Dünən qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri – Vaqif Xaçaturyanın cinayət işi üzrə ilk iclas keçirilib.
Yasamal Rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ona hüquq və vəzifələri izah edilib. Vaqif Xaçaturyanın hüquqlarını Vəkillər Kollegiyasının üzvü Natiq Bəybalayev müdafiə edir.
Prosesdə dövlət ittihamçıları Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov və ədliyyə müşaviri Cövdət Mehrəliyevdir. Zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi, eləcə də zərərçəkən Bəhlul Hümbətovun hüquqi varisi Meşəli kənd sakini Hüseyn Hümbətov iştirak ediblər.
Dövlət ittihamçısı M.Sultanov prosesin məhkəmə baxışına verilməsini təklif edib. Məhkəmə müşavirəyə gedib. Sonra məhkəmənin baxış iclası oktyabrın 17-nə təyin edilib.
Vaqif Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə təqsirləndirilir.
Xatırladırıq ki, Vaqif Xaçaturyanın iştirakı ilə millətçi ermənilərdən ibarət silahlı banda Meşəli kəndində yerli azərbaycanlılara qarşı soyqırımı, təqib etmə, didərgin salma və digər hüquq pozma cinayətləri törədib. Ümumilikdə, 27 nəfər öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər girov götürülüb.
2013-cü il noyabrın 21-dən axtarışda olan V.Xaçaturyan 2023-cü il iyulun 29-da “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.
XQ