İrəvanda konstitusiya müzakirələri qızışır

post-img

“Hayakve” təşəbbüsü indi də hayların əsas qanununu “qorumaq”la məşğuldur

Hazırda Ermənistanda siyasi gündəmdə olan əsas məsələlərdən biri ölkəyə yeni konstitusiyanın gərək olması barədə baş nazir Nikol Pa­şinyanın yanvarın 19-da səsləndirdiyi təkliflərlə bağlıdır. Təklifin irəli sürüldüyü gündən etibarən bu istiqamətdə həm hakim “Mülki müqa­vilə” partiyasının rəhbərliyi və iqtidar partiyasının deputatları, həm də müxalifət fəalları və siyasi ekspertlər öz fikirlərini bildirirlər.

Qeyd edək ki, Ermənistanda bu is­tiqamətdə aparılan müzakirələr ölkə­mizdə diqqətlə izlənilir. Məsələ ondadır ki, hayların əsas qanununda 1990-cı ildə qəbul olunmuş müstəqillik bəyan­naməsinə istinad edilir. Müstəqillik bə­yannaməsi isə ölkəmizə qarşı ərazi id­dialarını stimullaşdırır, ona rəvac verir. Azərbaycana ərazi iddialarının qanun­vericilik müstəvisindən yığışdırılmadığı müddətdə sülh müqaviləsinin imzalan­ması da qeyri-mümkün təsiri bağışlayır.

Fevralın 1-də bu istiqamətdə fikir­lərini bölüşən Prezident İlham Əliyev bildirdi ki, müstəqillik haqqında bəyan­namədə Qarabağın Ermənistanla bir­ləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Bu sənədə istinadlar da Ermənistanın konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində ölkəmizə qarşı ərazi iddiaları, İrəvanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qara­bağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Pre­zident qeyd etdi ki, bu iddialara son qo­yulduğu, Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Dövlətimizin başçısı bildirdi ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdı­rılması üçün yaxşı imkan yarada bilər.

Ermənistanda isə konstitusiyanın dəyişdirilməsi məsələsi ilə bağlı hakim siyasi düşərgədə, əsasən, həmrəylik mövcuddur. Onlar baş nazirin təklifi ətrafında yekdillik nümayiş etdirirlər. Hətta, parlamentin sədri Alen Simon­yan bir qədər də irəli gedərək, dövlət himninin və gerbinin də dəyişdirilməli olduğunu bildirib. O, özünün “Teleq­ram” kanalında yazıb: “Mənə aydındır ki, Ermənistan Respublikasının himni gec-tez dəyişdirilməlidir. Onun bizim dövlətimiz və erməni musiqisi ilə əlaqə­si olmalıdır. Dövlət himni qaydalara uyğun ifa edilməlidir. Mən himni dahi Aram Xaçaturyanın möhtəşəm musiqi­si ilə əvəz etmək lazım olduğunu iddia etmirəm. Amma görünən odur ki, bizə yad, xaricdən gələn mövcud himnin dəyişdirilməsi zərurətdir”.

Gerblə bağlı da fikirlərini bölüşən Simonyan qeyd edib ki, bu məsələ də müzakirə edilməlidir. O, gerbdə Nuh peyğəmbərin gəmisinin, Türkiyə ərazisindəki Ağrı dağının və indiki Er­mənistan ərazisinin su altında qalma­sının təsvirini nəzərdə tutaraq yazıb: “Ən azından gerbdə Ermənistan su altında qalmış vəziyyətdə təsvir olun­mamalıdır. Nəzərə almaq lazımdır ki, “Böyük daşqın” bəşəriyyətin cəzası idi. Bundan əlavə, gerbimizdəki şir “Facebook”dakı gülüş işarəsinə bən­zər şəkildə ola bilməz. Ermənistanı qoruyan qılınc isə zəncirlənmiş halda əks oluna bilməz”.

Jurnalistlərə müsahibəsində isə A.Simonyan deyib ki, yeni konstitusi­yaya ehtiyac regionda baş verən geo­siyasi dəyişikliklərin nəticəsidir. Onun sözlərinə görə, Ermənistan müstəqil­liyini bərpa edəndən bəri fundamen­tal sənədlərdə yenidən işlənməli olan müddəalar var: “Bunlar geosiyasi də­yişikliklərlə və son hadisələrlə bağlı­dır. Biz Ermənistanın hara getdiyini və hansı məqsədlər güddüyünü başa düşməliyik. Ermənistan Respublika­sının hansı məqsədlə mövcud olduğu sualını özümüzə verməliyik: O, “bö­yük Ermənistan”ı bərpa etmək, yoxsa vətəndaşların təhlükəsizliyini və rifahı­nı təmin etmək üçündür? Bu suallara cavab verməliyik və hesab edirəm ki, cəmiyyətimizdə onlara verilən cavablar birmənalı deyil”.

Ancaq parlament sədrinin müavini Ruben Rubinyan iqtidarın ölkənin him­ni və gerbinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, hazırda hakim “Mülki müqavilə” partiyasının, onun parla­mentdəki fraksiyasının və hökumətin bununla bağlı hər hansı qərarı yoxdur: “Kim dedi ki, biz himni və gerbi dəyiş­mək istəyirik? Şəxsən mən onları də­yişdirmək istəmirəm”.

Rubinyan, onu da bildirib ki, yeni konstitusiya layihəsi mövcud deyil, onu heç kim görməyib.

Parlamentin dövlət-hüquq məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan isə fevralın 5-də parlamentdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz konstitusiyaya iki prizmadan baxmalı­yıq. Bunlardan birincisi sənədin mət­ninin özü, digəri vətəndaşların iradəsi və ya sərhədləridir. “Bu məsələ, əslin­də, 2018-ci ildən bəri davamlı olaraq müzakirə olunur. Mən istəyirəm ki, biz konstitusiyaya sosial, ictimai münasi­bətlərin inkişafı ilə bağlı dəyişdirilməli olan canlı sənəd kimi baxaq. Bu nöqte­yi-nəzərdən Ermənistan müstəqilliyini bərpa etdikdən sonra nəinki konstitusi­ya islahatlarını, hətta yeni konstitusiya­nın mətni məsələsini də müzakirə edən ilk və sonuncu ölkə deyil”.

Yeni konstitusiyada müstəqillik bəyannaməsinə istinadın mümkün olub-olmaması ilə bağlı suala, o, belə cavab verib: “Konstitusiyanın yeni mətni referenduma çıxarılarsa, hansı mətndə olacağına hakimiyyət mənbəyi qərar verəcək”.

Müxalifətin konstitusiyanın dəyiş­dirilməsinin Azərbaycanın tələbi ol­masına əmin olduğuna dair fikirləri şərh edən komissiya sədri deyib: “Biz bu problemi Azərbaycan mediasın­dan daha çox müzakirə edirik. Heç bir konstitusiya təzyiq altında qəbul edilə bilməz və qəbul edilməməlidir. Çünki təzyiq altında qəbul olunarsa, suveren­liklə bağlı problemlərimiz olacaq. Yeni konstitusiyada müstəqillik bəyannamə­sinə bəlkə daha çox, bəlkə daha az istinad ola bilər. Hələlik, sadəcə, ideya var və hər şeyi qeyd etdiyim kimi, haki­miyyət mənbəyi, yəni xalq həll edəcək. Mən həmişə konstitusiyanın həftədə bir dəfə dəyişdirilməsi cəhdlərinin əley­hinə olmuşam, eyni zamanda, konsti­tusiyanı “müqəddəs inək” kimi qəbul etmək cəhdlərinin də əleyhinəyəm, bu, canlı sənəddir”.

Siyasi analitik Suren Surenyants hesab edir ki, baş nazir konstitusiya və müstəqillik bəyannaməsi ilə bağlı “aşa­ğı səviyyəli” ritorika ilə Ermənistan döv­lətçiliyini delegitimləşdirir: “Paşinyan fevralın 1-də ictimai radioya müsahibə­sində dedi ki, Ermənistan konstitusiya­sının qəbulu və ona əlavələrin edilməsi heç vaxt vətəndaşların iradəsini azad ifadə etdiyi şəraitdə baş verməyib. Bəs başqa ölkələrin diktəsi ilə hazırlanacaq konstitusiya nə dərəcədə legitim ola­caq? Paşinyan, şübhəsiz ki, vacib olan daxili legitimlik məsələlərindən nara­hatdır, lakin siz kənardan sifarişlə yeni konstitusiya qəbul etməyə hazırlaşdı­ğınız halda, dövlətçiliyinizin legitimliyi sual altına düşür”.

Ermənistanın sabiq ədliyyə naziri Gevorq Danielyan isə fikirlərində bir qədər də qabağa gedərək Azərbay­canın yeni konstitusiya qəbul etməli olduğunu deyib. Sabiq nazir sərsəm fikirlərini sosial şəbəkədəki hesabında ifadə edib.

Bu arada “Hayakve” təşəbbüsünün indi də konstitusiya hərəkatı formalaş­dırmaq üçün işlərə başladığı açıqlanıb. “Hayakve”nin ofisindən verilən məlu­mata görə, təşəbbüs şurası fevralın 6-da mübarizə ilə bağlı addımlarını açıqlayacaq. Qeyd olunur ki, hərəkat Ermənistanın müstəqillik bəyannaməsi və konstitusiyasını “qorumaq” məqsədi ilə yaradılacaq.

Qeyd edək ki, “Hayakve” təşəbbüsü ötən ilin yayında yaradılmışdı. Məqsəd N.Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasının hüquqa­zidd olduğunda dair 40 min imza top­lamaq idi. Ancaq onların təşəbbüsü uğursuzluğa düçar oldu. İndi yeni təşəbbüsü də eyni aqibətin gözləmədi­yinə heç kim təminat verə bilməz.

Müzakirələr qonşu ölkələrdə də si­yasi ekspertlərin diqqətini çəkib. Gürcü politoloq Gela Vasadze Ermənistan mətbuatına müsahibəsində deyib ki, o, bu mövzuda azərbaycanlı qonaqlar və müxtəlif ekspertlərlə söhbətlər aparıb: “Mənim başa düşdüyüm qədər hər iki tərəf bir-birinin ərazi bütövlüyünü tanı­dığını bəyan edir. Amma Bakıda deyir­lər ki, Ermənistan konstitusiyası və ali sovetinin qərarı bunu qadağan edirsə, İrəvan sülh sazişini necə bağlayacaq? Bu, onların mövqeyidir”.

Vasadze qeyd edib ki, Ermənista­nın Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olma­sı ilə bağlı iddialarına gəlincə, bu, həqiqətən də belədir: “Gürcüstan da Gürcüstan Demokratik Respublikası­nın hüquqi varisidir. Mən azərbaycanlı qonaqlarımdan birinə bu barədə sual verəndə və ona Gürcüstanla Azər­baycan arasında nə ola biləcəyi ilə bağlı sadə sual verəndə o, mənə ay­dın cavab verdi: Gürcüstan Alma-Ata Bəyannaməsini tam olaraq tanıdı, Er­mənistan isə qeyd-şərtlə qəbul etdi. Alma-Ata Bəyannaməsində Qarabağ məsələsi də daxil olmaqla, on qeyd-şərt var. Ümumiyyətlə, məndə belə bir təəssürat yaranıb ki, həm Azərbaycan, həm də Ermənistan üçün gələcəkdə qarşılıqlı etimadsızlığın baş verməmə­si, müdaxilə üçün heç bir çatın qalma­ması çox vacibdir”.

Göründüyü kimi, Ermənistanda konstitusiyaya dəyişikliklər, yaxud yeni əsas qanunun qəbulu ilə bağlı müza­kirələr getdikcə qızışmaqdadır. Onların nə ilə yekunlaşacağını isə təbii ki, za­man göstərəcək.

Fikrət SADIXOV, 
politoloq

Ermənistan ya konstitusi­yasına düzəlişlər etməli, ya da yeni əsas qanun qəbul etmə­lidir. Çünki müasir beynəlxalq münasibətlər sistemində bir dövlətin digərinə ərazi iddiala­rının olması nonsensdir. İndi 1990-ci illər deyil. Regionda yeni reallıqlar yaranıb. Həmin reallıqları da yaradan Azərbay­candır. Ölkəmizə qarşı ərazi iddialarının hələ də qalması, əlbəttə, Ermənistanın tam mə­nada qeyri-sivil və qeyri-adek­vat dövlət olmasının göstəri­cisi ola bilərdi. İndi hökumət yeni reallıqları anlayır. Daxildə bir sıra qüvvələr isə ona qarşı çıxırlar. Radikal müxalifətçilər, revanşistlər kifayət qədər aq­ressivdir. Amma onlar çoxluq təşkil etmirlər. Çoxluq başa düşür ki, Azərbaycan mühari­bədə qalib gəldikdən, öz tor­paqlarını azad etdikdən sonra Ermənistan konstitusiyasında belə müddəaların qalması ab­surddur.

Eyni zamanda, Azərbaycan tərəfi mövqeyini rəsmi İrəvana çatdırıb. Bildirilib ki, müvafiq müddəalar konstitusiyadan qaldırılmayanadək sülh sazişi imzalanmayacaq. Çünki belə olan halda sülh sazişi heç bir məna daşımayan sənədə çev­rilə bilər.

Səxavət HƏMİD
XQ

 



Siyasət