Boks üzrə U-15 millimizin 7 üzvü 1/4 finalda

post-img

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatı davam edir. 32 ölkədən 369 idmançının qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 5 üzvü 1/4 finala vəsiqə qazanıb.

Babək Abdullayev (40 kq) 1/8 finalda Unai Lopes Kasalı (İspaniya) 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti qarşılaşmasında Etan Munronu (Şotlandiya) sınağa çəkəcək.

Onur Qurbanov (42 kq) Mikolaj Rondosdan (Polşa) güclü olub –  4:1 (30:27, 30:27, 30:27, 28:29, 30:27). Boksçumuz 1/4 finalda Arkan Zoubi (İsrail) ilə qarşılaşacaq.

Vaqif Məhəmmədli (44 kq) də Kristian Varadi (Macarıstan) ilə döyüşü aktivinə yazıb. Təmsilçimiz 1/4 finalda Tomas Katanaçla (İngiltərə) münasibətinə aydınlıq gətirəcək.

Elcan Musazadə (50 kq) Avropa çempionatında ikinci qələbəsini rəsmiləşdirib. Milli üzvü bu dəfə Vladimir Xvistanidən (Gürcüstan) güclü olub – 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27). O, yarımfinala gedən yolda Tobais Viçeniklə (Çexiya) üz-üzə gələcək.

Amid Ələkbərov (60 kq) isə vaxtından əvvəl görüşü xeyrinə bitirib. Boksçumuz Maksim Stetsə (Estoniya) ikinci raundda tam üstünlüklə qalib gəlib. Ələkbərov 1/4 finalda İsmayıl İsmayılovla (Ukrayna) qüvvəsini sınayacaq.

Xatırladaq ki, yarışların ilk günüdə Nəsrin Abdullazadə (40 kq) Avropa çempionatında ilk qarşılaşmasını aktivinə yazıb. Boksçumuz 1/8 finalda Ester Moloşanı (Macarıstan) mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29). O, 1/4 finalda Esila Yıldırımla (Türkiyə) münasibətlərə aydınlıq gətirəcək.

Leyla Mahmudlu (50 kq) isə 1/8 finalda Aleksandra Sinaqraya (İtaliya) qalib gəlib. Təmsilçimiz rəqibini 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə məğlub edib. O, növbəti görüşünü Adriana Munos Qinesə (İspaniya) qarşı keçirəcək.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Qabil Yusifoğlu
XQ





İdman