İrəvan KTMT-nin “Sarsılmaz qardaşlıq” təlimini necə sarsıtdı?
Son zamanların ən çox müzakirə edilən, Rusiyada isə hətta, həyəcan və narazılıqla qarşılanan ABŞ–Ermənistan birgə hərbi təlimləri artıq başa çatmaq üzrədir. ABŞ ordusunun Avropa və Afrikadakı komandanlığının təşkil etdiyi “Eagle Partner 2023” birgə təlimlərinin açılış mərasimi İrəvan yaxınlığındakı Zar təlim mərkəzində baş tutub. Elə ona görə də Ermənistan mətbuatı neçə gün idi ki, “Artsax” məsələsini arxa plana keçirərək, səhər-axşam “zar-zar zarıldayırdı”.
Ömrü boyu mif uydurmaqla, saxta sənədlər düzəltməklə məşğul olan haylar indi də “Zar mifi” yaradırlar. Elə bilirlər ki, ABŞ əsgərləri dünyanın o biri başından gələrək özgə torpaqlarında yaradılmış bu dövlətin bütün problemlərini həll edəcəklər. Habuki, bir az ağıllı olsalar, onların istənilən probleminin Bakının həll edə biləcəyini anlayarlar. Özləri bilərlər. O, “Zar”, o, 85 amerikalı hərbçi, o da İrəvanın xirtdəyinədək problemlər bataqlığı. Yeri gəlmişkən, həmin bataqlığın qurudulması üçün 9 günlük təlimlərdə 175 erməni hərbçisi də iştirak edirdi.
Bu təlimlərin tarixçəsinə baxanda görürük ki, İrəvanla Vaşinqton arasında bu barədə ilk razılaşma ötən əsrin sonunda – 2000-ci ildə əldə edilmişdir. Bu, o zaman idi ki, hətta Rusiya Prezidenti Vladimir Putin də hansısa tədbirdə “Moskvanın NATO-ya üzv olması barədə düşündüklərini” demişdi. Çünki artıq SSRİ-nin mövcud olmadığına görə Moskva ABŞ ilə münasibətləri normallaşdırmaq, NATO ilə əməkdaşlıq etmək barədə fikirlər səsləndirirdi. İndi isə NATO ilə Kreml, sözün həqiqi mənasında, “qanlı bışaq”dırlar.
Yeri gəlmişkən, ABŞ hərbçilərinin Cənubi Qafqazda hərbi təlim keçirməsi, hətta İkinci Qarabağ müharibəsindən sonra da qeydə alınmışdı. Mətbuatda oxuyuruq: “ABŞ Silahlı Qüvvələrinin 173-cü desant briqadası və 18-ci hərbi polis briqadasına məxsus avadanlıqlar Rumıniyanın Konstança şəhərindən Poti limanına gətirilib. “Agile Spirit 2021” adlı hərbi təlim iyulun 26-da başladı (28 İyul 2021-ci il). Xatırladaq ki, həmin təlimlərdə NATO üzvünü və 16 tərəfdaş ölkəni təmsil edən 2000-dən çox hərbçi iştirak edir. Gürcü mənbələrinin məlumatına görə, hərbi təlimlərdə iştirak edən ABŞ hərbçilərinin sayı 700 nəfərdir. Təlimin iştirakçıları arasında Türkiyə və Azərbaycan da var. Məlum olduğu kimi, Ermənistan bu mühüm tədbirdə əvvəlki illərdəki kimi iştirak etməyəcək”.
Ermənistan həmin təlimlərdə nə üçün içtirak etmirdi? Çünki Azərbaycan və Gürcüstandan fərqli olaraq, Ermənistan Rusiyanın təşəbbüsü ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü idi. Yəni bir hərbi təşkilatın üzvünün digər hərbi təşkilatın nəinki təlimlərində, hətta, adi tədbirlərində belə iştirak etməsi qətiyyən yolverilən hal deyil.
Bu gün Zarda keçirilən birgə təlimlərin “ilkin izlərini”nin yeddi il əvvələ gedib çıxdığını da qeyd etməliyik. Belə ki, 2016-cı ildə Gürcüstana verilmiş dəstəklə bağlı Ağ Evin saytında təqdim olunan hesabatda oxuyuruq ki, Birləşmiş Ştatlar “Agile Spirit” təlimlərini NATO-ya biləşdirib. Bu münasibətlə Çexiyanın Ermənistandakı səfiri Bedrix Kopeçkinin İrəvanda verdiyi bir açıqlama yaddaqalan olmuşdu. Səfir açıqlamasında NATO-nun Ermənistanla əməkdaşlıq üçün hazır olduğunu, lakin İrəvanın hansı sahələrdə əməkdaşlığa hazır olması ilə bağlı təşəbbüsün Ermənistan tərəfindən gəlməli olduğunu bildirmişdi.
Yəni Ağ Evdə Ermənistanın Rusiyaya xəyanət edəcəyi günü gözləyirdilər. Həmin gün gəldi, Ermənistan bilavasitə Moskvanın nəzarəti altında fəaliyyət göstərən KTMT-dən imtina etdi, İrəvanda Rusiyanın bayraqları yandırıldı, Vladimir Putinin Ermənistan ərazisinə gələcəyi təqdirdə onun həbs olunacağı bildirildi, İkinci Qarabağ müharibəsinin sonunda bilavasitə Vladimir Putinin təşəbbüsü ilə hazırlanıb təsdiq edilmiş üçtərəfli Bəyanatın müddəalarına əməl ermədi və nəhayət, İrəvan yaxınlığında ABŞ hərbçiləri ilə birlikdə hərbi təlim keçirdilər. Buna dağ, daş dözə bilməzdi, Moskva dözdü. Amma, dözdüsə də, 2000-ci ildə dediyi “Biz NATO-ya üzv olmaq barədə düşünürük” ifadəsi kimi, bu dözüm də sadəcə boğazdan yuxarı deyilmiş sözlərdən ibarətdir.
Yeri gəlmişkən, müasir Rusiyanın ən yaxın müttəfiqlərindən olan Belarusdan gələn məlumatda bildirilir ki, Kreml Ermənistanın ABŞ hərbçiləri ilə müştərək təlim keçirməsindən narahat deyil. Elə ötən əsrin son onilliyində də Kreml Krımın Ukrayna ərazisi olduğuna etiraz etmirdi. Qərəz, Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Pavel Muraveyko deyib ki, Zarda keçirilən təlimlər iki il əvvəl planlaşdırılmışdır: “Deyə bilərəm ki, bu tədbirlər dünən, srağagün planlaşdırılmayıb. Bu, NATO-nun ikiillik tədbirlər silsiləsinin tərkib hissəsidir. Sadəcə, erməni həmkarlarımız iki il əvvəl öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirirlər. Biz öz təşkilatımızda (KTMT nəzərdə tutulur– İ.M.) bu fakta çox sakitliklə baxırıq. Həm də bu fakt bizə, haradasa, üz-üzə gəldiyimiz rəqibi ( NATO nəzərdə tutulur– İ.M.) daha yaxşı öyrənmək imkanı verir. Odur ki, bu təlimi keçirmək məsuliyyəti ermənilərin üzərinə məhz bu il düşüb”.
Cənab Pavel Muraveyko əlavə edib ki, erməni hərbçilərinin KTMT-nin bu il sentyabrın 1-dən 6-dək Belarusda keçirilən “Sarsılmaz qardaşlıq” adlı hərbi təlimlərinin növbəti mərhələsində iştirak etməməsinin – ola bilsin ki, müəyyən səbəbləri var. Biz bunu tənqid edilməli hal kimi qiymətləndirmirik. Bundan başqa, təşkilat daxilində bu təlimlərə istiqamətlənmiş fikir mübadiləsi, qarşılıqlı informasiya mübadilələri aparılmışdır. Yəni, erməni tərəfi həmin müasir “priyom”lar zamanı qazanılan təcrübəni öyrənərək və mühüm məqamların videogörüntülərini əldə edərək işlənib hazırlanmış nəticələr barədə bizi də məlumatlandıracaq”. Bir o qaldı ki, Ermənistan ABŞ hərbçiləri ilə təlimlərə casusluq məqsədilə qatılıb.
Sonda bu fakta azərbaycanlı ekspertin münasibətini də bildirək. Siyasi şərhçi Abutalıb Səmədov Ermənistan – ABŞ birgə hərbi təlimləri barədə mətbuata verdiyi müsahibədə deyib ki, bu cür addımları rəsmi Moskva İrəvana bağışlamayacaq: “Rusiyanın Ermənistana qarşı müəyyən cəza addımları atmaq imkanı kifayət qədərdir. Sözügedən təlimlərin Azərbaycan üçün heç bir ziyanı yoxdur. Çünki elə də ciddi hərbi təlim deyil. Əksinə, müsbət cəhətləri ola bilər. İlk növbədə, Azərbaycanın Qarabağda keçirməyi planlaşdırdığı antiterror əməliyyatlarında rus sülhməramlıları Azərbaycanla birgə iştirak edə bilərlər. Bu addım da Ermənistanın keçirdiyi hərbi təlimlərə çox yaxşı cavab ola bilər. Ermənistan hakimiyyətinin buraxdığı səhvlərdən Azərbaycan hər zaman ustalıqla istifadə edib. Heç şübhəsiz ki, bu addım da düzgün qiymətləndiriləcək və Qarabağdakı silahlı birləşmələr qısa müddətdə tərksilah olunacaqlar”.
İ.QAÇAYEV
XQ

