Milli Məclis ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” ilə əlaqədar Bəyanat qəbul edib. Sənəddə qeyd edilib ki, Milli Məclis bu il noyabrın 15-də ABŞ Senatının “2023-cü il erməniləri müdafiə aktı” qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır.
Bununla birlikdə, Milli Məclis həmin gün ABŞ Nümayəndələr Palatasının Xarici işlər komitəsinin Avropa üzrə alt komitəsində keçirilmiş dinləmələri, orada ölkəmiz əleyhinə səslənən çıxışları, ümumiyyətlə, son dövrdə ABŞ dövləti rəsmilərinin Azərbaycana qarşı ifadə etdikləri qərəzli fikirləri iki ölkə arasında strateji münasibətlərə ciddi zərbə kimi qiymətləndirir. Sözügedən aktın qəbul edilməsi və Azərbaycana qarşı irəli sürülən əsassız ittihamlar regionda sülh və sabitlik yaradılması səylərinə ciddi maneçilik törədir.
Sənəddə daha sonra qeyd edilir ki, Bayden Administrasiyasının təhriki ilə anti-Azərbaycan, korrupsiyaçı, islamofob senatorların saxta məlumatları əsasında ABŞ Senatının qəbul etdiyi akt ikili standartların və selektiv yanaşmanın növbəti bariz nümunəsidir. ABŞ Senatı belə bir aktı qəbul etməklə revanşist qüvvələrə açıq dəstək verir. Absurd teatr səhnəsini xatırladan dinləmələr isə ABŞ-ın riyakar siyasətinin yeni bir təzahürüdür.
Ermənistanın Azərbaycana qarşı işğalının genişləndiyi 1992-ci ildə ABŞ tərəfi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan xalqına qarşı qətliamların qarşısını almağa səy göstərmək əvəzinə, bu ölkənin qanunvericilik orqanı erməni təbliğatının təsiri altında “Azadlığa dəstək aktı” adlanan qanuna 907-ci düzəlişi qəbul etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrdə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənmiş və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilmişdir. Lakin Amerika Birləşmiş Ştatları özünün də lehinə səs verdiyi bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməsi üçün heç bir tədbir görməmiş və bu ölkəyə qarşı hər hansı sanksiya tətbiq etməmişdir.
Bəyanatda deyilir ki, “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılmasını ləğv etməklə ABŞ tərəfi Azərbaycana qarşı 1992-ci ildə yol verdiyi tarixi səhvi, təəssüf ki, yenidən təkrarlayır. Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Amerikanın onu müdafiə etməsi siyasi riyakarlıq olub regionda vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Sözdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ABŞ tərəfi məhz ölkəmiz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycana qarşı qeyri-dost addımlarını intensivləşdirməklə ikiüzlü siyasət yeritdiyini ortaya qoymuşdur.
Bəyanatın sonunda bildirilir: “Milli Məclis bir daha bəyan edir ki, Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq öhdəliklərinə uyğun hərəkət edərək, öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır”.
XQ