Azərbaycan dinc ermənilərin hüquq və azadlıqlarına tam təminat verir

post-img

DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət etdi

Məlum olduğu kimi, bu il sentyabrın 19–20-də Rusiya sülhməramlı kontin­gentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirilmişdir. Terrorçu dəstələr təslim olmağa məcbur edilmişlər.

Ötən müddətdə davam etmiş ter­ror-təxribat əməllərini, o cümlədən sentyabrın 19-da Əhmədbəyli–Füzuli–Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolun­da minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbir­ləri zamanı sentyabrın 20-də tərk-silah edilərək saxlanılmışlar.

Qanunsuz erməni silahlı dəstələ­rinin tam tərk-silah edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razı­lıq əldə olunduqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq, erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin və sosial problemlə­rinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülmüş, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş sursatları Azərbaycan Silahlı Qü­vvələrinin nəzarətinə götürülmüşdür. 

Dövlət Təhlükəsizliyi Xidməti Qa­rabağ bölgəsinin erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respub­likasının Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə re­inteqrasiyasına, sosial və humanitar məsələlərinin həllinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qo­runmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırır.

Silahları təhvil vermiş və Azərbay­can Respublikasının müvafiq qanunve­riciliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.

XQ

Son xəbərlər