Bu fundamental tədqiqatı 7 dövlətin 35 müəllifi ərsəyə gətirib
Bu günlərdə türk dövlətlərini bu ölkələrin qarşılıqlı əməkdaşlıqları nəzərə alınmaqla bir platformada iqtisadi cəhətdən xarakterizə edən “Türk dövlətləri iqtisadiyyatı” adlı kitab çapdan çıxıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkmənistanın iqtisadiyyatlarını əhatə edən nəşr türk dünyası tarixində ilk sistemli fundamental elmi əsərdir.
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Türk Dövlətləri Təşkilatı (TDT) Katibliyinin birgə nəşr etdirdiyi “Türk dövlətləri iqtisadiyyatı” kitabı müasir qloballaşma dövründə türk dünyasının iqtisadi birliyinin elmi-nəzəri əsasları kimi xüsusi əhəmiyyət kəsb edir. Qloballaşma və antiqloballaşma kimi cərəyanların kəskin mübarizəsi şəraitində, dünya dövlətlərinin türk dünyasına və İslam aləminə birmənalı münasibət bəsləmədiyi indiki zamanda yuxarıda sadalanan 7 dövləti təmsil edən 35 müəllifin iştirakı ilə belə bir fundamental əsərin ortaya qoyulması olduqca mühüm önəm daşıyır. Əsas təşəbbüskarı və aparıcı dövləti Azərbaycan və Türkiyə olan TDT-yə üzv ölkələrin iqtisadi birliyi və sürətli inteqrasiyası dövlət başçıları tərəfindən hər zaman ən ümdə vəzifə kimi qarşıya qoyulur. İİTKM-in təşəbbüsü ilə “Türk dövlətləri iqtisadiyyatı” adlı zəngin bir kitabın hazırlanması da məhz dövlət başçısı cənab İlham Əliyevin türk dünyasının birliyi istiqamətində verdiyi tapşırıqlardan, qarşıya qoyduğu vəzifələrdən irəli gələn bir zərurətdir.
Türkiyədə fəaliyyət göstərən “Nobel” akademik nəşrlər şirkəti tərəfindən nəşr edilən “Türk dövlətləri iqtisadiyyatı” əsəri ilkin olaraq 2023-cü il sentyabrın 15-də Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Əməkdaşlıq üzrə İşçi qrupun 14-cü görüşündə təqdim olunub. Sentyabrın 25-də isə İİTKM-in evsahibliyi ilə TDT-nin Baş katibi Kubanıçbek Omuraliyevin, türk dövlətlərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirlərinin, ölkəmizin bir sıra tanınmış elm adamlarının, eləcə də azərbaycanlı müəlliflərin iştirakı ilə “Türk dövlətlərinin iqtisadiyyatı” kitabının təqdimat mərasimi keçirilib.
Göründüyü kimi, kitab yalnız Azərbaycanda deyil, bütün türk dünyasında müsbət rezonans yaradıb. Adıçəkilən dövlətlərin aparıcı beyin mərkəzləri tərəfindən birgə hazırlanan nəşr türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-tranzit, investisiya, “yaşıl” iqtisadiyyat, iqlim dəyişikliyi ilə bağlı məsələlər, rəqəmsallaşma və müasir tələblərə uyğun tərəfdaşlığın inkişafı baxımından faydalı bir mənbədir. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının redaktorluğu ilə ərsəyə gələn, yeddi türk dövlətinin iqtisadi xarakteristikasını əks etdirən “Türk dövlətləri iqtisadiyyatı” kitabı türkdilli dövlətlərin iqtisadi əməkdaşlığını və bu əməkdaşlığın iqtisadi inkişafa təsirini dərindən araşdıran zəngin bir əsərdir. Kitabda bütövlükdə türk dünyasının iqtisadi vəziyyəti, türk dövlətlərinin birgə əməkdaşlığı, hər bir dövlətin türk dünyasında və regionda həyata keçirdiyi inkişaf strategiyası təqdim olunub.
Kitabın birinci fəslində türk dövlətlərinin iqtisadi əməkdaşlığının əsasları araşdırılır. Türk dövlətləri çərçivəsində formalaşan iqtisadiyyatın müxtəlif aspektlərinə, xüsusilə institusional əsaslara və tədbirlərə diqqət yetirilir, onların “World Vision - 2040” çağırışlarına uyğun iqtisadi mənzərəsi təsvir olunur. Bu fəsildə türk dünyası ölkələrinin iqtisadiyyatlarının mikro və makro səviyyəsi hərtərəfli və müqayisəli təhlil edilir. Həmçinin ölkələrin çoxtərəfli ticarət münasibətlərinin inkişafı ətraflı izah olunur. Kitabda türkdilli ölkələrə xarici investisiyanın cəlb edilməsi və ticarətə təsir edən “Qravitasiya modeli”nin tətbiqi oxucuların diqqətinə çatdırılır. Bundan əlavə, müəlliflər Zəngəzur dəhlizinin region ölkələrin iqtisadiyyatlarına təsirini və dəhlizin gələcək perspektivlərini təqdim edirlər.
Bu unikal əsərin ikinci hissəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstan iqtisadiyyatlarının türk dünyasındakı rolları kontekstində ölkələr üzrə təhlilinə diqqət yetirilir. Müəlliflər bir sıra iqtisadi amilləri, o cümlədən ticarət tendensiyalarını, investisiya modellərini, fiskal və monetar siyasətləri, ÜDM, adambaşına düşən ÜDM, PPP əsasında ÜDM, ÜDM-nin artımı, nəqliyyat və logistika sənayesini geniş təhlil edirlər. Bundan başqa, kitabda hər bir ölkənin türk dünyası ilə ticarət əlaqələri araşdırılır, onların öz iqtisadiyyatlarına təsir edən regional və milli meqalayihələr dəyərləndirilir, digər türk dövlətləri ilə əməkdaşlıq və tərəfdaşlıq statusu tədqiq olunur. Kitabda hər bir ölkənin digər türk dövlətləri ilə gələcək potensial əməkdaşlıq istiqamətləri araşdırılır, ayrı-ayrı ölkələrə xas iqtisadi mühitlər, ölkələrin türk dünyasındakı əhəmiyyəti, regional və qlobal əməkdaşlıq, həmçinin inkişaf imkanları haqqında maraqlı detallar geniş şəkildə tədqiq olunur.
Müəlliflər türk dövlətlərinin hər birinin son 10 ili əks etdirən iqtisadi dinamikasını, milli iqtisadiyyatların spesifik xüsusiyyətlərini təhlil edir və iqtisadiyyatın müəyyən sektorlarına təsir imkanlarını nəzərdən keçirirlər. Bu fəsildə türk dövlətlərinin qarşılıqlı iqtisadi münasibətləri, ixrac-idxal əməliyyatlarının statistikası və ticarət dövriyyəsi təhlil edilir. Kitabda qeyd edilir ki, son illər türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində nəzərəçarpacaq artımlar müşahidə olunmaqdadır və bu artımların davamlı olacağı gözlənir.
Əsərdə xüsusilə vurğulanır ki, türkdilli ölkələr arasında həm çoxtərəfli, həm də ikitərəfli formatlarda strateji əməkdaşlıq əlaqələri qurulub və iqtisadi münasibətlər çərçivəsində dövlətlər arasında yüksək səviyyəli razılıqlar əldə olunub, müvafiq müqavilələr imzalanıb. O cümlədən, türk dünyası ölkələrinin investisiya mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın çiçəklənməsi, qarşılıqlı iqtisadi-siyasi əlaqələrin sürətlə dərinləşməsi və dünya dövlətləri arasında ən mühüm ticarət yolunun sahibinə çevrilməsi hədəfini reallaşdırmaq üçün atılan addımlar da müzakirə edilib.
Kitabda Zəngəzur dəhlizinin türk dövlətləri üçün yeni imkanlar açdığı, ölkələr arasında ticarət dövriyyəsinin və beynəlxalq logistika sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi öz əksini tapıb. Zəngəzur dəhlizinin açılması türk dünyası ölkələri arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yükdaşımaların həcminin artırılması üçün yeni imkanlar yaradacaq. Həmçinin türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini daha da artıracaq.
Müəlliflər “Türk dövlətləri iqtisadiyyatı” kitabında türkdilli dövlətlərin iqtisadi inkişaf dinamikasını, perspektivlərini, davamlı inkişaf və regional inteqrasiya imkanlarını hərtərəfli şəkildə oxuculara izah edirlər. Türk dünyası dövlətləri arasında iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlıq proqramları həm tələbələr, magistrantlar və siyasətçilər, həm də türk dünyası alimləri üçün əvəzolunmaz mənbə rolunu oynayır.
Bütün bunlarla yanaşı, kitab türk dövlətlərinin iqtisadi inteqrasiya və inkişaf axtarışlarında qarşılaşdıqları çətinlik və imkanların hərtərəfli təhlilini təqdim edir. Əsər regionun iqtisadi və sosial dinamikası haqqında məlumat verir və iqtisadi əməkdaşlıq və inkişaf məqsədinə nail olmağa kömək edə biləcək əsas strategiya və siyasətləri müəyyənləşdirir.
Urxan ƏLƏKBƏROV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik