Üfüqdə daha uca zirvələr görünür

post-img

15 oktyabr 2003-cü il – xilaskar Prezident, müzəffər Ali Baş Komandan, yenilməz sərkərdə İlham Heydər oğlu Əliyevin seçicilərin böyük əksəriyyətinin səsi ilə Azərbaycan dövlətinin sükanı arxasına keçdiyi gündür.

Ümummilli liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız həmin gün keçirilən seçkilər­də onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək, 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. O, xalqa ilk müraciətində “Mən hər bir azərbaycan­lının prezidenti olacağam!” – demişdi. Bu illər ərzində o, verdiyi sözə əməl etdi, hər bir azərbaycanlı üçün sadəcə Prezident deyil, layiqli Prezident ol­mağı bacardı. Bu gün həmin ifadənin həqiqətə çevrildiyi tarixə şahidlik etmək hər bir azərbaycanlıya yalnız qürur his­si yaşadır.

Prezident İlham Əliyev öz varlığı, əməlləri ilə bu 20 ildə əsrə bərabər möhtəşəm bir tarixə imza atıb. Bu möhtəşəm tarixin müəllifi də, yazarı da, yaradıcısı da İlham Əliyevdir.

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq idarəçilikdə nümayiş etdirdiyi yüksək məharət, həyata keçirdiyi qətiyyətli, milli maraqlara söykənən daxili və xa­rici siyasət çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı yüksək dərəcədə art­dı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Ötən 20 ilə nəzər salanda işğal altındakı torpaqlarımızın azad olun­ması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, əlbəttə ki, bu illərin zirvəsində dayanır. Prezi­dent, Ali Baş Komandan İlham Əliye­vin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Bu illər ərzində Azərbaycan Ordu­sunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki baza­sının möhkəmləndirilməsi sahəsində atılan ardıcıl addımların nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Məhz bu ordu öz Ali Baş Komandanı­nın qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hər­bi təcavüzünə cavab olaraq qurtuluş savaşına başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürə­yi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya sənə­dinə imza atmağa məcbur oldu. Belə­liklə, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Prezident İlham Əliyevin daha bir keyfiyyətini – sərkər­dəlik məharətini üzə çıxardı. O, əmə­liyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillər­dən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasə­ti oldu. Müharibə dövründə dövlətimi­zin başçısı İlham Əliyev beynəlxalq mətbuata 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlə­rin beynəlxalq ictimaiyyətə çatdırılma­sında mühüm rol oynadı.

Bu ilin sentyabr ayında müzəffər Ali Baş Komandanın əmrləri ilə həyata keçirilən antiterror tədbirləri nəticəsin­də Azərbaycan Ordusu cəmi 23 saat ərzində düşmən üzərində qəti Qələbə­sinə imza atdı.

Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də həya­tın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilava­sitə bağlıdır. Prezident İlham Əliye­vin də vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Dövlət başçımızın praqmatik liderlik xüsusiyyətləri ilə rəhbərlik etdiyi və ölkədə bütün sahələrdə uğurla həyata keçirilən siyasət nəticəsində Azərbay­canın beynəlxalq arenadakı mövqeyi möhkəmlənib, Azərbaycan dünyada söz sahibinə çevrilib. Bu gün regionda Azərbaycanın iştirakı olmadan, onun milli maraqları nəzərə alınmadan hər hansı beynəlxalq, irimiqyaslı layihələ­rin reallaşması mümkün deyil. Azər­baycan bu gün dünyada bir çox trans­milli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşı kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP la­yihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəq­liyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib. Azərbay­can bu gün dünyanın məhdud saylı kosmik ölkələri sırasında yer alır.

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-da­imi üzvü seçilib. Özündə 120 ölkəni birləşdirən və BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulma­ma Hərəkatına sədrlik Azərbaycana keçib. Təşkilata sədrlik müddətinin daha bir il artırılması Prezident İlham Əliyevin qlobal liderlik səylərinə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi nəhəng bərpa və qu­ruculuq işləri ilə heyrətləndirir. 30 il düşmən tapdağı altında qalan torpaq­larımız məhz Prezident İlham Əliyevin əzmkarlığı ilə cənnətə çevrilir. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar.

Ölkə və xalq olaraq əldə etdiyimiz uğurların təməlində məhz onun gərgin əməyi sayəsində yaranan sağlam icti­mai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Bu illər ərzində Azərbaycan xalqı hər zaman öz liderinə – Prezidentinə güvənib və inanıb! Xalq öz Prezidenti­ni sevir! Xalq öz Prezidentinin arxasın­dadır! 

Əminik ki, bu qarşılıqlı inamla 20 ildə əsrə bərabər möhtəşəm bir yol qət edən xilaskar Prezident, müzəffər Ali Baş Komandan, yenilməz Sərkərdə cənab İlham Əliyev Azərbaycanımızı bundan sonra da üfüqdən boylanan daha uca zirvələrə aparacaqdır!

 

Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor

 

Siyasət