Mina terroru bitmək bilmir

post-img

Son günlərdə daha iki soydaşımız bu bəlanın qurbanına çevrildi

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq öz torpaqlarını işğaldan azad etdi. 2023-cü il sentyabrın 19-20-də keçi­rilən antiterror tədbirləri nəticəsində isə bütün Qarabağ iqtisadi ra­yonu üzərində suverenliyimiz tam bərqərar olundu. Hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri apa­rılır. Uzun müddət yurd həsrəti çəkən əhalinin doğma el-obasına qa­yıdışı həyata keçirilir. Bu prosesə ən böyük əngəllərdən biri isə işğal dövründə ərazilərimizə saysız-hesabsız minaların basdırılmasıdır.

Təbii ki, ərazilərimizə konkret neçə mina basdırıldığı barədə dəqiq söz demək çətindir. Ancaq ümumi rəy bundan ibarətdir ki, basdırılmış mina­ların sayı 1,5 milyon ədəddir. 2023-cü il mayın 26-da Bakıda “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa ge­dən yol” mövzusunda keçirilən bey­nəlxalq konfransa Prezident İlham Əliyevin ünvanladığı müraciətdə də Ermənistanın işğal dövründə torpaq­larımıza ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırdığı bildirilib.

Rusiyalı jurnalist Dmitri Vinoqradov “Svobodnaya pressa” qəzetində dərc olunmuş “Qarabağın ucsuz-bucaqsız mina sahəsi. Ermənistan yüz milyonlar­la dolları boş yerə xərclədi” sərlövhəli məqaləsində yazır ki, silahların səssiz­liyinə baxmayaraq, keçmiş münaqişə zonasında hərbi və mülki şəxslər həlak olmaqda davam edirlər. Bunun səbəbi isə Qarabağın hər yerinə basdırılmış minalardır. Jurnalist qeyd edir ki, Azər­baycan ərazilərinin minalanması pro­sesi hələ Birinci Qarabağ müharibəsi dövründə aparılıb və iki müharibə ara­lığındakı dövrdə davam edib. 2016-cı ilin yazında baş verən döyüşlər ondan sonrakı dövrdə ərazinin minalanma tempini yalnız artırmış olub. Görünür, Ermənistan tərəfi başa düşüb ki, böyük müharibə qaçılmazdır: “Minalardan tə­mizlənmə uzun müddət və böyük maliy­yə resursu tələb edən prosesdir. Erməni silahlı birləşmələri təxminən 30 il idarə etdikləri ərazilərin, demək olar ki, hər qarış torpağını minalayıblar. Minatəmiz­ləyənlərin qiymətləndirməsinə görə, tə­mizlənən və ya gələcəkdə təmizlənməsi planlaşdırılan ərazilərdə təxminən 1,5 milyon mina basdırıla bilər. Mütəxəs­sislərin hesablamalarından aydın olur ki, Ermənistan tərəfindən basdırılan mi­naların ümumi dəyəri təqribən 340 mil­yon dollardır. Bu, astronomik məbləğdir. Belə çıxır ki, işğal illərində Ermənistan Azərbaycan ərazilərinin minalanmasına 2020-ci ilin hərbi büdcəsinin 50 faizini və ya dövlət büdcəsinin 10 faizini xərc­ləyib”.

Ancaq D.Vinoqradov bildirir ki, İkin­ci Qarabağ müharibəsinin nəticəsi bu xərclərin mənasız olduğunu göstərdi: “Minalama prosesinin genişlənməsi Ermənistan silahlı qüvvələrinə ərazini nəzarətdə saxlamağa kömək etmədi. Mütləq hava üstünlüyü şəraitində azər­baycanlılar xüsusi təyinatlı mobil qrup­larla yüz milyonla dolların xərcləndiyi düşmən müdafiəsini olduqca sürətlə yardılar və Qarabağı nəzarət altına al­dılar”.

Mina təmizlənməsi, həqiqətən də, həm böyük maddi vəsait, həm vaxt, həm də insan resursu tələb edən işdir. Azərbaycan Respublikasının Minatə­mizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə dünən yaydığı həftəlik məlumat da bu­nun göstəricisi sayıla bilər. ANAMA-dan bildiriblər ki, oktyabrın 30-dan noyabrın 5-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zən­gilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 32, tank əleyhinə 24 mina və 649 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdiri­lib. Həftə ərzində 1536,9 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib. Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş ərazinin ümumi sahəsi 13 min kvadratkilometrdir. Həftə ərzində isə 1535,9 hektar ərazi mina­lardan təmizlənib. Bu, minatəmizləmə əməliyyatının nə qədər böyük zəhmət, vaxt və insan resursu tələb etməsinin sübutudur.

Mövcud xüsusda Xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 4-də Al­maniyanın Xarici işlər naziri Annalena Berbokla görüşdən sonra keçirilən mət­buat konfransında səsləndirdiyi fikirlər də diqqəti cəlb edir. Nazir bildirib ki, işğaldan azad olunmuş ərazilərin mina­lanması ciddi təhdiddir: “Mülki sakinlərin minaya düşməsi davam edir. Problemin tam miqyasını öyrənmək üçün zaman lazımdır. Ancaq ilkin hesablamalara görə, son üç il ərzində Qarabağdakı qanunsuz rejim Ermənistanın dəstəyi ilə 480 kilometr ərazini “təmas xətti fəl­səfəsi” ilə minalayıb. Bu isə o deməkdir ki, 960 kvadratkilometr ərazi minalanıb. Biz orada yüz minlərlə minaların basdı­rılmasından danışırıq”.

Noyabr ayının ilk günlərini yaşama­ğımıza baxmayaraq, artıq iki soydaşı­mız mina terrorunun qurbanına çevrilib. Onlardan biri Tərtər rayonunun Borsun­lu kənd sakini, 1999-cu il təvəllüdlü Əli Ağalarovdur. O, noyabrın 3-də kənd ərazisində örüş yerinin yaxınlığında fər­di təsərrüfatına aid heyvanlarını axta­rarkən mina partlayışı baş verib. Hadisə nəticəsində Ağalarov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası xə­sarəti alıb. Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Noyabrın 5-də saat 12 radələrində isə Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışının baş verməsi ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildi­rilib ki, rayonun Seyidimli kənd sakini, 1960-cı il təvəllüdlü Hüseynov Asif Nov­ruz oğlu ayağından xəsarət alıb.

Azərbaycan Respublikası Preziden­tinin köməkçisi – Prezident Administ­rasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial platformasındakı paylaşımı da problemin nə qədər ciddi olmasından bir daha xəbər verir. H.Hacıyev qeyd edib ki, Azərbaycanda 2020-ci il no­yabrın 10-dan indiyədək 50 mülki şəxs mina partlayışı nəticəsində ölüb, 108 mülki şəxs isə yaralanıb. Həmçinin bu dövr ərzində 15 hərbçi mina part­laması nəticəsində həlak olub, 164-ü isə xəsarət alıb. Prezidentin köməkçisi vurğulayıb ki, ümumilikdə, qeyd edilən dövr ərzində 65 nəfər mina partlaması nəticəsində həlak olub, 272 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

H.Hacıyev onu da qeyd edib ki, 1991-ci ildən indiyə kimi Azərbaycanın 3415 vətəndaşı mina qurbanı olub. On­lardan 357 nəfər uşaq və yeniyetmə, 38 nəfər isə qadındır: “Azərbaycanda mina qurbanları əsasən, mülki şəxslər­dir. Demək olar ki, hər həftə ölümcül və qanlı mina partlayışının şahidi oluruq”.

Mina terroru ilə bağlı fikirlərini “Xalq qəzeti” ilə bölüşən siyasi təh­lilçi Yeganə Hacıyeva bildirib ki, Ermə­nistan işğal dövründə təbii resursların, tarixi, milli, dini mədəniyyət nümunələ­rinin qanunsuz talanması, ekologiyaya ziyan vurulması, infrastrukturun dağı­dılması kimi cinayətlər həyata keçirib. Ancaq Ermənistanın ən böyük cinayəti, heç şübhəsiz, ərazilərimizin sistem­li şəkildə minalanmasıdır: “Minaların basdırılmasının əsas məqsədi mümkün qədər çox sayda azərbaycanlının həlak olmasına nail olmaq, azad etdiyimiz ərazilərimizə qayıdışımızı maksimum uzatmaqdır. İstər işğal dövründə, istər­sə də işğaldan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Azər­baycanın hərbi, mülki şəxslərinin, hətta bir epizodda Rusiya sülhməramlısının minaya düşməsinə görə, Ermənistan dövləti məsuliyyət daşıyır”.

Y.Hacıyeva qeyd edib ki, Ermənis­tanın Azərbaycan ərazilərini, xüsusilə mülki əhalinin istifadəsi üçün nəzərdə tutulan yolları və əraziləri minalaması hərbi cinayətdir: “İşğaldan azad etdi­yimiz ərazilərdə Ermənistanın saldığı “mina tarlaları” 800 min azərbaycanlı keçmiş məcburi köçkünün həyatını təh­did edir. Bu, həm də öz yurd-yuvalarına qayıtmaq arzusunda olan yaşlı insanla­ra qarşı mənəvi terrordur”.

Onu da bildirək ki, BMT-nin üzvü olan 164 ölkə, o cümlədən Azərbaycan 1997-ci ildə qəbul olunmuş “Piyadalar əleyhinə minaların istifadəsinin, ehtiya­ta yığılmasının, istehsalının və daşın­masının qadağan edilməsi və onların məhv edilməsi üzrə Konvensiya”ya qo­şulub və ya daxili qanunvericilik səviy­yəsində ratifikasiya edib. Maraqlıdır ki, Azərbaycana qarşı mina terroru həyata keçirən Ermənistan da konvensiyanı qəbul və parlament səviyyəsində rati­fikasiya edib. Amma göründüyü kimi, Ermənistan bütün digər beynəlxalq öh­dəlik və məsuliyyətlərinə əməl etmədi­yi kimi, bu sənədə də məhəl qoymur. Təəssüf ki, biz həmin ölkələr tərəfindən Ermənistana çağırışlar edilməsini, onun qınanmasını hələ də müşahidə etmirik.

Səxavət HƏMİD
XQ



Siyasət