Məmməd Araz – 90
1983-cü il mart ayının 22-də, axşamüstü “Məmməd əmi” dediyim ən sevimli şairim Məmməd Araz sözümü yerə salmayıb bizə gəldi. Yaşadığımız Bayıl ərazisi bir gün qabaqdan qatı ağ dumana bürünmüşdü. Elə bu misraları da onda yazmışdım:
Sabah, sabah Məmməd Araz bizə gələcək,
Bütün günü duz çevirir başına duman.
Bayram plovundan sonra dostların iştirakı ilə şairlə şirin söhbətimiz başladı.
– Məmməd müəllim, “Azərbaycan – dünyam mənim” şeirinin yaranması barədə danışardınız. Necə oldu ki, o bənzərsiz, misilsiz şeiri yazdınız?
– Nə bilim, vallah?! O şeirlə Azərbaycanın şəklini, coğrafi mənzərəsini verməyə çalışdım:
Azərbaycan– qayalarda bitən bir çiçək,
Azərbaycan– çiçəklərin içində qaya.
Mən o şeirə adi qoşqularımdan biri kimi baxıram.
– Amma hər dəfə oxuyanda vətəndaşlıq hisslərimiz təzələnir, canlanır. Sizi ki, oxucular başa düşürlər, xoşbəxt adamsınız, Məmməd müəllim. Sizin “Dünya sənin, dünya mənim...”, “Haqqın yoxdu, haqqın var”, “İlhamım”, “Mən yollarda öləcəyəm” və başqa sanballı, ləngərli şeirləriniz də çoxdur.
– Mənə qalsa, “Sahibsiz qəbirlər” şeirini üstün tutardım, nəinki “Dünya sənin, dünya mənim...” kimi şeirləri... Hərənin öz fikri var. “Sənət yarışında, söz yarışında, Yüzümüz bir Sabir deyilik hələ”, “Bir də azarkeşlər diliylə desək, Çoxumuz oynayır B qrupunda...” mənə daha doğmadır.
– Siz yazmısınız: “Ürəyimsiz kəlmə yazan deyiləm”. Biz oxucular sizin həmişə ürəklə yazdığınızı görmüşük. Əsasımız var, ona görə deyirik.
– Belə olmağı yaxşıdı (gülür)...
Sonra şairdən şeir deməsini xahiş etdik. “Yadımda qalmayıb” – dedi. Şeirlərini bir-bir yada saldıq. “Sən”, “Salamat qal”, “Əlvida dağlar”, “Ana torpaq, hər daşına üz qoyum”, “Təklikdə çaylaq daşıyam” şeirlərini lentə aldıq. O vaxtadək şairin öz səsində bir şeiri belə yox idi. “III M.Araz Poeziya günü”nü keçirdiyimiz zaman – şairin 85 illiyində mən həmin şeirləri ictimailəşdirdim, radio və televiziya proqramlarına verdim.
2002-ci ildə birlikdə rayona anamın görüşünə gedəndə şair məftillərlə çəpərlənmiş həyətin taxta qapısını açıb, ikiotaqlı kiçik evi qəribə nəzərlərlə süzmüşdü. İndiyədək o baxışları unuda bilmirəm. “Bəlkə şairin uşaqlığı belə bir evdə keçib? Bizim ev kənddəki evlərini, uşaqlığını yadına salıb, yoxsa?” – deyə düşünmüşdüm. Bu haqda ondan, nədənsə, nə o vaxt, nə də sonralar heç nə soruşmadım. Uzun illərdən bəri xəstəliyinin acısını yaşayan şair çətinliklə də olsa, evə qalxıb, həyat yoldaşı Gülxanımla bərabər yaşlı anamla görüşmüş, həyətə düşüb qollu-budaqlı gilas ağacının altında süfrə arxasında əyləşmişdilər. O zaman Cənub televiziyası fürsəti qaçırmadı. Gəlib şairlə söhbətimizdən bir saatlıq veriliş hazırladı.
2004-cü ilin 1 dekabrında şair vəfat edəndən sonra elə həmin qış gilas ağacı qurudu... İbtidai məktəb təhsili belə olmayan anam bu gün də şairin şeirlərini deyir, onları zümzümə ilə oxuyur...
Çoxillik müsahibələrində görmüşdüm ki, gözəl bir poetik deyim Məmməd Arazı vəcdə gətirir, yerindən oynadırdı. Yaxşı əsər oxuyanda sevinc dolu həyəcanını boğa bilmirdi. İşdə otaqlarımız iç-içə idi. Bir dəfə məni səsləyib Ramiz Rövşənin yenicə dərc olunmuş “Süd dişinin ağrısı” poemasını göstərərək heyranlıqla: “Zalım, gör, neyləyib e!.. Yaman yazıb!” deyə heyrətini bildirdi. Poema onu əməlli-başlı təsirləndirmişdi.
Ustad şair yeniliyə, gəncliyə açıq idi. Neçə-neçə cavan şairə “Uğurlu yol” yazmış, zəmanət vermişdi. 1991-ci ildə baş redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalının bir nömrəsini hazırlamağı mənə tapşırmasını xahiş edəndə (mən bu jurnalda çalışırdım) “yox” demədi. Jurnalın 2-ci sayına o, ön söz yazdı, mən son sözlə tamamladım. 30 illik publisistik fəaliyyətinin bəhrəsi olan “Sənətdə son mənzil olmur” kitabına ön söz yazmağı, uşaqlar üçün yazdığı “Şikayət dəftəri” kitabına redaktorluğu da mənə etibar etdi. Yazdığı şeirləri oxuyar, fikrimizi nəzərə alardı. Avtoqrafla verdiyi kitablarının birində yazmışdı: “Əminin şair oğlu, sərt tənqidçisi, etibarlı dostu Qardaşxana”. Bu, mənim ən böyük sənət mükafatım oldu.
Qardaşxan ƏZİZXANLI,
şair-publisist