İflasa məhkum “özfəaliyyət” dalğası

post-img

Cənubi Qafqazda baş verən pozitiv siyasi transformasiyalar bəzi qüvvələrin pərdəarxası oyunlarına səbəb olub

Azərbaycan–Ermənistan münasibətlərini normallaşmağa doğru aparan təmaslar, bölgədə sülhün və sabitliyin təminatçısı rolunda çıxış edən Türkiyənin bu prosesə verdiyi dəstək Qərbin Cənubi Qafqazda öz maraqlarını güdən güclərinin kürkünə birə salıb. Üzdə iki ölkə arasında birbaşa dialoqu alqışladıqlarını bəyan edən həmin qüvvələr, yaxud onların koalisiyası arxada “çirkli ssenarilərini” dövriyyəyə buraxmağa cəhd göstərirlər. Bunun üçün “müstəqil” ekspertlər, çeşidli analitik institutların “politoloqları”, cib qeyri-hökumət təşkilatlarının nümayəndələri, ələlxüsus da, satın alınmış media qurumları yeni “antitürk dalğası”nı işə salıblar. Hədəf Türkiyə–Azərbaycan birliyini, onun Rusiya ilə isti münasibətlərini sarsıtmaq, məqsəd, guya, bu üçlüyün Cənubi Qafqazı bütünlüklə ələ keçirmək “planlarının” qarşısını almaqdır. Kənardan görünən mənzərə belədir. Amma tablonun alt qatında gizlənən niyyət tamamilə fərqlidir. Yenə də ermənipərəst Qərbin fitvasına gedən separatçı avantürist haylar və onlara “züytutanlar” həvəslə bu düşərgənin səngərlərində özlərini “fəda etməyə” girişiblər. 

Dirijor eyni, notlar fərqlidir

Əslində Ermənistanın üzərindən təşkil edilən bu ideoloji oyunların bir mərkəzdən idarə olunduğu şübhəsizdir. Xüsusilə, son vaxtlar Fransada müxtəlif ranqlı siyasilərin, merlərin antitürk, antirus, antimüsəlman xarakterli, COP29-un Bakıda keçirilməsinin əleyhinə çağırışları eşidilməkdədir. Azərbaycanı dünyaya riskli, təhlükəli obrazda, qorxulu simada təqdim etməyə, xof yaratmağa çalışırlar. Əlqərəz, bu qüvvələrin özlərinin qorxduğu isə, guya, Türkiyə, Azərbaycan və Rusiyanın birləşib Ermənistanı sıradan çıxaracaqları və onların bölgədəki maraqlarına sarsıdıcı zərbələr endirəcəkləri “perspektivi” ilə bağlıdır.      

Bu təxribatçı ideoloji xora öz səslərini qatanlar Ermənistanın içində də var. Hayların yarırəsmi “NEWS.am” saytının “Güc amili” verilişində müzakirə olunan mövzuya və səslənən fikirlərin mahiyyətinə diqqətlə vardıqda həmin niyyətin konturlarını sezmək elə də çətin deyil. Onlayn debatda politoloq Aleksandr İskəndaryan deyir ki, Azərbaycandan Türkiyəyə yol mövcuddur və Bakı enerji daşıyıcılarını Gürcüstan üzərindən rahat şəkildə Türkiyəyə ixrac edir. Burada Ermənistana ehtiyac duyulmur və buna görə də Zəngəzur dəhlizi iqtisadi  deyil, siyasi layihədir: “Ankaranın nöqteyi-nəzərindən Ərdoğanın mövqeyi kifayət qədər rasionaldır. Ona Cənubi Qafqaza daxil olmaq və rəsmi Bakının tam və mütləq dəstəyi ilə digər oyunçuları buradan sıxışdırıb çıxarmaq lazımdır. Azərbaycan Türkiyə ilə bir yerdə, Gürcüstan daxil olmaqla, bütövlükdə bölgəni rahat həzm edəcəyi “sendviçə” çevirməyə çalışır. Bu mənada, Ermənistana təzyiqlər tamamilə başadüşüləndir”.

Daha çox Cənubi Qafqazda cərəyan edən hadisələrin mahiyyətindən xəbərsiz beynəlxalq ictimai rəyə hesablanan yeni “ideloji özfəaliyyət dalğası”na rəvac verənlər üçün TDT, Turan xofu, “pantürkizm təhlükəsi” də gündəmdədir.  

Daha praqmatik münasibətlər

Rusiya–Ermənistan münasibətlərinin möhkəmlik sınağına birinci dəfə çəkilmədiyini bəyan edən Rusiya XİN Beynəlxalq Tədqiqatlar İnstitutu Avro-atlantik təhlükəsizlik mərkəzinin aparıcı elmi əməkdaşı Sergey Markedonov “Güc amili”nin tribunasında Rusiya–Azərbaycan münasibətlərinə kölgə salmağa hesablanmış açıqlamalar verib. Sözünün əvvəlində İrana, Yaxın Şərqə vacib çıxış yolunu oynayan Ermənistanın Rusiyaya lazım olduğuna əminliyini ifadə edən S.Markedonov Moskvanın irəli apardığı Böyük Avrasiya layihəsində də Ermənistanı mühüm tərəfdaş kimi gördüyünü deyib. Rusiyalı diplomat sonra auditoriyaya belə bir sual ünvanlayıb: “Kim deyir ki, Azərbaycan həmişə Rusiyayönümlü olaraq qalacaq və Qarabağa görə Moskvaya loyal münasibət bəsləyəcək?”. Suala politoloq özü cavab verib: “Sadəcə olaraq Bakı hesab edir ki, Moskva Azərbaycana münasibətdə, gec də olsa, düzgün mövqe tutub”.

Hakimiyyət düşərgəsində təmsil olunmasına baxmayaraq, rəsmi Moskvanın Azərbaycan və Türkiyəyə münasibətindən fərqli mövqe sərgiləyən Markedonov ikibaşlı fikirləri ilə diqqəti çəkib: “Ermənistanla bağlı belə bir sual ortaya çıxır: məgər Fransa silahı Qarabağı qaytarmağa kömək edəcək və ya Qərb buna hansısa təminatı verə bilər? Axı, Qərb göstərdi ki, o, belə bir seçim etməyə hazır deyil və bu seçimi heç vaxt etməyəcək. Əgər məhz Qərblə qarşıdurma səbəbindən Moskvanın üzünü daha çox Türkiyə və Azərbaycan tərəfə çevirməsinə görə həmin Qərbin Ermənistanı dəstəkləyəcəyinə ümid var idisə, indi bu da olmayacaq. Aydındır ki, Rusiya–Ermənistan münasibətləri bir də sovet dönəminin inersiyası, yüksək gözləntilər səviyyəsinə qayıtmayacaq. Bir qədər praqmatik olsa da, hər halda davam edəcək”.

İndi isə həmin siyasi kontekstdə Rusiyanın tanınmış politoloqu, Cənubi Qafqaz üzrə ekspert, “PolitRus” ekspert-analitik şəbəkəsinin rəhbəri Vitali Arkovun şərhini diqqətinizə çatdırırıq: “Putin və Əliyev görüşlərinin və qərarlarının təhlili  onların bir-birinə etimadından və dərin hörmətindən xəbər verir. Vladimir Putin və İlham Əliyev həmvətənlərinin inanılmaz dəstəyi və etibarına sahibdir. Hər biri həqiqətən milli liderdir və gənc nəsil üçün örnəkdir. Milli sevgi həm də xalqlarımız üçün vacib olan tarixi ədalətin bərpası, ata-baba torpaqlarının qaytarılması ilə şərtlənir. V.Putin rus xalqının, İ.Əliyev isə Azərbaycan xalqının bəlkə də ən böyük arzusunu reallaşdırdı. Ona görə də rusların və azərbaycanlıların seçimi müdrik və məntiqlidir”.

Qafqazlıların sözü bir olarsa...

“Özfəaliyyət xoru”nun hədəflərindən biri də Gürcüstandır. Daha doğrusu, onun Azərbaycan və Türkiyə ilə artıq strateji tərəfdaşlığa çevrilmiş münasibətləri. Məhz Tbilisinin Bakı və İrəvan arasında sülhməramlı təşəbbüsləri özünün konkret nəticələrini vermiş oldu. Bu barədə parlamentdə danışan Baş nazir İrakli Qaribaşvili Gürcüstanın bölgədəki partnyorları – Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx dostluq əlaqələri saxladığını xüsusi olaraq vurğulayıb: “Biz, sözsüz ki, regionda uzunmüddətli sülhün və sabitliyin bərqərar olmasında maraqlıyıq və Gürcüstan bu məqsədə çatmaq üçün mühüm töhfəsini verməkdədir”.

Üç qonşu ölkənin baş nazirlərinin intensiv səfərlərini xatırladan Qaribaşvili Türkiyə ilə bərabər strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərini bundan sonra da yüksək səviyyədə davam etdirəcəklərinə əminliyini ifadə edib. Yəni, Azərbaycan Prezidenti İlham Əliyevin bir il əvvəl irəli sürdüyü “Qafqaz evi” ideyası artıq gerçəkləşmək yolundadır. Ortadakı yeganə sual İrəvanın da siyasi iradə göztərərək, bu evin qapısından içəri daxil olması məsələsidir. Ankaranın mövcud istiqamətdə atdığı real addımları göz qabağındadır. Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə Azərbaycanla Türkiyə arasında güclü kommunikasiya əlaqəsinin  yaranacağını söyləyən qardaş ölkənin Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu layihənin əhəmiyyətini xüsusi olaraq vurğulayıb: “Bu dəhlizlə qardaş Azərbaycanla ölkəmiz arasında birbaşa əlaqə təmin ediləcək. Eyni zamanda, həm Azərbaycan, həm türk respublikaları ilə, həm də Uzaq Şərqlə birbaşa marşrut yaranacaq. Türkiyə dəmiryolu xətlərini Zəngəzur dəhlizinə qədər genişləndirir”. Onu da qeyd edək ki, Türkiyənin dəmiryolu şəbəkəsi 13 min 919 kilometrdən 17 min 11 kilometrədək genişləndiriləcək. Bununla bağlı layihələr tamamlanmaq üzrədir. Həmçinin, 2 min 452 kilometrlik yeni xətlər üçün yol xəritəsi də hazırlanıb.

Beləliklə, yeni “özfəaliyyət” dalğasına start verənlərin əsl niyyəti və nəyə can atdıqları bizə məlumdur. Onlara Cənubi Qafqaz bölgəsində davamlı gərginlik lazımdır. Əgər gərginlik varsa, deməli, kənar müdaxiləyə də ehtiyac yaranacaq. Qərbin ayırdığı yeni resurslardan bəhrələnərək startı verilən bu antitürk, antirus kampaniyası heç bir nəticə verməyəcək. Çünki sübuta, arqumentə, eləcə də sağlam məntiqə söykənməyən bütün fəaliyyət elə başlanğıcdan iflasa məhkumdur.      

Tofiq ABBASOV, 
siyasi şərhçi

Hazırda biz həm Qərbdə, həm də Rusiyada Qərbin yedəyinə qoşulmuş qüvvələrin özfəaliyyət institutlarının, çeşidli qondarma təsisatlarının fəallaşma dalğasını müşahidə edirik. Bu fəallıq, ilk növbədə, birbaşa Bakı və İrəvan dialoqunun nəticəsində iki məsələnin həllini tapmasından sonra başlayıb. Yəni, hərbi əsirlərin qarşılıqlı mübadiləsi və ­BMT-nin COP29 Sammitinin Bakıda keçirilməsi ilə bağlı razılaşma bəzi qüvvələri xeyli əndişələndirib. Müxtəlif məkanlardan eşidilən və hərdən vahid xorda birləşən bu solo ifalar yanaşı səslənəndə, “kakofoniya effekti” yaranır. Sanki bir dirijor çubuğu ilə hərəkətə gələn bu “ifaçılar” səhnədə fərqli notlara köklənirlər. 

İkitərəfli format özünü  doğrultdu. Amma kənar vasitəçilər canfəşanlıq edirlər ki, əgər biz olmasaq, heç bir məsələ öz həllini tapmaz. Onlar hətta indiki məqamda da “böyüklük inhisarını” bölüşmək istəmirlər. Amma Bakı və İrəvan öz aralarında razılığa gələ bildilər və iki vacib məsələ üzrə dil tapdılar. Bu, çox yaxşı bir başlanğıc, həm də Ermənistan rəhbərliyinə özgüvən mesajıdır. Düzdür, İrəvan isteblişmentində çoxtirəlik var. Əsas məsələ odur ki, Nikol Paşinyan gözəl bilir ki, bu prosesdə Qərbi heç də erməni xalqının taleyi düşündürmür. Onların məqsədi Ermənistan ərazisindən platsdarm kimi istifadə edib Qafqaza yerləşsinlər. Qondarma mülki missiya adı altında bölgəyə kimlərin gəldiyini bilirik. Hərbçilər, jandarmeriyalar, kəşfiyyatçılar. İndi saylarını artırmağa hazırlaşdıqları həmin “hərbi səhra missiyasının” əsl məqsədi tərəfləri birbaşa danışıqlardan yayındırmaqdır. Ona görə müharibə riskini şişirdilmiş formada təsvir edir,  Ermənistan rəhbərliyinin gözünü pərdələməyə çalışırlar.     

Fərid ŞƏFİYEV, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri,  politoloq             

Qərbdə, eləcə də Rusiya məkanında həmişə Türkiyəyə qarşı qüv­vələr olub, bu gün də var. Onlar “pantürkizm” kimi tezislərdən istifadə edərək, məqalələr yazıblar, kitablar çap etdiriblər. Hazırda Rusiyanın Cənubi Qafqaz siyasətinə nəzər salsaq, görərik ki, elə həmin Gümrüdəki hərbi hissəni yalnız Ermənistanı qorumağa görə yaratmamışdı. Bunun digər geosiyasi səbəbləri vardı. Məqsəd bölgədə özünün hərbi mövcudluğunu qoruyub saxlamaq idi. Azərbaycan 1993-cü ilin fevralında Rusiya qoşunlarını ərazisindən çıxardı, martın sonları isə Kəlbəcəri itirdi.                          

Amma Ermənistandakı hərbi baza Moskvanın ən strateji nöqtəsi sayılırdı.

Sergey Markedonovun efirdə o tezisləri səsləndirməsi heç də təsadüfi deyil. Belələri də var. Amma Ermənistanda artıq anti-Rusiya trendlərinin qarşısını almağa çalışırlar. Bu zaman belə bir məntiqə söykənirlər ki, Rusiya birdən bölgədə zəifləsə, yaxud da Azərbaycanla tam yaxınlaşsa, bu, Türkiyənin güclənməsi demək olacaq. 

Kremlin Cənubi Qafqazdakl strateji hədəfləri yüz, iki yüz il əvvəl formalaşıb. Həmin ənənə bu gün də davam etdirilir. İndi Ermənistan öz oyununu aparmağa çalışsa da, Moskva üçün Türkiyə ilə əməkdaşlıq çox vacibdir. Yaxın dövrlərdə də biz bu əməkdaşlıq prosesini müşahidə edəcəyik. Düzdür, Yaxın Şərqdəki gərginlik ocaqlarına yanaşmada Ankara ilə Moskva arasında fikir ayrılığı var. Yəni, orada fərqli tərəflərin dəstəklənməsi xətti davam etdirilsə də, müəyyən kompromislərə getmək meyilləri də olacaq. 

Düşünürük ki, Cənubi Qafqazada köklü dəyişikliklər baş verməyəcək. Bu zaman 2024-cü ildə ABŞ-da prezident seçkiləri, 
2025-ci ildə Qarabağda Rusiya sülhməramlılarının qalma müddətinin başa çatması, Moskvanın Gürcüstanla münasibətləri kimi amilləri də nəzərə almalıyıq.              

 İmran BƏDİRXANLI
XQ

 





Siyasət