Almaniya Fransa və Britaniyanın nüvə arsenalına çıxış istəyir

post-img

Almaniya Bundestaqında CDU/CSU fraksiyasının rəhbəri Yens Şpan rezonans doğuran bəyanatla çıxış edib. O bildirib ki, Almaniya Fransa və Böyük Britaniyanın nüvə silahına çıxış əldə etməlidir. Onun sözləri Almaniyanın nüfuzlu Die Welt qəzetində dərc olunub və Avropanın təhlükəsizlik sisteminə dair narahatlıqları fonunda ciddi rezonans doğurub.

“Biz Fransa və Britaniyanın nüvə arsenalına çıxışda iştirakımızı müzakirə etməliyik. Ola bilər ki, bu, digər Avropa ölkələri ilə birgə təşəbbüs formasında həyata keçirilsin,” – deyə Şpan vurğulayıb. 

Şpanın bu bəyanatı Avropada ABŞ-ın təhlükəsizlik zəmanətlərinə dair artan şübhələr fonunda səslənib. Alman siyasətçi hesab edir ki, yalnız ABŞ-ın nüvə iştirakı bugünkü təhlükələr qarşısında yetərli müdafiə təmin etmir.

Bu yanaşma Avropada çoxdandır müzakirə olunan, lakin hələ də konkret siyasi qərara çevrilməyən nüvə suverenliyi anlayışına yeni nəfəs verir. NATO çərçivəsində nüvə silahı əsasən ABŞ-a aiddir, Fransa və Britaniya isə öz nüvə qüvvələrini müstəqil milli strategiyalarla idarə edir.

Şpan açıq şəkildə Avropa ölkələri üçün ortaq nüvə çətiri yaradılmasının vacibliyindən danışır və bu prosesdə Almaniyanın aparıcı rol oynamalı olduğunu vurğulayır. Bu isə Almaniyada xüsusilə konservativ düşərgədə yeni və iddialı mövqe dəyişikliyi kimi qiymətləndirilir.

Qeyd edək ki, Almaniya nəinki nüvə silahına malik deyil, həm də bu istiqamətdə tədqiqat aparmaq hüququndan imtina edib. Bununla belə, NATO-nun “Nuclear Sharing” proqramı çərçivəsində ölkə ərazisində ABŞ-a məxsus nüvə başlıqları yerləşdirilib. Lakin bu model artıq köhnəlmiş və qeyri-müəyyən təhlükəsizlik mexanizmi kimi qiymətləndirilir.

Bəs Şpanın təşəbbüsünün arxasında nə dayanır? Mütəxəssislərin sözlərinə görə, Almaniya özünün tam qorunduğunu hiss etmir və yeni təhlükələr fonunda bu narahatlıq daha da artır. Bundan başqa, bəzi ekspertlər bunu Almaniyanın liderlik iddiası ilə əlaqələndirirlər. Belə iddia olunur ki, Şpan Almaniyanı yalnız iqtisadi deyil, strateji lider kimi də önə çıxarmaq istəyir.

Həmçinin bu bəyanatı Avropa daxilində yeni güc balansının yaradılmasına çağırış kimi də qiymətləndirmək olar. Ona görə ki, bu təşəbbüs Fransa, Britaniya və Almaniya arasında müdafiə sahəsində daha sıx əməkdaşlığa zəmin yarada bilər.

Bununla belə, ekspertlər düşünürlər ki, Şpanın təklif etdiyi ideya ciddi hüquqi, siyasi və etik suallar doğurur. Belə ki, Fransa öz nüvə siyasətində daim müstəqilliyini qoruyur və bu silahın tam suveren idarəçiliyini prinsipial məsələ sayır. Britaniya isə Brexit-dən sonra Avropa İttifaqının strukturunda iştirak etmir və nüvə siyasətində əsas tərəfdaşı ABŞ-dır.

Beləliklə, Yens Şpanın bəyanatı təkcə milli siyasətə aid deyil – bu, Avropanın yeni təhlükəsizlik fəlsəfəsinin siqnalıdır. Aydındır ki, Avropa artıq yalnız Vaşinqtonun zəmanətlərinə arxalanmaq istəmir. İlk dəfədir ki, Almaniyanın siyasi elitasında kontinental nüvə ssenariləri bu qədər açıq və konkret müzakirə olunur.

Bəs Avropa “Avronüvə çətiri” istiqamətində irəliləyəcəkmi? Politoloqların fikrincə, bu sualın cavabı təkcə Almaniyanın deyil, həm də Fransanın, Britaniyanın və dəyişkən beynəlxalq təhlükəsizlik şərtlərinin əlindədir. 

S.ELAY

XQ

Dünya