IV MƏQALƏ
“Sülh qazandıran Qələbə” strategiyası
Azərbaycan Prezidentinin bizim adlandırdığımız “Sülh qazandıran Qələbə” strategiyasının H.Kissincer anlamında liderin dünya strategiyası statusunda xüsusi anlamı vardır. Burada “dünya strategiyası” H.Kissincerin təqdim etdiyi kimi, liderin dünyada yeni düzənin formalaşmasına təsir edə biləcək potensiala və nüfuz mexanizmlərinə malik olan siyasi strateji kursa sahib olmasını ifadə edir.
Məsələn, XX əsrdə necə ki, K.Adenauer Almaniya üçün uyğun strategiyanı “barış” kimi müəyyən edərək, bütövlükdə Almaniyanın dünya nizamının formalaşmasında ciddi rol oynamasını təmin etmişdisə, eyni məntiq çərçivəsində XXI əsrdə liderin hazırladığı siyasi strategiya bu gün qlobal nizamın formalaşmasına ciddi təsir etməlidir. Yalnız bu halda XXI əsrdə liderin dünya strategiyası haqqında H.Kissincer anlamında danışa bilərik.
Deməli, Azərbaycan lideri İlham Əliyevin siyasi strategiyasının “sülh qazandıran qələbə” kimi təsnif olunmasının təməlində həmin strategiyanın müasir dünya düzəninin formalaşmasına müsbət təsirinin mövcudluğunun sübutu dayanır.
Digər məqam Cənubi Qafqazın region kimi geosiyasi özəllikləri ilə bağlıdır. Bu coğrafiyada yerləşən dövlətin başçısı və xalqın liderinin dünya miqyasında proseslərə ciddi təsirinin fərqlilikləri olmalıdır. Yəni bu təsirin həyata keçməsi mexanizmləri, onun məzmunu və maksimum təsiretmə dərəcəsi müəyyən olunmalıdır.
Nəhayət, bütövlükdə XXI əsrdə Azərbaycan ranqında bir müstəqil dövlətin dünya səviyyəsindəki geosiyasi proseslərə təsiri imkanlarının xüsusiyyətləri araşdırılmalıdır. Çünki XXI əsr əvvəlki yüzillərdən kəskin fərqlənir. Burada “böyük” və “kiçik” anlayışları, “dövlət”, “dövlətin təsir imkanları”, “dövlətin təsir imkanlarının hüdudları”, “sosial institutların siyasətdə rolu”, “sistem xarici faktorların dövlətlərarası münasibətlərə təsiri” və digər vacib faktorlar fərqli məzmun almaqdadırlar. Bu özəllik bir tərəfdən istənilən müstəqil dövlət üçün qlobal miqyasda geniş təsir imkanları açır, digər tərəfdən isə bütövlükdə proseslərin qeyri-xəttiliyi səbəbindən həm riskləri artırır, həm də rəqabəti şiddətləndirir, fərqli və bir çox hallarda ziddiyyətli xarakterə malik maraqları olan aktorlar meydana çıxırlar. Bu cür güclü və mürəkkəb rəqabət şəraitində dünya strategiyası hazırlamaq və həyata keçirmək böyük məharət tələb edir.
İndi vurğuladığımız üç xüsusiyyətin qarşılıqlı təsirləri fonunda Azərbaycan Prezidenti İlham Əliyevin siyasi strategiyasında “Sülh” və “Qələbə” anlayışlarının geosiyasi məzmununa baxaq.
“Sülh” amili dünya strategiyası anlamında
Prezident İlham Əliyevin dünya strategiyası kontekstində “sülh” adi anlamda işlənən termin deyildir – o, konseptual anlayışdır. Yəni sülh həm dövlətin dinc-yanaşı yaşaması, digər dövlətlərlə münasibətləri əməkdaşlıq və təhlükəsizliyin vəhdətində qurmaq niyyətini, həm də buna nail olmaq üçün dönmədən, qətiyyətlə praktiki fəaliyyət göstərməsini ifadə edir. Burada “mən sülh istəyirəm” ifadəsini tez-tez işlətməyin mənası yoxdur - əsas məqam bunun üçün hansı konseptual plana və onu reallaşdırmaq mexanizmlərinə malik olmaqdan ibarətdir. Deməli, lider “sülh” anlayışına yaratdığı konsepsiyanın məzmun və məqsədinə uyğun konseptual məzmun verməlidir. Eyni zamanda, formalaşdırdığı məzmunda sülhə nail olmağın praktiki həyata keçirmək mexanizmlərini dəqiq müəyyən etməlidir.
Bunlardan başqa, İlham Əliyev üçün Azərbaycan və region kontekstində sülhlə bağlı fərqli bir məqam da mövcud idi. Bu, sülhü təmin etmək üçün öncə mövcud münaqişəni - ərazi bütövlüyünə və suverenliyə olan təcavüzü aradan qaldırmaqla bağlı idi. Bu olmasa idi, nə regional miqyasda, nə də dünya səviyyəsində ciddi təsir imkanına malik olmaq mümkün deyildi. Deməli, İlham Əliyevin XXI əsrin geosiyasi xüsusiyyətləri fonunda dünya strategiyasında “sülh” komponenti həm konseptual məzmun almalı, həm də ierarxik (pilləli) semantik struktura malik olmalı idi.
Konseptual aspekt dərin düşünülmüş nəzəri semantikanı yaratmağı, pilləli semantik struktur isə onun reallaşdırılması mərhələləri və mexanizmlərini hazırlamağı tələb edir. Bu məqamın əhatəli fəlsəfi və politoloji dərki dərin və geniş araşdırma sayəsində mümkündür. O, ayrıca tədqiq olunmalıdır. Burada bir neçə əsas məqama diqqət edək.
“Sülh” anlayışının İlham Əliyev nümunəsi
Bu anlayışın konseptual (yəni nəzəri məzmunlaşdırılmış və mütləq surətdə sistemli xarakter daşıyan semantik mənalar şəbəkəsi) anlamının üç ideya dayağını müəyyən etmək olar.
Birincisi, ulu öndər Heydər Əliyevin liderlik məktəbinin tələblərinə ciddi əməl etmək. Bu, yeni liderə fəaliyyətdə istənilən situasiyada “Ana yol”dan çıxmamağı təmin etmək üçün lazım idi.
İkincisi, sülhün milli miqyasdan regional və sonra qlobal miqyasda qalıcı (yəni davamlı) geosiyasi mühit yaradılmasında aparıcı rol oynaması üçün milli ideyanı reallaşdırmaq (ərazi bütövlüyünün bərpası mənasında) və onu tam suverenliyin təmini ideyası ilə praktiki “qovuşdurmaq”. Bunu təmin etmənin başlıca mexanizmi isə Heydər Əliyevin “güclü dövlət quruculuğu” strategiyası kontekstində sosial, iqtisadi, mədəni güclənməni hərbi-müdafiə qüdrətini inkişaf etdirmək xətti ilə sintez etməkdən ibarət idi. Azərbaycanın güclənməsinin bütün digər istiqamətləri (və ya aspektləri) bu əsas xəttin tərkibi kimi möhtəşəm idi.
Üçüncüsü, öncədən “sülh” anlayışının konseptual anlamına xüsusi strateji məqsədin daxil edilməsi ideyası vardı. Həmin xüsusi strateji məqsəd Azərbaycan Prezidentinin “Qələbə” anlamını konseptuallaşdırması ilə bağlıydı. Burada fərqli cəhət ondan ibarətdir ki, İlham Əliyev “Qələbə” anlayışına konseptual səviyyədə zəngin məzmun vermişdir. Onun anlamı mütləq fəlsəfi yanaşma tələb edir. Çünki olduqca ümumi və eyni zamanda, konkret mənaları olan semantik çalarların sistemidir. Bunun üzərində geniş dayanaq.
“Qələbə” dünya strategiyası səviyyəsində
Hərbi anlamda qələbənin nə olduğunu hər kəs bilir. Siyasi strategiya üçün isə bu terminin xüsusi məzmuna ehtiyacı vardır. Aydındır ki, lider kimi uğurlu olmaq istəyənlər üçün qələbə strateji məqsəddir. Burada dünya strategiyası kontekstində əhəmiyyətli olanı liderin həmin “Qələbə” termininə hansı məzmun və məqsədi verməsi ilə bağlıdır. Müqayisə üçün lider bütün dünyanı özünə tabe etməyi qələbə saya bilər. Və ya hərb meydanında məğlub etdiyi ölkəni tamamilə darmadağın edib, onu tam işğal altına almağı qələbə hesab edə bilər. Bir başqa variantda qələbə lider üçün hərbi, iqtisadi, siyasi, ideoloji ilə yanaşı, mədəni və mənəvi sferalarda qarşı tərəfi tam təsir altına almaq ola bilər və s.
Bunlardan başqa, strategiya hazırlayan lider sülhpərvərlik adı altında aqressiv və məhvedici siyasət yeridə bilər. Deməli, konseptual səviyyədə sülh və qələbə arasında konstruktiv bağlantının yaradılması asan məsələ deyildir. Bu mənada sülhü qələbə vasitəsilə qazanmaq əsl mürəkkəb nəzəri-fəlsəfi problemdir. Azərbaycan üçün sülh pilləli struktur və funksional məzmuna malik olduğundan, sülh-qələbə münasibətləri aşağıdakı triadanı ehtiva etməli idi: savaş-qələbə-sülh. Yəni öncədən qələbəni savaş meydanında əldə etməklə, növbəti mərhələdə həmin qələbənin yaratdığı imkanları sülhə çevirmək lazım gəlirdi. Bu prosesi iki psixoloji mərhələyə ayırmaq olar.
Birinci mərhələ: savaşdan qələbəyə
Lider üçün bu mərhələ çox önəmlidir. İlham Əliyev hərb və informasiya meydanındakı savaşının (və ya mübarizəsinin) nəticəsi kimi öncədən Qalib gəlməyi görürdü. Bu qalib psixologiyası hərbin və informasiya mübarizəsinin getdiyi mərhələdə liderdə xüsusi qürur və fərəh duyğusu yaradır. Qələbə əldə olunandan sonra həmin duyğunu hansı istiqamətə yönəltmək prinsipial əhəmiyyət kəsb edir. İlham Əliyev onu düşməni tam məhv etməyə deyil, onunla sülh şəraitində qonşu olaraq yaşamaq məqsədinə yönəltdi. Bu, Azərbaycan Prezidentinin çox böyük strateji qələbəsi idi. Hərb və informasiya sferalarındakı qələbəsini aqressivliyə deyil, humanitarlığa, ideyaya, əməkdaşlıq və təhlükəsizliyə istiqamətləndirdi.
İkinci mərhələ: qələbədən sülhə
Bu isə artıq strateji kontekstdə liderin ərazi bütövlüyü və suverenliyin tam təminindən həm qarşı tərəflə sülh şəraitində yaşamaq, həm də regional və qlobal miqyaslarda davamlı sülh mühitini formalaşdırmaq istiqamətində faydalanmaq qabiliyyətini tələb edir. Əslində, söhbət liderin elə bir sistemli və düşünülmüş fəaliyyətindən gedir ki, nəzərdə tutduğu strateji xətti dünya strategiyası səviyyəsinə yüksəldə bilsin. Problemin başlıca çətin və mürəkkəb tərəfi də bundan ibarətdir. Bir qədər geniş izah edək.
Məsələ ondan ibarətdir ki, qələbədən sonra sülhə nail olmaq xüsusi nəzəri-konseptual və geosiyasi strateji hazırlıq tələb edir. Lider milli, regional və qlobal miqyasların xüsusiyyətlərini hazırladığı strateji sistem daxilində elə nəzərə almalıdır ki, üç aspektdə uğurlu olsun.
Birincisi, baxışlar və anlayışlar sistemi olaraq məntiqi ziddiyyəti olmasın – hər bir müddəanın inandırıcı izahına varılsın.
İkincisi, siyasi-diplomatik müstəvidə nəzərdə tutulan konseptual məqamları həyata keçirmək mümkün olsun.
Üçüncüsü, Azərbaycan Prezidenti həyata keçirdiyi dünya strategiyanın legitimliyinə nail olmaq üçün, onun əsaslı və davamlı təşviqini aparmalı idi.
İlham Əliyevin siyasi strategiyası məhz bu üç aspektin mükəmməl sintezi sayəsində XXI əsrdə yeganə nümunədir. Bu tezisi əsaslandıraq. Bunun üçün “Qələbə”nin İlham Əliyevin siyasi strategiyasında tam anlamına baxaq.
Qələbə: əməkdaşlıq və təhlükəsizlik
Məsələnin mahiyyəti hərbi zəfərdən sonra sülh-əməkdaşlıq-təhlükəsizlik vəhdətini yaratmaqla sıx bağlıdır. Çünki birincisi, Azərbaycan Prezidenti sülhə sadiqliyini sübut etməli idi. Bunun konsepsiyasını mükəmməl hazırlamışdı, qalırdı praktiki fəaliyyətdə sübuta yetirmək və müxtəlif platformalarda təşviq etmək. Qarşıya çıxan çətinlik ondan ibarət idi ki, böyük qüvvələr Azərbaycanın məhz sülhsevər olmadığını təsdiq etmək üçün min cür təxribatlara əl atırdılar. Bu da təşviqi proses olaraq qeyri-müəyyənliyə atırdı. Onun qarşısını Azərbaycan Prezidenti bir neçə üsulla müvəffəqiyyətlə aldı. Onları bir neçə istiqamətə bölmək olar.
Birincisi, hərbi qələbədən sonra Azərbaycan ordusu qarşı tərəfin ərazisinə müdaxilə etmədi. Rəsmi Bakı yalnız sərhəd zonasında hərbi təxribatları neytrallaşdırmaq üçün düşmən tərəfin bir neçə strateji mövqeyini nəzarətə götürdü. Qərbin bir sıra böyük dövlətləri nə qədər Azərbaycanı bu əsasda ittiham edib, böyük müharibə çıxarmaq istəsələr də, məhz Prezident İlham Əliyevin qətiyyətli sülhsevər mövqeyi buna imkan vermədi.
İkincisi, Azərbaycan Prezidenti qələbədən sülhə keçidi əsas götürdüyünü konseptual səviyyədə sübut etdi. Bu, İlham Əliyevin təklif etdiyi “beş baza prinsiplərdə” ifadə olundu. Həmin prinsiplər ciddi şəkildə BMT-nin Nizamnaməsinə və mövcud dövlətlərarası münasibətlərin normallaşdırılmasına aid olan hüquqi standartlara uyğundur. Bu o deməkdir ki, Azərbaycan Prezidenti hərbi qələbədən sonra sülhü qazanmaq üçün dəqiq düşünülmüş kateqorial aparata malik konsepsiya hazırlamışdır.
Beş baza prinsip artıq qarşı tərəfi və onun havadarlarını beynəlxalq hüquq müstəvisində məğlub etmək demək idi. Bu istiqamətdə də bir sıra təxribatçı cəhdlərə baxmayaraq, İlham Əliyev sülh mövqeyindən zərrə qədər də kənara çəkilmədi və istəyinə nail oldu.
Üçüncüsü, Azərbaycan lideri hərbi qələbədən sonra əməkdaşlıqla təhlükəsizliyin təmini sintezində sülhü qazanmaq nümunəsini (formulunu, modelini) ortaya qoydu. Bu məqam postmüharibə mərhələsində, ümumiyyətlə, postmünaqişə dönəminə keçmək baxımından böyük konseptual addım idi. Onun mənası nədən ibarətdir?
Hərbi münaqişədən sonra qalib tərəfin uduzana sülhü əməkdaşlıq və təhlükəsizlik təminatı ilə təklif etməsi nadir rastlanan hadisədir. Azərbaycan isə müxtəlif layihələr və nəqliyyat-logistika sferasında əməkdaşlıq təklifləri ilə Ermənistanın da milli təhlükəsizliyinin təmin olunmasını nəzərdə tutan təşəbbüslər etdi. Zəngəzur Dəhlizi onun fraqmentlərindən biridir.
Onunla yanaşı, bərpaolunan enerji, “3+3” təhlükəsizlik və əməkdaşlıq formulu, Ermənistandan keçməklə yeni kommunikasiya xətlərinin açılması təşəbbüsü, sərhədlərin delimitasiyası və demarkasiyası sayəsində bir-birinin daxili işlərinə qarışmamaq mühitinin yaradılması və digər təşəbbüslər vardı.
Bu təşəbbüslər paralel olaraq Avropa İttifaqı ilə imzalanan yeni sənədlər çərçivəsində, Şuşa Bəyannaməsinin maddələrində (regional əməkdaşlıq və təhlükəsizlik arxitekturasının qurulması), Rusiya ilə imzalanan Strateji Müttəfiqlik sənədində və başqalarında rəsmi təsbitini tapdı. Azərbaycan həmin istiqamətdə Aİ-nin qəbul etdiyi yeni Qlobal strategiyaya uyğun proqramlar hazırlayır və Ermənistanın daim onlarda iştirak etmək şansının olduğunu vurğulayırdı. Yeganə şərt rəsmi İrəvanın Azərbaycanla real sülh münasibətlərinə hazır olmasını təsdiq etməsindən ibarət idi.
Bütün bunlar müxtəlif hərbi və informasiya təxribatları fonunda Azərbaycan Prezidenti tərəfindən kəsintisiz və qətiyyətlə aparılırdı. Onların beynəlxalq aləm tərəfindən legitimliyinin qəbulu beş il çəkdi. 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidentinin dünya strategiyası faktiki olaraq etiraf edildi.
Qələbədən sülhə: Vaşinqton razılaşması
2025-ci il avqustun 8-i Prezident İlham Əliyevin uzun illər addım-addım həyata keçirdiyi siyasi strategiyanın beynəlxalq səviyyədə legitimliyinin “final təsdiqi” oldu. Onun üç mühüm əlaməti vardır.
Birincisi, ABŞ etiraf etdi ki, Azərbaycanla Ermənistan arasında sülhün yaranmasının təməlində İlham Əliyevin müəyyən etdiyi beş baza prinsip durmalıdır. Həmin prinsiplər isə, yuxarıda vurğuladığımız kimi, hərbi qələbədən davamlı sülhə keçidin əsas konseptual mənasını ifadə edirlər.
İkincisi, Vaşinqtonda ABŞ prezidenti Zəngəzur dəhlizinin işə salınmasını regional miqyasla yanaşı, qlobal səviyyədə dünya nizamının mühüm elementi olduğunu imzası ilə təsdiq etdi. Bu, konkret olaraq dəhlizin açılmasının Uzaq Şərq-Mərkəzi Asiya-Qafqaz-Yaxın Şərq-Balkanlar-Avropa geniş geosiyasi məkanında Zəngəzur Dəhlizinin əhəmiyyətli kommunikativ, əməkdaşlıq və təhlükəsizlik elementi olaraq qəbul edilməsi demək idi. Bununla regionda sülh Zəngəzur dəhlizi vasitəsilə əməkdaşlıq və təhlükəsizlik arxitekturası ilə vəhdətdə real mənasını aldı.
Üçüncüsü, “Bir qurşaq, bir yol” layihəsinin coğrafiyası boyunca yaranan “geniş geosiyasi dəhliz”in əsas punktlarından birinin Azərbaycan olduğu qəbul edildi. Bunun konkret ifadəsi “C6+1”-in yaranması, TDT-də Azərbaycanın faktiki aparıcı rol oynaması, Bakının Yaxın Şərqdə sülh prosesində mühüm rolunun etirafı (Yaxın Şərq Sülh Sammitində İlham Əliyevin iştirakı) və son olaraq həm ABŞ, həm də Avropa İttifaqının təşəbbüs etdiyi (məsələn, Avropa İttifaqı Aİ-Türkiyə-Azərbaycan-Ermənistan əməkdaşlıq platformasını təklif etmişdir) hər bir geosiyasi konfiqurasiyada Azərbaycanın mütləq həlledici rolda nəzərə alınması kimi faktlarda əksini tapmaqdadır.
Bütün bunlar Azərbaycan liderinin siyasi strategiyasının hansı miqyasda dünya proseslərinə təsir etdiyinin faktoloji sübutudur. Onlardan yekun olaraq əhəmiyyətli qənaətə gələ bilərik.
“Sülh qazandıran Qələbə” və “vahid geosiyasi məntiq”
Azərbaycan Prezidentinin “Sülh qazandıran Qələbə” strategiyasının dünya strategiyası kimi fərqli xüsusiyyətləri sırasında, onun vahid “geosiyasi məntiq” əsasında dinamikada və reallaşmaqda olması ilə bağlıdır. Burada “vahid geosiyasi məntiq” ifadəsinin özəl məzmunu vardır. Bu, Azərbaycan liderinin dünya strategiyasının etnomədəni və ya siyasi-ideoloji təmələ deyil, bütövlükdə bəşəriliyə aid olan “vahid geosiyasi məntiq” çərçivəsində təşəkkül etdiyi anlamını verir. Bu mənada, Qələbənin yaratdığı Sülh avtomatik olaraq regionlararası əməkdaşlıq və təhlükəsizlik platformalarını da aktuallaşdırır.
Vurğulanan kontekstdə “sülh qazandıran qələbə” strategiyasının dünya strategiyası kimi H.Kissincerin təqdim etdiyi 6 dünya strategiyasının hər birindən fərqlənir. Çünki onların heç birində qarşı tərəfi hərbi məğlub etməyi davamlı olaraq sülh qaynağına çevirmək təcrübəsi mövcud deyildir. Ənvər Sadat müharibədə məğlub kimi “transendental” strategiyanı həyata keçirdi. Əgər Misir qalib gəlsəydi, Ə.Sadatın hansı strateji seçimi edəcəyi məlum deyil. Çünki o, misirliləri müharibədə uduzmağın qaçılmaz olduğuna inandırmaqla siyasi strategiyasını həyata keçirmişdir.
Fransa müharibədə faktiki qalib gələ bilmədi, lakin Ş. de Qollun “iradə” strategiyası ilə “qalibliyi imitasiya” edə bildi. Almaniya II Dünya müharibəsində aldığı çox ciddi məğlubiyyətin mümkün fəsadlarını neytrallaşdırmaq üçün “barış” strategiyasını seçdi.
Böyük Britaniya sosial-iqtisadi staqnasiyanın keçmiş imperiyanın simasını məhv etməməsi üçün “inandırma” strategiyasına üstünlük verdi, Sinqapur isə, ümumiyyətlə, dövlət ola bilmək imkanlarına dünyanı inandırmaq üçün “üstünlük” strategiyasına önəm verdi.
Yalnız Azərbaycan Prezidenti müharibədə qalib gələrək milli, regional, regionlararası və qlobal miqyaslarda Qələbəni davamlı sülhə çevirməyin mümkünlüyü və zəruriliyini hər kəsə sübut etdi. Bu təcrübə XXI əsrdə unikaldır! Eyni zamanda, bütün bəşəriyyət üçün olduqca faydalıdır! Onu təşviq etmək bir zərurətdir!
Füzuli QURBANOV
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

