Keçən əsrin 90-cı illərinin əvvəlində 70 illik sovet imperiyasının və totalitar komminist rejiminin süqutundan sonra qazanılmış dövlət müstəqilliyi şəraitində Azərbaycanda da müxtəlif məramnaməli partiyalar yarandı. Onların əksəriyyətinin yaranma zəmini və qarşıya qoyduğu məqsəd oxşar idi: müstəqil Azərbaycan dövlətini demokratik əsaslarla təşkil edib möhkəmləndirmək.
Lakin onlar bu hədəfə çatmaq üçün öz ətrafında önəmli siyasi qüvvə toplaya bilmədiyindən, kütlənin maraq və tələbatına uyğun siyasi xətt müəyyən etməyə qadir olmadığından məhəlli dərnək səviyyəsindən yuxarı qalxa bilmədi. Onlardan yalnız biri – dünya şöhrətli siyasətçi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin ətrafında cəmlənmiş nüfuzlu ziyalılardan və konstruktiv qüvvələrdən idarət Yeni Azərbaycan Partiyası mürəkkəb tarixi dönəmdə cəmiyyətin toparlayıcı və istiqamətverici siyasi mərkəzinə çevrilə bildi. Bu partiya həm məqsəd və hədəflərinin mükəmməlliyinə, həm qurucusunun fenomen zəka, misilsiz nüfuz və qüdrətli iradə sahibi olmasına, həm də hərtərəfli böhrandan çıxmaq yollarını dürüst və aydın şəkildə xalqa qəbul etdirməyi bacardığına görə siyası arenada mütləq üstünlük qazandı.
Adda “yeni” sözü adi hadisə deyildi. Cəmiyyət bunu sonralar daha dərindən dərk etsə də həmin dövrdə Ulu öndər Heydər Əliyev “Yeni Azərbaycan” ifadəsinə hansı dərin siyasi, ideoloji, mənəvi-əxlaqi, tarixi və müstəqil milli dövlətçilik mənalarını verdiyini çox gözəl bilirdi. Yeni tipli demokratik partiyanın qurucusu onu da aydın dərk edirdi ki, “YAP” abbreviaturasını populyarlaşdırmaq asan olmayacaq. Tarix və reallıq öz sözünü dedi. Partiyanın adındakı “yeni” sözü öz tarixi kökləri üzərində tərəqqi edən böyük bir millətin novatorluğa hazır olduğunu ifadə edirdi! Ulu öndər türk tarixində xüsusi rəmz olan ağacı və onun üzərində çəkilmiş rəsmləri ənənədən müasirliyə keçidin olduqca maraqlı təcəssümünə çevirmişdi. Həmin rəmzdə daxili birlik, köklərə bağlılıq, ənənəyə sadiqlik orijinal şəkildə əksini tapmışdır!
“Yeni Azərbaycan” ifadəsi də məhz bu bağlılıqda xüsusi əhəmiyyət kəsb edir. Partiyanın siyasi-ideoloji, qurucu, təşkilati fəaliyyətinin kökündə həmin möhtəşəm tarixi-fəlsəfi özəllik dayanırdı. Müstəqil dövlətin memarı və qurucusu YAP vasitəsilə Azərbaycana, regiona və dünyaya mesaj verirdi – Azərbaycan həmişə olduğu kimi, indiki mərhələdə də yeniləşməyə istiqamətlənib və YAP buna nail olacaq!
YAP-ın timsalında “Yeni Azərbaycan” nə deməkdir? Hər şeydən öncə, müasirləşən, dinamik, müstəqil, milli, tolerant, multikultural toplumun çiçəklənən güclü dövləti! Partiyanın rəmzində də ifadə olunduğu kimi, hər cür təsirlərə, çətinliklərə, “tufanlara” sinə gərib dik dayana bilən, dinamik yeniləşən ölkə!
Odur ki, YAP 31 ildir Yeni Azərbaycanın aparıcı, hakim siyasi təşkilatıdır. Bu siyasi-ideoloji platformada dövlətçilik, liderlik, siyasi varislik ənənəsindən tutmuş, qabaqcıl və uğurlu siyasi-ideoloji mövcudluq, konstruktiv fəaliyyət, nəticəli praktiki-siyasi və ideoloji fəaliyyət vardır! Həmin səbəbdəndir ki, müstəqil Azərbaycanın 31 illik tarixi həm də YAP-ın analoji tarixidir. Bu müddət ərzində partiya xilasedici, qurucu, birləşdirici, qalib lideri Heydər Əliyev və Prezident İlham Əliyevin tapşırıqlarını yerinə yetirməyə can atan, fəallıq göstərən, qurbanlar verən, qəhrəmanlar yetişdirən “canlı siyasi orqanizm” olmuşdur!
Buraya hansı hadisələr, proseslər daxil deyil ki? YAP keçən əsrin keşməkeşli, ziddiyyətli və kənardan olan güclü təsirlərinin yaratdığı gərgin sosial-psixoloji, ideoloji və hərbi risklərlə dolu böhranlara qalib gələn bir partiyadır. Partiya ilk günlərdən bütün istiqamətlərdə öz banisinə dəstək verdi və eyni zamanda, sürətlə böyüdü. Onu heç bir maneə dayandıra bilmədi! Çünki Liderini dayandıra bilmədilər! Onu heç bir qüvvə çəkindirə bilmədi, axsada bilmədi, çünki öz-özünü daxildən təmizləməyi bacardı və bu keyfiyyətdə daim Liderinin arxasınca getdi!
YAP elə bir partiya oldu ki, dünya tarixində nadir hallarda rast gəlinən və Liderinə cəmiyyətin bütövlükdə mövcud sosial-iqtisadi, siyasi, mədəni, ideoloji quruluşunu yeniləşdirməklə bağlı həyata keçirdiyi kursa daim dəstək verən təşkilat kimi siyasi tariximizdə yer tutdu! Çünki cəmiyyəti kökündən, əhatəli və uğurla yeniləşdirmək yalnız uğurlar müjdəçisi Ümummilli liderə nəsib oldu! YAP Azərbaycanda Ümummilli liderin partiyası miqyasına yüksələ bildi! YAP Azərbaycanda yeganə partiyadır ki, qurucusu və sədri Ümummilli liderdir! 31 ildir ki, Azərbaycan cəmiyyəti bununla qürur duyur!
Bugünlərdə partiya ərsəyə gəlməsinin 31-ci ildönümünü yüksək fəxarətlə qeyd edir, bu tarixin öyüncünü daxilən yaşayır! Çünki YAP qurucusunun siyasi varisi Prezident İlham Əliyev həm də bu partiyanın Sədri kimi Müzəffərdir, Qalibdir və yeni səviyyədə Azərbaycanı Yeniləşdirəndir! Buna şərti olaraq Azərbaycanın “ikinci yeniləşmə mərhələsi” deyə billərik!
Avrasiya məkanında ikinci elə bir partiya yoxdur ki, bu dərəcədə uğurla, kəsintisiz irəli getsin – özünü, cəmiyyəti və dövləti yeniləşdirmənin yeni mərhələsinə böyük Zəfərlə keçə bilsin! Çox qısa bir zaman çərçivəsində Azərbaycan Prezidenti və YAP Sədri İlham Əliyev həm ölkənin ərazi bütövlüyünü bərpa etdi, həm də tam suverenliyə nail oldu! Yeni Azərbaycan Partiyası sədrinin müdrikliyi, strateji zəkası, idarəetmə və siyasi-diplomatik məharəti ilə tarixin yeni səhifələrini yazmaqda və yeni imkanlar açmaqdadır!
Partiya üçün 31 il az müddət deyil. YAP üçün isə yetkin bir tarixdir. İndi partiyanın hər bir üzvü kimi, hər bir azərbaycanlı üçün də Prezident Yeni Uğurlu Liderlik nümunəsidir, çox qüdrətli dövlət başçısıdır! Bu potensial YAP-ı yeni qələbələrə, önündə getdiyi Azərbaycan dövlətini tərəqqinin yeni zirvəsinə doğru aparır.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru