Aqroparklar kənddə modern istehsal qurumudur

post-img

Prezident İlham Əliyevin tapşırığına əsasən, ərzaq təhlükəsizliyinin təmin edilməsi, regionlarda işsiziliyin aradan qaldırılması və idxaldan aslılığın azaldılması məqsədilə aqroparklar 2014-cü ildən etibarən yaradılmağa başlanıb. Mövcud qurumların fəaliyyətinə nəzarəti həyata keçiriən İqtisadiyyat Nazirliyinin nəzdində İqtisadi Zonaların İnkişafı Agentliyi isə ölkədə fəaliyyət göstərən sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 22 yanvar 2021-ci il tarixli Fərmanı ilə təsis olunub. Sözügedən agentliyin qeydiyyata aldığı 24 aqropark tərəfindən 2024-cü ildə 42,5 min hektar torpaq sahəsində əkin işləri həyata keçirilib. 

Qeyd edək ki, aqroparklar digər kənd təsərrüfatı müəssisələri kimi vergi güzəştlərindən, subsidiyalardan, güzəştli kredit və lizinqdən yararlanır. Bununla yanaşı, dövlət tərəfindən də bu sahədə mühüm dəstək tədbirləri həyata keçirilir. İqtisadi Zonaların İnkişafı Agentliyinin yaydığı məlumata görə, ötən müddətdə ölkədə aqroparkların yaradılması və ya fəaliyyətlərinin genişləndirilməsi məqsədilə, təqribən, 160 milyon manat dövlət dəstəyi göstərilib. Bununla yanaşı, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 16 aqroparkın yaradılmasına 142 milyon manat güzəştli kredit ayrılıb. Eyni zamanda, investisiya təşviqi sənədi alan 17 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 16,5 milyon manat dəyərində güzəşt əldə edib.

Aqroparklarda istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətləri formalaşdırılır ki, bu da kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə olunmasına əlverişli imkan yaradır. Bu müəssisələr aqrar sahədə inkişafı sürətləndirməklə yanaşı, idxaldan asılılığın azaldılmasına, eləcə də ölkənin ixrac potensialının artırılmasına və milli brendlərin yaradılmasına mühüm töhfələr verir.

Agentliyin məlumatına görə, ötən il ərzində aqroparklarda 34,1 min ton buğda, 25,5 min ton arpa, 91,8 min ton dən və silos qarğıdalı, 49,7 min ton şəkər çuğunduru, 22,4 min ton pambıq, 17,3 min ton kartof, 11,6 min ton yonca, 1,1 min ton soya, 3,5 min ton tərəvəz məhsulları, 14 min ton qüvvəli yem istehsal olunub, 18,1 min ton qarışıq meyvə yığılıb və 606 min ədəd ting əkilib. Bununla yanaşı, heyvandarlıq üzrə ixtisaslaşmış 6 aqroparkda 32,4 min ton süd və 1,3 min ton ət istehsal olunub. Bütövlükdə isə il ərzində aqroparklarda istehsal olunmuş kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 150 milyon manata yüksəlib. 

Aqroparklar artıq təkcə kənd təsərrüfatı müəssisəsi deyil, həm də regionların sosial-iqtisadi dirçəlişinin əsas mərkəzinə çevrilməkdədir. Burada yaradılan yeni iş yerləri, yerli xammalın səmərəli istifadəsi, logistik imkanların genişləndirilməsi və ixrac potensialının artırılması bir sıra regionlarda həyat səviyyəsinin yüksəlməsinə real təsir göstərir.

Hazırda ölkədə müxtəlif inkişaf mərhələlərdə olan onlarla aqropark fəaliyyət göstərir. Saatlı, Xaçmaz, Şəmkir, Sabirabad, Tovuz və digər bölgələrdə yaradılmış aqroparklar əhalinin məşğulluğuna töhfə verməklə yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalını genişləndirir. Aqroparklar vasitəsilə suvarma sistemləri təkmilləşdirilir, müasir texnikalar və texnologiyalar tətbiq olunur, məhsuldarlıq artırılır. Eyni zamanda emal müəssisələri vasitəsilə xammalın yerindəcə emal olunaraq bazara çıxarılması əlavə dəyər yaratmağa şərait yaradır. Bu isə həm daxili bazarın tələbatının ödənilməsində, həm də xarici bazarlara çıxış imkanlarının genişləndirilməsində mühüm rol oynayır.

Azərbaycanın iqtisadi inkişaf modelində aqrar sektorun, xüsusən də aqroparkların rolu getdikcə daha da artır. Bu sistemin davamlı inkişafı üçün gələcəkdə daha çox innovativ yanaşmalara, rəqəmsallaşmaya, su və torpaq resurslarından səmərəli istifadəyə yönəlmiş layihələrin reallaşdırılması nəzərdə tutulur. Aqroparklar, eyni zamanda, “yaşıl” iqtisadiyyat strategiyasının tərkib hissəsi olaraq ekoloji standartlara uyğun istehsalı da təşviq edir.

Prezident İlham Əliyevin iştirakı ilə iyunun 23-də reallaşan Yevlax pilot aqroparkının açılışı mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov yuxarıda qeyd edilənlər barədə ətraflı məlumat verərək bildirib ki, ümumi sahəsi 2,807 hektar, illik istehsal gücü 20 min tondan çox qarışıq meyvə, 20 milyon ədəd damazlıq yumurta və 1 milyon ədəd ting olan bu təsərrüfat ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət aqroparkıdır.

Aqropark İqtisadiyyat Nazirliyinin “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” layihəsi çərçivəsində yaradılıb. Rezidentlər aqroparkda dövlət vəsaiti hesabına zəruri infrastrukturla – su, enerji, qaz və yolla təmin ediliblər. Onlar, həmçinin Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən faydalanıblar.

Səmərəliyin artırılması üçün aqroparkda “ağıllı” idarəetmə sistemi tətbiq olunur. Bu məqsədlə əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları qurulub. Aqroparkda 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Hazırda 21 rezident tərəfindən həyata keçirilən layihələr çərçivəsində burada meyvə, meyvə tingi, damazlıq yumurta, taxıl məhsulları istehsal olunur. Məhsulların daxili bazarla yanaşı, ixracı da nəzərdə tutulur. 

Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. Aqroparkın konsepsiyasına uyğun olaraq, intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə özəl investisiyaların 100 milyon manata çatdırılması, 500 daimi və 1000-dən çox mövsümi iş yerinin yaradılması nəzərdə tutulub. 

Ümumi ərazisi 2807 hektar ərazini əhatə edən Yevlax Pilot Aqroparkı ölkəmizdə kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan dövlət pilot aqroparkıdır. Aqroparkın əsas fəaliyyət istqaməti kimi intensiv meyvə bağlarının salınması, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistika mərkəzinin yaradılması müəyyənləşdirilib.

Yevlax Pilot Aqroparkın ümumi ərazisinin 1185 hektarı çoxillik əkinlər, 1298 hektarı birillik əkinlər, 141 hektarı sənaye zonası, 183 hektar isə kommunikasiya xətləri və mühafizə zolaqlarının təşkili üçün nəzərdə tutulub. Hazırda Aqroparkda 2352 hektar ərazi üzrə 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Rezidentlərə uzunmüddətli subicarəyə verilmiş 2352 ha torpaq sahəsinin 1042 hektarı çoxillik əkmələr üçün 33 rezidentə, 1298 hektarı birillik əkinlər üzrə 2 rezidentə, 11.8 hektarı isə damazlıq yumurta istehsalı fabrikinin yaradılması üçün 1 rezidentə ayrılıb.

Rezidentlər tərəfindən bu günədək aqroparka 57 milyon manatadək investisiya yatırılıb, 200-ə yaxın daimi, 500-ə yaxın mövsümi iş yeri yaradılıb. İndiyədək 21 rezident tərəfindən 600 hektar ərazidə intensiv və superintensiv meyvə bağları salınıb, 10 hektarda tingçilik təsərrüfatı yaradılıb. 2025-ci ildə Aqroparkda 606 min ədəd ting istehsal olunub və 600 tondan çox meyvə istehsalı proqnozlaşdırlıb.

Hazırda 11,8 hektar ərazidə illik istehsal gücü 20 milyon ədəd damazlıq yumurta olan quşçuluq fabriki yaradılır. Ümumi layihə dəyəri 39 milyon manat olan fabrikin yaradılması üzrə indiyədək 34 milyon manat investisiya qoyulub və nəzərdə tutulan 51 daimi iş yerindən 39-u yaradılıb.

Qeyd edək ki, regionların tarazlı inkişafı, istehsal və ixrac imkanlarının artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının önəmli istiqamətlərindən biridir. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli işgüzar mühit, güzəşt, imtiyaz və stimullar regionlarda müsbət iqtisadi dəyişiklikləri və nailiyyətləri gerçəkləşdirir. Elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan bu cür müasir infrastruktur aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsul istehsalında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

Xatırladaq ki, hazırda ölkədə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 7 milyard manata yaxın investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb. 2015-ci ildən 2025-ci ilin I rübü də daxil olmaqla sənaye zonalarında, ümumilikdə, 16 milyard manatdan artıq məhsul satışı həyata keçirilib, bunun 5 milyard manatdan çox hissəsi ixrac edilib.

İqtisadiyyat