İranın “ikibaşlı dostluq” siyasətinin perspektivsizliyi

post-img

Yaxud bu ölkə Azərbaycan və Türkiyə ilə mövqe ortaqlığından niyə qaçır?

Azərbaycan müstəqillik qazanandan bugünədək ortaq tarix və dəyərlər daşıdığı qonşu İrana münasibətində həmişə səmimi olub, bu ölkə ilə dostluq, qardaşlıq əlaqələrinə sonadək sadiq qalıb. Hətta son illərdə İranın ölkəmizlə bağlı siyasətində dövlətçilik maraqlarımıza zidd çalarlar görünsə də, Azərbaycan buna dözümlə, səbrlə yanaşıb. Rəsmi Bakı bütün səviyyələrdə İranın maraqlarını həssaslıqla nəzərə alıb.

Amma son illərdə İranın Azərbayca­na qarşı arzuolunmaz münasibəti özünü açıq-aşkar büruzə verməyə başladı. Bu, əsasən İkinci Qarabağ müharibəsi günlə­rində göründü. Belə məlum oldu ki, Azər­baycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsi, sən demə, İranın ürəyincə deyilmiş. Hətta rəsmi Tehran tərəfindən belə iddialar irəli sürül­dü ki, guya, Azərbaycan regiona İsraili, ABŞ-ni gətirir. Bu məsələyə aydınlıq gə­tirən Azərbaycan Prezidenti İlham Əliyev Qarabağa səfərlərindən birində Arazqı­rağından “Hanı burda İsrail?!” deyə sual etməli oldu. 

İran artıq 3 ilə yaxındır ki, Zəngə­zur dəhlizinin açılması məsələsində də Azərbaycana qarşı bədxahlıq sərgiləyir, çox ciddi “tormozlayıcı” amil rolu oyna­yır. Hətta məsələ o həddə çatıb ki, İran Ermənistanla sərhədi özünün “qırmızı xətti” elan edib. Bu da azmış kimi, İran Qarabağ separatçılarına gizli dəstək ve­rir, Ermənistanda revanşist qüvvələrlə sıx əməkdaşlıq edir. İranda Azərbaycan səfirliyinə hücum edilməsinin biganəlik­lə qarşılanması isə bu ölkə rəhbərliyinin qonşuluq siyasəti prinsiplərinə sayğısız­lığı kimi dəyərləndirildi.

İranın Azərbaycana qarşı düşmənçilik səviyyəsinə yüksəlmiş münasibətləri, nə­hayət Azərbaycanın maraqlarına biganə qala bilməyən, daim onun yanında olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tay­yib Ərdoğanı da dilə gətirdi. Türkiyə lideri son bəyanatlarının birində açıq etiraf etdi ki, Zəngəzur dəhlizi Ermənistanla bağlı bir problem deyil. O qəti şəkildə bildirdi ki, bu məsələyə birbaşa qonşu, dindaş, indiyədək qardaş hesab etdiyimiz İran mane olur: “Zəngəzur dəhlizi İranla bağ­lı bir problemdir. Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azər­baycanı, həm də bizi üzür. Əslində onları da üzməlidir. Arzu edirəm ki, qısa zaman­da bu problemi həll edək. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə–Azərbaycan–İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin–London xətti” açılmış olar”.

Beləliklə, İranın Ermənistan sevgisi böyük bir layihəni, belə demək caizsə, böyük bir nəqliyyat şəbəkəsini və təbii ki, maliyyə kanalını uf demədən “tormozla­dı”. İranın erməni sevgisini şiddətləndirən türk düşmənçiliyi nəinki Zəngəzur dəhli­zinin açılmamasına, hətta Çindən Avro­paya uzanan bir yolun işə düşməsinə də əngəl oldu.

Bütün bunlara baxmayaraq, son ay­larda İranla münasibətlərdə bir yaxınlaş­ma meylinin olması da nəzərdən qaçmır. Bunu zəruri edən səbəblər də az deyil. İran bizim tarixi qonşumuzdur, Ermənis­tana dəstək, lazım gələndə silah versə də bu ölkədə 40 milyona qədər soydaşı­mız yaşayır. Din və dil qardaşlarımızdan uzaq düşməyin ziyanının da fərqindəyik.

Beləcə, rəsmi Bakı yenidən İrana xoş niyyət sərgilədi. İttihamları, umu-kü­süləri gəliş-gedişlər, qarşılıqlı görüşlər əvəzlədi. İranın XİN başçısı Bakıya gəldi, Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul etdi. Xarici İşlər nazirimiz Ceyhun Bayramovla İran XİN başçısı Hüseyn Əmir Abdullahian arasında təmaslar sıx­laşdı. İranın baş prokuroru ilk xarici səfər­lə Azərbaycana gəldi. 

Amma son günlərin hadisələri göstə­rir ki, İran yenə öz ampluasını dəyişmək niyyətində deyil. Abdullahian İranın ərəb dilində “Əl-Vefak” qəzetinə müsahibəsin­də yenidən köhnə avazını təkrarlayaraq, “Regionda İranı Ermənistanla birləşdirən tarixi marşrutun məhdudlaşdırılmasına, yaxud bağlanmasına yol verməyəcə­yik” deyib. Bu marşrut, əlbəttə, Zəngə­zur dəhlizidir ki, İran məhz onu özünün “qırmızı xətti” adlandırıb. İran bu qədər təmaslara, gəliş-gedişlərə, Azərbaycanın nümayiş etdirdiyi xoş məramlara baxma­yaraq, yenə də Zəngəzur dəhlizinə bir­mənalı yox deyir. 

Belə olan halda, Azərbaycan da son vaxtlar Zəngəzur dəhlizinə alternativ yol­lar haqqında danışmağa başlayıb. Azər­baycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin bu günlərdə TASS-a müsahi­bəsində bu məsələ geniş şərh olunub. Onun sözlərinə görə, Azərbaycan region­da bütün nəqliyyat kommunikasiyalarının açılmasına səy göstərir. Zəngəzur dəhli­zinin açılması, ilk növbədə, 3 onillik ər­zində Azərbaycana qarşı işğalçı siyasət nəticəsində regiondakı nəqliyyat-logisti­ka arxitekturasından kənarda qalan Er­mənistanın özü üçün faydalıdır. 

Amma Ermənistan müxtəlif bə­hanələrlə öz öhdəliklərini yerinə yetir­məkdən imtina edirsə və təcrid vəziy­yətində qalmaqda davam edir. Bakı isə gözləmək niyyətində deyil və artıq regi­onun digər ölkələri ilə alternativ layihələr üzərində fəal iş aparır. Biz öz logistika tələbatlarımızı Ermənistan hakimiyyəti­nin şıltaqlığına bağlamaq fikrində deyilik və regional tərəfdaşlarımızla irəliyə doğ­ru hərəkət edəcəyik.

İndi Azərbaycanın “alternativ la­yihələr” barədəki danışması Ermənistanı vəlvələyə salıb. Orada”Bakının müha­ribəyə başlayacağı” ilə bağlı vahiməyə düşüblər. İran isə özünün Azərbaycan ərazisi olan Şərqi Zəngəzur üzərindən İrana yeni bir yol açmaq barədə Bakı ilə imzaladığı sənədi unudub. Bakı bu yolu da inşa etmək və işə salmaq istəyir.

Alternativ marşrut da İranla bağlıdır. Keçən ilin mart ayında Azərbaycanla İran arasında memorandum imzalanıb. Həmin sənədə görə, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kom­munikasiya bağlantılarının – dəmir və avtomobil yolunun İran üzərindən həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində iki­si avtomobil və ikisi dəmir yolu üçün ol­maqla, ümumilikdə, 4 körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulub. Həmin körpülər Ermənistanın dövlət sərhədinə 5 km mə­safədə olacaq. Azərbaycan bununla bağ­lı bütün xərcləri öz üzərinə götürüb. 

Bu memorandum rəsmi Bakının İrə­vana əlavə təzyiq vasitəsidir, yəni “Zən­gəzur dəhlizini açmasanız, dəhliz İran ərazisindən keçəcək və bununla Ermə­nistan oyundankənar vəziyyətdə qala­caq”. Ancaq sonrakı aylarda İran Azər­baycanla münasibətləri gərginləşdirmək siyasətini seçdi və imzalanan memoran­dum arxa plana keçdi. Münasibətlərin normallaşması zəminində həmin memo­randuma qayıdış mümkündür.

Bütün hallarda Ermənistan Zəngəzur dəhlizini açmasa, bu, Azərbaycan üçün böyük problem olmayacaq. Amma Er­mənistan özü yenə təcrid vəziyyətində qalacaq. Artıq bütün yollar bu istiqamətə yönəlib. Görək bu məsələdə İranın mövqeyi dəyişəcəkmi? Bakının ardıcıl dostluq, səmimilik jestləri qarşılığında İran ikibaşlı siyasətə son qoyacaqmı? Bu ölkənin anti-türk meyllərdən uzaq­laşıb Azərbaycan və Türkiyə ilə mövqe ortaqlığı sərgiləməsinə kim və nə mane olur? Ölkəmizin İranla münasibətlərinin qonşuluq prinsipləri məcrasına qayıtma­sı bu suallara veriləcək cavablardan asılı olacaq.

Yeganə HACIYEVA
politoloq

İran Azərbaycanla münasibət­lərini formalaşdırarkən bir neçə va­cib amili nəzərə alır: bunlardan biri ölkə daxilində etnik çoxluğun türk­lərdən – azərbaycanlılardan ibarət olmasıdır. Bu isə Azərbaycanla münasibətlərin formalaşmasında fərqli məqamlar yaradır. Məsələ bundadır ki, İran daxilində, xüsu­silə güc və təhlükəsizlik struktur­larındakı, eləcə də dini-radikal və sair kimi qruplara yaxın rəsmilərin Azərbaycanla bağlı siyasəti həmişə arzuedilən səviyyədə olmur. Onlar daha radikal açıqlamalar verirlər və İran hakimiyyət nümayəndələrinin nə deməsindən asılı olmayaraq, bu mühafizəkar qrupların rəhbərləri olan məmurlar həmişə özlərinin ra­dikallıqları ilə seçilirlər. 

Onu da qeyd edim ki, 44 gün­lük Vətən müharibəsindən sonra İranın Ermənistanla yaxınlaşması Tehranın Cənubi Qafqazla bağ­lı maraqlarına ciddi zərbə vurub. Məsələ bundadır ki, İran Ermənis­tanla yaxınlaşmasını sırf Türkiyə­nin 44 günlük müharibədən sonra regional güc kimi ortaya çıxması ilə əsaslandırdı və bu əsasda İrəva­na yaxınlaşdı. Amma bu yaxınlaş­ma İranı bir sıra məsələlərdə ciddi problemlərlə üz-üzə qoydu. 

Bunlar nədən ibarətdir? Məsələ ondadlır ki, bu gün üçün Ermənis­tan İranla həmsərhəd olkə kimi İranın konfrantasiyada olduğu ölkələrin hərbi qruplarını öz ərazi­sinə cəlb edib. Məsələn, Avropa İttifaqının mülki missiyası Ermənis­tandadır. Onların kəşfiyyatçılardan ibarət olduğu hamıya, ilk növbədə isə, İrana bəllidir. Əslində Aİ-nin regionda İranın maraqlarının əley­hinə kəşfiyyat aparması heç kimə sirr deyil. Bura onu da əlavə edək ki, Aİ missiyasında həm də Kana­da Müdafiə Nazirliyinin silahlı hərbi polisi də təmsil olunur. 

Bundan da vacibi ABŞ-ın İranla sərhəddə Ermənistanla birgə hərbi təlimlər keçməsidir. Əslində bu tə­limlər nə Azərbaycana, nə də Tür­kiyəyə qarşı deyil, birmənalı olaraq İrana qarşıdır. Yəni, İran əslində bunu bilir. Amma daxilində Azər­baycana qarşı nifrətdən strategiya kimi istifadə edən radikal qruplar neqativ açıqlamalarını davam et­dirirlər. Təbii ki, bütün bunlar İranın milli maraqlarına ziddir. İran məhz buna görə son həftələrdə Azərbay­canla yaxınlaşma mesajları verir. İran fərqindədir ki, bu gün Cənubi Qafqazda məhz Ermənistandan, bu ölkədəki xarici hərbçilərdən eh­tiyat etməlidir. 

Amma İrandakı radikal qrup­lar Azərbaycan əleyhinə fəaliyyəti davam etdirirlər. İran, eyni zaman­da, Azərbaycanın ünvanına hə­də-qorxuları davam etdirir və hesab edir ki, bunlar nəticəsiz qalacaq. Bu səbbədən də burnundan uzağı görməyən İran rəsmiləri mütəmadi olaraq ermənilərin xoşuna gəlmək üçün Azərbaycana qarşı müəyyən fikirlər səsləndirirlər.

Tural İSMAYILOV,
politoloq

İran rəsmilərinin Azərbaycan əleyhinə verdiyi açıqlamalar heç bir səmimiyyətə sığmır, son vaxtlarda isə, ümumiyyətlə, əndazəni aşır. İran guya Azərbaycanla münasi­bətləri normallaşdırmaqda maraqlı olduğunu söyləyir. Digər tərəfdən isə, qəribə, ağlasığmaz açıqlama­larla vəziyyəti daha da gərginləş­dirməyə çalışır. 

Bütün bunlar onu göstərir ki, hətta münasibətlərin ən yaxşı gö­ründüyü dövrdə belə İrana güvənə bilmərik və bunda haqlıyıq. 

Əslində İranın siyasi rəhbərli­yinə də yaxşı məlumdur ki, Zən­gəzur dəhlizinin açılması və ümu­miyyətlə, Azərbaycanın regionda həyata keçirmək istədiyi layihələrin heç biri hansısa bir formada İranın maraqlarına qarşı deyil. Məqsəd, eyni zamanda, İranla Ermənistan arasındakı qovşaqların bloklanma­sı, yaxud pozulması da deyil.

İran məntiqli düşünsəydi və siyasi proseslərə rasional yanaş­saydı, Azərbaycanın təklif etdiyi variantları ən məqbul hesab edər­di. Amma görürük ki, İranın Azər­baycanın təkliflərinə qarşı belə irrasional mövqeyi, qeyri-səmimi yanaşması artıq uzun müddətdən bəri davam edir. Hətta münasibət­lər yaxşılaşsa belə, İran Zəngəzur dəhlizi ilə bağlı məsələdə sırf Er­mənistanın hamisi qismində çıxış edir, türk dünyasının coğrafi baxım­dan birləşməyini, kommunikasiya, logistika imkanlarının yaranmasını həzm etmir. Bu prosesi sabotaj etmək üçün İran rəsmiləri müxtəlif dövrlərdə belə bəyanat-şantajlar səsləndirirlər.

Paşa ƏMİRCANOV 

XQ





Siyasət