barədə qərar qəbul olunmuşdu. 

Beləliklə, Almaniya paytaxtının sülh dialoqunun yeni platforması kimi təşəb­büsü ələ almağa çalışdığı göz qabağın­dadır. Bu gün Ermənistan və Azərbaycan XİN başçılarının Berlində görüşü başla­yır. Bakının sülh danışıqlarının bu platfor­masından praqmatik alman dəqiqliyinə ümid bəsləməsi əbəs deyil. Bu ümidlərin indiki mərhələdə konkret motivə söykən­diyini deyə bilərik. Elə Avropa İttifaqında Fransanın “yedəyində getdiyi” görüntüsü yaranmış Almaniyanın bu təşəbbüsünü ümidləri doğrultmaq, özünü reabilitasiya etmək cəhdi kimi qiymətləndirənlər də az deyil. Rəsmi Berlinin bu şansdan necə yararlanacağı indi bəlli olacaq.

* * * 

Hələlik Bakı və İrəvan arasında sülh sazişi üzərində dialoqun müvəqqəti “ölü nöqtə”dən tərpəndiyini söyləmək olar. “Son beş ay ərzində heç bir razılaşma əldə olunmasa da, Ermənistanla sərhəd­də sülh və əmin-amanlıq hökm sürüb”, – deyən Azərbaycan Xarici İşlər naziri Cey­hun Bayramov sülhdə maraqlı olmayan müəyyən dairələri gərginlik yaratmaqda ittiham edib. 

“Beş aya yaxın müddətdə Azərbay­can və Ermənistan arasındakı şərti sər­həddə ən dinc dövr olub. Bəzi dairələr bu məsələdən narahatdırlar və vəziyyəti dəyişmək, gərginlik yaratmaq üçün əllə­rindən gələn hər şeyi edirlər”. Qarşıdakı görüşlə bağlı mediaya açıqlamasında bu sözləri dilə gətirən C.Bayramov Avropa İttifaqı missiyasının fəaliyyətinin şərti sər­həddə gərginlik yaratdığını açıq şəkildə vurğulayıb: “Avropa İttifaqı missiyasının sərhəddəki fəaliyyəti, gərginlik olmadığı halda müxtəlif Qərb diplomatlarının sər­hədə gəlməsi bu məsələnin daim gün­dəmdə saxlanılmasına və gərginlik kimi təqdim edilməsinə xidmət edir. Şoltsun təşəbbüsü ilə keçirilən görüşdən sonra sülh prosesinin inkişafının vacibliyi önə çəkildi və dialoq razılaşdırıldı. Amma bundan dərhal sonra Fransa preziden­tinin bəyanatı, daha sonra bu ölkənin müdafiə nazirinin Ermənistana səfəri və onun qızışdırıcı açıqlamalarının şahidi olduq”. 

Əslində, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlin görüşünü tərəflər arasında fevraln 17-də Münxen­də bərpa edilmiş ikitərəfli sülh danışıqları prosesinin növbəti mərhələsi kimi dəyər­ləndirmək olar. Son günlər İrəvanın gü­nahı üzündən şərti sərhəddə vəziyyətin gərginləşməsi fonunda Münxendə əldə edilmiş razılaşmanın davam etdirilməsi qərara alınıb. Belə güman etmək olar ki, Berlin danışıqları müsbət məcrada baş tutarsa, tərəflər arasında müzakirə möv­zusu olacaq əsas məsələ son vaxtlar müşahidə olunan eskalasiyanın aradan qaldırılması ilə bağlı olacaq. 

Ehtimal edilən digər məsələ isə Er­mənistan tərəfinin 2024-cü il yanvarın 4-də sülh müqaviləsi mətnində Azərbay­cana təqdim etdiyi 6-cı prinsipin rəsmi Bakı tərəfindən redaktə edilərək yenidən İrəvana göndərilmiş son variantı üzərin­də müzakirəsi sayılır. Bu günlərdə Ermə­nistan mediasının tirajladığı məlumatlar­da həmin təklifdə söhbətin sərhədlərin delimitasiyası və demarkasiyasının hansı xəritələr əsasında aparılacağı vurğulanır. Rəsmi İrəvan sərhədlərin SSRİ ordusu­nun Baş Qərargahı tərəfindən təsdiqlən­miş 1991-ci il xəritələri əsasında, yəni Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə istinadla müəyyənləşməsində is­rar edir. Fəqət Bakı İrəvanın bu mövqe­yini ona görə qəbul etmir ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi aparmaqla Alma-Ata Bəyannaməsini po­zub. Yəni, faktiki olaraq, Sovetlərin inzi­bati sərhədindən imtina edib. Ən azı bu səbəbdən sərhəd xətti yenidən çəkilmə­lidir.

* * * 

Bakı sülh danışıqlarından ən müxtə­lif bəhanələrlə, həm də dəfələrlə boyun qaçıran rəsmi İrəvana son xəbərdarlığını edib. “Özünə yeni sahib axtaran, kiminsə qucağına sığınan Ermənistan bilməlidir ki, onun yeganə yolu Bakının bütün şərt­lərini qəbul etmək və Azərbaycana qar­şı ərazi iddialarından imtina etməkdir”. Aərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini rəsmi İrəvan məhz son şansı kimi dəyərləndirməlidir. Bu ismarıc həm də bölgədə özəl maraqlarını güdən kənar aktorlara ünvanlanıb. 

İkitərəfli dialoqa hər cür dəstəyi da­vam etdirəcəklərini dəfələrlə təkrarlayan ABŞ Dövlət katibi Antoni Blinken Cənubi Qafqazı regionda davamlı sülhə nail ol­mağın açarı adlandırmışdı. Yəni, rəsmi Vaşinqton Ermənistanla Azərbaycan ara­sında qarşılıqlı münasibətlərin normal­laşdırılması prosesini daim diqqətdə sax­ladığını, sülh gündəliyinin davamlı olması üçün atdığı addımlarda qəti mövqedən çıxış etdiyini ortaya qoymuşdu. Böyük güclərin Cənubi Qafqazda sülhün və təh­lükəsizliyin bərqərar olması istiqamətin­də gedən prosesə dəstək nümayiş etdir­mələri məsələnin beynəlxalq miqyasda diqqət mərkəzində saxlanıldığını deməyə əsas verir. 

Bəli, Ağ Evin bölgədə tezliklə sülhə nail olunması üçün göstərdiyi səylər ha­mının gözü önündədir. Əlbəttə, onların bu bölgədə kəsişən maraqları da bö­yük əhəmiyyət daşıyır. Yeri gəlmişkən, bir müddət öncə ABŞ Ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi, xarici Ti­carət Xidmətləri üzrə baş direktor Arun Venkataramanın Orta dəhlizin inkişafını dəstəklədikləri ilə bağlı bəyanatı təsa­düfi sayıla bilməz. O, Orta dəhlizin tam işlək vəziyyətə gətirilməsi ilə ticarət im­kanlarının, dövriyyənin kəskin artıraca­ğını xüsusi vurğulamışdı. Burada diqqəti çəkən əsas məqam odur ki, Azərbaycan son vaxtlar hamının diqqətini cəlb edən və aktuallığı artan Orta dəhliz layihə­sində ən əsas halqalardan biridir. Yəni, yaxın perspektivdə ölkəmiz öz ərazisin­də beynəlxalq tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı qazanacaq. Bu isə Zəngəzur dəhlizi he­sabına reallaşacaq. 

Beləliklə, Ermənistan və Azərbaycan sülh danışıqlarının son və həlledici faza­sına daxil olub. İrəvanın bu mərhələdə də, qərbli “bacılarına” uyub, qeyri-kons­truktiv mövqe sərgiləməsi regionda əməkdaşlığı yubatmaqla yanaşı, özünün gələcək inkişafına sədd çəkəcək. Arxada buraxılan otuz illik işğal dövründə Ermə­nistan onsuz da təkcə hərbi deyil, həm də iqtisadi-siyasi müstəvidə çox şey iti­rib. İndiki mərhələdə sülhə əngəlyaratma siyasəti ona daha böyük zərbə vura bilər. Daha yolun sonudur, qarşıda yalnız da­lan görünür. İrəvan hansı tərəfə vurnux­sa da, bu reallıqdan qaça bilməyəcək. Bu gün Bakı Berlində İrəvanı sadəcə sülhə deyil, həm də yeni əməkdaşlıq platforma­sına dəvət edir. Burada ən çox qazanan isə yeni inkişaf mərhələsinə başlamaq şansı əldə edəcək Ermənistan olacaq...

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri, politoloq

Təəssüflər olsun ki, mənim Ber­lin danışıqlarından ciddi gözləntilə­rim yoxdur. Rəsmi İrəvan tərəfin­dən səsləndirilən son bəyanatlar onu deməyə əsas verir ki, Ermənis­tan hələ də sülhə tam hazır deyil və bizim təkliflərimizi qəbul etmir. Doğ­rudur, Berlin görüşü də dialoq for­matıdır və oradan müəyyən pozitiv xəbərləri eşitmək istərdik. Amma buna ümid çox azdır. Çünki Nikol Paşinyanın Parisə səfəri zamanı çıxışında dediyi fikirlər, ittihamlar ümidverici heç nə vəd eləmir. 

Aydın məsələdir ki, bu zaman uduzan Azərbaycan deyil, yenə Er­mənistan olacaq. Bəli, Bakı özünün sülh gündəliyini formalaşdırıb, bü­tün məsələlər üzrə təkliflərini qarşı tərəfə verib. Amma burada bizim milli maraqlarımız, təhlükəsizliyimiz kimi vacib məsələlər də mövcud­dur. Fakt budur ki, torpaqlarımız otuz il işğal altında olub. İndi Azər­baycanın sərgilədiyi mövqe məhz bu amilə söykənir. Bakı vəziyyətin bir daha bu həddə gəlib çatmasına heç vaxt yol verməyəcək. 

Yəni, bütün bunları nəzərə ala­raq, Berlin görüşü ilə bağlı optimist proqnozlar verməkdə çətinlik çə­kirəm.

Elxan ŞAHİNOĞLU, 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi

Xarici işlər nazirlərinin Berlin təmasını Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Münxendə baş tutmuş görüşün da­vamı kimi qiymətləndirmək müm­kündür. Həmin görüş də Almaniya Kansleri Olaf Şoltsun vasitəçiliyi ilə keçirilmişdi. Düzdür, onda rəs­mi Berlin aktiv vasitəçi kimi çıxış etməmişdi, amma yenə də, Münxe­nin ardınca sülh danışıqlarının Berlində davam etdiriliməsi ondan xəbər verir ki, Almaniya beynəlxalq təşəbbüskar kimi Fransadan geridə qalmaq istəmir. Çünki Azərbaycan ermənipərəst mövqeyi ilə “məşhur­laşmış” Parisin vasitəçiliyini qəbul etmir. Azərbaycan yeni dialoq plat­forması kimi Almaniyanı qəbul edir, Ermənistan da buna etiraz etmir. 

Azərbaycan və Ermənistan XİN başçılarının Berlin görüşündən böyük müsbət nəticələr gözləmək doğru olmaz. Münxen dialoqu da böyük nəticəyə hesablanmamışdı. Əsas məqsəd münasibətlərdəki qarşlılıqlı gərginliyi yumşaltmaq idi. Bölgədə gərginlik məhz Ermə­nistan tərəfinin təxribatlarına görə artıb. Düşünürük ki, Berlin görü­şünün məqsədi də münasibətləri yumşaltmaqdır. Müsbət hal o ola bilərdi ki, nazirlər çərçivə sənədinin mətni üzərində konkret irəliləyişə nail olsunlar. Fəqət bunu söyləmək çətindir. 

Sonuncu Münxen görüşündə də müsbət atmosfer yaradılandan sonra Fransa özünün pozuculuq fəaliyyətini davam etdirdi. Paşin­yan Parisə çağırıldı, orada hərbi yardımla bağlı beynini doldurdular. Baş nazir elə oradaca təxribatçı bəyanatlar verdi, Azərbaycanı Er­mənistana təcavüzə hazırlaşmada ittiham elədi. Bu dəfə də oxşar si­tuasiya yarana bilər. Berlində tətəf­lər arasında müsbət atmosfer ya­radılsa da, yenə Paris Paşinyana təzyiqlər edə və sərhəddə gərginlik yarada bilər. Doğrudur, Ermənistan parlamentinin sədri Alen Simonyan son açıqlamalarında Azərbaycan və Türkiyə ilə münasibətlərin nor­mallaşmasının tərəfdarı olduğunu deyib, Berlin görüşünü irəliyə doğ­ru atılan addım kimi qiymətləndirib. Amma bunlar şifahi jestlərdir, Bakı real addımlar gözləyir.

İmran BƏDİRXANLI
XQ





Siyasət