İqtisadi inkişaf davamlı və yüksək sürətlidir

post-img

Gələn il ÜDM-in 118 milyard manatı keçəcəyi gözlənilir

İqtisadiyyat Nazirliyinin hazırladığı 2024-cü il və sonrakı 3 il üzrə ba­za-ssenaridə makroiqtisadi proqnoz göstəricilərinə əsasən, gələn il ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) real ifadədə 2,4 faiz artaraq 118,4 milyard manat, o cümlədən qeyri-neft (qaz) real ifadədə 4,6 faiz artaraq 84,2 milyard manat təşkil edəcəyi gözlənilir. Növbəti ildə isə ÜDM-nin tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqno­zuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı proqnozlaşdırılır. Bundan əlavə, 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,7 faiz azalacağı da gözlənilir.

İcmal və dövlət büdcələri üzrə layihədə əmtəə bazarların­da 2024-cü ildə qiymətlərin aşa­ğı enəcəyi də proqnozlaşdırılıb. Bunu nəzərə alan İqtisadiyyat Na­zirliyinin təqdim etdiyi baza-ssena­ridə əmtəə bazarında orta illik inf­lyasiya göstəricisinin 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz gözlənildiyi bildirilib. Qeyd edək ki, bu proqnozlar hazırlanarkən Na­zirlər Kabineti və Mərkəzi Bankın həyata keçirdikləri antiinflyasiya tədbirlərinin nəticələri də nəzərə alınıb. 

Gələn il üçün hazırlanan makroiqtisadi proqnozlarda ölkə­nin inkişafının davamlı olmasının əsas şərtlərindən biri – milli valyu­tanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalması (1 dolla­ra qarşı 1,7 manat) dəstəklənir. Eyni zamanda, 2024-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azal­ma fazasında müşahidə edilməsi nəzərə alınmaqla əsas kapitala investisiyalar üzrə 1 faiz artım ola­cağı, o cümlədən qeyri-neft (qaz) sektoru üzrə əsas kapitala inves­tisiyaların 3 faiz artacağı da proq­nozlaşdırılır.

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Res­publikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası” çərçivəsində iqtisadiyyatın inkişaf perspektivlərinin reallaşdırılması, işğaldan azad olunan regionların ölkə iqtisadiyyatına reinteqrasiya­sı və həmin bölgələrin inkişafı ilə bağlı investisiya, həmçinin yeni­dənqurma siyasəti çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi bu göstəricilərin daha da yaxşılaşmasına şərait yarada­caq. 

Qarabağ və Şərqi Zəngəzur iq­tisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-qu­ruculuq layihələrinin icrası sayə­sində bölgənin Azərbaycan iqti­sadiyyatına reinteqrasiyası təmin olunacaq ki, bu da, öz növbəsində, iqtisadiyyatın bir çox sektorunun inkişafı üçün yeni imkanlar yara­dacaq. Həmçinin bu ərazilərdə uzun illər sonra kommunikasiya xətlərinin açılması iqtisadi cəhət­dən müsbət tendensiyalara rəvac verməklə bərabər, regionda sül­hün və təhlükəsizliyin də bərqərar olmasına xidmət edəcək.

Makroiqtisadi proqnozların da­vamlı inkişafını şərtləndirən göstə­ricilər “Azərbaycan Respublika­sının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində də diqqətə çatdırılır. Bu dövrdə iqti­sadi inkişafın tamamilə qeyri-neft sektoru hesabına gerçəkləşəcəyi, sahənin 2024-cü ildə ÜDM-də pa­yının 71 faizi keçəcəyi bildirilir. 

Yeri gəlmişkən, cari ilin ötən ay­larında qeyri-neft sektorunun inki­şafında dinamiklik nəzərə çarpdığı statistik rəqəmlərdə özünü aydın göstərir. 2023-cü ilin 9 ayı ərzində Azərbaycanda 91 milyard mana­ta yaxın ÜDM istehsal olunması, qeyri-neft sektorunda isə artımın 3 faizə yaxın olması bunun bariz ifadəsidir. Təqdim edilən sənəd­lərdə 3 ssenari – baza, optimist və pessimist ssenarilər təklif olunub. Baza ssenaridə neftin 1 barrelinin qiymətinin 60 dollar, optimist sse­naridə 80 dollar, pessimist ssena­ridə isə 40 dollar ətrafında olacağı göstərilib.

Onu da deyək ki, büdcə layihə­sində növbəti ilin gəlirlərinin cari ilə nisbətən 283 milyon manat, xərc­lərinin isə 138 milyon manat art­ması planlaşdırılır. Büdcə layihə­sində sosial xərclərin isə 1 milyard 35 milyon manata çatdırılması nəzərdə tutulur. 

Ekspertlərin fikrincə, bütün bu proqnoz göstəriciləri–2024-cü ilin dövlət büdcəsi layihəsində diqqətə çatdırılan rəqəmlər regionda ya­ranan yeni reallıqlar nəzərə alın­maqla güclü milli iqtisadi resurs­lara əsaslanır və Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı ilə bağlı mühüm əhəmiyyətə ma­lik tədbirlərin maliyyələşdirilməsi üçün zəmin yaradır. 

Qeyd edək ki, 2024-cü ilin döv­lət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün təsdiqlənən göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılan dövlət büdcəsi xərclərin­dən 3 milyard manat, nisbətdə isə 138 milyon manat çoxdur. Xərclə­rin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsi­nin gəlirləri hesabına maliyyələşdi­rilməsi nəzərdə tutulur.

Büdcə layihəsində gələn il üçün gözlənilən gəlirlərin isə 2023-cü il üçün təsdiqlənən gəlir­lər proqnozu ilə müqayisədə 283 milyon manat və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisə­də isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacağı bildirilir. Layihədə gəlirlərin qeyri-neft və neft sektorları üzrə bölgüsünün də bərabər olacağı vurğulanır. 

Bundan başqa, dövlət büdcə­sinin neft-qaz sektorunda məcmu gəlirlərinin 17 milyard 164 milyon manat proqnozlaşdırıldığı, Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqa­yisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sek­toru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunacağı nəzərdə tutulur. 

Layihədə Dövlət Gömrük Ko­mitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxil-olmalar nəzərdə tutulur ki, bunun da cari illə müqayisədə 172 mil­yon manat və ya 3 faiz çox olacağı bildirilir. 2024-cü ildə dövlət büd­cəsinin sair gəlirləri üzrə 388 mil­yon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proq­nozlaşdırılır.

Büdcə sənədində gələn ilin döv­lət büdcəsi xərclərinin 51,2 faizinin və ya 18 milyard 833 milyon mana­tının məqsədli dövlət proqramla­rının və tədbirlərin maliyyələşdiril­məsi üçün nəzərdə tutulduğu, eyni zamanda, dövlət büdcəsi xərcləri­nin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərc­lərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat (2023-cü illə müqa­yisədə 366 milyon manat və ya 6 faiz çox) məbləğində vəsait xərc­lənəcəyi də vurğulanır. 

Sonda qeyd edək ki, Böyük Qayıdışa dair birinci Dövlət Proq­ramının icrası üçün 4 milyard manat, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə əlavə olaraq 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respub­likasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Döv­lət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək. 

Bütün bunlarla yanaşı, iş­ğaldan azad olunmuş ərazilərdə ödəniləcək kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və bu yaşayış sahələrində müva­fiq strukturların yaradılması üçün 40 milyon manat vəsait ayrılacaq.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat