I MƏQALƏ
Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Heydər ƏLİYEV,
Ümummilli lider
Təzadlaşan dünya...
Təzad, ümumiyyətlə, dünyaya xas olan fenomendir. Ümumi halda uyğunsuzluğu, daha doğrusu, hansısa hadisəni və ya hadisələr toplusunu vahid rasionallıq çərçivəsində ziddiyyətsiz izah etmənin mümkünsüzlüyünü ifadə edir. Təzad fəlsəfədə geniş istifadə olunan anlayışlardandır. Böyük V.Hegel də dialektikanın qanunlarında bu anlayışdan yararlanmışdır.
Təzadlı məqamlara dövlətlərin fəaliyyətində, fəlsəfədə və politologiyada tez-tez rast gəlmək olur. Təzadlı situasiyalar bir sıra hallarda hansısa prosesə və ya onların sisteminə yeni baxışların formalaşmasını motivə edir. Və yaxud təzadlı hallardan daxili ziddiyyətləri aradan qaldırmağa xidmət edən yanaşmalar elmi perspektivli hesab olunur.
Bu mənada, öz fəlsəfi və elmi nailiyyətləri ilə Qərbin öyünməyə haqqı vardır. “Qoca qitə” dünyaya çox sayda elm, mədəniyyət, siyasət, humanist ruhlu dahi insanlar bəxş etmişdir. Bununla yanaşı, müasir dünyanın ən eybəcər olayları da məhz oradan qaynaqlanır. Yüksək fəlsəfi və elmi bazaya malik və dünyanın ən inkişaf etmiş bir məkanında o qədər təzadlar və onların ziddiyyətləri mövcuddur ki, buranın, doğrudan da, Avropa – demokratiya və liberalizm məkanı, olduğuna şübhə edirsən. Təzadlı Avropa ağılsız Avropa təsiri bağışlayır.
Bir tərəfdə Baxı, Bethoveni, Şekspiri, Hegeli, Kantı, Sartrı, Fukosu və minlərlə digər zəka sahibləri, digər tərəfdə isə əli qanlı faşistləri, nifrətlə dolu həyatları olan neofaşistləri, əli qana batmaqda davam edən neokolonialistləri... Bu, böyük təzad və ziddiyyət deyilmi? Avropa bunları, eyni zamanda, “mənəviyyat və zəka bətnində necə daşıya bilir”?
Reallıq və fəaliyyət... Bakı nümunəsi
Bu reallığı inkar edə bilmərik – onun mövcudluğunu qəbul etməliyik. Lakin həm də barışmamalıyıq. Faşizmə, neofaşizmə, kolonializmə (müstəmləkəçilik) və neokolonializmə (yeni müstəmləkəçiliyə) qarşı güzəştsiz mübarizə aparmalıyıq. XXI əsrdə bunun ən yaxşı nümunəsini Azərbaycan Respublikası nümayiş etdirir. Məhz Azərbaycanın Prezidenti ən yüksək tribunalarda rasional əsası yüksək olan fikirləri ilə müstəmləkəçiliyin hər bir təzahürünə qarşı bəşəriyyətin birgə mübarizəsinin zəruriliyindən bəhs edir.
Keçən ilin yayında isə məhz Azərbaycanın təşəbbüsü və birbaşa fəaliyyəti sayəsində yeni müstəmləkəçiliyə qarşı Bakı Təşəbbüs Qrupu (BTQ) yaradılmışdır. Qrup indiyədək 7 mötəbər beynəlxalq tədbir keçirmişdir. Həmin tədbirlər birbaşa dünyada müstəmləkəçiliyin aradan qaldırılması üçün konkret fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə və praktiki kompleks addımlar atılmasına xidmət edir. Son İstanbul tədbirində bu motiv özünü daha qabarıq göstərmişdir. Orada Fransanın müstəmləkəçiliyindən əziyyət çəkən xalqların və ölkələrin haqlarının qorunması, onların təbii hüquqlarının təmin edilməsi kimi məsələlər müzakirə edilmişdir.
Konfransın mövzusunun “Dekolonizasiya: intibah dövrünün başlanğıcı” adlandırılması çox əlamətdardır. Çünki Bakı Təşəbbüs Qrupu, birincisi, 120 üzvü olan Qoşulmama Hərəkatı çərçivəsində yaradılmışdır ki, geniş bir coğrafi və geosiyasi məkanda xalqların haqq və hüquqlarının təmin edilməsinə həm məsuldur, həm də onun təmin edilməsinə çalışır, ikincisi, müstəmləkəçiliyə qarşı mübarizə, sözün həqiqi mənasında, dərin fəlsəfi, iqtisadi, siyasi və geosiyasi anlamlarda dirçəlişdir! XXI əsrin insan və mədəniyyət yüzili kimi obrazına tam uyğun olan zərurətdir! Çünki indi qlobal miqyada demokratiya, insan haqları, liberalizmdən danışanlar dünyanı haqq və hüquq məsələində iki düşərgəyə bölə bilməzlər. Dünyanın “ağ” və “qara” rəngi Qərbə sərfəli və ya sərfəsiz olmaq kriteriyası ilə artıq müəyyən oluna bilməz. Hər yerdə və hər zaman obyektiv demokratiya, haqq və hüququn tərəfsiz, universal qaydalara görə təmini olmalıdır.
Mümkün deyildir ki, harada müəyyən dövlətlərin (məsələn, Fransanın) marağı ödənirsə, orda demokratiyanın mövcudluğundan bəhs etsinlər. Bununla kifayətlənməyib bütün dünyanın da belə düşünməsi üçün ağılsız şantajlar etsinlər.
Yol vermək olmaz ki, həqiqətən, hüququ təmin edilməyən, haqsızlığa düçar olan, lakin müəyyən dairələrin təsiri altında olmaq istəməyən dövlətlər və ölkələr isə antidemokrat, sivil dünyaya uyğun olmayan, müxtəlif qondarma fobilərin hədəfi kimi təqdim edilməyə cəhd göstərilsin.
Bütün bunlara görə, Bakı Təşəbbüs Qrupu yeni tarixin çox vacib mütərəqqi fəliyyət üsullarından biridir. Onun memarı isə daim tərəqqidə olan Azərbaycan Respublikasıdır! Azərbaycan faktiki olaraq XXI əsrdə milli, regional və qlobal miqyaslarda humanitar tərəqqinin mərkəzlərindən və bu istiqamətdə real fəaliyyət göstərən dövlətlərdən birinə çevrilir! Bu tezisin məna işığında BTQ-nin müasir dünyada missiyasının müxtəlif aspektləri üzərində bir qədər geniş dayanaq.
Qlobal təhlükəsizlik və tərəqqi kəsişirmi?
Müasir nəzəri fəlsəfi və politoloji şüurda olduğu kimi, praktiki siyasi fəaliyyətdə də şübhə etmirlər ki, qlobal tərəqqi ilə təhlükəsizlik bir-biri ilə sıx əlaqəlidir. Təhlükəsizliyin təmin olunmadığı yerdə müharibə paradiqması üstünlük təşkil edir və burada inkişafdan danışmaq yersizdir. İnkişaf da ədalətli, doğru, hüququn və qarşılıqlı faydalı qazancların olmadığı şərtlər daxilində aparılırsa, təhlükəsizliyin təmininə xidmət etmir. Bu gedişin sonu fəlakət və deqradasiya olur.
Burada müasir dünya üçün xarakterik olan başqa bir məqam da vardır. Məsələ ondan ibarətdir ki, indi dünya o dərəcədə qloballaşmışdır ki, onun hər hansı hissəsində (lokal fraqmentində) bir problem varsa, bütövlükdə, dünyaya mənfi təsir edir.
Buradan belə bir qənaətə gələ bilərik: planetimizin hətta kiçik ərazisində və yaxud bölgəsində təhlükəsizliyə, inkişafa və hüquqa təhlükə və ya maneə mövcuddursa, o, gec-tez bütövlükdə dünyanı tarazlığından çıxaracaq. Aydındır ki, həm öz dövlətçiliyi, həm də dünya qarşısında məsuliyyət hiss edən liderlər belə hallara qarşı mübarizə aparmalıdır. Təcrübə göstərir ki, bu prosesin ön sıralarında gedən liderlərdən biri də Azərbaycan Prezidenti İlham Əliyevdir.
İlham Əliyev müxtəlif platformalarda müstəmləkəçiliyə, xalqların hüquqlarının pozulmasına və ədalətsizliyə qarşı güclü məntiqi və fəal praktiki addımlarla mübarizə aparır. Bütün dünya xalqları üçün faydalı olan təşəbbüslər irəli sürür. Bu prosesin iki mühüm fərqli əlaməti özünü göstərir.
Birincisi, İlham Əliyev Cənubi Qafqaz regionu çərçivəsində bölgənin lider dövlətinin başçısı kimi, sabitlik, hüququn təmini, etibarlı təhlükəsizlik və qarşılıqlı fayda verən əməkdaşlıq naminə çoxşaxəli fəaliyyət göstərir. Etiraf edilməlidir ki, bu fəaliyyət öz praktiki nəticəsini verir və regional sabitlik qalır. Təhlükəsizliyin təmini üçün də “3+3” formatı üzrə birgə fəaliyyət platformasını irəli sürən İlham Əliyev onun realllaşması üçün titanik diplomatik və siyasi iradə nümayiş etdirir.
İkincisi, qlobal miqyasda özünü göstərən hüquq pozuntuları, ədalətsizlik və qeyri-konstruktiv münasibətlərə qarşı mübarizə üçün İlham Əliyev geniş surətdə regional və beynəlxalq təşkilatlarda fəaliyyət platformasından yararlanır. Pandemiya dövrü də daxil olmaqla ən böhranlı situasiyalarda belə Azərbaycan Prezidenti konstruktiv, real və ədalətli təklifləri ilə digər liderlərdən seçilmişdir. İlham Əliyev vurğuladığımız siyasi fəaliyyət praktikasını BMT, Qoşulmama Hərəkatı, MDB, Türk Dövlətləri Birliyi kimi təşkilatlarda çox uğurlu sınaqdan keçirmişdir. Müstəmləkəçiliyə qarşı barışmaz mübarizə kursu da Qoşulmama Hərəkatı çərçivəsində fəal aparılır.
Bunun səbəbi aydındır. Çünki məhz bu təşkilatda dünyanın müxtəlif regionlarının, o cümlədən, Afrika dövlətləri birgə fəaliyyət göstərirlər. İlham Əliyevin təklif etdiyi anti-müstəmləkə platforması bu aspektdə tam legitimdir və təşkilatın hər bir üzvünün maraqlarına cavab verir. Obrazlı desək, Azərbaycan Prezidenti “təşkilatdaxili inklüziv legitimlik” əsasında müasir dövrün bu utandırıcı faktına qarşı böyük mübarizəsinə başlamışdır. Axı, indiki tarixi mərhələdə ərazisindən asılı olmayaraq, hər hansı ölkəyə qarşı müstəmləkə siyasəti aparmaq geridə qalmışlıqla yanaşı, bütövlükdə, bəşəri proseslərə ziyan vurmaqdır.
Beləliklə, əmin oluruq ki, Azərbaycanın təşəbbüsü dərin və geniş geosiyasi, bəşəri və siyasi-mədəni reallıqların əsaslı təhlili sayəsində çıxarılan nəticələrin fonunda yaranmışdır. Bu, uzunmüddətli prosesdir, lakin mütləq müsbət nəticəsi olacaqdır. İndiki mərhələdə isə artıq bir neçə aspektdə həmin fəaliyyət bəhrəsini verməkdədir. Faktlara müraciət edək.
Fransanın 13 müstəmləkə qurbanı
Danılmaz faktdır ki, Fransa XXI əsrdə dünyanın 13 lokal ərazisində müstəmləkə siyasəti yeritməkdədir. Onun adını “yeni müstəmləkə” də qoya blərik. Bununla mahiyyət dəyişmir. Müstəmləkəçilik əsasən Qərbə xas olan fəaliyyətdir (ABŞ, Böyük Birtaniya, Fransa, İspaniya, Almaniya...). Hələ XV əsrdən özünü göstərir. Avropalılar özlərini inkişaf etmiş və sivil saymaq əsasında dünyanın müxtəlif böləglərinə hərbi yürüşlər edir, oraları talayır, sərvətlərini qəsb edir, xalqları isə özlərindən asılı vəziyyətə salırdılar. Bu hadisələr Avropa da daxil olmaqla, Latın Amerikasında, Uzaq Şərqdə, Afrikada baş verirdi. Tarixçilərə minlərlə bu kimi faktlar məlumdur. Sadəcə, onlardan birini yada salaq.
İspanlar Latın Amerikasında mövcud olan İnka İmperiyasını XVI əsrdə vəhşicəsinə dağıtdılar. Burada “vəhşicəsinə” sözü kimisə pisləmək mənasında işlədilmir – dağıtma prosesinin mahiyyətini təşkil edir. İspan müstəmləkə hərbi dəstələrinə adelantado (“adelantado” “səlibçi”, “pioner” deməkdir və o dövrün İspaniyasında özünün ərazisindən kənarda olan yerləri zəbt etmək üçün təşkil edilən qoşunların başçısına verilən rütbədir) Fransisko Pisarro komandanlıq edirdi. F.Pisarro 1533-cü ildə İnka hökmdarı Atayalpı əsir ala bilmişdir. Atayalpı geri almaq üçün inkalılar ispanlarla bazarlığa getmişlər və ispanlar İnkanın malik olduğu bütün sərvət müqabilində hökmdarı azad edəcəyinə söz vermişlər. Lakin sövdələşmə baş tutandan sonra avropalılar vədlərinin əksinə olaraq tarixdə görünməmiş işgəncə ilə Atayalpı öldürmüşlər. Ancaq ispan müstəmələkəçilər hələ də dünyada rekord hərbi qənimət sayılan və dəyəri 309 milyon ABŞ dolları (2000-ci ilin kursuna görə) qızıl külçələrini qəsb etmişlər. Bu, Avropa müstəmləkə şüuru ilə davranış üsulunun klassik təzahürü və onların mahiyyətinin güzgüsüdür.
XV əsrdən bu yana avropalıların və onlara bənzəmək istəyənlərin şüurlarında dəyişiklik olmamışdır. Bunun bir bariz nümunəsi Fransanın müstəmləkə siyasəti, digəri isə Qarabağda havadarlarının ssenarisi üzrə azərbaycanlılara qarşı soyqırımı edən erməni davranış faktıdır. Qarabağı işğal etmək birbaşa erməni siyasi və ya dövləti gücünün yarada biləcəyi müstəmləkə siyasəti deyildi – o, öz müstəmləkə şüurunu dünyaya yaymaq arzusunda olan böyük dövlətlərin əməlidir. Ermənistan sadəcə onların maşası oldu.
Buna görə də Azərbaycanın dünya üzrə Fransanın müstəmləkə siyasətinə qarşı mübarizə aparması, ümumiyyətlə, müasir mərhələdə kolonializmi aradan qaldırmaq uğrunda böyük savaşın tərkib hissəsidir. Bu baxımdan Fransanın müstəmləkə siyasətinin bir sıra cəhətləri və onun nəticələri üzərində də dayanmaq Bakı Təşəbbüs Qrupunun strateji əhəmiyyətini anlamağa yardım edər. Təkcə onu deyək ki, Fransanın 13 müstəmləkə ərazisinin sahəsi 559 655 kvadratkilometrdir (!). Əhalisi isə 2 750 899 nəfərdir (2020-ci il məlumatı).
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru