Ermənistanın baş nazirinin xalqa müraciətindəki fikirlər hiddət doğurub
Rusiya Ermənistanla, o cümlədən ölkənin baş naziri Nikol Paşinyanla dialoqu davam etdirəcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın xalqa 24 sentyabr 2023-cü il tarixli müraciətində səsləndirdiyi fikirlərə cavab olaraq bildirib. Qeyd edək ki, N.Paşinyan Azərbaycanın Qarabağda, guya, etnik təmizləmə siyasəti apardığını və bölgədəki Rusiya sülhməramlılarının buna biganə yanaşdığını bildirmişdi. O, eyni zamanda Moskvanın Ermənistanın təhlükəsizlik maraqlarını ödəmədiyini vurğulamışdı. Ümumən, Nikolun müraciəti anti-Rusiya manifesti xarakteri daşımışdı. Baş nazir, faktiki olaraq, Kremli Ermənistanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdi.
D.Peskov isə açıqlamasında, ilk növbədə, onu bildirib ki, Rusiya sülhməramlılarını nədəsə günahlandırmaq cəhdləri ilə qəti şəkildə razılaşmır. Rus hərbçiləri Qarabağda əsl qəhrəmanlıq göstərirlər. Heç kim onları heç nəyə görə qınaya bilməz. “Birincisi, Ermənistanla müxtəlif səviyyələrdə dialoq davam edir, xüsusən də bu çətin günlərdə. Bilirsiniz, bu yaxınlarda Putin Paşinyanla telefon danışığı apardı. Biz bu anın emosional intensivliyini başa düşürük. Lakin məsuliyyəti üzərimizə qoymaq cəhdi ilə qəti şəkildə razılaşmırıq”, – deyən D.Peskov Rusiya sülhməramlılarının Qarabağda öz mandatlarına uyğun fəaliyyət göstərdiklərini vurğulayıb: “Biz öz funksiyalarımızı yerinə yetirməyi, erməni tərəfi ilə, Paşinyanla dialoqu davam etdirəcəyik”.
Peskov Rusiya sülhməramlı kontingetinin Qarabağda qalma müddəti ilə bağlı sualı cavablandırarkən iki məqama toxunub. Birincisi, o deyib ki, bu barədə dəqiq məlumatı yoxdur. İkincisi və maraqlısı isə budur ki, Prezident Putinin sözçüsü Rusiyanın Bakı ilə əlaqələrini davam etdirdiyini vurğulayıb. Bu isə o deməkdir ki, sülhməramlılarla bağlı üçtərəfli Bəyanat məntiqi, faktiki olaraq, sıradan çıxıb. Yada salaq ki, həmin bəyanatda rus hərbçilərinin Qarabağda qalma müddətinə dair razılıq verilib-verilməməsi məsələsi həm Azərbaycanın, həm də Ermənistanın üzərində idi. Peskovun cavabından gəlinən qənaət isə budur ki, artıq məsələ ilə bağlı İrəvanın legitimliyi qalmayıb: “Hələlik kiminsə bunu deyə bilməsi ehtimalı azdır. Çünki onlar (sülhməramlılar – red.) indi, faktiki olaraq, Azərbaycan ərazisindədirlər. Biz Bakı ilə əlaqələrimizi davam etdiririk”.
Rusiya Prezidentinin mətbuat katibinin fikirlərindən bu qənaət də hasil olur ki, Ermənistan, Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıbsa, o zaman Nikolun bölgə ermənilərinin köçündə Moskvanı günahlandırmağa heç bir əsası yoxdur. Digər tərəfdən, Peskov Rusiya sülhməramlılarının hazırda Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyətinin nümayəndələri arasında başlamış danışıqlarında iştirak etdiklərini də diqqətə çatdırıb.
***
Qeyd edək ki, Paşinyanın fikirlərinə Rusiyanın Xarici İşlər Nazirliyi də reaksiya verib. Nəinki reaksiya verib, qurum Ermənistanın baş nazirinin söylədiklərini yetərincə böyük həcmli bəyanatla cavablandırıb. Bəyanatın ilk cümləsində bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində Rusiyaya qarşı qəbuledilməz hücumlar var. Nazirliyin yaydığı sənəddə, habelə, Paşinyanın daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən uzaq durmaq, günahı Moskvanın üzərinə atmaq niyyəti önə çəkilib. Bildirilib ki, Qərbdən ilhamlanan erməni baş nazirin dedikləri Rusiya və onun müttəfiqlik münasibətlərinə qarşı dağıdıcı yanaşmanın epizodik yox, sistemli xarakter daşıdığının təsdiqidir.
XİN hesab edib ki, Paşinyan öz fikirləri ilə ölkəsinin bilərəkdən Rusiyadan üz döndərməyə hazırlaşdığını göstərdi. Nazirliyin qənaətincə, o, Ermənistanın inkişafı naminə yeni Qərb vektoru təyin etmək üçün addımlar atır, durumu Rusiya və KTMT-nin səhvləri ilə inandırıcı şəkildə əsaslandırmağa çalışır. Ancaq unudur ki, Moskva və İrəvanın təhlükəsizlik və inkişaf məsələlərindəki maraqları, əsasən, oxşardır. ABŞ və digər NATO ölkələri isə Rusiyaya nəinki strateji ziyan vurmağı, həm də Avrasiya məkanında ümumi sabitliyi pozmağı qarşılarına məqsəd qoyublar.
Moskvanın həmişə müttəfiqlik öhdəliklərinə sadiq qaldığının, erməni dövlətçiliyinə hörmətlə yanaşdığının, respublikanı heç vaxt seçim qarşısında qoymadığının vurğulandığı bəyanatda, eyni zamanda bildirilib ki, 2020-ci ilin payızında Rusiya və şəxsən Prezident Vladimir Putinin səyləri Ermənistanın tam məğlubiyyətinin qarşısını almağa imkan verdi. Əgər N.Paşinyan bundan həftələrlə əvvəl atəşkəsə razılaşsaydı, itki daha az olardı.
Kremlin baş diplomatiya idarəsi, həmçinin Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə də yer verib. Qurum da Peskov kimi bildirib ki, rus hərbçiləri bölgədə bəzən öz həyatları bahasına fədakarlıq göstərirlər, Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması naminə son dərəcə çətin missiyasını yerinə yetirməkdə davam edirlər.
Bəyanatdakı maraqlı məqamlardan biri də Ermənistanda Rusiya şirkətlərinə süni çətinliklərin yaradılması barədədir. Sənəddə bununla bağlı siqnalların artdığı vurğulanıb. Mövcud xüsusda Rusiyanın Ermənistan iqtisadiyyatındakı rolu qabardılıb. Regional məsələlərə gəlincə, Rusiya XİN bildirib ki, Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin noyabrından Qarabağın statusu məsələsini gələcək nəsillərin öhdəsinə buraxmaq barədə centlmen razılaşmasına (?) əməl etmək əvəzinə, Qərbin öyüd-nəsihətlərinə boyun əydi. Nikol Praqa və Brüsseldə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında hərəkət etmək qərarına gəldi. Bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalandığı şərtləri, eləcə də Rusiya sülhməramlı kontingentinin mövqeyini əsaslı şəkildə dəyişdi. Ermənistan rəhbərliyinin “uzaqgörənliyi” səbəbindən ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində bir sıra sazişləri həyata keçirmək mümkün olmadı. Xüsusən, Paşinyan altı ölkənin bütün xarici işlər nazirləri tərəfindən artıq razılaşdırılmış qərarı imzalamadı və KTMT-nin müşahidə missiyasını respublikanın Azərbaycanla həmsərhəd rayonlarına göndərilməsinə imkan yaratmadı.
Deməli, belə aydın olur ki, rəsmi İrəvan 10 noyabr 2020-ci il tarixindən sonra Ermənistan silahlı qüvvələrinin Qarabağda mövcudluğunun davam etdirilməsini israrlı şəkildə təkzib etməklə də durumu qızışdırıbmış. Daha doğrusu, Rusiyanın onun xeyrinə çalışmasına imkan verməyibmiş. Hər halda Rusiya XİN-in bəyanatından belə aydın olur. O da aydın olur ki, İrəvanın belə mövqeyi bir neçə gün əvvəlki eskalasiyanın əsas səbəblərindən biridir. Nəticədə yerdə qalan erməni birləşmələrinin çıxarılması və “Dağlıq Qarabağ Müdafiə Ordusu”nun ağır texnika və silah-sursat çıxarılmaqla tam tərksilahı ilə bağlı əldə edilmiş razılaşma real mənzərəni üzə çıxardı. Bu isə davamlı tərksilah üçün ilkin şərtlər yaratdı.
Bəyanatda o da bildirilir ki, Rusiya və Azərbaycanla birgə ritmik işdən çəkinib Qərbə tərəf qaçmağa üstünlük verən Ermənistan rəhbərliyinin qeyri-ardıcıl mövqeyi nəticəsində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər kompleksinin icrası dalana dirəndi. Qiymətli vaxt itirildi. Halbuki bu müddət ərzində Ermənistan üçün əlavə təhlükəsizlik faktoruna çevriləcək sülh müqaviləsinin razılaşdırılması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması baxımından əhəmiyyətli irəliləyiş əldə oluna bilərdi.
Rusiya XİN bildirib ki, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilmiş Praqa və Brüssel görüşlərində Ermənistanın baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanımaqla yanaşı, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini xatırlamaması da diqqət çəkir. “Bu gün də biz rəsmi İrəvanda Qarabağın aktual problemlərinin həllinə güclü maraq görmürük. Söhbət atəşkəsə riayət etmək, humanitar vəziyyətin yaxşılaşdırılması, Bakı ilə Xankəndi arasında davamlı dialoqun qurulması üçün əlverişli şəraitin yaradılmasından gedir”.
Sənəddə o da bildirilib ki, Paşinyanın komandasının məsuliyyətsiz yanaşması erməni cəmiyyətinin bir hissəsində anlaşılan narazılığa səbəb olub, bu, xalq etirazlarında ifadəsini tapıb və həmin etirazların Rusiyadan ilham alması ilə bağlı iddiaların reallıqla heç bir əlaqəsi yoxdur.
***
Onu da bildirək ki, baş nazir Nikol Paşinyanın müraciətindəki anti-Rusiya motivi Ermənistanda da geniş diskussiya predmetinə çevrilib. Əlbəttə, görünən mənzərə budur ki, ölkədə Rusiyadan böyük narazılıq var. Hər halda Paşinyan administrasiyası bu narazılığı körükləyən tərəfdir. Doğrudur, erməni mediasının, elə ekspert cameəsinin bildirdikləri fərqli ovqat yaradır. Belə rəy formalaşır ki, Nikol müraciətindəki fikirlərə görə qınanır, ittiham olunur. Mövcud istiqamətdə çoxsaylı hiddət dolu bəyanatlardan və açıqlamalardan söz açmaq mümkündür. Lakin onların yalnız birinə diqqət yetirmək istərdik. Məsələn, politoloq Suren Surenyants bildirib ki, baş nazirin söylədikləri yeni eranın başlanğıcı ola bilər. Lakin yeni dövr Ermənistanın və erməni xalqının maraqlarına əsaslanmayacaq. “Vətənpərvərlik əclafların son sığınacağıdır” ifadəsi üzərində dayanan Surenyants bu deyimi Paşinyanın əl atdığı metod kimi dəyərləndirib. Onun sözlərinə görə, ölkəni fəlakət və kapitulyasiya, vətəndaş toqquşmalarının astanasına gətirən adam özünü suverenliyin müdafiəçisi kimi göstərməyə çalışır. Politoloqun fikrincə, baş nazirin söylədiklərinin əksinə olaraq, müstəqillik illərindəki Ermənistan regionda, guya mühüm oyunçu olub, öz mövqeyi ilə seçilib, Paşinyanın gəlişi ilə ölkə potensialını sıfıra endirib. “Paşinyan gələnə qədər bizim Rusiya, ABŞ, İran və Gürcüstanla əla münasibətlərimiz var idi. Lakin Paşinyanın ritorikası və hərəkətləri vəziyyəti dəyişdi. Bu şəxs təkəbbürü müstəqilliklə qarışdırıb və bu, son dərəcə təhlükəli bir səhvdir. Çünki resurslar olmadan “xoruz döyüşü” yaxşı bir şeyə səbəb olmur. Mən dəfələrlə qeyd etmişəm ki, Rusiya ən yaxşı dost yox, ən təhlükəli düşmən ola bilər və Paşinyanın hərəkətləri bu düşmənçiliyi daha da gücləndirir”, – deyən Surenyants fikrinə aydınlıq gətirib.
Ə.CAHANGİROĞLU
XQ