2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı ordu illərlə işğal altında qalan torpaqlarımızı düşməndən qarış-qarış təmizlədi, Vətən bütövləşdi. Məhz o günlərdə dövlət başçısı xalqın ürəyindən keçən sözləri deyirdi: “Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərir”. Məhz o güc Vətən müharibəsindən keçən 3 ilin tamamında ərazi bütövlüyü üzərində dövlətin suverenliyini təmin etdi.
Bu gün Qarabağda baş verənlər, qəhrəman ordumuzun cəmi bir sutkaya uğurla başa çatdırdığı lokal antiterror əməliyyatı sübut etdi ki, Azərbaycanla heç bir halda şərt, hədə dilində danışmaq olmaz. 30 illik düyünü təkbaşına açan bir ölkənin qarşısında hansısa qeyri-konstruktiv tələblər qoymaq, yalançı sülh təşəbbüsləri irəli sürmək yalnız Ermənistanın ziyanına işləyir, bunların heç biri Azərbaycanı öz hədəflərindən yayındırmır.
Hələ Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi münasibətilə 2018-ci ildə keçirilən hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev demişdi ki, Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir.
2019-cu il oktyabrın 3-də isə Prezident İlham Əliyev Rusiyada keçirilən Valday Sammitində Ermənistan baş nazirinin regionda yeni siyasi dinamit rolunu oynayan, nizamlama prosesinə ciddi zərbə vuran, Ermənistanın bugünkü rəzil və rüsvayçı vəziyyətinə gətirib çıxaran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına cavabında bildirdi ki, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu bəyanatdan düz bir il sonra– 2020-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti hamının səbirsizliklə gözlədiyi xoş xəbəri doğma xalqı ilə paylaşdı, tarixi adını bərpa edən Suqovşanda Azərbaycan bayrağı dalğalandı. Azərbaycan Ordusunun şanlı Zəfəri bütün Azərbaycan vətəndaşlarının arzu və istəklərini ifadə edirdi. Bu hadisə həm də 30 ildir ermənilərin öz orduları haqqında yaratdığı “yenilməz Ermənistan ordusu” mifini darmadağın etmişdi, Azərbaycan əsgəri təkcə torpağı yox, həm də tariximizi, mədəniyyətimizi işğaldan qurtarmışdı. Vətən müharibəsinin ilk dəqiqələrindən xalq öz dövlətinin və ordusunun ətrafında sıx birləşmişdi. Azərbaycan Ordusu tarixi ədaləti döyüş meydanında bərpa etmişdi, Prezident – Ordu – Xalq birliyinin ən ali nümayişi olan bu hadisə işğalçıya layiq olduğu yeri göstərmək üçün əsl “olum, ya ölüm” mübarizəsinə çevrilmişdi. O günlərdə xalq bütün dünyaya sübut edirdi ki, Qarabağ azərbaycanlıların milli ləyaqət rəmzidir. Ona görə də Prezident İlham Əliyev deyir ki, xalq, millət anlayışları ön planda olanda istənilən problem həllini tapa bilər və bizim siyasətimiz milli maraqlar üzərində qurulub.
Bu qələbənin təmin edilməsi üçün biz bir xalq olaraq, 30 illik yol gəldik. Çox çətinliklər oldu, müstəqilliyimiz dəfələrlə təhlükə altına düşdü. Lakin ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi səriştəsi sayəsində xalqımız bütün çətinlikləri dəf etdi. O, ölkənin müstəqillik dayaqlarını gücləndirdi, Azərbaycanın siyasi sisteminə dövlətçilik anlayışı gətirdi.
Məhz bu siyasi bünövrə üzərində qurulan və güclənən Azərbaycan Respublikası Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünya birliyində öz layiqli yerini daha da möhkəmləndirdi. Bu, milli maraqlara söykənən siyasət idi, onun təməlində Azərbaycan xalqının maraqları dayanırdı.
Çox keçmədi ki, Azərbaycan 155 ölkənin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi, dünyanı narahat edən bir sıra məsələlərin həllində əsas söz sahiblərindən biri oldu. Bakı artıq bir çox beynəlxalq təşəbbüslərin reallaşdığı, forumların keçirildiyi əsas məkan kimi tanındı.
Azərbaycan qlobal layihələrin icrasına başladı. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara veriləndən sonra “Şahdəniz” qaz yatağı kəşf olundu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri çəkildi. Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri uğurla reallaşdı. Asiya ilə Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xətti fəaliyyətə başladı. Azərbaycan kosmik ölkələr klubuna daxil oldu. Ölkənin sosial-təsərrüfat infrastrukturu tamamilə yeniləndi. Azərbaycan öz iqtisadi gücünü hərbi sahənin inkişafına uğurla transformasiya etdi. Silahlı Qüvvələrə ayrılan xərclər artdı, ordu quruculuğu dövlət siyasətinin prioritetləri arasında birinci yerə yüksəldi. Azərbaycan xalqı isə bu siyasətin bəhrəsini Vətən müharibəsində və bu yaxınlarda keçirilmiş 23 saatlıq lokal antiterror əməliyyatlarında gördü. Bütün bunlar müstəillik dövründə keçdiyimiz inkişaf yolunu tam mahiyyəti ilə ortaya qoydu. Əldə edilən tarixi Qələbənin hansı zəhmət hesabına ərsəyə gəlməsi barədə hamımızda dəqiq təsəvvür yaratdı.
Azərbaycanın xarici siyasətdə əldə etdiyi etimad, etibarlı tərəfdaşlıq modeli indi bir çox hədəflərimizə çatmaq üçün bizə heç bir maneə tanımır. Bir vaxtlar Azərbaycanı mənasız danışıqlara inandırmağa, yalançı sülh vədlərinin aktuallığını qorumağa çalışan xarici qüvvələr 3 il öncə ordumuzun döyüş meydanındakı məharətindən şoka düşmüşdü. İndi hamı yaxşı bilir ki, Azərbaycanı öz məqsədindən yayındıracaq güc yoxdur. Azərbaycan bütün məqsədlərinə nail olacaq. Prezident İlham Əliyev də deyir ki, Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmayıb. Bunu şərtləndirən əsas amillər isə Azərbaycan dövlətinin siyasətində görünür.
Prezident siyasi, iqtisadi və digər sahələri əhatə edən islahatlar həyata keçirir. Xalq haqlı olaraq öz Prezidentini dəstəkləyir, onun siyasətinin cəmiyyətdə vətəndaş həmrəyliyi yaratdığına ürəkdən inanır. Bununla da Prezident İlham Əliyev Azərbaycanda hüquqi dövlət modeli formalaşdırır. Bu prosesə ictimai marağı artırır, insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması ilə bağlı tədbirlər görür. Bugünkü uğurların təməlində duran həm də budur: Prezident İlham Əliyevin qalib dövlət və qalib xalq formulu.
Prezident İlham Əliyev Qarabağ düyününü özü açdı. Bu, Prezident İlham Əliyevin xalqı və dövləti qarşısında müqəddəs tarixi xidmətidir. Biz indi bir millət olaraq yenidən doğuluruq. Xalqımızda qeyri-adi ruh yüksəkliyi var. Məhz bu əhval-ruhiyyə ilə 30 il ərzində dağıdılmış şəhər və rayonlarımız öz hesabımıza yenidən qurulur, insanlarımızın öz doğma yurdlarına qayıtması ilə azad Qarabağda həyat yenidən canlanır. Bundan sonra bizim hər uğurumuzun adı “Zəfər” olacaq. 30 illik Qarabağ həsrətinin tükənən ümidi bu möhtəşəm zəfəri gerçəyə çevirən, ona əbədi ömür verən liderin sayəsində ölmədi, əksinə, “dəmir yumruq” əbədiyyət qazandı. İndi illərlə əsir olan ruhumuz azaddır. Bu azadlığın qüdrəti bizim birliyimizdə, xalqımızın hünərində, tarixdən gələn qəhrəmanlığındadır.
Günay ABİDOVA,
Nəsimi Rayon Məhkəməsinin hakimi