Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin şimal-qərbində yerləşən qədim Parion şəhərində yüksək texnologiyalı lazer skaneri (LIDAR) vasitəsilə torpaq və sıx bitki örtüyünün altında gizlənmiş bütöv məhəllələr, terras sistemləri və qala divarlarının izləri aşkar edilib. Beynəlxalq "Ancient Civilizations from Scythia to Siberia" elmi jurnalında dərc olunan tədqiqat işinə istinadən xəbər verilir ki, bu kəşf İqtisadiyyat Ali Məktəbinin (HSE University) humanitar elmlər fakültəsinin gənc tədqiqatçısı İdil Malgil tərəfindən həyata keçirilib. Drona quraşdırılmış yüksək dəqiqlikli lazer skaneri sayəsində adi qazıntılar və ya standart aerofotosürət zamanı gözlə görünməsi qeyri-mümkün olan mikro-relyef relyef fərqlilikləri qeydə alınıb.
Eramızdan əvvəl VIII-VII əsrlərdə hazırkı Çanaqqala əyalətində əsası qoyulan və eramızdan əvvəl I əsrdə Roma koloniyasına çevrilən Parionda sistemli arxeoloji qazıntılar 2005-ci ildən bəri davam edir. İndiyədək ərazidə Roma hamamları, teatr və nekropollar aşkar edilsə də, şəhərin böyük bir hissəsi sıx kolluqlar və qalın torpaq qatı səbəbindən öyrənilməmiş qalırdı. Ənənəvi georadarlar yalnız məhdud sahələrdə dumanlı təsvirlər verdiyi halda, yeni lazer texnologiyası bu problemi kökündən həll edib.
Tədqiqatçı İdil Malgilin sözlərinə görə, adi fotokameradan fərqli olaraq, lazer şüaları ağac yarpaqlarının və budaqların arasındakı boşluqlardan süzülərək birbaşa yer səthinə çatır. Kompüter proqramı bitkilərdən qayıdan siqnalları süzgəcdən keçirərək kənarlaşdırır və yalnız torpaq qatından drona qayıdan impulsları saxlayır. Nəticədə ərazidəki bütün bitki və müasir tikililər sanki "silinir" və şəhərin tam rəqəmsal relyef modeli ortaya çıxır.
Bu prosesdə tətbiq olunan xüsusi alqoritmlər – məsələn, "Səmanın Görünmə Faktoru" (Sky-View Factor) torpaq altındakı qədim xarabalıqları, xəndəkləri və kurqanları işıq-kölgə effekti ilə dərhal nəzərə çarpdırır. Dronun Parion üzərində reallaşdırdığı 1.5 saatlıq uçuş zamanı hər kvadratmetrə 796 nöqtə sıxlığında məlumat toplanıb. Müqayisə üçün qeyd edək ki, təyyarələrlə aparılan adi hava lazer çəkilişləri kvadratmetrə cəmi 1-8, ən keyfiyyətlisi isə maksimum 60 nöqtə verir. Bu yeni detalizasiya səviyyəsi torpağın altında cəmi bir neçə santimetr ölçüsündə olan obyektləri, divar künclərini və terrasları belə ayırd etməyə imkan yaradıb.
Ən heyrətamiz nəticələr şəhərin akropolunda – Bodrum burnu adlanan qayalıq ərazidə qeydə alınıb. Bu hissədə əsrlər boyu intensiv kənd təsərrüfatı işləri aparılmadığı üçün qədim yeraltı strukturlar ilkin formasında qorunub saxlanılıb. Alimlər burada düzbucaqlı planlı yeni bir bina və mürəkkəb divar qrupları aşkar ediblər. Tikililərin təbii landşaftın relyefinə uyğun olaraq 74 dərəcədən 120 dərəcəyə qədər müxtəlif bucaqlar altında istiqamətləndirilməsi qədim Romada şəhərsalma planlaşdırılmasının nə dərəcədə dərindən düşünüldüyünü sübut edir.
Ekspertlər bildirirlər ki, əldə olunan bu rəqəmsal məlumatlar klassik arxeoloji qazıntıları əvəz etmir. Lakin bundan sonra arxeoloqlar geniş ərazilərdə kor-koranə sınaq qazıntıları aparmaq məcburiyyətində qalmayacaq, yeraltı memarlıq abidələrinin nöqtəvi koordinatlarını bilərək birbaşa hədəfəyönlü işə başlayacaqlar.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

