“Gizli müharibə” həm can alır, həm də yurda qayıdışı ləngidir

post-img

“Minadan azad dünya üçün qlobal təşəbbüs”Azərbaycanın üzləşdiyi bu problemi beynəlxalq aləmin diqqətinə çatdırır

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apararaq, torpaqlarını işğaldan azad etdi. Ordumuzun bu ilin sentyabrın 19-20-də keçirdiyi lokal xa­rakterli antiterror tədbirləri nəticəsində isə Qarabağ iqtisadi rayonunun bütün ərazisində suverenliyimiz təmin olundu. Antiterror tədbirlərinin digər mühüm nəticəsi Ermənistan ordusunun Qarabağdakı qanunsuz silahlı birləşmələrinin tərk-silah edilmələri oldu. Təcavüzkarın atıcı silahları, döyüş sursatları, o cüm­lədən ağır artilleriyası, tankları, zirehli döyüş maşınları müsadirə edildi.

19-20 sentyabr tədbirlərinin digər mühüm nəticəsi ərazilərimizin minalarla çirkləndirilməsi prosesinə son qoyulması oldu. Ermənistan ordusu tərəfindən iş­ğal müddətində ərazilərimizə piyada və tank əleyhinə saysız-hesabsız minalar basdırılıb. Bu yaxınlarda – oktyabrın 11-də ATƏT-in ənənəvi “İnsan ölçüsü” üzrə Varşava konfransında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə mina təcavüzünün insan haqlarına təsiri mövzusunda tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin ondabirinin Ermənistan tərəfin­dən məqsədyönlü şəkildə minalarla çirk­ləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdı­rıb.

Gözlənilirdi ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonra bu mənfur əmələ son qoyulacaq. Amma Qarabağda özünü qondarma “müdafiə ordusu” adlandıran, əslində isə Ermənistan ordusunun bir parçası olan qanunsuz silahlı birləşmələr yenə də mina terrorunu davam etdirdilər. Azər­baycanın bu məsələni keçirilən üçtərəfli görüşlərdə, beynəlxalq səviyyəli tədbir­lərdə dəfələrlə qaldırmasına, çağırışlar etməsinə baxmayaraq, durum dəyişmə­di. Qondarma rejim ərazilərimizi 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalarla çirkləndirməyə davam etdi. Bununla bağlı ölkəmizin müvafiq qurum­ları peykdən çəkilən görüntülər də daxil olmaqla, digər təkzibedilməz sübutlara malik idilər. Lokal xarakterli antiterror tədbirləri nəticəsində isə qeyri-qanuni re­jimin 480 kilometrlik təmas xətti boyunca təqribi hesablamalara görə, əlavə yarım milyon mina basdırdığı aşkara edilib.

Vətən müharibəsindən sonra Azər­baycan Prezidenti İlham Əliyevin Er­mənistan baş naziri Nikol Paşinyanla keçirdiyi görüşlərdə qaldırdığı əsas məsələlərdən biri də mina xəritələrinin verilməsi ilə bağlı idi. Nəhayət, İrəvan bir neçə belə xəritə verdi. Azərbaycan isə xoş məram nümayiş etdirərək Vətən müharibəsindən sonra – 2020-ci ilin de­kabrında Xocavənd rayonunda diversiya əməllərinə görə saxlanılmış erməni ya­raqlılarının bir neçəsini qarşı tərəfə təhvil verdi. Ancaq İrəvanın verdiyi xəritələrin doğruluq, dəqiqlik faizi çox aşağı idi. Belə ki, Ermənistan tərəfindən Ağdam, Füzuli və Zəngilan rayonları üzrə verilmiş mina­lanmış ərazilərinin xəritəsinin dəqiqliyinin 25 faiz təşkil etdiyi məlum olmuşdur.

Aprelin 23-də “Laçın” sərhəd nə­zarət-buraxılış məntəqəsinin yaradılması təkcə dövlətimizin öz sərhədlərinə sahib çıxması deyildi. Bununla həm də mina­ların daşınmasına son qoyuldu. Düzdür, xunta rejimi daha bir neçə ay – süquta uğrayanadək torpaq yollardan istifadə et­məklə işi davam etdirdi.

Ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi uzun, yorucu, ağır zəhmət, vaxt və böyük və­sait tələb edən işdir. Müharibənin başa çatmasından bir neçə sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agent­liyinin (ANAMA) rəsmiləri işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi üçün azı 10-15 il vaxt la­zım olduğunu bildirmişdilər. İkinci Dünya müharibəsinin başa çatmasından 80 ilə yaxın vaxt keçir. Amma Avropanın müxtə­lif ölkələrində şəhər və kəndlərində, o cümlədən Berlində hələ də partlamamış hərbi sursatlar tapılır və zərərsizləşdirilir.

Onu da qeyd edək ki, minalar “mü­haribə silahı” kimi istehsal edilsə də, əs­lində, onun qurbanlarının yalnız 10 faizi hərbçilərdir. Qurbanların 90 faizi gündə­lik həyatlarını davam etdirən, su gətirən, məktəbə gedən və ya tarlalardan məhsul toplayan günahsız insanlar, o cümlədən, qadınlar və uşaqlardır.

Torpaqlarımızın işğaldan azad edil­məsi ilə bütün Azərbaycan xalqı, o cüm­lədən keçmiş qaçqın və məcburi köçkün­lər 30 illik yurd həsrətinin də tezliklə başa çatacağını düşünürdülər. Amma mina təhlükəsi hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı ləngidən əsas amilə çevrilib.

***

Qeyd etdiyimiz kimi, ərazilərimizin Ermənistan tərəfindən minalarla çirk­ləndirilməsi və minatəmizləmə məsələsi Prezident İlham Əliyev tərəfindən diqqət­də saxlanılır. Dövlətimizin başçısı bu məsələyə dair vaxtaşırı öz mövqeyini açıqlayır. Sonuncu dəfə oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şu­rasının 53-cü iclasının iştirakçılarını qə­bul edərkən etdiyi çıxışında Prezident İlham Əliyev deyib: “Məsələnin qısa ta­rixçəsi budur. Belə bir sual yarana bilər: bəs, üç həftə əvvəl nə baş verib? Belə ki, barəsində danışdığım Bəyannamənin imzalanmasına baxmayaraq, Ermənistan onun bəndlərini yerinə yetirmirdi, halbuki ən vacib bəndlərdən birində deyilirdi ki, bütün erməni silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalıdır. Buna əməl edilmədi, həm də nümayişkaranə şəkil­də edilmədi. Hətta iki il ərzində – 2020-ci ildən 2023-cü ilin əvvəlinədək, Azərbay­canın Laçın rayonunda sərhədə nəzarət etmədiyi bir vaxtda, oraya sayı milyonlar­la ölçülən nəhəng döyüş silah-sursatları daşınıb, bu isə tamamilə yaxın vaxtlarda aşkara çıxarılıb. Minalar gətirilib, ərazi əlavə olaraq minalanıb. Bütün bunların hamısı ona gətirib çıxarıb ki, azərbay­canlılar öz torpaqlarında həlak olmağa davam ediblər. İkinci Qarabağ müharibə­si başa çatandan sonra bizim 315 nəfər hərbi və mülki vətəndaşlarımız həlak ol­muş və ağır şəkildə yaralanmışlar. Təəs­süf ki, onların sayı hər həftə artır”.

Bəli, onların sayı hər həftə artır. Elə bu yazı çapa hazırlanarkən işğaldan azad edilmiş ərazilərdə 2 mülki şəxsin minaya düşdüyü barədə məlumat yayıl­dı. Daxili İşlər Nazirliyinin və ANAMA-nın mətbuat xidmətinin yaydığı birgə məlu­matda bildirilib ki, oktyabrın 13-də Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisin­də minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib. Belə ki, tank əleyhinə mina partlayışı nəticəsində “Qa­zel” markalı maşının sürücüsü, 1987-ci il təvəllüdlü Əbilov Famil İlyas oğlu həlak olub, “Kamaz” tipli yük maşınının sürü­cüsü, 2000-ci il təvəllüdlü Bayramov Na­maz Nəbadi oğlu xəsarət alıb.

İnsan Hüquqları üzrə Müvəkkil (Om­budsman) Səbinə Əliyevanın yaydığı məlumatda isə bildirilib: “Təəssüf ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müha­ribəsinin bitməsindən ötən 3 ilə yaxın müddətdə minaya düşərək həlak olan və ya xəsarət alan şəxslərin sayı 330-u keçib və onların arasında mülki şəxslər üstünlük təşkil edir.

Mina terrorunu davam etdirən Er­mənistanın iştirakçısı olduğu beynəlxalq sənədlərə əsasən, üzərinə düşən öhdə­liklərə və bununla bağlı edilən davamlı çağırışlara laqeyd münasibət göstərmə­si, dəqiq mina koordinatlarını ölkəmizə təqdim etməməsi insanların həyatına qəsd xarakteri daşıyır. Məhz bu səbəb­dən minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsinə daha çox resurs və uzun zaman sərf olunur, yenidənqurma və qayıdış prosesi ləngiyir, eyni zamanda, işarələnməmiş minalar çoxsaylı insanla­rın həyatını itirməsinə səbəb olur. Bütün bunları nəzərə alaraq, insanların həyat və sağlamlığının müdafiəsi naminə ai­diyyəti beynəlxalq təşkilatları və dünya ictimaiyyətini ölkəmizin məruz qaldığı bu ciddi problemlə bağlı qəti mövqe nüma­yiş etdirməyə çağırıram”.

Məsələyə Xarici İşlər Nazirliyi də mü­nasibət bildirib. Nazirliyin “X” platforma­sındakı paylaşımında deyilir: “Ermənista­nın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir. Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb və qurbanların sayı 333-ə çatıb. Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənis­tanı mina basdırılan ərazilərin dəqiq xə­ritələrini verməyə çağırmalıdır”.

***

Onu da bildirək ki, Ermənistan silahlı qüvvələrinin qalıqlarının basdırdıqları mi­naların yaratdığı mənzərəni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və Azərbaycanda bu sahədəki problemlərin həllinə diqqəti yönəltmək məqsədilə bir qrup xarici QHT, vətəndaş cəmiyyəti fəalı “Minadan azad dünya üçün qlobal təşəb­büs” adlı petisiyaya başlayıb. Petisiya “Jotform” platformasında “Dünya Qafqaz­da sülh üçün” adlı beynəlxalq kampaniya çərçivəsində elan olunub. Petisiyada işti­rak etməklə və onu imzalamaqla həmin təşkilatlar Azərbaycanın üzləşdiyi mina problemi ilə bağlı məlumatlı olduqlarını bir daha nümayiş etdirirlər.

Petisiyada mina və partlamamış hər­bi sursatların mülki əhalinin sağlamlığı, həyatı və təhlükəsizliyi üçün ciddi təhlükə yaratdığı, münaqişələr başa çatdıqdan sonra da minaların insanları öldürməsi və şikəst etməsi vurğulanır. Diqqətə çatdırı­lıb ki, minalar ömürlük əlilliyə səbəb olur, ailələrin faciəsinə çevrilir.

Kampaniya BMT-yə üz tutaraq bəyan edib ki, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır. Azərbay­can da dünyanın mina ilə ən çox çirklən­miş ölkələrindəndir. Müraciətdə müxtəlif ölkələrlə yanaşı, Azərbaycana da geniş yer ayrılıb. Bildirilir ki, Azərbaycan mina problemindən xeyli əziyyət çəkir. Son 30 ildə Azərbaycanda 3400-dən çox insan mina qurbanı olub. Kampaniya müəllifləri bəyan edirlər ki, Ermənistan Azərbaycan ərazilərini minalayıb, bu proses 44 gün­lük müharibədən sonra da dayanmayıb. Azərbaycan yalnız “Laçın” sərhəd nə­zarət-buraxılış məntəqəsi qurduqdan sonra vəziyyət nəzarətə götürülüb.

Müəlliflər Ermənistanın yeni basdırıl­mış minaların da xəritələrini dərhal Azər­baycan dövlətinə təhvil verməsini tələb edirlər. Xarici QHT, vətəndaş cəmiyyəti fəalları Prezident İlham Əliyevin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “Mi­nasız dünya” məqsədinin elan edilməsi təşəbbüsünü alqışlayıblar. Onlar BMT-yə qlobal mina probleminə diqqəti artırmağı çağırış ediblər.

Yeni elan edilməsinə baxmayaraq, müraciət ciddi rezonans doğurub. Artıq 10-dək ölkədən 100-dən çox vətəndaş cəmiyyəti fəalı minalara qarşı qlobal səfərbərlik kampaniyasına qoşulub və bu problemin həllinə dəstək göstəriblər.

Göründüyü kimi, Azərbaycanın üzləş­diyi mina təhlükəsi artıq beynəlxalq alə­min də diqqətini cəlb edir. Ümid edək ki, bu cür təşəbbüslər ərazilərimizin mina­lardan təmizlənməsi prosesinə əlavə im­puls verəcək. Eyni zamanda Ermənistan, nəhayət, beynəlxalq qınaqlardan nəticə çıxararaq minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edəcək.

Hafiz SƏFİXANOV,
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri

– Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri təxminən yarım milyona qədər əlavə minanın Vətən müharibəsindən sonra 480 kilometr­lik məsafədə basdırıldığını göstərir. Azərbaycandakı mina və partla­mamış hərbi sursatların yaratdığı problemləri bir daha beynəlxalq icti­maiyyətin diqqətinə çatdırmaq üçün “Minadan azad dünya üçün qlobal təşəbbüs” adlı petisiya başladılıb. Rəhbərlik etdiyim təşkilat da kam­paniyada iştirak edir. Biz də həmin petisiyanı əməkdaşlıq etdiyimiz xarici ölkələrdəki QHT-lərə və beynəlxalq təşkilatların rəhbərlərinə göndərmi­şik. Hazırda əsasən bu məsələ ilə məşğuluq. Əlavə suallar cavablan­dırılır, başqa məlumatlar istəniləndə, onları həmin bilgilərlə təmin edir və artıq müsbət cavablar da alırıq.

Bir neçə təşkilat petisiyaya qoşul­duğunu bəyan edib. Eyni zamanda, bildiriblər ki, özləri yaşadıqları ölkələr­də və digər sosial şəbəkələrdə həmin məlumatları başqa əcnəbi QHT-lərin də kampaniyaya qoşula bilməsi üçün yayacaqlar. Başqa ölkələrdəki tanı­dığımız təşkilatlara həmin bu kam­paniyaya qoşulma ilə bağlı müraciəti göndərmişik. Zənnimcə, bu petisiya Azərbaycandakı mina problemlərinin həll olunması üçün çox vacibdir.

Nil VATSON,
Böyük britaniya­lı jurnalist və vətəndaş cəmiyyəti fəalı

– Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmiz­lənməsi ilə bağlı mühüm təşəbbüsü­nü dəstəkləmək lazımdır. Minalar bəşəriyyət üçün əsas təhlükələrdən biridir. Otuz ildən sonra ərazisini iş­ğaldan azad edən Azərbaycanda bu məsələ ilə bağlı vəziyyət xüsusilə ağırdır. Burada yüz minlərlə mina yerləşdirilib. Bərpa prosesinə başla­mazdan və insanlar evlərinə qayıt­mazdan əvvəl torpaqlar minalardan təmizlənməlidir. Ona görə də mən hamını bu mühüm təşəbbüsü dəstək­ləməyə çağırıram və Azərbaycana böyük uğurlar arzulayıram.

 

Səxavət HƏMİD
XQ



Siyasət