Bələdiyyələrin fəaliyyəti müzakirə olunub
Naxçıvanda bələdiyyə sədrlərinin, mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin iştirak etdiyi müşavirədə özünüidarəetmə qurumlarının fəaliyyətindəki problemlər və onların həlli yolları müzakirə olunub.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bələdiyyələrin işində müşahidə olunan problemləri diqqətə çatdıraraq, onların həllinin vacibliyini qeyd edib. O bildirib ki, Naxçıvan ölkənin ümumi inkişaf tendensiyasının önəmli parçasıdır. Ancaq köhnə, düzgün olmayan idarəetmə qaydası bu inkişaf prosesinin sürətilə aprılmasına mane olur. Ona görə də hər bir qurum öz idarəetmə sisteminə yenidən baxmalı, fəaliyyətində hesabatlılıq və maliyyə şəffaflığını təmin etməlidir. Səlahiyyətli nümayəndə vətəndaşların müraciətlərinə baxılmasında şəffaflığın təmin olunması, qanunazidd hallara qarşı tədbirlərin görülməsi, vətəndaşlarla münasibətdə daha diqqətli olmağın zəruriliyinə də toxunub.
Naxçıvan Muxtar Respublikasının ədliyyə nazirinin müavini Hüseyn Səfərov bələdiyyələrlə işin qurulması qaydaları və bu sahədəki mövcud vəziyyətdən bəhs edib. O söyləyib ki, bələdiyyələr vətəndaşlarla işi düzgün qurmur. Xüsusilə torpaqların icarəyə və mülkiyyətə verilməsi, yerli vergilərin yığılması, yaşayış məntəqələrində təmizliyə riayət olunması və tullantıların idarə olunması ilə bağlı ciddi problemlər mövcuddur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bələdiyyələrin fəaliyyətindəki mövcud problemlərin, yol verilmiş nöqsanların aradan qaldırılması ilə bağlı görüləsi işlərdən danışıb.
Sonra bələdiyyə sədrlərinin fikirləri dinlənilib, müraciətlər qeydə alınıb.
Müşavirədə problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Bildirilib ki, problemlərin həlli istiqamətində bütün imkanlardan istifadə edilməli və mütəmadi olaraq seçicilər qarşısında hesabatlar verilməli, verilən tapşırıqların icrası üzrə monitorinqlər aparılmalıdır.
Dövlət qurumları tenderlər elan edib
Muxtar respublikanın dövlət qurumları infrastruktur layihələri ilə bağlı açıq tenderlər elan ediblər.
Bildirilir ki, yaxın günlərdə dövlət satınalmalarının vahid internet portalında bir neçə yeni layihənin satınalma elanları verilib. Eyni zamanda bir sıra internet saytlarında da həmin layihələrlə bağlı müvafiq məlumatlar yerləsdirilib. Satınalmalarda iştirak etmək istəyən investorlar https://etender.gov.az/ saytına daxi olub, satınalma şərtləri ilə tanış olaraq, müsabiqədə iştirak edə bilərlər.
Ümumilikdə isə 2023-cü il ərzində Naxçıvan Muxtar Respublikasının dövlət qurumları tərəfindən aqrar sektorun, təhsil, mədəniyyət, səhiyyə sahələrinin, müxtəlif rabitə və digər telekommunikasiya xidmətlərinin hərtərəfli inkişafı istiqamətində 32 sosial-infrastruktur layihəsi üzrə açıq tender elanı verilib. Qısa müddətdə 80-ə yaxın şirkət həmin satınalmalarda iştirak etmək üçün təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə təqdim edib.
Hazırda 15-ə yaxın layihə üzrə satınalma müsabiqəsi tamamlanıb, nəzərdə tutulan işlərin həyata keçirilməsi ilə bağlı layihələndirmə və ya tikinti-qurasdırma işlərinə başlanılması planlaşdırılır. Bu layihələr “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın və bu sənədin 2023–2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planınında əksini tapıb. Həyata keçiriləcək layihələr muxtar respublikanın hərtərəfli müasir inkişafına, vətəndaşların həyat səviyyəsinin, sosial vəziyyətinin yaxşılaşdırılmasına, əlverişli biznes mühitinin formalaşdırılmasına, innovativ inkişafa şərait yaradacaq, qədim diyarın simasının əhəmiyyətli dərəcədə dəyişərək tərəqqi çalarları almasında mühüm rol oynayacaq.
XQ