Saray – mənəvi dəyərlər sarayı

post-img

Milli tarix və mədəniyyət, sadəcə, kitablarda deyil, həm də əsrlər boyu formalaşmış qədim yaşayış məskənlərində yaşayır. Sürətli urbanizasiya prosesinə baxmayaraq, Bakı kəndləri xalqımızın tarixi yaddaşını, adət-ənənələrini və mənəvi kimliyini hələ də qoruyub saxlayır. Bunlar isə keçmişlə gələcək arasında sağlam körpü rolu oynayır. Belə kəndlərdən biri də Abşeron yarımadasının qədim yaşayış məskənlərindən olan Saray kəndidir.

Paytaxtdan 15-20 kilometr məsafədə, Xırdalan və Sumqayıt şəhərlərinin arasında yerləşən kəndin adı “böyük bina” mənasını verir. Bəzi mənbələrdə isə Xəzərin sahilində yerləşən möhtəşəm bir sarayın və ya böyük bir iqamətgahın olması ilə əlaqələndirilir.

Saray kəndinin ən yaşlı və hörmətli sakinlərindən biri 80 yaşlı Əbdüləli dayı ilə həmsöhbət olduq. Uzun illərin sınağından çıxmış, kəndin tarixi hadisələrinin və adət-ənənələrinin canlı şahidi olan ağsaqqal bu gün Sarayın necə yaşadığını, illər boyu hansı dəyişikliklərdən keçdiyini bizimlə bölüşdü:

– Qədimdə kəndin adı vaxtilə burada yerləşən böyük bir “Saray”la bağlı olub. Əslində, Sarayın sakinləri 4 dəfə köç ediblər, amma həmişə yaxın ərazilərə. İlk qədim məskən Ceyranbatan gölünün ətrafında salınıb. Orada böyük duz gölü olub və kənd də İpək yolunun üstündə yerləşən həmin o böyük sarayın yaxınlığında qurulub.

O vaxtlar ağsaqqal sözü kəndin yazılmamış qanunu idi. Onun nüfuzu fiziki güc yox, mənəvi sanbal, ağırlıq idi. İnsanlar ağsaqqala inanır, etibar edir, tabe olurdular. Əgər iki qonşunun arasında münaqişə, fikir ayrılığı yaranardısa, problemin aradan qaldırılması üçün ağsaqqal sözü kifayət edərdi. Onun sadəcə, “Ay bala, bəsdir, atalarımızın ruhuna yaraşmaz” – deməsi incikliyi ortadan qaldırardı. Toyda, yasda ağsaqqal oturmayan yerdə heç kim oturmazdı. Bizim evlərimiz o vaxtlar çiy kərpicdən tikilirdi, amma o evlərin içi məhəbbətlə, hörmətlə doluydu.

Sarayın torpağı çox münbit olub, bizim də əsas dolanışığımız bağçılıq, əkinçilik və heyvandarlıq idi. Təxminən, 6 min hektar ərazini əhatə edən kənddə üzüm, əncir, zeytun bol olurdu. Kəndimiz qumluq olduğu üçün əncir burada çox yaxşı bitərdi. Saray ənciri o vaxtdan dillər əzbəridi. Qadınlarımız o əncirləri toplayıb qaynadar, qabığını soyub “piskəndə” edər, doşab, sirkə, əncir qurusu hazırlayardılar.

Kəndimizdə “Voroşilov” adına kolxoz yaradılmışdı. O vaxtlar kolxozda taxıl istehsal olunurdu. Həmin dövrlərdə məhsul o qədər bol idi ki, nəinki öz kəndimizi, hətta Bakını da tam təmin edərdik. Elə bu səbəbdən kəndin torpağını “qızıl zəmi” adlandırırdılar. Təsərrüfatımız çoxşaxəli idi. Kənd camaatı həmçinin duz satardı.

İnsanlar bir-birinə dəstək olurdu, ona görə də ruzi-bərəkət vardı. Bu bərəkətin ən böyük sirri isə qonşuluq əlaqələrində idi. “Qonşu qonşunun külünə möhtacdır” deyimi bəlkə də elə buradan yaranıb. Kimsə ev tikəndə və ya ağır təsərrüfat işi olanda, kəndin kişiləri təmənnasız ona köməyə gedərdi. Qonşu xəstələnəndə onun bağı baxımsız qalmazdı – kəndin camaatı növbə ilə o bağa qulluq edərdi. Həm qazancda, həm mənəviyyatda birlik vardı.

Müsahibimiz daha sonra bildirdi ki, əvvəllər səmimiyyət var idi, insanlar daha ünsiyyətcil və xoşrəftar idi. Toylar üç gün, üç gecə çəkərdi. Toy axşamı Saray camaatı toplaşar, hər kəs bacardığı qədər kömək göstərər, bütün kənd bayram edərdi:

– Toy məclisi üçün böyük həyətlərdə geniş, bəzəkli mağar qurulardı. Bütün kənd bir ailə kimi qaynayıb-qarışardı. Qadınlar mətbəxdə fətir və şirniyyatlar hazırlayar, kişilər süfrələrin qurulmasında kömək edərdilər. Bu zaman maraqlı söhbətlər yaranar, böyüklər kiçiklərə nəsihət dolu hekayələr danışardı.

Milli bayramımız olan Novruzu çox təmtəraqlı keçirərdik. Çərşənbə axşamlarında papaq atmaq, qulaq falına çıxmaq kimi adətlər qəlbimizə böyük həyəcan gətirərdi. Hamı bir-birini canlı təbrik edər, “torpağınız bərəkətli olsun!”, - deyərdilər. İndi isə insanlar bir-birini telefonla təbrik etməklə kifayətlənirlər. Bu, məsafəni qısaltsa da, qəlblər arasındakı məsafəni uzadıb.

Əbdüləli dayı sonda dedi:

– Gənclərə məsləhətim odur, müasir olsunlar, yenilikləri öyrənsinlər. Amma bir xahişim var: soy-kökünü unutmasınlar. Bakı kəndləri, sadəcə, evlərdən ibarət deyil, bura bizim əxlaq qalamızdır. Böyüyə hörmət etsinlər, kiçiyə qarşı mərhəmətli olsunlar. Ağsaqqal sözünə qulaq assınlar ki, həm torpaqlarımız, həm də süfrələrimiz ruzili-bərəkətli olsun.

Əbdüləli dayının bu nəsihəti ilə kənddən ayrıldıq. Bu kəndin milli adət-ənənələrimizi qoruyan, ailə dəyərlərinə hörmət edən Əbdüləli dayı kimi ağsaqqallarının olması çox sevindiricidir.

Arzu ƏLİYEVA
XQ



Sosial həyat