Fəlsəfi-sinergetik təhlil
Lider həssaslıq nümayiş etdirəndə və insanları birləşdirəndə komanda qalib gəlir.
Hivard ŞULTS
VIII məqalə
Vitse-prezidentlik: uğurlu Azərbaycan nümunəsi
İlham Əliyev postsovet məkanında vitse-prezidentlik institutunu uğurla idarəetməyə daxil edən yeganə liderdir. Digər postsovet ölkələrindən də buna cəhd edənlərin olduğu məlumdur. Lakin onlar uğursuz oldu, müsbət nəticə vermədi, siyasi qarışıqlıq yaratdı. Azərbaycan Prezidenti isə zamanında, müstəqil dövlətçiliyə faydalı olan və idarəetmədə şəffalığı, səmərəliliyi, demokraitkliyi daha da gücləndirən kontekstdə vitse-prezidentliyi müasir Azərbaycanın idarə edilməsi sisteminə daxil etmişdir!
Təcrübə göstərir ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident statusunda fəaliyyəti müstəqil dövlətçiliyin və demokratrik idarəetmənin inkişafı üçün olduqca faydalıdır! Bundan başqa, söhbət faktiki olaraq Azərbaycanda şərti olaraq “vitse-preizdentlik institutu” adlana biləcək hadisədən gedir. Çünki Birinci vitse-prezidentin rəhbərliyi ilə bir neçə vitse-prezident də fəaliyyət göstərməlidir.
İdarəetmə baxımından burada yeni liderliyin vacib bir özəlliyini görmək olar. Prezident idarəetmə mexanizmini daha da təkmilləşdirir və onu faktiki olaraq istənilən böhranlı situasiyada çevik və səmərəli fəaliyyətə hazırlayır. Bununla siyasi müstəqillik baxımından vacib olan iki aspektin prosessuallığı və legitimliyi təmin edilmiş olur.
Birincisi, mövcud siyasi kursun davamlı olaraq reallaşması təmin edilir. Böhranlı vəziyyət yaransa, o halda vitse-prezidentlik qarşıya qoyulan məqsədlərə çatmaq üçün siyasi varislik əsasında idarəetməni davam etdirə bilər.
İkincisi, öncədən bu cür keçidin legitimliyi mövcud olduğundan belə dəyişiklik heç bir siyasi krizis yarada bilməz. Avtomatik olaraq, siyasi-idarəetmə legitimliyi təmin edilmiş olur.
Uğurlu milli liderin fəaliyyətində idarəetmədə bu kimi yeniliyi ziddiyyətsiz daxil etməsi onun liderlik sinerjisinin əhəmiyyətli aspektlərindən biridir. Çünki XXI əsrin gözlənilməz və sürətli geosiyasi, siyasi, təhlükəsizlik və s. dəyişiklikləri fonunda legitim hakimiyyətin davamlı fəaliyyəti məsələsi çox aktuallaşır. Həmin məqam indi dəbdə olan “siyasətin posthəqiqət” mərhələsində daha aktual görünür.
“Posthəqiqət” və ya “postdoğru” anlayışı son illər çox aktuallaşmış, “Brexit” və Donald Trampın prezident seçilməsi ilə siyasi leksikonda ön plana çıxan terminlərdən olmuşdur. Oksford lüğəti hətta onu 2015-ci ildə “ilin termini” adlandırmışdır. Siyasi idarəetmə və təbliğat baxımından burada başlıca məqam ondan ibarətdir ki, toplumda rəy və fikirlərlə manipulyasiya etməklə reallığa uyğun olmayan vəziyyət yarada bilər və bunu normal qəbul edərlər.
Deməli, hər hansı cəmiyyətdə süni manipulyasiyalarla legitimliyin qeyri-legitim obrazını və ya liderin qeyri-lider imicini yarada bilərlər. Bu cür fəaliyyətdə idarəetmə və liderlik sisteminin dayanıqlı və davamlı olması çox vacibdir. Müstəqil dövlətin lideri istənilən situasiyada idarəetməni təmin edə bilirsə, hər bir təbliğati manipulyasiyaya və ictimai rəyin süni dəyişdirilməsinə imkan vermirsə, uğurlu olur. Çünki ictimai rəyin süni dəyişdirilməsi faktiki olaraq “hiperreallıq” (Jan Bodriyar) yaradır ki, bu da kütlənin yanlış təsəvvürlərə qapılmasına imkan verir. Postsovet məkanında nümunə kimi hazırda Ermənistanda, Gürcüstanda və Ukraynada mövcud vəziyyəti göstərə bilərik. Bu ölkələrin hər birində (onlardan ikisi Azərbaycana dostdur) nizamlı olmayan və dayanıqlığının davamlılığı suallar doğuran vəziyyət mövcuddur.
Belə çıxır ki, əslində, idarəetməyə yeni elementlərin və ya onlardan bir neçəsinin daxil edilməsi incə siyasi liderlik tələb edir. Və bu özəlliyin əhəmiyyəti XXI əsrdə daha da artmışdır.
Aydındır ki, vurğuladığımız aspektdə idarəetmənin dayanıqlığı və şəffaflığı legitimlik kontekstində digər şərtlərin də ödənməsini tələb edir. Onların sırasında toplumun birliyi və bütövlüyünü təmin etmək xüsusi yer tutur. Yeni uğurlu liderliyin siyasi sinerjisində bu faktor əsasdır. Hətta, deyə bilərik ki, toplumun birliyi “daxili və xarici siyasətin prioritetlərinin kəsişdiyi aktual siyasi məkan”dır. İlham Əliyev nümunəsində bu məsələ Prezidentin “Dəmir yumruq”, “biz birlikdə güclüyük!” və siyasi dialoq proqramları prizmasında daha da aktuallaşmış olur.
Multikulturalizmin sosial sinerjisi
Tarixdə siyasi liderlərin çox maraqlı və müdrik kəlamları olmuşdur. Onların sırasında yalnız türk dünyasının deyil, bütövlükdə dünyanın diqqətini çəkmiş kəlamları olan Mustafa Kamal Atatürk və Heydər Əliyev də vardır. XXI əsrin çox mürəkkəb, ziddiyyətli və ümumilikdə “idarəolunan xaos” mərhələsində siyasi nüdriklik çətin bir missiyadır. Üstəlik, müdrikliyi konkret kəlamlarda, tezislərdə və formullarda ifadə edə bilmək ayrıca yüksək şəxsi keyfiyyətlər tələb edir. İlham Əliyev artıq sübut etmişdir ki, yeni müdrik siyasi liderdir. Azərbaycan Prezidentinin bununla bağlı kəlamları çoxdur. Onlardan yalnız ikisinə – məşhur “dəmir yumruq” və “biz birlikdə güclüyük!” kəlamlarına siyasi sinerji kontekstində baxaq.
Öncə onu vurğulayaq ki, İlham Əliyev azərbaycançılıq çərçivəsində multikultural dəyərlərin cəmiyyətdə oturuşması üçün səmərəli proqramlar həyata keçirmişdir. Azərbaycan vətəndaşları, xüsusilə gənclər hiss etmişlər ki, dövlət etnik mənsubluğundan asılı olmayaraq hər kəsə “eyni gözlə baxır”. Bu, müasir cəmiyyətlərdə dövlətçilik baxımından çox mühüm faktordur. “Dəmir yumruq” və “Biz birlikdə güclüyük!” kəlamları bu siyasətin birbaşa məntiqi nəticəsidir.
“Dəmir yumruq” 44 günlük Vətən savaşı zamanı ifadə edilmişdir. Onun rəmzi mənası Azərbaycan toplumunun, xalqının yumruq kimi bir ideal ətrafında birləşməsi ilə bağlıdır. Bu ideal Azərbaycan dövlətçiliyi, Azərbaycan müstəqilliyi və azərbaycançılıqdır! Onun da iki aspekti vardır. Birinci aspekt cəmiyyətdə dövlətçilik ətrafında həqiqi həmrəyliyin formalaşmasıdır. İkinci aspekt Azərbaycan konsepti və milli müstəqil dövlətçilik ətrafında hakimiyyət–cəmiyyət (oxu: lider–xalq) birliyinin təminidir.
Bu iki aspekt vəhdət halında Azərbaycanın dövlət, xalq, hakimiyyət və vətəndaş olaraq “dəmir yumruq” kimi birləşdiyini ifadə edir. Dövlət, xalq, hakimiyyət və vətəndaş münasibətləri aspektində “dəmir yumruğun” fəlsəfi-sinergetik mənası olduqca maraqlıdır.
Müasir fəlsəfədə, ümumiyyətlə, sosial mühitdə vəhdət məsələsi çox müzakirə edilir. Xüsusilə, məsələnin dövlətçilik kontekstində qoyuluşu dərin izahlar tələb edir. Əlbəttə, fərqli baxışlar vardır və bu da təbiidir. Lakin real olaraq cəmiyyətdə birliyi təmin etmənin praktiki sübutu artıq konkret fəaliyyət tələb edir. XXI əsrin gerçəklikləri onu da aktuallaşdırır ki, milli lider fəaliyyətinin bütün sahələrinin ahəngdarlığı sayəsində vəhdətə nail olursa, bu, qalıcıdır və uğur sayıla bilər. İlham Əliyev həmin nəticəyə çox çətin, risklərlə dolu sosial-siyasi vəziyyətdə nail oldu.
Liderin xüsusi böhranlı vəziyyətlərdə toplumun bütövlükdə birliyini təmin etməsi onun yüksək liderlik qabiliyyətinin göstəricisidir. Bu məqam, xüsusilə “posthəqiqətlər” dövründə strateji əhəmiyyət kəsb edir. D.Tramp onun öhdəsindən gələ bilmədi. Postsovet məkanı ölkələrində milli liderin toplumu birləşdirə bilməsi məsələsi hələ də müzakirə mövzusudur. Münaqişələrin mövcud olduğu ölkələrdə bu məsələ daha kəskin xarakter almaqdadır.
Azərbaycanda isə dövlət başçısı–lider “dəmir yumruq” ifadəsini işlətdi və bütün cəmiyyət onun doğruluğunu, həqiqiliyini davranışı ilə sübut etdi! Deməli, İlham Əliyev praktiki olaraq “dəmir yumruğ”u yaratmışdır. Bu, Prezidentin siyasi sinerjisinin əsas punktlarından biridir!
İlham Əliyev daha dərinlərdə birliyi motivə edən faktoru da sadə və effektli ritorika ilə Azərbaycan cəmiyyətinə çatdırdı. Bu, vaxtında deyilmiş “Biz birlikdə güclüyük!” kəlamıdır! “Biz birlikdə güclüyük!” kəlamının semantikası “dəmir yumruğu” yaradır. Onlar sintez halında isə liderliyin yeni məqamlarının siyasi sinerjisinə təkan verir. Onların harmoniyasının məzmununda təminedici rol oynayır. Çünki bu kəlamlar, bütövlükdə, cəmiyyətdə müasir çağırışlara cavab verən həmrəylik formalaşdırır. Bu formul hazırda topluma o dərəcədə nüfuz etmişdir ki, heç bir təbliğati manipulyasiya mövcud əhval-ruhiyyəni poza bilməz. Azərbaycan faktiki olaraq müstəqil dövlətin kənardan olan təsirlərə müqavimət formulunu ortaya qoymuşdur! Bu prosesdə həmrəliyin digər mühüm komponenti olan siyasi dialoq çox ciddi rol oynayır.
Prezidentin inamlı və səmərəli proqramı
Ümumilikdə “dialoq” məsələsi müasir fəlsəfədə çox aktualdır və ona maraq böyükdür. Cəmiyyətin bütün sferaları arasında birliyə xidmət edən münasibətlərin formalaşmasının yolu dialoqdan keçir.
Multikultural dəyərlərin mövcud olduğu şəraitdə isə dialoq strateji mahiyyət kəsb edir, onun funksional missiyası daha aktual xarakter alır. Bu zaman dialoqun səmərəli və uğurlu formulu önəm kəsb edir. Həmin kontekstdə müasir fəlsəfədə Y.Habermas, N.Luman, M.Haydegger və digərlərinin maraqlı fikirləri vardır. Onlar, bütövlükdə, Qərb cəmiyyətlərində və dövlətlərarası münasibətlərdə inteqrasiya məsələsini aktual sayır və ona nail olmağın üsullarından bəhs edirlər. Lakin hələlik hər kəsin qəbul etdiyi və real olaraq həyata keçən formul tapılmamışdır. Bunun əyani təzahürü Avropa İttifaqının hazırda yaşadığı mövqe birliyində və sosial inteqrasiyada çətin vəziyyətdə olmasıdır. Y.Habermas millətlərüstü inteqrasiyadan danışır, lakin hələ bu nəzəriyyə olaraq qalır. Onun real nəticələri yoxdur!
Azərbaycanda isə İlham Əliyev ardıcıl surətdə və davamlı olaraq daxildə siyasi dialoq modeli konsepsiyasını hazırlamış və onu addım-addım, mərhələli şəkildə reallaşdıran milli lderdir.
Məsələyə bir qədər yaxın keçmişimizdə mövcud olmuş vəziyyətdən baxmaq lazımdır. Azərbaycanda keçən əsrin 90-cı illərinin əvvəllərində siyasi mühitin son dərəcədə radikallaşdığı və hətta kriminallaşdığı məlumdur. Ulu öndər həmin dağıdıcı prosesi dayandırdı və onu hüquqi, sivil siyasi rəqabət müstəvisinə yönəltdi. Bununla yanaşı, postsovet ölkələri təcrübəsi göstərir ki, XXI əsrin gəlişi ilə kənardan müxtəlif bəhanələrlə (məsələn, “rəngli inqilablar” və ya “sovet dəyərləri ən yaxşısıdır” şüarı adı altında siyasi qüvvələrdən “SSRİ-nin bərpası”nı aktuallaşdırmağa çalışanların aktivləşdirilməsi və s.). Bu kimi siyasi tələlərə keçmiş sovet respublikalarından düşənlər oldu və indi də onlar ziddiyyətlər içində vurnuxurlar.
Digər tərəfdən, müstəqilliyini əldə etmiş ölkələrdə siyasi partiyaların dialoqunun təşkili olduqca aktuallaşmışdır. Bu bağlılığa da Azərbaycan təcrübəsinə dərindən nəzər salmaq faydalı olardı.
(ardı var)
Füzuli QURBANOV,
“Xalq qəzeti”nin analitiki, fəlsəfə elmləri doktoru