Yaxud “feyk”in peyk zirvəsi
Hansısa sosioloqun sözüdür: bütün üsullar və versiyalar işə yarımayıb sıradan çıxanda dövriyyəyə “özünüaldatma testləri” buraxılır. Burada qarşı tərəfi inandırmaqdan daha çox, özünü və ərtafını, qısa müddətə olsa da, “uydurmanın təsir dairəsində saxlamaq” məqsədi güdülür. Bu zaman feyk-informasiyanın “etibarlı mənbədən” əldə edildiyi xüsusilə nəzərə çatdırılır.
Beləliklə, bundan sonra Fransa Ermənistana Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını ötürəcək. Dünən bu barədə Fransa mediasına istinadla Ermənistan sosial şəbəkələrində eninə-uzununa “feyk-informasiya” dolaşdı. İş o yerə çatdı ki, “hadisə” ətrafında araşdırmalara da baş vuruldu. Belə incələmədən birini Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru, tanınmış siyasi-hərbi şərhçi İqor Korotçenko apardı. Onun gəldiyi qənaət bundan ibarətdir ki, baş nazir Nikol Paşinyan Parisə səfəri çərçivəsində Fransa (DGSE) və Ermənistan xarici kəşfiyyat xidmətləri arasında sıx tərəfdaşlıq əlaqələrinin qurulması barədə razılıq əldə edib.
İ.Korotçenko özünün “Telegram” kanalında yazıb: “Qarşılıqlı şəkildə razılaşdırılmış məsələlərin siyahısına uyğun olaraq, İrəvana Azərbaycan, İran, Rusiya və Türkiyə üzrə DGSE tərəfindən alınan siyasi və hərbi xarakterli kəşfiyyat məlumatlarının, o cümlədən peyk və elektron kəşfiyyat materiallarının ötürülməsi nəzərdə tutulur”. Belə çıxır ki, Fransanın, o cümlədən, Avropa İttifaqının Ermənistan ərazisindəki fəaliyyəti, sadəcə, Azərbaycan əleyhinə yönəlməyib. Bu “siam əkizləri” Azərbaycan, İran, Rusiya və Türkiyə ilə bağlı kəşfiyyat məlumatlarını Ermənistana ötürəcəkmiş. Və bu gizli saziş barədə məlumat rahatca ictimaiyyətin diqqətinə çatdırılıb.
Yəni, “tam məxfi” qrifinə düşən dövlətlərarası xüsusi sövdələşmə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Ortadakı məntiqsizliyin dərəcəsinə təəccüblənməmək olmur. Buna hətta savadlı siyasi, hərbi şərhçilər ciddi reaksiya verməyə girişiblər. Tutaq ki, Parislə İrəvan arasında belə bir separat anlaşma olub. Sövdələşmə faş olandan sonra, Azərbaycan daxil olmaqla, həmin 4 dövlət sakit duracaqlarmı? Onları dövlət olaraq ortaq təhlükəyə qarşı birgə hərəkət etmək perspektivindən kimi məhrum edə bilər?
Əsl həqiqət isə ondan ibarətdir ki, son vaxtlar Fransa kəşfiyyat xidməti həm Azərbaycanda, həm də Türkiyədə ifşaedici zərbələrə məruz qalıb. Bu ölkənin məxfi şəbəkəsinin üzvləri Azərbaycan və Türkiyədə həbs olunublar. Üstəlik, casusluq fəaliyyəti ilə məşğul olan 2 diplomata “persona non-qrata” elan edilib. Bu səbəbdən Fransa Azərbaycan və Türkiyə ilə bağlı məxfi məlumatları Ermənistana hansı “kəşfiyyat şəbəkəsi” vasitəsilə ötürəcək? Əgər bu şəbəkə Azərbaycan və Türkiyədə hələ tam neytrallaşdırılmayıbsa, Ankara və Bakının bu yöndə hərtərəfli əməkdaşlığına heç nə əngəl ola bilməz.
Adını unutduğumuz həmin sosioloq həyati misallar üzərində qurduğu nəzəriyyəsinin sonunda belə qənaətə gəlir ki, bu prosesdə ən maraqlı cəhət yalan müəllifinin özünün uydurduğuna inanmasıdır. Bunu isə müəllif “feykin tiumfu” kimi səciyyələndirir.
Deməli, İrəvan da “istəyinə” nail olub və indi “feykin zirvəsində” qərar tutub. İntəhası, özgə atına minən tez düşdüyü kimi, hayların da o “zirvədən” aşağı yuvarlanması uzaqda deyil.
İ.HƏSƏNQALA
XQ