AŞPA-nın “qətnamə” məntiqi və ya ermənipərəstlik sindromu

post-img

Qurumun Azərbaycana qarşı qərəzi sivil dəyərləri aşağılamaq üzərində qurulub

“Avropa Şurasının Parlament Assambleyası Azərbaycan ərazisinin xeyli hissəsinin hələ də Ermənistan silahlı qüvvələri ilə mübarizədə olduğunu və Dağlıq Qarabağa hələ də separatçı qüvvələrin nəzarət etdiyini bildirir. Qurum, eyni zamanda, hərbi əməliyyatların, bundan əvvəl başlamış və kütləvi xarakter almış etnik zərərçiliyin qorxunc etnik məhsul məfhumunu xatırladır, bir dövlətin ərazisindən regional ərazinin ayrılmasını və onun başqa dövlətə de-fakto birləşdirilməsi halının yaşandığını qeyd edir. AŞPA azlıqların yaşadıqları regional ərazilərin ayrılmaq hüququna malik olan iddiaları rədd edir”. 

Ola bilər, 2005-ci il yanvarın 25-də AŞPA-nın qəbul etdiyi “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsindəki münaqişə” adlı 1416 saylı qətnamədəki bu hissələr dəyərli oxucularımızı təəccübləndirdi. Əminik ki, daha böyük təəccüb hissini yazımızı oxuduqca yaşayacaqsınız. Məqalə AŞPA-nın “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı 12 oktyabr 2023-cü il tarixli qətnaməsi və eyni adlı tövsiyəsi barədədir. O qətnamə ki, onun ilk cümləsi 2005-ci ilin analoji sənədini təkzib edir və Azərbaycanın sentyabrın 19-da başladığı və cəmi 23 saat 43 dəqiqə çəkmiş lokal xarakter­li antiterror tədbirlərini pisləyir. Nəinki pisləyir, habelə, orada “Dağlıq Qara­bağa qarşı hərbi əməliyyatlar” ifadəsi işlədilməklə, bölgəni ayrıca subyekt kimi göstərir. Beləliklə, separatçılığın leqallaşdırılması yolunu tutur. Halbu­ki, 2005-ci ilin qətnaməsində Qaraba­ğın separatçıların nəzarətində olduğu vurğulanırdı. Hər halda, özünütəkzibin bundan böyük nümunəsi ola bilməz.

AŞPA, eyni zamanda bildirir ki, Qarabağın, demək olar, bütün əhalisi fiziki məhv təhlükəsi və Azərbaycanın anti-erməni siyasəti səbəbindən öz vətənlərini tərk edib və burada etnik tə­mizləməyə əsaslı şübhə var. Birincisi, “Vətən” anlayışının hansı əraziyə şamil edildiyi maraqlıdır. Hər halda, qurumun Azərbaycanı nəzərdə tutmadığını söy­ləmək üçün əsaslar kifayət qədərdir. Di­gər yandan, sırf bu deyimdə də 2005-ci ilin qətnaməsi ilə ziddiyyət təşkil edən məqamların olduğu aşkardır. Məsələnin üzərində geniş dayanmadan AŞPA-nın etnik təmizləmə şübhəsinin nədən qaynaqlandığına aydınlıq gətirək. Hər halda, nəyisə xüsusi sübuta yetirməyə ehtiyac yoxdur. Ermənistan rəhbərli­yi və ermənipərəst dairələrin gündəlik leksikonunun AŞPA-ya transformasiya olunduğu göz önündədir. 

***

Başa düşmək olmur, Azərbaycanın öz öhdəliyini yerinə yetirə bilməməsi nə deməkdir? Yəni, AŞPA öhdəlik dedikdə nəyi nəzərdə tutur ki, qətnamədə bunun baş verməməsinə görə ölkəmizin qu­rumun 2024-cü ildə keçiriləcək ilk ses­siyasında iştirakının ən azı müvəqqəti olaraq dayandırılmasına səs verməkdən başqa yolun qalmayacağı bildirilir? Əs­lində, suala cavab yoxdur. Sanki, sənəd­də seçilmiş bütün sözlər Azərbaycanı hansısa formada mənfi yöndə təqdim etməyə yönəlib. Baxın, orada bildirilir ki, assambleya Avropa Şurasının Nazirlər Komitəsini, AŞ dövlətlərinin üzərinə gö­türdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı 1994-cü il bəyannaməsi əsasında, Azərbaycan üçün monitorinq aparmağa çağırır. Hələ bilinmir ki, bu çağırış dəyər­ləndiriləcək ya yox, amma ölkəmizin nümayəndə heyətinin AŞPA-dakı iştira­kının müvəqqəti dayandırılması məntiqi işə salınır. Yəni, ortada belə bir qey­ri-korrekt davranış, yaramaz məntiq var. Bu məntiq isə şübhəsiz ki, Azərbaycanı cəzalandırmaq ritorikası üzərində qu­rulub. Həqiqətən, seçilmiş ton da anor­maldır. Ortada Ermənistan rəhbərliyinin yağdırdığı hədyanı eyni ilə qətnaməyə köçürmək kimi rəzil durum var.

***

Yenə də öhdəlik. Asssambleyanın qətnaməsində bildirilir ki, qurum Azər­baycanın sentyabrın 19-da başladığı hərbi əməliyyatlar və Laçın dəhlizinin blokadası nəticəsində yaranmış böhran səbəbindən son iki həftə ərzində 100 min 600-dən çox erməninin Qarabağı tərk etməsindən narahatdır. AŞPA vur­ğulayır ki, faciəli mühacirət yeni reallıq kimi qəbul edilməməlidir və Azərbaycan Avropa Şurasının əsas dəyərlərinə sa­diq qalmalı və üzərinə götürdüyü öhdə­likləri yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməlidir.

Bəli, Azərbaycanın AŞ-yə daxil olarkən üzərinə götürdüyü öhdəlik­lər var. Bunlara başlıca olaraq, insan hüquqlarının təminatı, sərbəst toplaş­maq, söz və ifadə azadlığı daxildir. Yəni, sadalanan dəyərlər bir ölkənin suveren hüquqları daxilinə aiddir. AŞPA özünün 2005-ci il qətnaməsində Qarabağa se­paratçıların nəzarət etdiyini bildirib. Bəli, həqiqətən də, durum belə idi. O zaman düşünməyə əsas var ki, ən azı 2005-ci ildən indiyədək həmin ərazidə Azərbaycanın yurisdiksiyası bərqərar olmamışdır. Lokal xarakterli antiterror tədbirləri ölkəmizə suverenliyini qazan­dırdığı kimi, AŞPA-nın 18 il əvvəl çıxar­dığı qətnamənin də icrasını təmin edib. Bu proses əsnasında bölgənin erməni əhalisi Qarabağı tərk edibsə, Azər­baycan nə etməlidir? Axı, əvvəlcədən həmin əhaliyə müraciət ünvanlandı, dəfələrlə reinteqrasiya çağırışları irəli sürüldü. Məsələyə əhəmiyyətsiz yana­şılırsa, bunun günahı ölkəmizdədirmi? 

AŞPA qətnamə çıxarıb pisləmək yox, Qarabağın erməni əhalisinin bölgə­də qalacağı təqdirdə, Azərbaycana ça­ğırış edə bilərdi ki, həmin əhalinin təməl hüquq və azadlıqlarına hörmətlə yana­şılsın və s. Yəni, bunu müəyyən qədər anlayışla qarşılamaq olardı. Bölgədə erməni qalmayıbsa, yuxarıda barəsin­də söz açdığımız monitorinq məntiqi də mənasızdır. Nəyin monitorinqi aparıla­caq? Xankəndinin, Ağdərənin və başqa yerlərin boş görüntülərinin? Əlbəttə, belə qərəz varsa, monitorinqçilər gedib küçələrdə insan ruhlarını gördüklərini və onlara qarşı etinasız yanaşıldığı id­diasını da irəli sürə bilərlər... 

***

AŞPA-nın qətnaməsində Azərbay­canı Qarabağın erməni əhalisinin geri qaytarılması və onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlər görməyə çağırırlar. Sual olunur: niyə getmişdilər, nə üçün qayıdırlar? Olmazdımı ki, get­məsinlər? Görünür, olmazmış. Məsələ burasındadır ki, Qarabağın tez bir za­manda ermənisizləşdirilməsi planı böl­gə ilə bağlı avantürizmin davamı idi. “Plan” Fransa başda olmaqla, dünya erməniliyi tərəfindən çox incə şəkildə hazırlanıb. Təxminən belə: Qarabağ boşalacaq, sonra Azərbaycana təz­yiqlər ediləcək ki, ölkəmiz onların geri qayıtmaları üçün beynəlxalq təminata razılıq versin. Beynəlxalq təminat qis­mində isə BMT-nin sülhməramlıları gö­türülür. Yəni, faktiki olaraq, Qarabağ er­mənilərinin ayrıca imtiyazlı təbəqə kimi nəzərdə tutulması məntiqi üzərində da­yanılır. Yəni, Ermənistan rəhbərliyinin lokal xarakterli antiterror tədbirlərinədək irəli sürdüyü ideya dəstəklənir. Haqqın­da söz açdığımız avantürizmin davamı da elə budur. Deməli, rəsmi İrəvanın, Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələsi ikinci plana keçir. AŞPA isə Fransanın və di­gərlərinin ermənipərəstlik ssenarisində alətə çevrilir. Əlbəttə, söhbət bölgəyə BMT sülhməramlılarının yeridilməsi və onların Qarabağ ermənilərinin həyat təminatına nəzarəti həyata keçirmələ­rindən gedirsə, deməli, “erməni təəs­sübkeşliyinin” bir məqsədi də bölgədə Rusiyaya qarşı alternativlikdir. 

***

Bəli, bir daha AŞPA-nın 2005-ci il qətnaməsində Qarabağın separatçıla­rın nəzarəti altında olduğunun bildirildi­yini xatırlatmağa ehtiyac duyuruq. Niyə? Ona görə ki, qurumun hazırkı qətnamə­sində assambleya Azərbaycanı Qara­bağın bütün həbs olunmuş nümayən­dələrini azad etməyə çağırır. Başa düşmək olmur, ölkəmiz nəinki 2005-ci ildən, ondan 15 il əvvəldən bölgədə lövbər salmış separatçıları və onların ardıcıllarınımı azad etməlidir? Bəlkə müharibə canilərini, insanlıq əleyhinə cinayətlər, soyqırımıları törətmiş şəxs­ləri azad buraxmağımız AŞPA-dakılara həzz yaşadacaq? Əgər belə bir durum varsa, qurumdakıların psixi vəziyyət­lərini yoxlamağa ehtiyac duyulmaqda­dır. Təsəvvür edin, Qarabağdakı sabiq separatçı rejimin rəhbərlərindən olan Araik Arutyunyan özü efirə çıxıb Azər­baycanın Gəncə şəhərinə raket hücu­muna əmr verdiyini deyir və bununla da onun onlarla dinc sakinin ölümündəki təqsiri sübuta yetirilmiş olur, AŞPA-dakı “ağıl dəryaları” deyirlər ki, Azərbaycan hökuməti onu azad etməlidir? Bu nə yanaşmadır, nə təəssübkeşlikdir? Hələ qurumun erməni təəssübü bununla bit­mir. Sən demə, ölkəmiz digər erməni hərbi əsirlərini də azad etməli, ermə­ni mədəni mirasını qorumalı imiş. Hər halda, AŞPA-nın qətnaməsinə bunlar da daxil edilib. Görəsən, hansı erməni mirasından söhbət gedir? Qurum Bakı­nın mərkəzində erməni kilsəsinin hələ də qorunduğunu niyə nəzərə almır? Bu, bir yana, AŞPA Azərbaycanın illərlə işğal altında qalmış bölgələrindəki abi­dələrə qarşı barbar münasibətə hansı səbəbdən reaksiya vermir?

AŞPA əmindir ki, münaqişə yalnız sülh yolu ilə, orada yaşayan hər bir insanın hüquqlarına tam hörmətlə həll oluna bilər. Mövcud xüsusda assamb­leya Azərbaycanı Ermənistanla sülh şəraitində yaşamağa hazır olduğunu nümayiş etdirməyə çağırır. Başa düş­mək olmur ki, hansı səbəbdən çağırış Azərbaycana ünvanlanmalıdır? Məgər, Bakı İrəvana sülh çağırışı etməyib? Dəfələrlə edib və bunun qarşılığında Azərbaycan torpaqlarında separatçı re­jimin fəaliyyət göstərdiyini, özünü ayrı­ca dövlət kimi təsəvvürə gətirdiyini, hər cür təxribat əməllərinə əl atdığını, mina terrroru gerçəkləşdirdiyini görüb. AŞPA bunu nəzərə alırmı? Təəssüf ki, yox! 

Digər tərəfdən, assambleyanın öz qətnaməsində ölkələrin suverenliyinə, ərazi bütövlüyünə əsaslanan və milli yurisdiksiya çərçivəsində regional ka­nalların açılmasına dair çağırış səslən­dirməsi ilə yuxarıda sadalananlar bir-bi­rinə ziddir. Hər halda, qurum Qarabağda hər iki ölkənin milli yurisdiksiyasının işlənməsini nəzərdə tutmur. Hərçənd, bunu şübhə ilə bildiririk. Qətnaməsində “Qarabağa hücum” ritorikasını qabar­dan AŞPA-nın ermənipərəstlik naminə hər şeyi edə biləcəyi aşkardır. Qurum bildirdiyi kimi, həm Ermənistandan, həm də Azərbaycandan Alma-Ata Bə­yannaməsi əsasında bir-birinin ərazi bütövlüyünə və suverenliyinə, habelə sərhədlərin toxunulmazlığına hörmətlə yanaşma gözləyirsə, o zaman, gərək, Qarabağ erməniləri ilə bağlı məsələdən ümumiyyətlə söz açmasın. Deməli, İrə­van sözügedən Alma-Ata Bəyannaməsi ilə necə manipulyasiya edirsə, eyni yolu AŞPA da tutmaqdadır. 

Qətnamədəki daha bir maraqlı məqama diqqət yetirək. Bəri başdan deyək ki, məhz bu məqam sənədin ermənipərəst mahiyyətini vurğulamaq baxımından son dərəcə vacibdir. Təsəv­vür edin, Ermənistan baş naziri Nikol Paşinyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata imza ataraq, Azər­baycanın digər rayonları ilə Naxçıvanı birləşdirən yolun açılmasını, həmçi­nin bu yola nəzarətin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən ger­çəkləşdirilməsini təsdiqləyir, AŞPA isə vurğulayır ki, Ermənistanın iradəsinə zidd və ölkənin milli maraqlarına xələl gətirməklə, Naxçıvanla mümkün əlaqə yaratmaq olmaz. 

Göründüyü kimi, bu müddəa İrəva­nın üzərinə götürdüyü öhdəliklərdən yayınmasına beynəlxalq platformalarda haqq qazandırmaq niyyətindən başqa bir şey deyil. Ancaq yaxın tariximiz öz imzasından yayınanların uşaq davra­nışlarının, qeyri-ciddiliklərinin hansı acınacaqlı aqibəti doğurduğunun canlı şahididir. Bu fikri ona görə deyirik ki, AŞPA-nın heç bir hüquqi gücü olmayan qətnamələri məsuliyyətin sərt sifəti ilə üzləşməkdən sığortalamır. 

Əlbəttə, Ermənistan hakimiyyəti AŞ­PA-nın qətnaməsinə bənzər sənədləri uğur kimi qiymətləndirə bilər. Onun belə sənədlərin təsiri ilə eyforiyaya qapılması da mümkündür. Yəni, kimlərisə ələ alıb Azərbaycan əleyhinə iş çevirmək hələ nəsə demək deyil. Çünki məsuliyyət sərt sifətli olduğu kimi, həqiqət və reallıq da eyni təbiətə malikdir. Hazırda Ermə­nistan hakimiyyəti, dünya erməniliyi və Fransa başda olmaqla, xaricdəki ermə­nipərəstlər mənasız, lakmus kağızına bənzər qətnamələrlə, guya ölkəmizə qarşı cəbhə açdıqlarını, beləliklə real­lıqlara meydan oxuduqlarını düşünürlər. Heç şübhəsiz, beynəlxalq müstəvidəki son güllələrini atmaqla məşğuldurlar. Necə ki, AŞPA-nın haqqında lap əvvəl­dən söz açdığımız 2005-ci il qətnaməsi heç nəyə kömək eləmədi, yəni Azər­baycanın torpaqları daha 15 il də işğal­da qaldı, qurumun həmin sənədi təkzib edən 12 oktyabr tarixli qətnaməsi də nə­yisə dəyişən deyil. 

***

Sonda AŞPA-nın məlum qətnaməsi­ni əhəmiyyətsiz sənəd kimi vurğulayan ritorikanı ifadə tərzi baxımından bir qə­dər də “zənginləşdirmək” istərdik. He­sab edirik ki, bu nöqteyi-nəzərdən ən ideal qiyməti biz yox, erməni siyasiləri versələr, daha yaxşıdır. Məsələn, Er­mənistan parlamentinin keçmiş depu­tatı Naira Zöhrabyanın söylədiklərinə nəzər salaq: “AŞPA-nın qətnamələri, Avropa Parlamentinin qətnamələri kimi, hüquqi qüvvəyə malik deyil. Azərbay­cana qarşı konkret sanksiyalar təklif ediblərmi? Bir neçə gün əvvəl Avropa Parlamenti daha irəli gedərək, Avropa Birliyinə Azərbaycana sanksiyalar tət­biq etməyi tövsiyə etdi. AB Azərbayca­na qarşı sanksiyalar tətbiq etdimi? Təbii ki, yox! Üstəlik, AB liderləri bəyanat ver­məkdə davam edirlər. Onların Azərbay­cana sanksiyalar tətbiq etmək planları yoxdur”. N. Zöhrabyan onu əlavə edib ki, belə qətnamələr adi kağız tullantıla­rıdır, zibildir. Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət