Azərbaycan Asiya və Avropa ilə əlaqələrin möhkəmlənməsində də mühüm aktora çevrilir

post-img

Azərbaycan tarixən dünyanın elə bir coğrafi məkanında yer alıb ki, bütün ölkələr və xalqlar üçün hər zaman böyük maraq kəsb edib. Həm Böyük İpək Yolunun üzərində yerləşməsi, həm zəngin təbii sərvətlərə malik olması, həm də yüksək mədəni üstünlük ölkəmizi  xarici iqtisadi- siyasi əlaqələr baxımından cəlbedici mövqeyə çıxarıb. Təəssüf ki, əsrlər boyu işğal həyatı yaşadığımızdan belə bir geopolitik üstünlüyümüzü millət və dövlət olaraq uğura çevirə bilməmişik. 

Müstəqilliyimizin ilk illərində ölkədəki siyasi və iqtisadi böhran da bu prosesə əngəl yaratmışdı. Ölkəmizin bərbad xarici siyasi kursu Azərbaycanı geosiyasi baxımdan təcrid vəziyyətinə salmışdı.     

Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətimizin xarici siyasət kursu sistematik xarakter aldı və dövlətçilik maraqlarına yönəldildi. 

Ulu Öndərin dünya siyasi arenasında olan nüfuzu və şəxsi siyasi üstünlüyü “Əsrin müqaviləsi” ilə başlayan xarici, iqtisadi, siyasi əlaqələr ən yüksək səviyyəyə çatdı. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov bildirib. 
O söyləyib ki, sonrakı illərdə Prezident İlham Əliyev ölkəmizin  xarici siyasət kursunu daha da inkişaf etdirərək Azərbaycanı beynəlxalq münasibətlərin fəal iştirakçısına çevirdi. 

Bu gün Azərbaycan bütün beynəlxalq siyasi platformaların nüfüzlu üzvü və super dövlətlərin belə etibarlı tərəfdaşıdır.
Zəfər savaşından sonra dövlətimizin artan qüdrəti və regional liderliyi xarici siyasət kursunun nə qədər mükəmməl və dəqiq həyata keçirildiyini təsdiqləyir.

Ölkəmizin aktiv iştirakçısı olduğu beynəlxalq platformalardan biri də şübhəsiz İslam Əməkdaşlıq Təşkilatıdır. 

Azərbaycanın Avropa ilə Asiyanın həm coğrafi, həm də mədəni qovuşuq nöqtəsində yerləşməsi onun İslam ölkələri arasında da mühüm siyasi mövqeyə malik olmasına şərait yaradıb. İraq Prezidentinin ölkəmizə səfəri də bu mənada mühüm əhəmiyyət kəsb edirdi. 
Əvvəlcə onu qeyd edək ki, bildirildiyi kimi  bu, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olsa da, ölkələrimiz arasında münasibətlər hər zaman səmimi xarakter daşıyıb. İraq və Azərbaycan  beynəlxalq tribunalarda bütün dövrlərdə həmrəylik nümayiş etdirib, bir-birini qarşılıqlı şəkildə dəstəkləyib.

Görüşdə ölkəmizin başçısı Ermənistana da səfəri gözlənilən İraq Prezidenti Əbdüllətif Camal Rəşidi bölgədə baş verən proseslərlə bağlı ətraflı məlumatlandırdı.

Prezident İlham Əliyev işğal altında olan Qarabağ probleminin sülh yolu ilə həllini üzərinə götürmüş ATƏT-in keçmiş Minsk qrupunun fəaliyyətsizliyinə toxundu.

Ölkəmizin başçısı qeyd etdi ki, Azərbaycan 28 il sonra beynəlxalq səviyyədə tanınmış ərazilərini döyüş meydanında, hərbi güclə beynəlxalq hüququn bizə verdiyi imkandan istifadə edərək işğaldan azad etdi. Azərbaycanın müharibə istəmədiyini bildirən Prezident İlham Əliyev ölkəmizin regionda sülhün tərəfdarı olduğunu söylədi və dövlət olaraq marionet imicli Ermənistanı yeni münaqişəyə cəlb edən Fransanın Cənubi Qafqazda destruktiv siyasətindən, regional sabitliyə ciddi təhlükə ola biləcək fəaliyyətindən söhbət açdı. Ölkəmizin başçısının tarixi ədalətə əsaslanan sülhə hazırıq bəyanatı Ermənistana, onun himayədarlarına verilən ciddi mesaj oldu. Məqsədli şəkildə silahlandırılan Ermənistan Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayacaqsa, bu, onların sonu olacaq.
 Ermənistanı silahlandırmaqla qürur duyan qanlı müstəmləkəçilik keçmişi heyrət doğuran Fransa bölgədə gərginlik yaradır.
Ermənistan isə bunun fərqinə varmır, çünki taleyi öz əlində olan müstəqil ölkə deyil.

İraq Prezidentinin ölkəmizə səfəri zamanı diqqətçəkən məqamlardan biri də iki ölkə arasında imzalanan sənədlər oldu ki, bunun da gələcək əlaqələrin inkişafına töhfələr verəcəyi şübhəsizdir. Ölkələr arasında birbaşa aviareyslərin təşkil olunması, vizaların verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı müzakirələr, sosial, turizim sahələrində Anlaşma Memorandumunun imzalanması
uğurlu əməkdaşlıq üçün geniş imkanlar açacaq.

Deputat sonda qeyd edib ki, İraq Prezidentinin Azərbaycana səfərinin iki ölkə arasında münasibətlərin inkişafına daha da müsbət təsir edəcəyi şübhəsizdir. 

İslam dünyasının tərkib hissəsi olan dövlətlərin həm ittifaqdaxili, həm də ikitərəfli əlaqələrinin inkişafında Azərbaycan əsas  rol oynamaqla özünün beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, Asiya ilə Avropanın əlaqələrinin möhkəmlənməsində də mühüm aktora çevrilir.

Siyasət