Media, sosial şəbəkədə informasiya təxribatı və məsuliyyət

post-img

Müxtəlif sosial şəbəkə profillərində Azərbaycan Ordusunun hərbi texnikasının hərəkətini əks etdirən videogörüntülər paylaşılmaqdadır. Belə hallara ilk dəfə deyil ki, rast gəlirik. Bunun yolverilməzliyinə dair müxtəlif çağırışlar da indiyədək çox eşidilib. Amma nə faydası? 

Elə təəssürat formalaşır ki, aparılan təbliğat işləri heç nədir. Yaxud, kimlər­sə mövcud istiqamətdə görülən işlərə xələl gətirmək istəyirlər. Ölkədə sorğu keçirsək və qeyd etdiyimiz məsələ ilə bağlı sual ünvanlasaq, heç şübhəsiz, böyükdən-kiçiyə hamı deyəcək ki, hər­bi texnikanın hərəkətini çəkib sosial şə­bəkələrdə paylaşmaq olmaz. Sadəcə olmaz. Ona görə ki, düşmən bizi görür. Hə, düşmən görür. Təmkinli davranaq, səbirli olaq və sair. Yekə-yekə danışan­lar da, hərbi xidmətdə konfidensiallıq haqqında eşitdiklərini nəql edənlər də tapılacaq. 

Pişiyin saxlancı günortayadək olur. Çox güman, bu atalar sözündən dəyərli oxucularımız yaxşı xəbərdardır. Nədənsə, “düşmənə sirr verməməyimi­zin” ömrü də günortayadəkdir. Müşahi­dələr onu göstərir ki, hansısa azacıq diskomfort şəraitində təbliğat, maarif­ləndirmə nəticəsində əldə olunmuş ağ­zıbütövlüyümüz bir andaca pozulur.

44 günlük müharibəyədək, yəni müqəddəs Zəfərimizə qovuşanadək bu tendensiyanı, müəyyən mənada, başa düşmək olardı. Torpaqlarının iyirmi fa­izi düşmən tapdağında olan bir xalqın sıravi nümayəndəsi qələbəyə təşnə idi. Onun gözündə üzü cəbhə zonasına yollanan hərbi texnika, əsgərlər düş­mənə qan udduracaqdı. Fərəhindən çəkib paylaşırdı gördüklərini. Hərçənd, hüquqi nöqteyi-nəzərdən həmin şəxsin bu addımının da yolverilməzliyini bildir­məliyik... 

Bəs indi? Deyəcəksiniz ki, Qa­rabağdakı separatçılığın kökü kəsil­məyənədək dinclik yoxdur. Tamamilə doğrudur. Amma Zəfərin xalqımıza verdiyi böyüklük hissi var. Fikrimizcə, böyük xalq olmağın zamanıdır. Böyük­lük üçün isə kiçik vərdişləri bir kənara qoymaq şərtdir. Müharibə gördük, ağ­rı-acı yaşadıq, möhkəmləndik. Deməli böyük olmağı da bacarmalıyıq. 

Hə, ağzıbütövlükdən danışırdıq axı. Elə bu da böyüklükdən irəli gələn xüsusiyyətdir. Təsəvvür edin ki, Azər­baycan Ordusunun hərbi texnikası tə­lim məqsədilə bir yerdən başqa yerə doğru hərəkət götürür, o saat sosial şəbəkələrə hay düşür. Baxırsan ki, biri lap “irəli çıxıb”. Adam Bakıda oturub İrəvana qoşun yeridir. Plan qurur. Təx­minən belə: İrəvandan keçib Xankən­dini tutacağıq. Bu qədər bəsit, yəni. Nəticədə, aləmi primitiv söhbətlər və mülahizələr götürür...

***

Məsələnin hüquqi tərəfindən danı­şaq. Xeyir, uzun-uzadı nəyə görə hansı hüquqi məsuliyyət növünün seçilə bil­məsindən söz açmayacağıq. Doğru­dur, qanunları bilməmək şəxsi məsu­liyyətdən azad etməsə də, elementar məntiq var. Uca Tanrı hər kəsə şüur və düşüncə verib. Bu keyfiyyətlər fərdi vətəndaş, vətəndaşı xalq səviyyəsinə ucaldır. Gəlin, xalq olaq. Əlbəttə, nü­munəvi vətəndaşlığımızla, təmkinimiz və səbrimizlə. Ən əsası, dövlətimizə olan inamımızla birgə xalq olaq. 

Dövlətə inam bizi kimlərinsə so­sial şəbəkə xəstəliyindəki mücərrəd təsəvvürlərdən uzaq tutmalıdır. Hüquqi tərəflərdən danışırdıq axı. Həmin mü­cərrəd təsəvvürləri gündəmə gətirən­lərin bunu bilərəkdən deyib-etmədik­lərindən xəbərdar deyilik. 44 günlük müharibə dövründə erməni təbliğat maşınının hansı yaramazlıqları həyata keçirdiyini görmüşük. Azərbaycan ad­ları ilə profil yaratmaq, həyəcan, qorxu hissi aşılamaq və sair. Məqsəd bəlli idi. Cəmiyyətdə anarxiya mühiti formalaş­dırmaq, dövləti idarəolunmaz hala sal­maq. Nəzərə alaq ki, nəinki belə hallar, hətta bilməyərəkdən onların girovuna çevrilmək də hüquqi məsuliyyət yara­dır. 

Onu da qeyd edək ki, sadaladıqla­rımız, böyük ölçüdə, informasiya sa­vaşından irəli gələn məsələlərdir. Bu savaşda hər kəs öz məsuliyyətini anla­mağa borcludur. Heç bir halda “like”lar­da, reytinqlərdə öndə olmaq, məşhur­laşmaq istəkləri info savaşda üstünlük qazanmaq vasitə və alətlərimizlə tərs mütənasib olmamalıdır. İkinci birincinin arxasında sürünməməlidir. Amma gö­rürük ki, belə meyillər var. Və ən əsası bu tendensiyanı məqsədli şəkildə yara­danlar iş başındadır. Nəzərə almalıyıq ki, onlar bilərəkdən hansısa məsələni informasiya şəklində dövriyyəyə bu­raxır, sonra həmin məsələyə verilən reaksiyaları toplayırlar. Əlbəttə, bu, məlumatı ötürmək məqsədli toplanış­dır və hüquqi məsuliyyət formalaşdırır. Sual olunur: məsələn, Əli infodiversiya ilə məşğul olursa, Vəli onun felinə uyub hərəkətə keçirsə, dövlət haradan bilsin ki, müqəssir kimdir? Deməli, onların iki­sini də təqsirkar kimi görməlidir. Yenə də bildirək ki, qanunları bilməmək heç kəsi məsuliyyətdən azad etmir.

***

Gələk məsələnin media tərəfinə. Daha doğrusu, media orqanları ilə bağlı tərəfinə. Jurnalist dəqiq və ob­yektiv olmalıdır. Ekstremal durumlarda bu tələbə riayət etməyin ən yaxşı yolu rəsmi qurumlara istinaddır, yaxud əldə edilmiş bilgilərin doğruluğunun rəsmi təsdiqinə nail olmaqdır. Azərbaycan mediasının müharibənin informasiya cəbhəsində iştirak təcrübəsi var. Bu, hələlik zəif təsəllimizdir. 

Əlbəttə, media fəaliyyətini cə­miyyətdən gələn siqnallar əsasında qurmalıdır. Buna heç kəsin şübhəsi yoxdur. Nəhayət, media cəmiyyətin güzgüsüdür. Ancaq cəmiyyət, prin­sip etibarilə, yekcins deyil və müxtəlif qrupların fərdi maraqlardan çıxış edən baxışlar yayması mümkündür. Belə durumlarda jurnalist, bir növ, indiqator funksiyası yerinə yetirməlidir. Reallıqla fərziyəni bir-birindən ayırmalıdır. Onun məhsulu obyektiv olmalıdır ki, cəmiy­yətin maraq və mənafeləri qorunsun, düşüncə sistemi pozulmasın. 

Ancaq bəzən görürük ki, cəmiyyə­tin platforması sayılan sosial şəbəkələr media orqanı, yaxud jurnalist üçün ilk mənbə rolunu oynayır. Özünü peşə­kar sayan jurnalist oradan götürdüyü­nü xəbərə çevirir. Hələ bəziləri, guya, öz aləmlərində istinad mədəniyyəti də göstərirlər. “Sosial şəbəkə istifadəçimiz xəbər verir ki...” kimi təqdimatlara rast gəlirik. Acınacaqlıdır. Daha acınacaq­lısı odur ki, belə hallara bəzən ictimai rəydə bu və ya digər dərəcədə tanınan media orqanlarında çalışanlar da yol verirlər. 

Əlbəttə, mövzunu başqa misallarla da zənginləşdirmək mümkündür. Daha konkret cəhətlərə diqqət yetirmək də. Ancaq buna lüzum görmürük. Həm də ona görə ki, ümidliyik. Ümidliyik ki, söylədiklərimiz düşünmək, nəticə çıxarmaq üçün yetərlidir. Düşünmək və nəticə çıxarmaq isə məsuliyyətli ya­naşmadan, hadisə və proseslərə həs­sas münasibətimizdən asılıdır. Gəlin, bizdən asılı olanı, bizdən asılı olmaya­na çevirməyək. 

Ə.RÜSTƏMOV
XQ

Siyasət