Sentyabrın 24-ü saat 17:35 radələrində Azərbaycan Ordusuna məxsus "KamAZ" markalı hərbi nəqliyyat vasitəsi minaya düşüb.
Mövqelərimizin təminat yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Şadmanov Əkrəm Yunis oğlu və Seyidov Tural İslam oğlu şəhid olublar.
Digər hərbi qulluqçumuz Əliyev Elvin Taleh oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb. Vəziyyəti sabitdir, həyatı üçün heç bir təhlükə yoxdur.
***
Baş vermiş mina hadisəsi ilə bağlı cinayət işi başlanılıb. Daxil olmuş məlumat əsasında Hərbi Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi və Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən ilkin prosessual yoxlama hərəkətləri icra edilib.
Fakta görə Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
İstintaq davam etdirilir.
***
Müdafiə Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə sentyabrın 25-i saat 18:00-ə olan məlumatı açıqlayıb.
Siyahıda 797 atıcı silah və qumbaraatan, 42 artilleriya silahı, 165 hava hücumundan müdafiə vasitələri, 175 min 225 döyüş sursatı, 1440 təchizat və ləvazimat, 81 optik və digər cihazlar, 22 zirehli texnika, 75 avtomobil texnikası və 21 qoşqu yer alır.
XQ