Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən gözləntilər
Məlum olduğu kimi, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla və Ararat Mirzoyan bu gün Berlində sülh gündəmini müzakirə edəcəklər. Hər halda rəsmi adlandırma belədir. Ancaq gəlin görək, görüşün elə bir faydası olacaqmı? Suala cavab vermək üçün bəzi məqamları vurğulamağa ehtiyac var.
Ancaq əvvəlcə bir haşiyə çıxaq. Nazirlərin görüş təşəbbüsü Almaniyadan gəlib. Yəni, hazırda kollektiv Qərbin Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsinə nisbətən bitərəf yanaşdığına dair təəssürat formalaşdıran ölkəsindən. Həqiqətən, müqayisəli yanaşsaq, Almaniya bu baxımdan Fransadan daha yaxşıdır. Yəqin, elə ona görədir ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşə vasitəçiliyin Almaniya Kansleri Olaf Şolts tərəfindən həyata keçirilməsinə razılıq verdi. Görünür, Berlin XİN rəhbərlərinin təmasına da evsahibliyini gerçəkləşdirməklə, belə demək mümkünsə, sülhyaratma estafetinin davamında maraqlıdır. Bəs nəyə görə iki Cənubi Qafqaz ölkəsinin əsas xarici siyasət adamlarının üz-üzə gəlmələrinin faydalılıq əmsalına şübhə ilə yanaşırıq? Əslində, buna və birinci abzasdakı suala cavab təxminən eynidir.
Birinci məqam. Baş nazir N.Paşinyan Münxendən sonra Parisə yollandı. Orada Nikolun keçirdiyi görüşlərin məzmun və motivinə diqqət yetirərkən, təmaslarının hamısının bu və ya digər dərəcədə anti-Azərbaycan ritorikasının inkişafına yönəldiyi aşkardır. Fransa isə kollektiv Qərbin başlıca söz sahiblərindəndir. İndi vasitəçiliyə qol çırmamış Almaniya, bu mənada, onun yanında heç nədir. İkincinin rəhbərliyi çox yaxşı dərk edir ki, prinsipcə Bakı – İrəvan münasibətlərinin tənzimləməsinin özünə o qədər də ciddi aidiyyatı yoxdur.
İkinci məqam. Paşinyanın Parisə yollanması və mövcud xüsusda həm keçirdiyi görüşlər, həm də “France 24” telekanalının efirindən söylədikləri onun Münxendə Prezident İlham Əliyevlə təmasının ab-havasını və gözlənilən müsbət davam trayektoriyasını heçə endirdi. Bundan sonra Bayramov – Mirzoyan görüşü ilə bağlı pozitivə köklənmək mümkünsüzdür.
Üçüncü məqam. Bayramov – Mirzoyan təmasına doğru gedən yola diqqət yetirək. Mirzoyan Cenevrədə BMT-nin İnsan Haqları Şurasının iclası çərçivəsində qurumun İnsan hüquqları üzrə ali komissarı Folker Turk ilə görüşüb. Görüşdə Ermənistanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar və nailiyyətlər qeyd edilib, İrəvanın bu baxımdan beynəlxalq reytinqlərdə regionda lider mövqe tutduğu önə çəkilib (?).
Deməli, subliminal mesaj verilib ki, Azərbaycanda mövcud istiqamətdə vəziyyət yaxşı deyil. Mesajı verən Ermənistandır. Ardınca isə Mirzoyan, bilavasitə, “mətləbə” keçib və deyib ki, Azərbaycan Qarabağ ermənilərini etnik təmizləməyə məruz qoyub, İrəvan isə hazırda onların ehtiyaclarının ödənilməsi və hüquqlarının müdafiəsi istiqamətində tədbirlər reallaşdırmaqdadır. Yəni ki, Azərbaycanın yol verdiyi insan hüquqları pozuntularını və dəymiş zərəri Ermənistan aradan qaldırır. Bir sözlə, həyasızlıq...
Daha sonra erməni nazir Bakı – İrəvan sülh tənzimləməsinə keçid alıb və ölkəsinin bununla bağlı yanaşmalarını təqdim edib. Bildirib ki, bu yanaşmalar ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenlik prinsiplərinə əsaslanır. Mirzoyan, həmçinin vurğulayıb ki, sülh prosesində irəliləyişə yalnız sadaladığı prinsiplərə ciddi riayət etməklə, aqressiv ritorikadan, eləcə də yerlərdə vəziyyəti gərginləşdirən addımlardan çəkinməklə nail olmaq mümkündür.
Göründüyü kimi, vurğu Azərbaycanın, guya, Ermənistanın yanaşmalarına etinasız münasibət göstərdiyi üzərinə qoyulur. Bu isə öz növbəsində, reallıqların təhrifi və İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmasıdır. Yəni, Mirzoyan bir daha göstərib ki, İrəvan Bakının sülh gündəliyi ilə razılaşmır, konstruktiv mövqeyə gəlmək niyyətindən tam uzaqdır. Deməli, erməni XİN rəhbəri azərbaycanlı həmkarı ilə görüşə məhz belə bir əhval-ruhiyyə ilə yollanıb.
Dördüncü məqam. A.Mirzoyan Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri Mirjana Spolyariç-Eqqerlə görüşüb və adəti üzrə Azərbaycandan şikayətlənib. Ən pisi isə budur ki, “Azərbaycan tərəfindən Qarabağa hücum” məntiqini qabardıb. Deməli, bir tərəfdən ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması, digər yandan da ölkəmizin təcavüzkar kimi təqdimatı. Hər halda, böyük təzadı hiss etməmiş deyilsiniz.
Belə çıxır ki, Azərbaycan öz suverenliyini bərpa etməməli, Qarabağda separatçı rejim qalmalı idi. Nəyə görə? Ona görə ki, guya, həmin rejim bölgə ermənilərinin iradəsinin məhsulu kimi meydana çıxmışdı. Bir nüansı da yada salaq. Lokal xarakterli antiterror tədbirlərindən əvvəl həmin Paşinyan idi deyən ki, Qarabağın seçilmiş hakimiyyəti var. Bu deyimlə Mirzoyanın “Azərbaycanın Qarabağa hücumu” məntiqi zərbəni eyni hədəfə – ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhələndirməyə vurur.
Üstəlik, erməni XİN başçısı Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə görüşündə Azərbaycanda saxlanılan şəxslərin qaytarılmasının, eləcə də itkin düşmüşlərin taleyinin müəyyənləşdirilməsinin vacibliyini qabardaraq, Ermənistanın bu istiqamətdə komitə ilə əməkdaşlığa hazır olduğunu təsdiqləyib. Məgər Mirzoyan bilmir ki, haqqında söz açdığı məsələ cəfəngdir? Azərbaycan həbsxanalarındakı ermənilər 44 günlük müharibədən sonra ölkəmizin ərazisində kəşfiyyat-diversiya fəaliyyəti gerçəkləşdirmək istəyənlərdir, cinayətkarlardır. Əgər XİN başçısının heç nəyə baxmayaraq, bu cinayətkarlara ürəyi yanırsa və onların öz evlərinə qayıtmalarını çox istəyirsə, bilməlidir ki, mövcud istiqamətdə BQXK ilə əməkdaşlıq fayda verməyəcək. O tam dərk etməlidir ki, heç bir xarici təzyiq ölkəmizi tutduğu prinsipial baxışdan daşındırmayacaq. Humanistliyə gəlincə, Azərbaycan bunu indiyədək çox edib, yenə də edər. Ancaq baxır hansı şərtlərlə və hansı şəraitdə...
Əslində, Bayramovla görüş öncəsi gedib xaricilərə şikayətlənən Mirzoyan, eləcə də, digər Ermənistan rəsmiləri də yaxşı dərk edirlər ki, Bakı ilə təzyiq dilində danışmağın nəticəsi yoxdur. Əksinə, durum bir qədər də gəriginləşəcək. Görünür, Ermənistan rəhbərliyinin məqsədi elə budur – hər şeyi mürəkkəbləşdirmək. Başqa cür düşünmək üçün əsas yoxdur. Fikrimizi bir qədər də dolğunlaşdırmaq üçün baş nazir Nikol Paşinyanın söylədiklərinə diqqət yetirək.
Beşinci məqam. Deməli, N.Paşinyan Almaniya Bundestaqı Hüquq məsələləri komissiyasının sədri Elizabet Vinkelmeyer-Bekeri qəbul edərkən, Ermənistanda demokratik islahatların səmərəli təşviqində, eləcə də Cənubi Qafqazda sülhün və sabitliyin təminatlnda Almaniyanın dəstəyini xüsusi vurğulayıb. Sual olunur: Almaniya nə üçün Ermənistanın daxili işi olan məsələni təşviq etməli və İrəvan buna normal yanaşmalıdır? Nə isə, bu məqamın üzərində çox dayanmayaq. Çünki, necə deyərlər, ayının min oyunu bir armudun başındadır. Yəni, Nikol və komandasının üzvləri demokratiyadan, söz azadlığından və sair bu kimi beynəlxalq qüvvələrin manipulyasiya predmetinə çevrildiyi şübhə doğurmayan dəyərlərdən danışarkən, yuxarıda da vurğuladığımız kimi, subliminal mesaj verirlər. Sanki, beynəlxalq müstəvidəki bəzi dairələrin Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini yada salıb, üstünlük qazanmağa çalışırlar. Nə üçün belə düşüncədəyik? O səbəbdən ki, Paşinyan yuxarıda sadaladığımız fikirlərini bitirər-bitirməz, Azərbaycan–Ermənistan münasibətlərinə keçid alır.
Bəli, Paşinyan Mirzoyan kimi siyasi şivən qoparmasa da, onun mövqeyini pozitiv saymaq mümkünsüzdür. Diqqət yetirək, Nikol Kansler Olaf Şoltsun Bakı və İrəvan arasında sülh prosesinə verdiyi töhfəni xatırladır və ən əsası ötən ilin payızında Qranadada keçirilmiş görüşü önə çəkir. Əlbəttə, başa düşürük ki, Nikol yarımçıq bildiyi diplomatik etiket məsələsində Almaniya nümayəndə heyətinə Kansler barədə xoş söz demək istəyir. Ancaq, o, hər kəlməsinin fiksasiya olunduğunu nəzərə almır.
Erməni baş nazir nəzərə almır və düşünmür ki, Azərbaycan həmin Qranada sammitinə qatılmamışdı və Bakı üçün toplantı zamanı Avropa Şurası İttifaqının prezidenti Şarl Mişelin, Paşinyanın, Fransa prezdeinti Emmanuel Makronun və Kansler Şoltsun qəbul etdikləri sənəd mənasız kağızdan başqa bir şey deyil. Belədə nəyə görə həmin sənəd Azərbaycan – Ermənistan münasibətlərinin nizamlanmasının prinsipləri kimi nəzərdən keçirilməlidir? Yəni, Paşinyan hansı məntiqlə bu cür yolverilməz ritorikaya üstünlük verməlidir? O, Qranada sammitinin adını çəkməməlidir!
Sonda ümumən, belə nəticəyə gəlirik ki, Azərbaycan və Ermənistan nazirlərinin uzun fasilədən sonra Berlində görüşməsi müsbət haldır. O anlamda ki, tərəflərin təmaslarındakı ayrı-ayrı motivlər gərginlik riskinin aşağı düşməsini şərtləndirə bilər. Ancaq, bu, yetərli deyil. Ermənistan konstruktiv davranmalı, Prezident İlham Əliyevin də bildirdiyi kimi, ölkəmizin sülh şərtlərini qəbul etməlidir, ərazi iddiasından uzaqlığını təsdiqləməlidir. Söylədiklərimizə nəzərən belə görünür ki, Berlin görüşü bu nəticənin əldə olunması baxımından heç də tutarlı platforma deyil. Digər tərəfdən, İrəvanın öz “prioritetləri” var.
Erməni tərəfin Almaniyanın paytaxtında görüşə razılıq verməsi isə yalnız sülhdə maraqlı olduğuna dair rəy formalaşdırmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaqdır. Bu, sülh gündəmi ilə imitasiyadır. Özü də uğursuz imitasiya.
Ə.RÜSTƏMOV
XQ