Beynəlxalq Forumda Azərbaycanın regiondakı rolu xüsusi qeyd olunub

post-img

Oktyabrın 26-da Tbilisidə 4-cü İpək Yolu Beynəlxalq Forumu keçirilib. 

Tədbirdə 60-a yaxın ölkədən yük­səkvəzifəli rəsmi şəxslər, xarici özəl sektor təmsilçisi də daxil olmaqla, 2000-ə yaxın nümayəndə iştirak edib.

Forumun əvvəlində nümayiş etdi­rilən sənədli filmdə Azərbaycan, Gür­cüstan və Türkiyənin birgə iştirakı ilə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz, Ba­kı-Tbilisi-Qars dəmir yolu layihələrinin, eləcə də Qara dənizin dibindən keçə­cək kabelin dünya ölkələri üçün də əhəmiyyətindən bəhs olunub.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin himayəsi ilə keçirilən Forumun əsas məqsədi İpək Yolu təşəbbüsünün təmsilçiləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri üçün əməkdaşlığın, beynəlxalq və regional ticarət əlaqələ­rinin dərinləşdirilməsi perspektivlərinin müzakirəsi məqsədilə platforma yarat­maqdır. 

Tədbir Avropa və Asiya ölkələri ara­sında ticari-iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmləndirilməsi baxı­mından ən yaxşı imkanlardan biri he­sab edilir.

Beynəlxalq tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edir. Tədbirə, həmçinin Monteneqro və Er­mənistanın hökumət başçıları da qatı­lıblar.

Gürcüstanın Baş naziri İrakli Qari­başvili son illər İpək Yolunun inkişafı, irimiqyaslı enerji, nəqliyyat və logis­tik layihələrin inkişaf perspektivləri və gələcəkdə görülməsi vacib tədbirlər barədə danışıb, regionda sülhün və sabitliyin vacibliyini xüsusi qeyd edib.

Azərbaycanın Baş naziri Əli Əsə­dov çıxışında dünyada baş verən son dəyişikliklər fonunda iqtisadi əməkdaş­lıq və nəqliyyat bağlantıları ilə əlaqədar yaranan çağırışların forumun region və bütün dünya üçün əhəmiyyətini daha aydın şəkildə göstərdiyini vurğulayıb. Əli Əsədov bildirib ki, Azərbaycan və Gürcüstan tarixən Avropa ilə Asiya ara­sında iqtisadi-ticari əlaqələrdə oyna­dıqları körpü rolunu bu gün də davam etdirməkdədir.

Qeyd edilib ki, Azərbaycan və Gür­cüstan 1990-cı illərin sonlarında Böyük İpək Yolunun bərpası konsepsiyasını ilk dəstəkləyən ölkələrdən olmuşlar. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransın keçirilməsi təşəbbüsünə ilk qoşulan Gürcüstanın ovaxtkı Prezidenti Edu­ard Şevardnadze olmuş, həmin mö­təbər konfrans 1998-ci ildə 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşki­latın və 32 dövlətin nümayəndə heyə­tinin iştirakı ilə Bakıda keçirilmişdi. Konfransın yekununda Avropa İttifaqı­nın TRACECA Proqramı əsasında “Av­ropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanmışdı.

Baş nazir Azərbaycanın regional nəqliyyat dəhlizinin inkişafı üçün gör­düyü işləri qeyd edib və müsbət nəti­cələrin əldə olunduğunu vurğulayıb. Bildirib ki, Qazaxıstandan Gürcüstan limanlarına çatdırılma müddəti ötən illərlə müqayisədə əhəmiyyətli dərə­cədə azalıb. Növbəti il üçün hədəf bu müddəti iki dəfəyə qədər (11–15 günə) endirməkdir. Bundan əlavə, bu dəhliz dünya miqyasında ən təhlükəsiz və operativ dəhlizlərdən birinə çevriləcək. Orta Dəhlizin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qa­biliyyəti ilə də sıx bağlıdır. Bu baxım­dan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamə­tində fəal iş aparılır. Gürcüstanın Poti və Batumi limanları da Orta Dəhlizin mühüm elementləridir. Eyni zamanda, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi limanının ge­nişləndirilməsi də Orta Dəhlizin fəaliy­yətinə töhfə verəcək.

Azərbaycanın Baş naziri Gürcüs­tanın da bu istiqamətdə gördüyü işlə­rin təqdirəlayiq olduğunu qeyd edib. Bildirib ki, Gürcüstanda dəmir yolları müasirləşdirilir, limanlar inşa olunur və genişləndirilir, yol infrastrukturu inkişaf etdirilir. Həmçinin Azərbaycan–Gür­cüstan əməkdaşlığının gündəliyində yeni liman infrastrukturunun yaradıl­ması məsələsi durur və Azərbaycan tərəfi bu istiqamətdə də işbirliyinə ha­zırdır. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya sahibdir. Bakı Gə­miqayırma zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi və təmiri üçün sifarişləri uğur­la yerinə yetirir, zavodun imkanlarının artırılması və mülki donanmanın geniş­ləndirilməsi üzərində fəal iş aparılır.

Əli Əsədov əlavə edib ki, region­da yaranmış yeni reallıqlar bölgədə çoxtərəfli əməkdaşlığın keyfiyyətcə yeni müstəviyə çıxması üçün yaxşı şə­rait yaradır və bütün region ölkələrinə iqtisadi və ticari dividendlər gətirəcək.

Baş nazir çıxışında Azərbaycanın və Gürcüstanın birlikdə həyata ke­çirdikləri layihələrin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi, perspektivdə isə Cənub Qaz Dəhlizi ilə Avropaya nəql olunan Azərbaycan qazının həcminin iki dəfə artırılacağı, eyni zamanda, Avropaya yaşıl enerji körpüsünün salınmasına başlandığını diqqətə çatdırıb.

Monteneqronun hökumət başçısı da ölkəsinin İpək Yoluna verdiyi diqqətdən, irimiqyaslı enerji və nəqliyyat layihələri­nin əhəmiyyətindən söhbət açıb.

Sonra forum panel iclaslarda işini davam etdirilib.

İpək Yolu Forumunun Orta Dəh­lizə həsr edilmiş panel müzakirəsin­də Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək enerji və nəqliyyat layihələ­rinin əhəmiyyətindən danışıb. Bildi­rib ki, Orta Dəhliz Şimal Dəhlizindən daha təhlükəsiz, okeanlardan isə daha sürətlidir.

İkinci paneldə çıxış edən “Bakı Bey­nəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib ki, Bakı Dəniz Limanı çox strateji məkan­da yerləşir. Limanda yaradılan şərait ekoloji cəhətdən təmiz, yüksək texno­logiyalarla və sağlamlığı təmin edən şəkildə qurulub.

Forum işini oktyabrın 27-də davam etdirəcək.

Siyasət