Qurum ölkəmizdə bərpaolunan enerji layihələrinə investisiya yatıracaq
Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə nümayəndəsi İvana Fernandes Duartenin bildirdiyinə görə, təmsil etdiyi qurumun Azərbaycanla bərpaolunan enerji sahəsində birgə fəaliyyət göstərmək və bu sahəyə özəl investisiyalar yatırmaq üçün imkanları genişdir.
IFC və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ötən illərdə dənizdə külək enerjisinin inkişafının “yol xəritəsi”ni reallaşdırılması, o cümlədən özəl investorların cəlbi ilə bağlı üzərində Azərbaycan hökuməti ilə birgə fəaliyyət göstərir. Müstəqillik dövründə neft və qaz hasilatında artım Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayıb, enerjinin diversifikasiyası postpandemiya zamanı ölkənin gələcək dayanıqlılığının təmin edilməsini şərtləndirib. Bu istiqamətdə davamlı uğurlar əldə edən Azərbaycan özünün 2030-cu ilədək milli inkişaf konsepsiyasına uyğun olaraq, özəl sektorun innovativ təşəbbüsləri vasitəsilə qeyri-neft sektorunu optimallaşdırmağı planlaşdırıb.
Neft və qazdan diversifikasiya dekarbonizasiya üzrə fəaliyyəti sürətləndirməyə kömək etməklə rəqabət qabiliyyətini artıracaq. Azərbaycan kifayət qədər bərpaolunan enerji resurslarına malik olduğundan xüsusən dənizdə mövcud külək enerjisi potensialı hərəkətə gətiriləcək. Dünya Bankının enerji sektorunun idarə olunmasına dəstək proqramı çərçivəsində aparılan qiymətləndirmələrə görə, dənizdə külək enerjisinin texniki potensialı 157 geqavatdır, cari quraşdırılmış ümumi güc isə 8 geqavata yaxındır.
Beynəlxalq Maliyyə Korporasiyasının hesabatına əsasən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və adıçəkilən korporasiya tərəfindən dərc olunan “yol xəritəsi”ndə ölkəmizin 2040-cı ilədək dənizdə 7 geqavat dənizdə külək enerjisi potensialına malik olduğunu göstərir. Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz üzrə nümayəndəsi İvana Fernandes Duartenin sözlərinə görə, respublikamızda külək enerjisindən istifadə yerli səviyyədə 7 milyard ABŞ dollarınadək ümumi əlavə dəyər gerçəkləşdirməyə kömək göstərəcək. Azərbaycan özəl sektorun rəhbərlik etdiyi artım modelinə riayət etdiyindən, dənizdə külək enerjisinin inkişafı ölkənin enerji sektorunu daha rəqabətqabiliyyətli etməyə imkan verəcək, eləcə də bu sektorda tullantıların sıfır səviyyəsinə nail olmağa yardım edəcək. Nəticədə Azərbaycan bərpaolunan enerjini öz qonşularına və Avropaya ixrac edə və beləliklə, regional enerji mərkəzinə çevriləcək.
Qeyd edək ki, Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafına böyük beynəlxalq dəstəkdən yararlanır. Artıq xarici tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb. “ACWA Power” və “MASDAR” ilə sazişlər, həmçinin Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə 12 geqavat enerji üzrə saziş Avropaya enerji resurslarının tədarüklərini artırmaq baxımından strateji önəm daşıyır. İlin sonunadək 240 meqavat-saat gücündə ilk günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılıb. Azərbaycanda 10 geqavat elektrik enerjisinin hasil edilməsi üzrə anlaşma memorandumları və sazişlər imzalanıb.
Azərbaycandan “yaşıl” enerjinin əsas satış bazarı Avropadır və artıq bərpaolunan mənbələrdən enerjinin tədarükü üzrə konkret layihə mövcuddur. Belə ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya “enerji körpüsü”nün çəkilməsi haqqında saziş imzalanıb. Əldə edilmiş razılaşma çərçivəsində 1000 meqavatadək gücə malik 1195 kilometr uzunluğunda “Black Sea Energy” elektrik kabelinin çəkilməsi nəzərdə tutulub. Kabel Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Macarıstan və Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulub. Bu, tədarükləri 4 geqavat “yaşıl enerji”yə çatdırmağa imkan verəcək.
Yeri gəlmişkən, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan məlum saziş Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən də yüksək dəyərləndirilib. O, çıxışlarının birində həmin sənədin Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracağını və regionlarımıza təmiz enerjiyə keçidə müsbət təsir göstərəcəyini bildirib. Ursula fon der Lyayen, eyni zamanda sazişdə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu da diqqətə çatdırıb: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payının inteqrasiyası üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Bu, çox iddialı bir layihədir.
Bu təşəbbüs bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfi, həmçinin Xəzər regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini də gücləndirməyə kömək edəcək”.
Ümumiyyətlə, Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanması bu regionda bərpaolunan enerjinin ixracı ilə bağlı mühüm əhəmiyyət daşıyan yeni bir imkandır. Bu sənəd, eyni zamanda, dünyada baş verən hazırkı dərin böhran şəraitində həmrəylik nümayiş etdirməyin və ehtiyatları bir araya gətirməyin zəruriliyinin bariz ifadəsidir.
Avropa Komissiyası yaydığı anlaşma açıqlamasında bu sazişin Avropa İttifaqının Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini və hər iki regiona “təmiz enerji” keçidində kömək edəcəyini, eyni zamanda, təchizat təhlükəsizliyini artıracağını bəyan edib. Eyni zamanda, Brüsselin etibarlı tərəfdaşlarla əməkdaşlığının getdikcə daha çox önəm daşıdığını bildirib.
Ölkəmizdə zəngin bərpaolunan enerji potensialının mövcudluğuna gəldikdə isə qeyd edək ki, aparılan araşdırmalara əsasən, quruda külək və günəş enerjisinin həcminin 27 qiqavatdan çox, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisinin 157 qiqavat təşkil etdiyi bildirilir. Bərpaolunan enerji potensialının reallaşdırılması ilə bağlı həyata keçiriləcək layihələr də genidir. Belə ki, 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisinin istehsal olunacağı planlaşdırılır və həmin göstəricilərin 80 faizinin ixraca yönəldiləcəyi, ümumiyyətlə, 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə güclər yaradılması nəzərdə tutulur.
Hüseynqulu QULİYEV,
iqtisadçı-ekspert
“Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. Ərəb ölkələrinə məxsus “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyənləşdirilib. Bəhs olunan layihələrin icrasına artıq start verilib. Günəş və külək enerjisi stansiyalarının tikintisinin investisiya təminatını bütünlüklə ərəb şirkətlərinin həyata keçirəcəyi qərara alınıb.
Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 2021-ci ilin aprel ayında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi” imzalanıb. Müqavilə çərçivəsində ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulub. Belə bir göstərici isə 110 milyon kubmetr təbii qaza qənaət edilməsini, 200 min ton karbon emissiyasının azaldılmasını, yeni iş yerlərinin yaradılmasını, habelə yeni investorların digər layihələrə cəlb olunmasını şərtləndirib.
Hesablamalara görə, Səudiyyə Ərəbistanın “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə imzalanan müqavilələrin– ilk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kubmetr qaza qənaət ediləcək, atmosferə 600 min tondan artıq CO2 emissiyasının atılmasının qarşısı alınacaq, habelə yüzlərlə yeni iş yerləri yaradılacaq.
Avstraliyanın “Fortescue Future Industries” şirkəti də Azərbaycanla “yaşıl enerji” sahəsində yaxından əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın bərpaolunan enerji sahəsində yüksək potensialı qitə ölkənin şirkətini belə bir qənaətə gəlməyə vadar edib. Belə ki, adıçəkilən şirkət Azərbaycanın elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilədək 30 faizə çatdırmaq və Avropaya “yaşıl enerji” nəql etmək niyyətindən yaxşı xəbərdardır. Bu səbəbdən də Avstraliya şirkəti həm Avropaya “yaşıl enerji”nin nəqli yolları, həm də respublikamızda dekarbonizasiya üçün bərpaolunan enerjinin istifadəsində maraqlıdır.
Vaqif BAYRAMOV
XQ


