Erməni hərbçilərinin insanlıq əleyhinə əməlləri araşdırılır

post-img

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 1-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Zərərçəkmiş şəxs Azər Abdullayev məhkəmədə verdiyi ifadəsində 2022-ci ilin sentyabrında Qubadlı rayonunda Ermənistan silahlı qüvvələrinin Gorus istiqamətindən törətdiyi təxribatın qarşısını alarkən qəlpə xəsarəti aldığını bildirib.

Samir Yusifov ifadəsində deyib ki, 2022-ci il sentyabrın 13-də Kəlbəcərdə tibb məntəqəsinin feldşeri qismində şəhidləri və yaralıları təxliyə edərkən Ermənistan silahlı qüvvələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb. Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında təxliyə maşınının üzərində onun tibb xidməti avtomobili olduğunu bildirən nişanın olduğunu söyləyib.

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs Akifə Bayramova qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində yaşadığı Gəncə şəhərinə Ermənistan silahlı qüvvələri tərəfindən atılmış raketin düşməsi nəticəsində evi dağılıb. Akifə Bayramova hadisə zamanı özünün yaralandığını bildirib. Nəvəsinin dağıntılar altından çıxarıldığını söyləyən zərərçəkmiş şəxs “Nəvəm hələ də müalicə olunur” deyib.

Gəncə sakini olan Nərbala Babayev də 2020-ci il oktyabrın 4-də baş vermiş raket hücumu zamanı evinin dağıldığını, özünün və oğlunun xəsarət aldığını söyləyib.

Amin Əsgərov, Eldar Məmmədov, Gülnarə Quliyeva, Aynurə Əliyeva, Kübra Ələkbərova da Vətən müharibəsi zamanı Gəncəyə raket hücumu nəticəsində yaşadıqları evlərin dağıldığını, özlərinin yaralandıqlarını diqqətə çatdırıblar. Vurğulayıblar ki, hadisə zamanı həyatını itirənlər olub.

Zərərçəkmiş şəxs Sevinc Həsənova ifadəsində 44 günlük Vətən müharibəsi zamanı 2020-ci il oktyabrın 5-də Goranboyda qardaşıgildə qonaq olarkən Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində özünün və doğmalarının xəsarət aldığını deyib.

Qurban Qurbanov, Hüseyinbaba Sayıllı, Xəzri Əhmədov, Əliyar Məmmədov, Ehtiram Səmədov, Qasım Qəribov, Əli Qarazadə, Anar Alıyev, Ülvin Musayev, Əlihüseyn Şahbazov, Asim Mikayıllı, Rəhman Qasımov və Ceyhun Xankişiyev ifadələrində 2022-ci il sentyabrın 12-14-də Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin Cermuk istiqamətində təxribatının qarşısını alarkən yaralandıqlarını söyləyiblər. Onlar bildiriblər ki, həmin vaxt Azərbaycan hərbçiləri arasında şəhid olanlar və yaralananlar da olub. C.Xankişiyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında qeyd edib ki, bu, Ermənistan silahlı qüvvələrinin ilk təxribatı deyildi: “Düşmən 2020-ci ildəki məğlubiyyətlə barışa bilmirdi, yüksəklikləri ələ keçirmək istəyirdi”.

Saleh Həsənov, Mehdi Yusifov, Səfa Məmmədov, Əliş Şamıyev, Fərid İlyaszadə, Sənan Mirzəliyev ifadələrində 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Zəngilanda Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən xəsarət aldıqlarını qeyd ediblər. Həmin vaxt onların hərbçi yoldaşları arasında həyatını itirənlər və yaralananlar da olub.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran Cavanşir Tahirli 2016-cı il iyunun 1-də Tərtər rayonunun Çaylı kəndində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq törətdiyi təxribat nəticəsində güllə xəsarəti aldığını bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran Yusif Məmmədov 2015-ci il aprelin 3-də Füzuli-Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatını qarşısını alarkən snayper atəşi nəticəsində yaralandığını söyləyib.

İfadə verən digər zərərçəkmiş şəxslər Anar Nəbiyev, Murad Musayev, Xəyal Abbasov, İlkin Tağıyev, Seymur İsmayılov, Ədalət Məmmədov, Həsən Qədiməliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını vurğulayıblar.

Aqil İspərzadə, Möhsüm Kərimli və Murad Babazadə Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəşlər nəticəsində yaralandıqlarını deyiblər.

Şahin Qarayev ifadəsində 2021-ci il noyabrın 21-də yaşadığı Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində mina partlaması nəticəsində yaralandığını bildirib.

Nahid Yolçuyev ifadəsində 2010-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndində hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələri tərəfindən açılmış atəş nəticəsində yaralandığını söyləyib.

Şakir İsmayılov ifadəsində 2016-cı ildə baş vermiş Aprel döyüşləri zamanı yaralandığını deyib.

Ruhin Vəliyev isə 2022-ci il iyunun 17-də Cəbrayılda minatəmizləmə ilə məşğul olarkən mina partlayışı nəticəsində xəsarət aldığını söyləyib.

İsmayıl Hüseynov və Tural Xanəliyev də öz növbələrində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlər, həmçinin təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Prosesdə hakim elan edib ki, təqsirləndirilən şəxs Levon Balayanın vəkili dövlət qurumlarından birinə təyinat alıb. Bu səbəbdən də ona yeni müdafiəçi təyin edilməlidir. Məsələyə münasibət bildirən təqsirləndirilən şəxs L.Balayan “Əgər o qalsaydı, daha yaxşı olardı” deyərək, yeni vəkil təyin edilməsinə etirazının olmadığını bildirib.

İclasa sədrlik edən hakim Zeynal Ağayev L.Balayana yeni vəkil təyin ediləcəyini söyləyib.

Məhkəmə prosesi avqustun 4-də davam etdiriləcək.

XQ



Son xəbərlər