ABŞ Senatı Prezident Donald Trampın “tək, böyük və gözəl” adlandırdığı çoxmilyardlıq vergi və xərclər qanun layihəsini təsdiqləyib. Bu addım Tramp administrasiyasının iqtisadi siyasət kursunda mühüm dönüş nöqtəsi hesab olunur.
Senatda keçirilən əsas səsvermə nəticəsində qəbul olunan sənəd federal vergi sistemində köklü dəyişikliklər, müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması və sosial proqramlarda – xüsusilə də “Medicaid” kimi icbari tibbi təminat layihələrində ixtisarlar nəzərdə tutur.
Qanun layihəsi korporativ və yüksək gəlirli təbəqələr üçün vergi yükünü azaltmaqla biznes mühitini canlandırmağı və iqtisadi artımı stimullaşdırmağı hədəfləyir. Bununla yanaşı, Pentaqona əlavə büdcə vəsaiti ayrılacaq, sərhəd təhlükəsizliyi üçün yeni xərclər planlaşdırılır – o cümlədən Trampın seçki kampaniyasından bəri gündəmdə olan Meksika sərhədində divarın tikintisinə dair planlara da dəstək verilir.
Digər tərəfdən, sənəddə sosial müdafiə sahəsinə ayrılan resursların azaldılması ictimai müzakirələrə səbəb olub. “Medicaid” proqramına ayrılan vəsaitin ixtisar edilməsi aşağı gəlirli əhalinin tibbi xidmətlərə çıxışında ciddi çətinliklər yarada bilər. Demokrat qanunvericilər və bəzi respublikaçılar bu məqamı tənqid edərək, qanun layihəsinin sosial ədalət prinsipinə zidd olduğunu vurğulayırlar.
CNN-in yaydığı məlumata görə, qanun layihəsinin əsas səsverməsi başa çatsa da, respublikaçı liderlər indi layihədə düzəlişlər edilməsini tələb edən çoxsaylı təklif və etirazları nəzərə almaq məcburiyyətindədirlər. Həm qanunvericilər, həm də vətəndaş cəmiyyəti bu sənədin sosial və fiskal nəticələri barədə narahatlığını ifadə edir.
Ağ Ev isə qanunun qəbulunu ABŞ iqtisadiyyatı üçün "yeni mərhələ" adlandırır. Tramp administrasiyası hesab edir ki, bu dəyişikliklər sayəsində sərmayələr artacaq, məşğulluq səviyyəsi yüksələcək və federal sistemin maliyyə dayanıqlığı təmin olunacaq.
Bununla belə, bəzi ekspertlər xəbərdarlıq edirlər ki, bu kimi vergi islahatlarının uzunmüddətli nəticələri, xüsusən büdcə kəsiri və sosial təbəqələşmə baxımından diqqətlə izlənilməlidir. ABŞ ictimaiyyəti qarşıdan gələn aylarda bu qanunun praktik təsirləri ilə üzləşəcək.
S.ELAY
XQ