Ədalətin təntənəsi

post-img

Azərbaycan tarixində ən çox xatırlanan, ən çox mübahisə doğuran, ən çox böhtana məruz qalan və təhrif olunan problem Qarabağla bağlıdır. Qarabağ həm də dünya dövlətləri tərəfindən ən çox münasibət bildirilən bölgədir. Sual olunur: Bu nə ilə bağlıdır?

Tarixə nəzər salaq. Qarabağ bütün tarixi mənbələrdə Azərbaycan torpa­ğı kimi xarakterizə olunur. Şübhəsiz, bu ərazinin yerli əhalisi azərbaycanlı­lardan ibarət idi. Alban məliklikləri bu ərazidə məskunlaşandan sonra yerli müsəlman əhali ilə gəlmə xristian əha­li arasında çox zaman mübahisələr münaqişə səviyyəsinə qalxırdı. Xristi­an əhali bəzən yardım üçün hətta çar Rusiyasına belə müraciət edirdi. Qara­bağda heç bir söz sahibi olmayan er­mənilər də xristian dininin daşıyıcıları­na tərəfdar çıxır və müsəlmanlara olan düşmən münasibətini büruzə verirdilər. Qarabağda separatçı meyillər artdıqca bu əraziyə müdaxilələr üçün bəhanə yaranırdı. Səbəb kimi də, guya, xristi­an əhali incidilir, dinləri isə təqib olunur.

Çar II Yekaterina general Zubova göstəriş verərək demişdi: “Qarabağı al, ermənilərin sayını artır, orada mə­nim şərəfimə Çarqrad şəhərinin əsası­nı qoy, Alban erməni dövlətini elan et!” Göründüyü kimi, Qarabağ ərazisi ilə heç bir bağlılığı olmayan rus və ermə­nilər bu torpaqlara sahib olmaq üçün təcavüzkar planlar hazırlamışdılar. II Yekaterinanın ölümü bu müdaxilənin gerçəkləşməsini bir neçə il ləngitdi.

Müstəqil Azərbaycan xanlıqlarının vahid dövlət şəklində birləşə bilməməsi xanlıqların, o cümlədən Qarabağ xan­lığının işğalını sürətləndirdi. Doğrudur, 1805-ci il mayın 14-də rus generalı P.Sisianovla Qarabağ xanı İbrahimxəlil xan arasında 11 maddədən ibarət “Kürəkçay müqaviləsi” imzalandı. Əgər müqavilə bağlanan dövrdə ermənilər də bu ərazidə söz sahibi, yaxud bu əra­zinin sahibi olsaydılar, yəqin ki, müqa­vilədə onların adına da rast gəlməli idik. Amma müqavilədə ermənilərlə bağlı heç nə yoxdur.

1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələrinə əsasən, Şimali Azərbaycan xanlıqları Rusiya tərəfindən işğal olundu, Cənubi Azər­baycandan və Osmanlı ərazisindən yüz minlərlə erməni Azərbaycan torpaqları­na köçürüldü. Təbrizdə ermənilərin kö­çürülməsinə rəhbərlik edən İ.Lazarev haylara müraciətində deyirdi: “Ey er­mənilər, sizə şad xəbərim var.Sizə təzə vətən tapmışıq. Bu təzə vətən Qarabağ, Naxçıvan və İrəvandır”. 

Ermənilərin Qarabağa köçürülməsi dövründə çar I Nikolayın 1828-ci il mar­tın 21-də keçmiş Naxçıvan və İrəvan xanlıqları ərazisində erməni vilayətinin yaradılması haqqında verdiyi fərman onu göstərir ki, bu ərazilərdə erməni olmayıb. Əgər ermənilər bu ərazinin sakini olsaydılar, çarın fərmanına ehti­yac qalmazdı. 

Rus qafqazşünası İ. Şopen yazırdı ki, Qafqazda 1 milyon 300 min erməni yaşayır, bunların bir milyonu gəlmədir. Ermənilərin Qafqaza , o cümlədən Qa­rabağa köçürülməsi ilə bağlı çoxsaylı rus tarixçilərinin əsərləri var. Bu əsərlə­rin hər birində Qarabağ əhalisinin yerli, ermənilərin isə gəlmə olduqları xatır­lanır. Çox təəssüflər olsun ki, çarizm erməniləri Azərbaycan torpaqlarına köçürmək üçün hər cür riyakarlığa əl ataraq, XX əsrin əvvəllərində bölgədə demoqrafik vəziyyəti ermənilərin xey­rinə dəyişə bildi. Çar üsul-idarəsi azər­baycanlı əhalini öz dədə-baba torpaq­larından zorla köçürdür, erməniləri bu torpaqlarda yerləşdirir və uzun müd­dətə onları vergilərdən azad edirdi.

1918-1920-ci illərdə Azərbaycan­da müsəlman Şərqində ilk Cümhuriy­yət quruldu. Qarabağda və Zəngəzur­da ermənilər Azərbaycan qanunlarını qəbul etmək istəmirdilər. Onlar Ermə­nistanın daşnak hökuməti ilə əmək­daşlıq edirdilər. 1919-cu ilin iyulunda Şuşada Azərbaycan hökuməti ilə er­məni icması arasında razılıq əldə edil­di. Razılığın birinci maddəsinə görə, Qarabağda yaşayan erməni tərəfi Cümhuriyyət qanunları ilə yaşamağa razılığını bildirdi. Milli Hökumət Qa­rabağda əmin-amanlıq yaratmaq, er­məni yaraqlılarını bölgədən çıxarmaq, iki xalq arasında milli ədavəti aradan qaldırmaq üçün Qarabağ General Qu­bernatorluğu yaratdı. 

1920-ci ilin aprel işğalı Cümhuriy­yətin Qarabağla bağlı planlarını real­laşdırmağa imkan vermədi. Cümhu­riyyətin süqutundan sonra Zəngəzuru ələ keçirən ermənilər Sovet Rusiyası rəhbərliyinin yaxından köməyi ilə Qa­rabağı Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək üçün dəri­dən-qabıqdan çıxırdılar. Hətta 1921-ci il iyulun 4-də Rusiya Kommunist (bol­şeviklər) Partiyası Qafqaz bürosu Qa­rabağın Ermənistana verilməsi haqqın­da qərar qəbul etdi. Bir gün sonra – iyulun 5-də Qafqaz bürosu yenidən yığışaraq Azərbaycanın tərkibində qal­maqla və Şuşa şəhəri paytaxt olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin ya­radılması haqqında qərar qəbul etdi. 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması elan edildi. Beləliklə, sovet rəhbərliyi Qarabağda daim tüstülənən separatçı yuvanın yaradılmasına nail oldu. Vilayət rəhbərliyi vaxtaşırı sovet rəhbərliyi qarşısında Qarabağ məsələ­sini qaldırır və Qarabağın Ermənistana birləşdirilməsini tələb edirdilər.

Səksəninci illərin sonunda SSRİ adlanan nəhəng imperiya süqut etdi. Qarabağ erməniləri sovet dövlətinin zəifləməsi və Azərbaycan hakimiyyə­tinin qətiyyətsizliyindən yararlanaraq Azərbaycandan ayrıldıqlarını elan et­dilər. Ermənistan və SSRİ rəhbərliyi Qarabağ ermənilərini müdafiə etdilər.Erməni diasporu və erməni lobbisi Qa­rabağdakı erməniləri silah və sursat­la təmin edir, Qarabağ erməniləri isə azərbaycanlı əhalini bölgədən çıxar­maq üçün hər cür qətliam həyata ke­çirirdilər. Beləliklə, 1993-cü ilin yayına qədər erməni silahlı birləşmələri Azər­baycanın 20 faiz torpağını işğal etdilər, evindən-eşiyindən qovulan bir milyon azərbaycanlı qaçqın və köçkün həya­tını yaşamağa məcbur edildi.

1993-cü ilin ən ağır günlərində Azərbaycan xalqının tələbi ilə Hey­dər Əliyev hakimiyyətə gəldi. Heydər Əliyev Azərbaycanı qardaş qırğının­dan, vətəndaş müharibəsindən və müstəqilliyin itirilməsindən qorudu. On illik hakimiyyəti dövründə müstəqil Azərbaycan üçün əlindən gələni etdi. 

Heydər Əliyev müstəqil Azərbay­can dövlətinin qurucusu kimi tarixə düşdü. Qarabağ problemi ilə baglı nə mümkün idisə, onları etdi. Amma onu da etiraf etmək lazımdır ki, Qarabağ məsələsində ermənilərin müdafiəçilə­ri çoxluq təşkil edirdilər. Dünya Azər­baycanın haqq işini qulaqardına vurur, özünü yazıq və məzlum xalq elan edən ermənilərin göz yaşlarına inanır, onla­rın təcavüzünə haqq qazandırırdılar. Ümummilli lider Azərbaycan xalqını inandırırdı ki, Qarabağ azad olunacaq və Azərbaycanın üçrəngli bayrağı bu bölgədə şərəflə dalğalanacaq. 

Ümummilli lider 2003-cü ilin prezi­dent seçkilərində Qarabağı Azərbay­cana qaytara bilən şəxsin namizədliyi­ni irəli sürdü. Azərbaycan xalqı Heydər Əliyevin irəli sürdüyü namizədi böyük səs çoxluğu ilə prezident seçdi. 

Beləliklə, Qarabağ uğrunda Pre­zident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqının mücadiləsi baş­landı. Prezident İlham Əliyev bütün Azərbaycan xalqının Prezidenti ola bildi, xalq və iqtidar birliyini təmin etdi, Qarabağ probleminin tarixini və hüquqi əsaslarını dünyaya çatdırdı, güclü iqtisadiyyatın yaradılmasına nail oldu, özünün dediyi kimi, “hakimiyyə­tim dövründə əsgərimdən bir gün belə ayrılmadım.”

Bəli, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının taleyində və ta­rixində ölüm-dirim savaşı idi. Ali Baş Komandan xalqını əmin etdi ki, onun dünyaya gətirdiyi, tərbiyə etdiyi əsgər heç vaxt məğlub ola bilməz.Ali Baş Komandan Azərbaycanın haqq işinə mane olan və təhdid edən dövlətləri yerində oturtmağı bacardı. Ali Baş Ko­mandan hər gün işğaldan azad olunan kənd və şəhərlərlə bağlı ilk xəbəri özü elan edirdi. Azərbaycan təqribən 30 il­dən sonra Qarabağla bağlı xoş xəbər­lər və qələbə sevincini yaşadı. Vətən müharibəsində erməni ordusu ilə bağlı bütün miflər ifşa olundu, ermənilə­rin havadarları hədə-qorxuları ilə heç nəyə nail ola bilmədilər. Çünki 44 gün­lük Vətən müharibəsinin Qəhrəmanı öz fitri istedadı, qətiyyəti, cəsur, mərd və vətənsevərliyi ilə hamını heyran etdi. Torpaqlarının azad olunmasını həsrətlə gözləyən xalqını inandırdı ki, ümummilli lider Heydər Əliyevin yolu haqq yoludur. Bu yol hamını birləşdir­di. Birləşən və İlham Əliyevə səs verən xalqın torpağı işğal altında qala bilməz və qalmadı.

2023-cü ilin sentyabrında Azərbay­can öz tarixində ilk dəfə bütövləşdi, dövlətimizin suverenliyi bərpa olundu, üçrəngli bayrağımız bütün ərazilərimiz­də dalğalanmağa başladı. 100 il əvvəl Azərbaycan xalqının iradəsinin əley­hinə yaradılan muxtar qurum 2023-cü ildə tarixdən birdəfəlik silindi. Azərbay­canın dövlət başçısının dediyi kimi, Qarabağ Azərbaycandır!

2023-cü il ümummilli lider Heydər Əliyev ilidir. Heydər Əliyevin 100 illik yubileyinə ən böyük hədiyyə Qaraba­ğın azad olunması və Azərbaycanın bütövləşməsi ola bilərdi. Bəli, Azər­baycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinin quru­cusu Heydər Əliyevin ruhunu belə şad edə bilərdi və şad etdi. Müzəffər Ali Baş Komandan Azərbaycan tarixinə Qara­bağın fatehi kimi daxil oldu. Uğurunuz mübarək, müzəffər Ali Baş Komandan!

Anar İSGƏNDƏROV,
Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor

Siyasət