“Meğri azad iqtisadi zonası”

post-img

Yaxud “Dünyanın kəsişməsi” məkanında növbəti fiasko

Ermənistan hakimiyyəti avantürasından əl çəkmir. İndiyədək “Dünyanın kəsişməsi” ideyasını ortaya atan rəsmi İrəvan bununla 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın icrasından yayınırdısa, indi məsələni bir qədər də fərqli, hətta real və ciddi qoymaq qərarına gəlib. Hərçənd, avantüraya münasibətdə “ciddi” və “real” sözlərini işlətmək bir o qədər yerinə düşmür. Ancaq...

Əlqərəz, Ermənistanın iqtisadiyyat nazirinin müavini Narek Teryan dünən ölkə parlamentinin iclasında deputatla­rın suallarını cavablandırarkən, Meğri azad iqtisadi zonasının yaradılmasın­dan söz açıb və bildirib ki, hökumət mövcud istiqamətdə yeni inkişaf proq­ramı hazırlayacaq. Nazir müavini bu fik­ri söyləyərkən, vurğunu Meğrinin İranla sərhəddə olması üzərinə qoyub.

Böyük ehtimalla Meğri azad ticarət zonası ideyası “Dünyanın kəsişməsi” avantürasının tərkib hissəsi kimi nəzər­dən keçirilir. Burada mahiyyət həm də başqadır – Ermənistan hakimiyyəti Azərbaycanın “Zəngəzur dəhlizi” ide­yasına qarşı çıxır, mövcud xüsusda “Dünyanın kəsişməsi”ni ortaya atır, baş nazir Nikol Paşinyan administrasiyası­nın üzvləri, az qala, bütün beynəlxalq platformalarda məsələni təbliğ etirlər, amma heç bir nəticə yoxdur. 

Bəli, hazırda Meğri azad iqtisadi zonası ideyası “Dünyanın kəsişməsi” fiaskosunun göstəricisi kimi meydana çıxıb. Ermənistan hakimiyyəti görür ki, hay-küylü təqdimat fonunda heç nə əldə edə bilmir, dəstək qazanmır. Buna görə məsələni, belə demək müm­künsə, lokallaşdırmaq qərarına gəlir. Lokallaşdırmaq və əvvəldə də bildir­diyimiz kimi, real müstəviyə daşımaq. Hər bir halda qərar İrəvanın avantüra məntiqinə sadiqliyinin nəticəsidir. Yəni, məqsəd Azərbaycana qarşı çıxmaqdır. Mövcud xüsusda isə İrəvan məhz İran müstəvisində oyun oynayır.

Diqqət yetirək, haqqında söz açdı­ğımız üçtərəfli bəyanatda Ermənistan üzərinə Azərbaycanın digər əraziləri­ni Naxçıvanla birləşdirən yola təminat vermək məsuliyyəti qoyulur. Sənədə baş nazir N.Paşinyan imza atıb. Lakin indi Nikol və komandası məsələdən ya­yınır. Bunu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması konteks­tində dəyərləndirir. Azərbaycan isə bil­dirir ki, Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşır. 

Ölkəmiz, eyni zamanda, bu fikirdə­dir ki, Naxçıvana yol “Azərbaycandan Azərbaycana yol” məntiqinə əsaslan­malıdır. Yəni, orada sərhəd və gömrük nəzarəti olmamalıdır. İrəvan razı de­yil, Bakı isə Ermənistanın Naxçıvana yolda verdiyi təhlükəsizlik təminatı ilə kifayətlənmir. Çünki ölkəmiz bunu eti­barlı saymır və saymamaqda haqlıdır. Həm də ona görə ki, otuz ilə yaxın da­vam etmiş işğal dövrü var... 

Deməli, hər şey üçtərəfli Bəyanata əsaslanmalıdır. Bəyanatda Naxçıvana yolda təhlükəsizlik təminatını Rusiya­nın Federal Təhlükəsizlik Xidmətinin həyata keçirməsi göstərilib. Yeri gəl­mişkən, bununla razılaşmamaq Ermə­nistanın ənənəvi anti-Rusiya xəttinin bir göstəricisidir. Ancaq ölkəmiz öz prinsiplərini əsas götürür. Eyni zaman­da, üçtərəfli Bəyanatın məntiqini. Ona görə də Azərbaycan alternativ olaraq Naxçıvana yolun İran ərazisindən keç­məsini məğbul sayır. 

Tam aydındır ki, Bakının yanaşma­sı Ermənistanı təcriddə saxlayacaq. Çünki hazırda haqqında söz açılan Meğri azad iqtisadi zonası və “Dünya­nın kəsişməsi” yox, məhz Naxçıvana İran ərazisindən keçməklə reallaşacaq marşrut qlobal əhəmiyyət daşıyır. Er­mənistan hakimiyyəti İranla sərhəddə azad iqtisadiyyat zonası yaratmaqla, həmin qloballığa zərbə vurmağı hədəf­ləyir. Digər tərəfdən, İrəvanın Tehranın köməyi ilə qlobal marşruta çıxış əldə etməyə çalışması da mümkündür. Əl­bəttə, İrəvan bir çox məqamları hesab­laya bilmədiyi kimi, hazırda qondardığı ideyanın da nəticələrini nəzərdən ke­çirməyi və proqnozlaşdırmağı bacar­mır. Daha doğrusu, nəticəsizliyini. Nə­ticəsizlik isə göz önündədir və yazının sonunda bu barədə daha konkret söz açacağıq.

Hələlik isə bildirək ki, Meğri azad iqtisadiyyat zonası təşəbbüsü həm də İranı şirnikləşdirmək məqsədi güdən ideyadır. Görünür, erməni iqtidarı Teh­ranın köməyi ilə bu ideyanın uğur qa­zanacağına ümid bəsləyir. Amma tam aydındır ki, heç nə mümkün deyil. On­suz da İran və Ermənistan arasında yol açıqdır. Həmin yolla Fars körfəzindən Qara dənizə daşımalar həyata keçiri­lir. Məsələ burasındadır ki, “Zəngəzur dəhlizi” ideyasının Naxçıvana İran əra­zisindən keçməklə gedən yol məntiqi reallaşsa, bu, ənənəvi İran–Ermənis­tan və əks istiqamətə olan daşımalara mənfi təsir göstərəcək. Şübhəsiz ki, Tehran daha iri həcmli daşımaların re­allaşmasında maraqlı olacaq. 

Həm də nəzərə alaq ki, Naxçıva­na yolun onun ərazisindən keçməsi İranı daha geniş areala çıxardacaq ki, bu isə ölkənin Qərbin sanksiyaları­nın vurduğu ziyanı aradan qaldırması baxımından sərfəlidir. Yəni, birmənalı şəkildə demək olar ki, Ermənistanın Meğri azad iqtisadiyyat zonası ideyası İslam respublikası üçün vazkeçilməz variant deyil. Deməli, nəzəri nöqte­yi-nəzərdən də İrəvana görə Tehranın Bakıdan hansısa güzəştə getməsini istəməsi mümkünsüzdür. Bu isə yenə o deməkdir ki, Ermənistanın təcridi öz aktuallığını qoruyacaq. 

İndi isə gələk Meğri azad iqtisa­diyyat zonası ideyasına Ermənistanın daxilindəki yanaşmaya. Daha dəqiq desək, müsbət olmayan münasibətə. Fikrimizin təsdiqi üçün nazir müavini N.Teryanın başqa nələrdən söz açdığı­na diqqət yetirək. Hökumət rəsmisinin bildirdiklərindən belə çıxır ki, sözüge­dən ideya yalnız indinin söhbəti deyil. Yəni, hökumətin əvvəllər də mövcud istiqamətdə cəhdləri qeydə alınıb. Amma nəticəsiz. Nazir müavini Teryan deyir ki, əvvəlki təşəbbüs qaldırılanda Meğri azad iqtisadiyyat zonasında yer­ləşmək üçün cəmi bir şirkət müraciət edib. Yəni, “həmin şirkət ərizə verdi, la­kin heç vaxt işə başlamadı”: “Ona görə də biz bu azad iqtisadi zonanın yeni inkişaf proqramını hazırlamaq qərarına gəldik ki, onu yaxın vaxtlarda təqdim edəcəyik”.

Göründüyü kimi, Ermənistanın özündə də qaldırılan təşəbbüsün fay­dasına inanan yoxdur. Hər halda re­allıq başqadır, boş-boş danışmaq bir başqa. Yəqin, Ermənistandakı inves­torlar da məsələnin mahiyyətini yaxşı bilirlər. Ən əsası isə onlar İrəvanın təh­lükəsizlik zəmanətlərinə etibar etmirlər. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət