Sentyabrın 19-da günortadan sonra Ermənistan paytaxtında başlanan etiraz aksiyaları dünən səhərdən etibarən davam edib. Baş nazir Nikol Paşinyanın və onun hökumətinin istefasını tələb edən aksiya iştirakçıları bəzi yolları bağlayıblar.
Polis isə profilaktik tədbir olaraq, şəhərin əsas küçə və prospektlərinə giriş-çıxışı məhdudlaşdırıb və ya bağlayıb. Paytaxtın mərkəzindəki Respublika meydanına daha çox polis qüvvələri cəmləşib.
Dünən saxlanılanların sayının çoxluğu diqqəti cəlb edir. İrəvan şəhər polis idarəsi səhər saat 9-da 53 nəfərin saxlanıldığını açıqlamışdı. Sonra bu say 142-yə yüksəldi. Ermənistan daxili işlər nazirliyinin günorta yaydığı açıqlamada isə saxlanılanların sayının 168 nəfərə çatdığı bildirilib. Aksiyada iştirak edən parlamentin müxalifətçi “Hayastan” fraksiyasının deputatı Tadevos Avetisyan da polis bölməsinə aparılıb. Saxlanılanlardan bəziləri barəsində Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmama maddəsi ilə cinayət işi açılıb.
Başlarına qırmızı beret qoyduqları üçün Ermənistanda “qırmızı beretlilər” adlandırılan polis xüsusi təyinatlıları jurnalist David Sarkisyanı da saxlayıblar. O, İrəvan Dövlət Universitetinin binasında olarkən həbs edilib. Vəkil Arsen Babayan baş verənləri “hüquqi xaos” adlandırıb.
Ermənistanın ikinci prezidenti, Xocalı soyqırımının iştirakçısı Robert Koçaryanın oğlu Levon Koçaryan barəsində isə həbs qərarı çıxarılıb. Sentyabrın 24-də, bazar günü saat 23:00-da başlayan məhkəmə iclası fasiləsiz 9 saat davam edib. Ermənistanda rus dilində nəşr olunan “Qolos Armenii” ictimai-siyasi qəzeti yazır ki, xüsusilə hakimin kimliyi bəlli olandan sonra qərarın bu cür olacağına heç kim şübhə etmirdi: “Keçmiş müstəntiq, vəkil işləyən Masis Melkonyan bu yaxınlarda hakim təyin olunub. Onun peşəkar keyfiyyətləri həmkarlarının çoxunda gülüş doğurur. Amma o, hökumətyönümlü fikirləri ilə ictimaiyyətə tanışdır. Bir sözlə, bütün bunları, nəzərə almamaq olmazdı. Başqa keyfiyyətlərə malik olan vəkillərin bu gün hakim olmaq şansı yoxdur”.
Qəzet qeyd edib ki, hakimin şəxsi keyfiyyətlərini nəzərə alan vəkillər L.Koçaryanın həbsindən şikayəti geri götürüblər: “Koçaryan, təbii ki, dövlət məmurlarına qarşı zor tətbiq etmə ittihamını qəbul etmir. Siyasiləşmiş hakimin, Robert Koçaryana qarşı dəfələrlə siyasi bəyanatlar verən, son vaxtlara qədər Respublika Partiyasının üzvü olan hakimin qərarı asanlıqla proqnozlaşdırıla bilərdi”.
Bildirilir ki, Ermənistanın ikinci prezidentinin oğlu sentyabrın 22-də aksiya zamanı saxlanılıb: “Həbs zamanı, o, qırmızı beretli polis əməkdaşları tərəfindən şiddətlə döyülüb ki, bu da videogörüntülərdən aydın görünür. Ancaq “Nairi” tibb mərkəzindəki həkimlərin beyin silkələnməsi diaqnozu qoyduqları Levon 4 polisi döyməkdə ittiham olunur. Bu, tamamilə cəfəngiyyat kimi görünə bilər, lakin hökumət rəsmiləri cəmiyyətdən ciddi şəkildə öz gözlərinə deyil, rəsmi məlumatlara inanmağı tələb edir. Biz bu gün Ermənistanda belə bir vəziyyət yaratmışıq”.
Qeyd edilir ki, L.Koçaryan bir ay müddətinə həbs edilib: “Yəqin ki, biz indiki vəziyyətdə, həbs müddətinin, məsələn, üç, yaxud iki ay olmadığına sevinməliyik. Necə ki, ictimai xadim Narek Malyan Cinayət Məcəlləsinin 329-cu maddəsi (nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçiliyi qızışdırmaq və ya təşviq etmək məqsədi daşıyan ictimai çıxışlar, habelə bu məqsədlə materialların yayılması) ilə ittiham olunaraq iki ay müddətinə həbs olunub. Yeri gəlmişkən, onun həbsi barədə qərar çıxaran da Masis Melkonyandır”.
Hakim Manvel Şahverdyanın qərarı ilə 44 günlük müharibədə həlak olan hərbçi Gevorq Virabyanın bacısı, tanınmış müxalifət fəalı Tatevik Virabyan da 2 ay müddətinə həbs edilib. O, zorakılığa, kütləvi iğtişaşlara çağırışlarda və onlarda iştirakda ittiham olunur. Vəkili Arsen Babayanın sözlərinə görə, müvəkkili üçün ən təhqiramiz məqam müstəntiqin onun həbsinə bəraət qazandıran səbəblərdən biri kimi qaçma ehtimalını göstərməsi olub. “Mənim vətənimdən qaçmağa yerim yoxdur”, – deyə etitrazçı qız məhkəmədə bildirib. Eyni zamanda onu həbs edən hakimin həbs qərarı çıxarmaqla yanaşı, qızın qaçması faktını əsassız hesab etməsindən şad olub.
Sentyabrın 24-də İrəvanın sabiq (1999-2001-ci illərdə) meri və Ermənistan parlamentinin sabiq vitse-spikeri Albert Bazeyan hakimiyyəti qəsb etməkdə şübhəli bilinərək saxlanılıb. Onun vəkili artıq bu qərardan məhkəməyə şikayət edib. “Bu günlərdə saxlanılan və həbs olunanların siyahısını asanlıqla davam etdirmək olar”, – deyə “Qolos Armenii” yazır.
Qeyd olunur ki, paytaxt küçələrində etiraz aksiyaları davam edəcək. Respublika meydanında mitinq keçiriləcək: “Bu minvalla hərəkət edən polis gün ərzində daha çox həbslər həyata keçirməyə vaxt tapacaq. Lakin etirazçılar, göründüyü kimi, öz tələblərindən geri çəkilmək niyyətində deyillər. Görünür, hakimiyyət də güzəştə getməyəcək. Ermənistan daxili işlər nazirliyinin rəis müavini Aram Ovannisyan sentyabrın 24-də axşam jurnalistlərə bildirib ki, ümumiyyətlə, o, etirazçılara qarşı güc tətbiqini münasib hesab edir. Bir yeniyetmənin polis tərəfindən boğularaq öldürülməsi görüntüləri ilə bağlı birbaşa suala isə o, sadəcə olaraq “bu, sizin təxəyyülünüzün məhsuludur” cavabını verib”, – qəzetdə dərc olunan yazıda bildirilib.
***
Dünən Caliber.az saytında yerləşdirilmiş yazıda isə qeyd edilib ki, oxşar mitinqlər əvvəllər, yəni İrəvan Ağsaqqallar Şurasına seçkilərdən əvvəl də olub. İndi isə hakimiyyət etirazları sərt şəkildə dağıdıb: “Bu, başadüşüləndir. Ermənistan bir dövlət kimi çat verir. O, sonu görünməyən daxili münaqişədən sarsılır. Bununla belə, indiyə qədər revanşistlərin, o cümlədən Qarabağ klanının Paşinyanın istefasına nail olmaq üçün real şansı yoxdur. Sentyabrın 25-də bütün Ermənistan müxalifətinin, İrəvana qaçmış Qarabağ ermənilərinin də qatıldığı etiraz mitinqi ən çoxu 5-6 min adam toplayıb. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın gəlini olan müğənni Siruşonun fəryad və çağırışlarına, oliqarx Ruben Vardanyanın cəhdlərinə, “Axmaq Qaqo” ləqəbli “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Qaqik Sarukyanın planlarına baxmayaraq, meydana cəmi 5-6 min nəfər yığılıb. Müxalifətin “miatsum” mifinin dağılması üzərində “oynamaq” cəhdləri proqnozlaşdırıla bilən fiasko ilə başa çatdı. Onların “qələbələri” İrəvanın bir sıra bağlı küçələri ilə məhdudlaşır. Amma ən gülməlisi odur ki, revanşistlər hələ də fiaskonu triumfa çevirmək arzusundadırlar”.
Bildirilir ki, bu xəyalpərəstlərdən biri də parlamentin keçmiş vitse-spikeri, Serjik Sarkisyanın “Respublika” partiyasının danışan dili Eduard Şarmazanovdur: “Onun sözlərinə görə, müxalifətin milli komitəsinin çağırdığı aksiyalarda kifayət qədər insan iştirak etmir”. Sonra isə Şarmazanov əsas arzusunu səsləndirib: “Mitinqlərə 100 min insan toplaşarsa, hüquq-mühafizə orqanlarının əməkdaşları da bizə qoşulacaq və Nikol rədd olub gedəcək”.
Sayt xatırladıb ki, bunu 2018-ci ildə erməni xalqı tərəfindən devrilmiş Ermənistanın üçüncü prezidenti S.Sarkisyanın həmişə ruporu olmuş və indi də o cür qalan şəxs deyir: “Həmin vaxt aksiyalara 100-150 min adam çıxırdı. Sarkisyana və bütün Qarabağ klanına qarşı nifrət belə böyük idi. Bu gün də elədir. Bu, Ermənistan vətəndaşlarının revanşistlərin təşkil etdiyi şouda iştirak etmək istəməməsindən xəbər verir. Şarmazanov bütün bunları çox gözəl başa düşür, amma, o, açıq-aydın boşboğazlıq edir, indiki hakimiyyəti devirəcək 100 minlik izdiham xəyallarını dilə gətirir. Ermənistan vətəndaşları arasında onun qeyri-populyarlığı, görünür, daşnaklara, serjik-robertçilərə hörmətsizlikdən qat-qat aşağıdır”.
Göründüyü kimi, müxtəlif siyasi qüvvələr daxildə N.Paşinyanı devirməyə, yaxud onun ictimai nüfuzunun aşağı salmağa hər nə qədər cəhd etsələr də, bu prosesdə nəzərəçarpacaq uğur əldə edə bilmirlər. Bütövlükdə, erməni xalqı radikal-revanşist kəsimin çağırışlarına biganədir. Onların etinasızlığı, əslində, Ermənistanı bu günə salan əsas qüvvənin Qarabağ klanı olduğunun fərqində olmasının göstəricisidir.
İlyas HÜSEYNOV,
siyasi şərhçi
– Ermənistanda Paşinyan əleyhinə etiraz aksiyaları Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri keçirməsindən sonra geniş vüsət aldı. Ondan əvvəl də müxtəlif piketlər, nümayişlər keçirilir, istefa tələbləri səsləndirilirdi. Aksiya iştirakçılarına qarşı polisin qəddarlığı da göz önündədir. Özünü insan hüquqlarının müdafiəçisi kimi qələmə verən beynəlxalq QHT-lər susurlar. Bu susqunluq Ermənistan baş nazirinin hakimiyyətini qorumağa xidmət edir. Bütün bunlar onu deməyə əsas verir ki, nümayişləri dağıtmaq üçün odlu silahdan istifadə olunsa belə, heç kim səsini çıxarmayacaq. Bu, həm də bütün imkan, vasitə və resurslarla Paşinyanın hakimiyyətinin himayə edilməsi anlamını verir. Çünki Qərb burada Paşinyanın timsalında hər şeyini itirə bilər. Ermənistanda yeni hakimiyyətə gələcək qüvvə artıq Qərbi təmsil etməyəcək, Rusiyameyilli bir şəxs olacaq. Bu, Qarabağ klanının təmsilçisi də ola bilər.
Lakin Ermənistanda hələ də Paşinyanla yola davam etmək istəyən qüvvələr var. Bu qüvvələr çoxluqdadır. Paşinyan seçicilərinə böyük vədlər verib. Həmin vədləri yetinə yetirmək üçün imkan axtarır. Belə olan təqdirdə, əlbəttə, qərarsız şəxslərin məhz Paşinyanla yola davam etmək fikirləri üstünlük təşkil edir.
Eyni zamanda, Paşinyanı əvəz edəcək lider də yoxdur. Biz hakimiyyət əleyhinə güclü müxalif qrupu da görmürük. O, tez-tez parlamentdə təmsil olunmayan müxalif qüvvələrlə görüşür, onlarla aparılan danışıqlar siyasi proseslərdə səngiməyə gətirib çıxarır. İstənilən halda, Ermənistanda başlayan aksiyalar, əlbəttə, qarşıdakı dövrdə də davam edəcək. Meydanlara çıxan insanların tezliklə evlərinə dönməsi mümkün deyil. Burada erməni lobbisinin təsiri var, eyni zamanda narazı kütlələrin sayı Qarabağdan gələn insanlarla bir qədər də arta bilər.
Səxavət HƏMİD
XQ