ABŞ-ın Ermənistanı “Qafqazın Ukraynası”na çevirmək planı

post-img

Vaşinqton və onun Avropa müttəfiqləri Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq niyyətini gizlətmirlər

Rusiya ilə Ukrayna arasında ötən il fevralın 24-də başlanan müharibədə rəsmi Kiyevi hərtərəfli dəstəkləyən, lakin ciddi uğura nail ola bilməyən kollektiv Qərbin usandığı hiss olunur. Co Baydenin prezident kimi ilk dəfə birbaşa Ağ Evin oval ofisindən çağırış etməsinə baxmayaraq, konqresmenlərin ötən həftə hökumətin müvəqqəti maliyyələşməsi barədə qəbul etdikləri qanunda Ukraynaya və İsrailə maliyyə yardımı ayırmaqdan imtina etmələri bunun göstəricisi hesab oluna bilər.

Qeyd edək ki, Bayden konqresmen­lərə Ukrayna və İsrailə yardım paketi­ni təsdiqləməyi təklif etmişdi. Ümumi məbləği 106 milyard dollar olan paketə ABŞ-ın cənub sərhədinin möhkəm­ləndirilməsi də daxil idi. Burada əsas pay Kiyev üçün nəzərdə tutulmuşdu – 60 milyard dollardan çox. Baydenin təklifinin qəbul olunmamasında Nü­mayəndələr Palatasında çoxluq təşkil edən sağçı respublikaçıların böyük rolu olub. Onlar İsrailə əlavə hərbi tədarü­kün əleyhinə deyillər, lakin Ukraynaya yardımın davam etdirilməsinə qarşıdır­lar. Konqresmenlər hazırda iki həftəlik məzuniyyətdədirlər. Məzuniyyət başa çatdıqdan sonra onlar istər-istəməz həm İsrail, həm də Ukrayna üçün yeni yardım paketlərini nəzərdən keçirməli olacaqlar. Bununla belə, “Bloomberg” agentliyinin yazdığı kimi, qərar dekab­rın ortalarından tez, hətta yeni ildən əv­vəl qəbul edilə bilməz.

Məsələyə münasibət bildirən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib ki, yardımların ixtisarı “Ukrayna­ya lazım olan hər şeyi vermək qabiliy­yətimizə təsir edir və bu, zaman keç­dikcə daha da pisləşəcək”.

Doğrudur, həm respublikaçı, həm də demokrat konqtresmenlər Kiyevə yardımın tamamilə kəsilməsini istə­mirlər. Lakin istənilən halda Ukrayna­ya ayrılan vəsaitin məbləği Baydenin tələb etdiyindən xeyli az olacaq.

Avropanın şərqində Rusiya–Uk­rayna müharibəsinin timsalında gər­ginlik ocağının yaranmasında mühüm rola malik olan, lakin istədiyinə nail ola bilməyən və Kiyevi meydanda tək qoymağa hazırlaşan ABŞ-ın nəzərlə­ri son vaxtlar Cənubi Qafqaza daha çox yönəlib. Vaşinqton Azərbaycanın 2020-ci ildə Vətən müharibəsi, 2023-cü ildə isə lokal xarakterli antiterror təd­birləri keçirərək öz torpaqlarını azad etməsini, suverenliyinin bərqərar olunmasını qəbul edə bilmir. ABŞ və onun Avropadakı müttəfiqləri Cənubi Qafqazda yeni münaqişə ocağı yarat­maqda maraqlarını gizlətmirlər.

İşğal dövründə Azərbaycanı ya­ranmış reallıqlarla barışmağa çağıran ATƏT-in Minsk qrupunun üç həmsəd­rindən biri olmuş həmin ölkə indi Ermə­nistana bənzər çağırış etmir. Vaşinqton nəinki İrəvanı Azərbaycanın regionda yaratdığı reallıqları qəbul etməyə ça­ğırmır, əksinə atdığı bir sıra addım­larla onu revanşizmə sövq edir. ABŞ Konqresinin Azərbaycana ABŞ-ın bir­başa dövlət yardımını qadağan edən 907-ci düzəlişdən imtina müddətini uzatmaması bunun bir göstəricisidir. Noyabrın 15-də Nümayəndələr Pala­tasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” möv­zusunda dinləmələrin keçirilməsi isə ABŞ-ın Azərbaycana münasibətdə ədalətsiz mövqeyinin növbəti təzahürü oldu. Həmin dinləmələrin absurdluğu elə adından bəlli idi. “Dağlıq Qarabağın gələcəyi” adlı dinləmədə Azərbaycanın ayrılmaz parçası olan Qarabağ iqtisa­di rayonu ilə bağlı məsələni müzakirə etmək ölkələrin suverenliyinə, bey­nəlxalq hüquqa ən böyük hörmətsizlik idi ki, Vaşinqton bunu da özünə rəva gördü.

Onu da qeyd edək ki, ABŞ Cənu­bi Qafqazda hər zaman destruktiv rol oynayıb. Həmin destruktiv siyasətin əsasının qoyulması 1980-ci illərin son­larına təsadüf edir. ABŞ əzəli və əbədi rəqibi SSRİ-nin dağılması üçün keçmiş İttifaq məkanında millətlərarası mü­naqişələrin baş verməsində maraqlı idi. Vaşinqton millətlərarası münaqişəyə SSRİ-nin dağılmasının bir elementi kimi yanaşırdı. ABŞ hər zaman Qarabağ ermənilərinin separatçılıq meyillərini qızışdırırdı. 1990-cı illərin əvvəlindən isə ABŞ Qarabağ ermənilərinin sepa­ratçılığını aşkar şəkildə dəstəkləməyə başladı. ABŞ Qarabağ işğal altında olduğu müddətdə buradakı qondarma separatçı rejimə hər il öz büdcəsindən maliyyə yardımı ayırırdı. Vaşinqtonun Qarabağdakı separatçılara minatəmiz­ləmə adı altında ildə on milyon dollarla vəsait ayırması, “Hayastan” Fondunun ABŞ-da marafonlar keçirib pul yığma­larına şərait yaradılması, rejimin bu ölkədə nümayəndəliyinin fəaliyyətinə imkan yaradılması danılmaz faktlardır. Təkcə bu faktlar ABŞ-ın Azərbaycana, beynəlxalq hüquqa, ölkələrin ərazi bü­tövlüyünə, suverenliyinə münasibətinin göstəricisi sayıla bilər.

Bu gün isə ABŞ Qarabağda Azər­baycanın yeni reallıqları ilə barışmaya­raq, özünəməxsus reallıqlar yaratmağa çalışır. Hazırda bölgədə separatçılığa dəstək verilməsini başqa cür izah et­mək mümkün deyil. ABŞ-ın bu əməlləri onun BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi nə roluna, nə də missiyasına uyğun gəlir.

Ancaq Vaşinqtonda unudurlar ki, Azərbaycanın regionda yaratdığı yeni reallıqları dəyişmək qeyri-mümkündür. Bu gün Azərbaycan güclü, özünün mil­li maraqlarını hər şeydən üstün tutan, müstəqil xarici və daxili siyasət yürü­dən dövlətdir. Əgər torpaqlarımızın işğal altında, ökəmizin nisbətən zəif olduğu dövrdə Vaşinqton Azərbayca­na təzyiq göstərərək öz istəyini həyata keçirə bilməyibsə, indiki halda çətin ki, buna nail ola.

Rizvan HÜSEYNOV, 
hərbi-siyasi şərhçi

– ABŞ-ın, daha konkret desək, hakimiyyətdə olan demokratla­rın siyasəti nəinki bizim regionda, dünyanın heç bir yerində sülhə və sabitliyə xidmət etmir. Biz görürük ki, ABŞ istər Yaxın Şərqdə, istər Cənubi Qafqazda xaos yaratmaqla hansısa məkrli siyasətini icra et­mək istəyir. Burada ABŞ tək deyil, Fransa və digər Qərb ölkələrinin də dəstəyi var. İndi onlar Ermənistana dəstək verməklə 44 günlük Vətən müharibəsindən sonra yaran­mış reallıqları dəyişmək istəyirlər. Həmçinin yeni tranzit-nəqliyyat la­yihələrinin, dəhlizlərin açılmasının qarşısını almağa çalışırlar. Burada ABŞ-ın məxsusi maraqları var.

Yaxın Şərqdəki münaqişədə də Vaşinqtonun öz marağı mövcud­dur. Bu məsələlər heç də təsadüfi deyil. Eyni zamanda, Ukrayna da qurban verilir. Ukraynadakı mühari­bə ABŞ-ın bir layihəsi idi və burada Rusiya da istifadə olunurdu. Yəqin ki, indiki mərhələdə ABŞ istədiyinə nail olub. Ukraynadakı müharibə həm Rusiyanı, həm də Avropanı çökdürməkdə ABŞ-ın işinə ya­radı. İndi də Yaxın Şərqdəki mü­naqişələrlə yeni düzən yaratmaq istəyir. Həmçinin Cənubi Qafqaz­da ABŞ ənənəvi xaos yaratmaq siyasətini yürütmək istəyir. Amma həm Azərbaycan, həm müttəfiq Türkiyə, həm də region ölkələri olan Rusiya və İran əllərindən gələ­ni edəcəklər ki, demokratların bu planı gerçəkləşməsin. Şübhəsiz, belə də olacaq. Çünki vaxt darlı­ğı var. Bayden və onun ətrafının başı gələn ildən daxili siyasətə – seçkilərə qarışacaq. Dünyada baş verən proseslərdə ABŞ-ın rolu 1,5-2 il müddətinə zəifləyəcək. Bunu nəzərə alan demokratlar indidən müxtəlif strateji regionlarda elə xaos yaratmaq istəyirlər ki, qarşı­dakı iki ildə başqa oyunçular həmin regionlarda söz sahibi ola bilmə­sinlər, hansısa yeni layihələr irəli sürülməsin. Yalnız iki ildən sonra ABŞ-da kim prezident seçiləcəksə, o zaman yenə də Vaşinqton strateji regionlarda hegemon rolunu oyna­sın. Amma bu plan alınmayacaq. Azərbaycan və onun müttəfiqləri sabitliyin elə bir formatını yarada­caqlar ki, onun nəticəsində burada kənar müdaxilələr uğursuz olacaq.

 

Səxavət HƏMİD
XQ



Siyasət